Məhkəmə qərarları › İş №1(011)-509/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-509/2025

09.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-509/2025 09.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-mülki iddiaçı – Zərərçəkmiş şəxs və nümayəndəsi “Presedent” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi – Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs- mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, ev 19/23 qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, alkoqol sərxoşluğu vəziyyətində 22 iyun 2025-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında onunla birlikdə yaşayan keçmiş arvadı Zərərçəkmiş şəxs onunla birlikdə şam etməkdən imtina etməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunu əli ilə üz və qol nahiyəsindən bir neçə dəfə vuraraq ona sol qulaq pərdəsinin travmatik zədələnməsi, başın sol təpə-gicgah, sağ qulaqarxası nahiyələrinin şişkinliyi, sol saidin qançırı kimi, həmçinin təpiklə ayaqlarından vurmaqla hər iki budun və hər iki diz oynağı nahiyələrinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ildə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmuşdur. 2024-cü ilin iyun ayında isə rəsmi qaydada onunla ayrılsa da, təxminən ayrıldıqdan 3 ay sonra yenidən eyni evdə yaşamağa davam etmişlər. xx.xx.2025-ci il tarixdə evdə axşam yeməyi üçün eyni masada əyləşmişlər. Bu zaman o, zarafat məqsədi ilə qardaşı Nadirə açdığı süfrənin şəkilini göndərmişdir. Nadir isə gözlənilmədən ona yaşadığı evə gələcəyini bildirmişdir. Nadirə etiraz etməmiş və Əminəyə bildirmişdir ki, qardaşı onlara gəldiyi üçün yeməyi süfrəyə qoyub arxa otağa keçməyi xahiş etmişdir. Əminə isə narazılıq edərək deyinə-deyinə onun dediyi qaydada arxa otağa keçmişdir. Lakin orada da sakit durmayıb uca səslə mətbəxdən səbəbsiz çıxarılmağına etiraz etmişdir. Vəziyyətin belə olduğunu görüb evdə narazılıq olmasın deyə qardaşına vatsap vasitəsi ilə yazaraq onlara gəlməməyi və başqa vaxt görüşməyi təklif etmişdir. Nadir də onunla razılaşdıqdan sonra Əminəyə səslənərək artıq qardaşının gəlməyəcəyini deyib yenidən masaya dəvət etmişdir. Əminə isə inad edərək yeməyə gəlməyəcəyini demişdir. O isə bir neçə dəfə Əminəni yola gətirməyə çalışsa da Əminə masaya gəlməmişdir. O, Əminəni dilə tutmaq üçün Əminənin olduğu yataq otağına daxil olmuş və vəziyyəti izah etməyə başlamışdır. Əminə isə dayanmadan qışqıraraq danışmışdır. Əminəyə qonşuların səsini eşidəcəyini bildirərək bir neçə dəfə xəbərdarlıq etsə də, Əminə ona qulaq asmamışdır. O da özündən çıxaraq Əminənin üz nahiyəsinə, yəni ağızının üstündən bir dəfə sol əlinin üst hissəsi ilə şillə vurmuşdur.Əminə də bunun qarşılığında sağ əli ilə onun üz nahiyəsinə şillə vurmuşdur. O da Əminənin onu vurmasından hiddətlənib bu dəfə sağ əlinin içi ilə yəni şillə ilə sağ yanağından vurmuşdur. Sonra isə Əminəni vurmağından peşman olub münaqişəni böyütməmək üçün mətbəxə keçmişdir. Əminə isə bir neçə dəqiqə sonra üst geyimini dəyişərək ona tərəf gəlib bacısıgilə getmək istədiyini və qulağı ağrıdığı üçün həkimə aparmağı tələb etmişdir. O isə Əminəyə az miqdarda olsa da, spirtli içki qəbul etdiyini bu səbəbdən avtomobili idarə edə bilməyəcəyini, lazımdırsa təcili yardım çağıra biləcəyini yaxıd da səhər həkimə apara biləcəyini demişdir. Əminə isə ona qulaq asmayaraq getmək istədiyi zaman bildirmişdir ki, çıxıb getsə o da gedəcək. Dediyi qaydada evdən çıxıb getmişdir. Evdən köynəyini götürüb evdən çıxmışdır. Sonra Əminənin hara getməsini bilməmişdir. Dəfələrlə zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmək və barışmaq istəsə də, razılaşmamışdır. Barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2023-cü ildə rəsmi qaydada nikaha daxil olmuş,2024-cü ilin iyun ayında rəsmi qaydada boşanmışdır. Lakin boşandıqdan 3 ay keçdikdən sonra yenidən barışmaq məqsədi ilə eyni mənzildə yaşamağa davam etmişlər.xx.xx.2025-ci il tarixdə saat 23 radələrində evdə axşam yeməyinə hazırlaşmışlar. Tural da mağazadan araq alıb evə gəlmişdir. Masaya əyləşdikdən sonra Tural süfrənin şəkilini çəkərək Nadirə göndərmişdir. Qardaşı da onlara gəlmək istədiyini bildirmişdir. Bu vaxt Tural Nadirə mesaj yazıb Razində olmasını bildirmişdir. Turala nə üçün Nadirə evin şəklin atıb sonra isə yalandan Razində olduğunu dediyini soruşmuş və Nadirin də gəlib çörək yeməsini demişdir. Bu zaman Tural gah evdə olmasını, gah da evdə olmamasını mesaj vasitəsi ilə Nadirə yazmışdır. Tural da buna əsəbləşmişdir. Sonra isə ona, Nadirdən ac olub- olmamasını soruşmağı, acdırsa Nadir üçün də yemək qızdırmağı və Nadir gələndə keçib arxa otaqda oturmağı bildirmişdir. O da Nadirə mesaj yazıb ac olubolmadığını soruşmuşdur. Nadir isə onlara gəldiyini yazmışdır. Bundan sonra Tural Nadirlə telefonla əsəbi şəkildə mübahisə etmiş və gəlməməyi tələb etmişdir. Daha sonra Turalla sözlə mübahisə edib yataq otağına keçib qapını örtmüş və çarpayıda uzanmışdır. Bu zaman Tural yataq otağına gəlib ondan ağlamağı dayandırmağı tələb etmiş və geri qayıdaraq mətbəxdəki stola yumruq vuraraq mübahisəni böyütmüşdür. Ona tərəf gələrək əli ilə ağzını tutub çarpayıya doğru itələmişdir. Sonra isə üz nahiyəsindən bir neçə dəfə şillə vurmuş və çarpayıya yıxılmışdır. Sonra isə əli ilə onu boğmağa cəhd etmişdir. Tural onu boğmasın deyə özünü müdafiə etmək üçün təpik ilə itələmişdir. Lakin Tural hərəkətlərinə davam edib saçından tutub sol qulağından şillə ilə vurmuşdur. Bu zaman çarpayıdan yerə yıxılmış və huşunu itirmişdir. Tural onun üzərinə su tökmüş və o, ayılmışdır. Ayılandan sonra nə üçün belə etdiyini soruşduqda təpiklə başının arxa hissəsindən zərbə vurmuşdur. Onun da epilepsiya xəstəliyi olduğu üçün qıcolması tutmuşdur. Bu zaman Tural əli ilə ağzını tutub onu belə rahat ölməyə qoymayacağını deyərək əli ilə qıcolmasının qarşısını almışdır. Sonra o, özünə gəlib xalçanın üstünə köpük qaytarmışdır. Ardınca yenidən «belə rahat ölməməlisən» deyib onu yerə doğru möhkəm itələyib başını divara vurmuşdur. Həmin vaxt Turala qarğış etmiş və Tural çənəsinin sol tərəfinə yumruqla vurmuşdur. Bundan sonra Tural otaqdan çıxmış, o özünə gəlib ayağa durub hamam otağına getmiş, Tural arxasınca hamam otağına gəlib çıxmağı tələb etmişdir. O da hamamdan çıxmışdır. Turala ağrılarının olmasını deyib onu həkimə aparmasını xahiş etmişdir. Tural isə spirtli içki qəbul etdiyini deyərək onu həkimə aparmayacağını demişdir. Sonra isə onun evdən çıxıb qonşuluqda yaşayan bacısıgilə kömək üçün getmək istədiyini gördükdə mətbəxdə saçından tutub sürüyə-sürüyə onu yataq otağına aparıb boğazından tutub divara söykəmiş və onu bacısıgilə getməyə qoymamışdır. Hətta ona evdən çıxacağı təqdirdə öldürəcəyini bildirmişdir. Sonra isə Tural paltarlarını yığan zaman o, otaqdan çıxaraq evdən çöldə pilləkanda oturmuşdur. Tural paltarlarını götürüb evdən çıxıb getmişdir. O isə bir müddət pilləkanda əyləşdikdən sonra yaxınlıqda yaşayan bacısıgilə getmişdir. Hazırda aralarında barışıq olmamışdır və Təqsirləndirilən şəxs şikayətçidir, mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, bacısı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə 2023-cü ildə rəsmi qaydada nikaha daxil olmuş,2024-cü ilin iyun ayında rəsmi qaydada boşanmışdır. Lakin boşandıqdan 3 ay keçdikdən sonra yenidən barışmaq məqsədi ilə eyni mənzildə yaşamağa davam etmişdirlər. xx.xx.2025-ci il tarixdə saat 01 radələrində bacısı ona zəng edərək evdə əri Tural ilə münaqişə etdiyini və xəsarət aldığını bildirmişdir. Bacısı yaxınlıqda yaşadığı üçün piyada Əminənin evinə gedərək onunla birlikdə yaşadığı evə gəlmişlər. Evə gəldikdən bacısı ona Turalın evdə qardaşı ilə bağlı aralarında narazılıq yarandığını və içkili vəziyyətdə münaqişə edərək döyməsini bildirmişdir. Həmçinin bədənində olan xəsarətləri də göstərmişdir. Əminənin bədəninə baxdığı zaman sol qulağından qan gəldiyini, hər iki ayağının və dizlərinin yara olduğun görmüşdür. Əminəyə bir neçə dəfə polisə müraciət etməli olduğunu desə də, Əminə polisə məlumat vermək istəməmişdir. Bu səbəbdən səhəri gün, yəni xx.xx.2025-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək bacısının həyat yoldaşı tərəfindən yaşadığı mənzildə döyülməsi barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 20 avqust 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1/1797 saylı material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır; (i.v.1) - hadisə yerinə baxış keçirilməsi barədə 24 iyun 2025-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 3 ünvanında yerləşən mənzildə baş vermişdir. Protokola fotoşəkillər əlavə edilmişdir; (i.v.14-15) - Azərbaycan Respublikası Müdafiə Nazirliyi veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 122792 nömrəli vəsiqəsindən və medallardan görünür ki, Təqsirləndirilən şəxs vətən müharibəsində iştirak etmişdir və və müharibə veteranıdır. (i.v.23-24) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X3 verdiyi xx.xx.2025-ci il tarixli 610 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol qulaq pərdəsinin travmatik zədələnməsi, başınsol təpə-gicgah və sağ qulaqarxası nahiyələrinin şişkinliyi, sol saidin, hər iki budun və hər iki diz oynağı nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur.;(i.v.29-31) - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır (i.v.37) - zərərçəkmiş şəxsin nümayındəsi qismində tanımaq haqqında qərardan görünür ki, Nümayəndə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. (i.v.40) - zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.49) - təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 30 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.75-76) - qətimkan tədbiri seçmək barədə 30 sentyabr 2025-ci il tarixli qərardan görünür ki,qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v.87-88) İş materiallarına əlavə edilmiş satış çekləri və tibbi sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs hadisədən sonra sağlamlığına dəymiş zərərin müalicəsi ilə bağlı xərclər çəkmişdir. İş materiallarına əlavə edilmiş mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs 4000 (dörd min) manat məbləğində maddi ziyanın, Zərərçəkmiş şəxs sol qulaq pərdəsinin travmatik zədələnməsinin aradan qaldırılması üçün əməliyyat xərci olaraq 3000 (üç min) manat və 2000 (iki min) manat məbləğində mənəvi ziyanın, hüquqi yardıma görə vəkilə ödədiyi 1000 (bir min) manatın və eləcədə ödənilmiş dövlət rüsumu olaraq 120 manat tutularaq Zərərçəkmiş şəxs xeyrinə tutulmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici fadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərə ksübuta yetirilmişdir. (CPM 144-146). Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspert rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Onun əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iclasında dövlət ittihamçısı və müdafiə tərəfi çıxış edərək Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının və müdafiə tərəfinin çıxışını nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin edilməli və ona təyin edilmiş cəzadan azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 44.2.2-ci maddəsinə əsasən Məhkəmə, bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Bundan əlavə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 6 və 7- ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən barəsində təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarılmalıdır. İş üzrə mülki iddialara dair məhkəmə qeyd edir ki, CPM-in: Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. 150.0, 150.0.1, 150.0.2-cı maddələrinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri, dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Məhkəmə qeyd edir ki, mülki iddiaya iddia tələbini əsaslandıran hallarla bağlı kifayət qədər zəruri sübutlar təqdim edilmədiyindən vurulmuş maddi zərərin real həcminin hazırkı cinayət işinin məhkəmə baxışı həddində müəyyən edilməsi mümkünsüzdür. Belə ki, mülki iddiaya dair ərizə yalnız bir nüsxədə təqdim edilmiş, sübut kimi satış çekləri və tibbi sənədlər əlavə edilsə də, ərizədə qeyd olunan məbləğlə həmin məbləğlər üst-üstə düşməmiş, bu səbəbdən dəymiş zərərin dəqiq məbləğini müəyyən etmək mümkün olmamışdır. İddiaçı müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən sadalanan nöqsanları aradan qaldırmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalı, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra Zərərçəkmiş şəxs və nümayəndəsi və vəkili Nümayəndə mülki mühakimə icraatı qaydasında məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə və “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinə əsasən təyin edilmiş cəzadan azad edilsin. Mülki iddia baxılmamış saxlanılsın. Hökmdən, elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar