Məhkəmə qərarları › İş №1(011)-510/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-510/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-510/2025 29.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Nihad Dağbəyi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında ittiham hökmü çıxarılması barədə xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 1995-2000-ci illər ərzində X11 ilə bağlanmış icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 2 nömrəli Zeytun Sovxozunun balansında olan 0,75 hektar torpaq sahəsi üzərində mövcud tikililərlə birlikdə X6 istifadəsinə verilmişdir. 2024-cü il 11 yanvar tarixində X11 vəfat etdiyindən, həmin icarə münasibətlərindən doğan hüquqlar onun qanuni vərəsəsi - qızı X7 məxsus olmuşdur. X9 göstərilən torpaq sahəsi ilə bağlı dövlət orqanları və digər qurumlara müraciət etmək üçün X3 qanuni etibarnamə vermişdir. X5 etibarnamə əsasında qeyd edilən torpaq sahəsinə getdiyi zaman, orada yaşayan şəxslər tərəfindən əsassız olaraq nalayiq ifadələrlə təhqir olunmuş, şərəf və ləyaqəti alçaldılmış, o cümlədən “şüşəgöz", "şərəfsiz", "binamus", "heyvan", "eşşək” və s. kimi təhqiredici ifadələrdən istifadə edərək, baş verən hadisə ilə bağlı video çəkilişi aparılaraq 04 oktyabr 2025-ci ildən bu günə qədər TikTok sosial şəbəkəsində ictimaiyyətə açıq formada müxtəlif videolar şəklində yayımlanmışdır. Həmin videomaterial kütləvi auditoriya tərəfindən izlənilmiş, dost-tanışları və qohumları da daxil olmaqla çoxsaylı şəxslər arasında yayılaraq, X2 cəmiyyətdəki nüfuzuna ciddi zərbə vurmuş, şəxsi, ailəvi və sosial münasibətlərinə mənfi təsir göstərmişdir. Bundan başqa, videonun yayılması ilə yalnız X2 deyil, həm də onun ailə üzvlərinin mənəvi cəhətdən sarsılmasına səbəb olmuşdur. Hadisəni təsdiq edəcək videodisk və şahidlər mövcuddur. Barəsində istifadə edilmiş nalayiq ifadələr - "şüşəgöz", "şərəfsiz", "binamus", "heyvan", "eşşək" və s. heç bir faktiki əsas və sübut olmadığı halda işlədilmişdir və cəmiyyət arasında şərəf və ləyaqətini alçaldan, şəxsi nüfuzuna zərbə vuran xarakter daşıyır. Həmin ifadələr videoçəkilişə alınıb və TikTok sosial şəbəkəsində yayımlanmaqla kütləvi auditoriyaya çatdırılmışdır. X10 onun barəsində nalayiq və təhqiramiz ifadələr, o cümlədən “şüşəgöz", "şərəfsiz", "binamus", "heyvan", "eşşək" kimi ifadələr işlətməklə şərəf və ləyaqətini alçaltmış, onu təhqir edərək baş verən hadisəni videoyazıya almış və TikTok sosial şəbəkəsində paylaşmışdır. Qeyd edilən video kütləvi auditoriya tərəfindən izlənilmiş, "Tik Tok" sosial şəbəkəsində həmin videoya müxtəlif şəxslər, o cümlədən dost-tanışları, qohumları və onu tanıyan şəxslər tərəfindən ümumilikdə 346.200 (üç yüz qırx altı min iki yüz) baxış olmuşdur. Bundan əlavə, həmin videoya istinad edilərək digər sosial şəbəkə səhifələrində də paylaşılmış və orada da kifayət qədər baxış sayı toplanmışdır. Göründüyü kimi, onun xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsi üçün kifayət qədər faktiki və hüquqi əsaslar mövcuddur: Belə ki, cinayət haqqında məlumatı təqdim etmək vəzifəsi onun üzərimə düşür və ittihamın təsviri aşağıdakı kimidir: X10 xx.xx.2025-ci il tarixində heç bir təsdiqedici məlumatlara malik olmadığı halda, mənim ünvanıma qarşı "şüşəgöz", "şərəfsiz", "binamus", "heyvan", "eşşək" kimi ifadələri işlətməklə qeydə aldığı videoyazını TikTok sosial şəbəkəsində yayımlamaqla, məni təhqir etmiş, internet informasiya ehtiyatında mənim şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaltmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi). 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 tərəfindən Azərbaycan Respublikası CPM-nin şikayət ərizəsinin məzmununa dair tələblər pozulmuşdur. Belə ki, xüsusi ittihmaçı X10 tərəfindən törədilmiş hansı əməlin (əməllərin) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddənin təsiri altına düşdüyünü qeyd etməmiş, şikayətdə yuxarıda qeyd olunan plenum qərarında istinad olunan məlumatlar - şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri) – öz əksini tapmamışdır. Həmçinin, şiakyətdə şahidlərin anket məlumatları barədə hər hansı informasiya mövcud deyildir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, şikayətin verildiyi yer şikayətdə göstərilməmişdir. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar