Məhkəmə qərarları › İş №1(011)-511/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-511/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-511/2023 31.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, müdafiəçi “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran şəhəri, 20 Yanvar küçəsi, ev 3-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, “Panorama Park” yaşayış kompleksi, mənzil 3-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satış təmsilçisi vəzifəsində işləyərəkən maddi məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək ona təhkim olunan mağazalara təhvil vermək adı ilə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində həmin MMC-nin “N1 Çörək zavodu”ndan ümumilikdə 80766,15 (səksən min yeddi yüz altmış altı manat on beş qəpik) manat dəyərində olan çörək məhsullarını qəbul etmiş və bundan “BRAVO 28 Mall” mağazasına 1549,76 (min beş yüz qırx doqquz manat yetmiş altı qəpik) manatlıq, “GRAND market” mağazasına 13,86 (on üç manat səksən altı qəpik) manatlıq, “GRAND market Nizami” mağazasına 8288,26 (səkkiz min iki yüz səksən səkkiz manat iyirmi altı qəpik) manatlıq, “BRAVO QLOBUS CENTER 3014” mağazasına 3805,64 (üç min səkkiz yüz beş manat altmış dörd qəpik) manatlıq, “BRAVO QİŞ PARKİ” mağazasına 9339,75 (doqquz min üç yüz otuz doqquz manat yetmiş beş qəpik) manatlıq, “BOLMART Səməd Vurğun küçəsi” mağazasına 50,29 (əlli manat iyirmi doqquz qəpik) manatlıq, “NƏSİR market” mağazasına 1061,40 (min altmış bir manat qırx qəpik) manatlıq, “ВОЕМART Yasamal” mağazasına 9,61 (doqquz manat altmış bir qəpik) manatlıq, “BRAVO Babək 94” mağazasına 610,67 (altı yüz on manat altmış yeddi qəpik) manatlıq, “BRAVO 20 Yanvar” mağazasına 1673,81 (min altı yüz yetmiş üç manat səksən bir qəpik) manatlıq, “GRAND MART Səbail” mağazasına 3291,65 (üç min iki yüz doxsan bir manat altmış beş qəpik) manatlıq, “BOLMART Səbail” mağazasına 3383,37 (üç min üç yüz səksən üç manat otuz yeddi qəpik) manatlıq, “BOLMART EKSPRESS” mağazasına 84,48 (səksən dörd manat qırx səkkiz qəpik) manatlıq, “BRAVO OAZİS” mağazasına 12,79 (on iki manat yetmiş doqquz qəpik) manatlıq, “ORDUBAD Market” mağazasına 7,02 (yeddi manat iki qəpik) manatlıq, “CAVİD market” mağazasına 24,75 (iyirmi dörd manat yetmiş beş qəpik) manatlıq, “RAMİZ market” mağazasına 18.53 (on səkkiz manat əlli üç qəpik) manatlıq çörək məhsullarını təhvil verməməklə yanaşı “N1 Çörək” zavodundan götürdüyü 1795,90 (min yeddi yüz doxsan beş manat doxsan qəpik) manat dəyərində olan çörək məhsullarını istintaqla müəyyən edilməmiş satış nöqtələrində satmaqla əldə etdiyi 35034,44 (otuz beş min otuz dörd manat qırx dörd qəpik) manat pulu, çörək məhsullarının yerdəyişməsi adı altında 12,90 (on iki manat doxsan qəpik) manat pulu və hesabat dövründən əvvəl öhdəsində olan 39,35 manat pulu, mənimsəməyə yönələn və vahid niyyətlə əhatə olunan qəsdlə əldə etdiyi cəmi 35073,79 (otuz beş min yetmiş üç manat yetmiş doqquz qəpik) manat məbləğində pulu MMC-nin Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 15A-da yerləşən kassasına mədaxil etməyib əmlak sahibi hüquqi şəxs "xxxx" MMC-yə xeyli miqdarda maddi ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci il noyabrın 28-dən işə başlamış, sürücü işləmişdir. Dekabrın 1-dən 2022-ci il mayın 4-ə qədər isti çörək satışında işləməyə başlamışdır. O, təyin olunmuş marşrut üzrə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Bravo” və “Grand” marketlər şəbəkələrinə zavod tərəfindən istehsal olunmuş çörək məhsullarını aparıb təhvil vermiş, çörək məhsullarını marketlərə təhvil verdikdən sonra marketdə malı qəbul edən səlahiyyəti şəxslərdən imzalı və möhürlü şəkildə qaimə faktura alaraq özündə saxlamış, bundan sonra ayın sonunda qaimələri işlədiyi “Pacific Bread" MMC-nin mühasibatlığına təhvil vermiş, daha sonra mühasibatlıqla marketlər şəbəkəsinin arasında hesablaşma aparılmış və şirkətin hesabına pul köçürülmüşdür. O, marketlərə çörək çeşidlərini aparıb versə də, həmin məhsulların pulunu nağd şəkildə almamış, həmin pullar köçürmə yolu ilə şirkətin balansına köçürülmüş, ilk vaxtlar şirkət tərəfindən aylıq hesabat aparılsa da, sonradan 4-5 aydan bir hesabat aparılmağa başlanmış və buna görə də, “Bravo” və “Grand” marketlərlə işlədiyi şirkətin arasında pul köçürülməsində problem yaranmışdır. O, şirkətin mühasibatlıq işçilərinə marketlərə verdiyi qaimə fakturaların hamısının özündə olduğunu demiş və həmin qaimə fakturaları mühasibatlığa təhvil vermiş, mühasibatlığın işçiləri qaiməni qəbul etməyərək ondan marketlərə gedərək qaimələri sistemə yazdırmağı tələb etmişdir. Bunu etmədiyindən hesabda kəsirlər yaranmışdır.Sonra şirkət onu çağıraraq hesablamalarda kəsrin əmələ gəldiyini və həmin kəsrin 24.000 manatının onun adına olduğunu, buna görə də, hər ay onun əmək haqqından 200 manat kəsib həmin kəsr pulunu ödənmiş hesab edəcəklərini bildirmişdirlər .Bu səbəbdən işdən çıxmaq üçün ərizə yazmışdır. Mağazalara təhvil vermək adı ilə aldığı çörək məhsullarını həmin mağazalara çatdırmamış və nəticədə cəmi 35073,79 (otuz beş min yetmiş üç manat yetmiş doqquz qəpik) manat məbləğində "xxxx" MMC-yə ziyan vurduğunu etiraf etmişdir. Törətdiyi əməldən peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini, qismən ödəniş etdiyini,zərərçəkmiş şəxslə barışdığını, uşağının olmasını, yeni ailə qurmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, işlədiyi zavodun fəaliyyəti gündəlik olaraq çörək məhsullarının çeşidlərinin istehsal edilməsindən, zavodda istehsal olunmuş çörək məhsullarının gündəlik olaraq zavoda məxsus avtomobillər ilə Bakı şəhərinə və rayonlara paylanılmasından və mağazalara paylanmış çörək məhsullarının istifadə müddəti başa çatdıqda isə həmin malların ekspeditorlar tərəfindən yığılaraq zavoda gətirilərək anbarlara təhvil verilməsindən ibarətdir. Son dövrlərdə şirkət tərəfindən zavodun mühasibatlıq sənədlərinə baxılarkən büdcədə çatışmazlıqlar olduğu müəyyən edilmiş, bu səbəbdən şirkət tərəfindən mühasibatlıq üzrə yoxlamalara başlanmış və nəticədə şirkətdə satış təmsilçisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs hesabında müəyyən məbləğdə kəsr olduğu müəyyən edilmişdir. Bunu Zamiqin özünə dedikdə Zamiq heç bir məhsulu və ya pulu mənimsəmədiyini bildirmiş, daha sonra şirkət üzrə audit yoxlaması təyin edilmiş və keçirilmiş audit yoxlaması nəticəsində bir daha müəyyən edilmişdir ki, şirkətdən ümumilikdə 35.073,79 manat məbləğində pul mənimsəmişdir. Belə ki, Təqsirləndirilən şəxs şirkətdən müştərilərin adı ilə sifariş çörək məhsullarını aparıb satsa da, həmin məhsulların ödənişlərini şirkətə tam təhvil verməyərək öz şəxsi hesabına köçürmüşdür . Təqsirləndirilən şəxs şirkətin daimi müştəriləri olan mağazalar şəbəkələrinin adından sifarişlər daxil edərək məhsulları almış və daha sonra həmin məhsulları şirkətə məlum olmayan mağazalara sataraq ödənişləri şirkətin kassasına təhvil verməmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs müştərilərə çatdırmaq adı ilə 80766,15 manatlıq çörək sifariş etmiş, 4400,30 manatlıq çərək onun tərəfindən geri qaytarılmış, çörəyin qiymətində ona 8530,87 manatlıq endirim edilmiş, 11736,24 manat onun tərəfindən kassaya ödənilmiş və 20984.95 manat müştərilər tərəfindən bank vasitəsi ib ödənilmiş nəticədə Zamiq 35073,79 manat pulu kassaya təhvil verməyərək mənimsəmişdir. Audit rəyinə əlavə olunmuş sənədlərlə bu tam təsdiq olunur. Hazırda təqsirləndirilən şəxsin qismən ödəniş etməsini, qalan ziyanı yaxın tarixdə ödəyəcəyini nəzərə alaraq onunla barışdıqlarını, şikayətçi olmadıqlarını bildirmiş, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, "xxxx" MMC ona şirkətdə audit yoxlaması aparılması üçün müraciət etmiş, o, ilkin olaraq sənədlərə baxış keçirib audit yoxlamasını keçirməyə razılıq vermiş, teleqram göndərərək Zamiqi audit yoxlamasına dəvət etmiş, Zamiq həmin teleqramları almış və buna baxmayaraq audit yoxlamasında iştirak etməmiş, o, audit yoxlamasına ən təcrübəli mütəxəssisləri cəlb etmiş və keçirilmiş audit yoxlaması nəticəsində şirkətin satış təmsilçisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən işlədiyi 01.12 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə şirkətə məxsus 35.073,79 manat məbləğində pulun mənimsənildiyi müəyyən edilmişdir. Belə ki, Zamiq zavodun daimi müştəriləri olan müxtəlif mağazaların sifarişləri olan çörək məhsullarını zavoddan təhvil alaraq qeyrimüəyyən mağazalara təhvil vermiş, həmin satışdan əldə etdiyi pul məbləğlərini isə geri, yəni zavodun kassasına təhvil verməmiş, nəticədə də, 35.073,79 manat borc məbləği Zamiqin adında qalmış, Zamiqin audit aparılan dövr ərzində zavoddan hansı məbləğdə mal təhvil alması və Zamiqə nə qədər endirim edilməsi, nə qədər geri qaytarma olması, bank vasitəsilə və ya kassaya nə qədər məbləğdə ödəniş olunması və Zamiqin öhdəliyində qalan borc qalığı audit aktında əks etdirilmişdir. Zamiq müştərilərə çatdırmaq adı ilə 80766,15 manatlıq çörək sifariş edərək təhvil təslim sənədləri ilə qəbul etmiş, 4400,30 manatlıq çörək onun tərəfindən geri MMC-yə qaytarılmış, həmin çörəklərə görə qiymətdə ona 8530,87 manatlıq endirim edilmiş, 11736.24 manat onun tərəfindən kassaya ödənilmiş və 20984,95 manat müştərilər tərəfindən bank vasitəsi ilə ödənilmiş, sürücü işlədiyi vaxtdan Zamiqin öhdəsində 39,35 manatlıq qalıq olmuş, yerdəyişmə adı ilə Zamiq 12,90 manat mənimsəmiş və nəticədə Zamiq 35073,79 manat pulu kassaya təhvil verməyərək mənimsəmişdir. MMC ilə həmin müştəri-mağazalar arasında dəqiq inventarizasiyalar aparılmış, nəticədə Zamiqin adına borc məbləğlərinin olması təsdiqini tapmışdır. Daimi müştərilər olan mağazaların "xxxx" MMC-yə borcunun olmamasını təsdiq edən üzləşdirmə aktları mövcuddur. Həmin mağazalarla üzləşdirmə keçirilmişdir. Həmin şirkətlərin "xxxx" MMC-yə borcunun olmamasını təsdiq edən üzləşdirmə aktları mövcuddur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, №1 çörək zavodunda satış müdiri işləyir. Şirkətin verdiyi qaimələrin hamısının üzərində “Pacific” yazılır. Onların üzərində verildiyi məsul şəxsin imzası və möhürü olur. Şirkətdə proses belə gedir ki, tək dükanla nağd şəkildə, şəbəkə tipli dükanlarla yarım aylıq və ya bir aylıq işləyirlər. Məsələn “Bravo” və ya “Grand” şəbəkələrinə müəyyən qədər məhsul verilir. Daha sonra audit bunu yoxlayır və müəyyən olunur ki, bir neçə aydan sonra məhsul onlara verilməmişdir. çünki qarşı tərəf bunu təsdiqləmir. Həmin vaxt ekspeditor satış təmsilsiçisini çağırır ki, işlədiyi məhsul qarşı tərəfdən təsdiq almır, bunun cavabını gətirsin. Zamiqə də verilib ki, müəyyən qədər fərqlərin çıxmış, bu fərqlərin işlətdirib gətirməsini bildirmişlər. Ona bununla bağlı uzun müddət vaxt verilmişdir. Lakin o, bunların heç birini işlətdirməmişdir. Çünki çörəkləri aparıb dükanlara verməmiş, Qala yolunda çörəkləri 30 qəpiyə satmışdır. Zamiq etiraf etmədiyinə görə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, “Pacific” şirkətində 2021 sentyabr 4-dən 2022 martınadək bölgə müdiri işləmişdir. İşlədiyi vaxtda nağd dükanlara borc olmamışdır. Şəbəkə dükanları ilə isə rəhbər şəxslər üzləşdirməyə gedirdilər, onlarda işçiyə əlbəəl pul vermirdilər. Çörəyin onlara verilibverilmədiyinə gəldikdə, ona demişdirlər ki, ancaq üzərində “Pacific” olan fakturaları vermişlər. Amma bir-iki dəfə anbarda faktura olmadığından adi faktura vermişlər. Əvvəllər “Bazar store”, “Bravo”da müdir müavini işləmişdir. Ümumiyyətlə şəbəkə mağazalarının qeyri-rəsmi fakturalara möhür vurmaq ixtiyarı yoxdur. Qeyri-rəsmi fakturalar ayın sonunda rəsmi faktura halında toplanıb marketə göndərilir. Hər hansı problem olduqda araşdırılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müstəqil auditor rəyindən görünür ki, MMC-nin satış təmsilçisi, maddi məsul şəxs Təqsirləndirilən şəxs, Cəmiyyətin anbarından satılmaq üçün verilmiş çörək məhsullarının dəyərinin Cəmiyyətin kassasına ödənişini dəfələrlə uzun müddətə gecikdirməklə tam ödəməməsi nəticəsində, onun öhdəsində 35073,79 manat məbləğində satış pulunun çatışmazlığı aşkar edilmiş, son nəticədə onun tərəfindən həmin məbləğ qədər "xxxx" MMC-yə ziyan vurulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 603 nömrəli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs “Pacific Bread" MMC-nə sürücü vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında razılaşmadan görünür ki, Təqsirləndirilən şəxs sürücü vəzifəsindən satış təmsilçisi vəzifəsinə keçirilmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 9/8643 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan inventarizasiya aktı, təhvil-təslim blankları, müqavilələr və xx.xx.2022-ci il tarixli auditor aktını təsdiq edərək qeyd olunan sənədlərin düzgünlüyü istintaq tərəfindən nəzərə alınmaqla "xxxx" MMC üzrə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 35073,79 manat çatışmazlıq müəyyən olunur. İş materiallarında olan Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 19 iyun 2023-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Lənkəran şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, təqsirləndirilən şəxsin qismən ödəniş etməsini, qalan ziyanı yaxın tarixdə ödəyəcəyini nəzərə alaraq onunla barışdıqlarını, şikayətçi olmadıqlarını bildirmiş, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin verdikləri ifadələri, ekspert rəyi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, səmimi etirafı, ziyandan qismən ödəniş etməsi kimi xüsusatlar cəza təyin edərkən nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Məhkəmə, bu səbəbdən Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün olduğundan Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs əlavə cəza olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar