Məhkəmə qərarları › İş №1(011)-513/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-513/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-513/2023 07.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 və onun nümayəndəsi Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X10, tərcüməçi X2 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş Kozıreva Kristina X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X6 hal-hazırda Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 202, m-1, m-2 saylı ünvanda yerləşən mənzildə ailəsi ilə birlikdə yaşayır. Onun xx.xx.2010-cu il təvəllüdlü oğlu Kozırev Mark Bakı şəhəri, Xətai rayonunda yerləşən 245 saylı orta məktəbin 6-cı sinif şagirdidir. Şikayətçi olduğu X4 oğlu da onun oğlu Kozırev Mark ilə eyni sinifdə təhsil alır. Şikayətçi olduğu X7 onun oğluna qarşı təhqirlər edir, şikayətçi olduğu X4 oğlu nəyinki onun oğluna, digər uşaqlara da qarşı kobud rəftarlar edir və vurur. X11 qızı 245 saylı orta məktəbin müəllim heyətinə və məktəb direktoruna qarşıda kobud rəftarlar edərək dəfələrlə təhqir etmişdir. X4 həm özü, həm də oğlu onun oğlu Kozırev Markın həmin məktəbdə təhsil almasına maniə yaradır. Özünə dəfələrlə xəbərdarlıq etdikdə isə yenə də eyni davranışlar və təhqirləri davam etdirir. Bu vəziyyət 6 ildi davam edir. Artıq həmin sinifin uşaqlarında da bir qorxu yaranmışdır. X7 həmin sinfin rəhbərini də hədələyib qorxudur. O, bununla bağlı dəfələrlə məktəb direktoruna da şikayət etmişdir, lakin rəhbərlik də onunla bağlı tədbir görə bilmir. O, xx.xx.2023-cü ildə Xətai RPİ-nin 36-cı Polis Şöbəsinə müraciət etmişdir. 36-cı Polis Şöbəsindən ona bildirilmişdir ki, o, bu məsələ ilə bağlı aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə müraciət etməlidir. Məhkəməyə müraciət etməkdə məqsədi şikayətçi olduğu X4 barəsində tədbir görülməsi ilə bağlıdır. Həmçinin bunlara şahid olan bir neçə nəfər də var. Bu səbəbdən də, hesab edir ki, şikayəti üzrə xüsusi ittiham edilən şəxs X4 bu yalan bəyanatı açıq-aşkar onun və övladının hüquqlarını pozmuşdur. Xüsusi ittiham edilən şəxs X7 cinayətdə ittiham edilməlidir. Beləliklə o, xüsusi ittiham edilən şəxs X4 ona vurduğu mənəvi ziyana görə ondan 5000 manat tutulub ona verilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində cinayət təqibinin başlanması və onun həmin maddələr ilə təqsirli bilinib cəza təyin edilməsi barədə hökm qəbul edilməsini xahiş etmişdir. Daha sonra şikayətçi X6 məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 ona vurduğu mənəvi ziyana görə sonuncudan 5000 manat pul vəsaitinin tutularaq ona verilməsi və CM-nin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini, həmçinin CM-nin 134-cü maddəsinə baxılmamasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 və onun nümayəndəsi X8 hər biri ayrı-ayrılıqda şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Həmçinin, şikayətçi X6 məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 ona vurduğu mənəvi ziyana görə sonuncudan 5000 manat pul vəsaitinin tutularaq ona verilməsi və CM-nin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini, həmçinin CM-nin 134-cü maddəsinə baxılmamasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 və onun müdafiəçisi X12 hər biri ayrı-ayrılıqda şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi və onun nümayəndəsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansi əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır; 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası CPM-nin 293.3-cü maddəsində xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair qeyd olunmuş tələblərə riayət olunmadan məhkəməyə müraciət olunmuşdur. Belə ki, şikayət ərizəsində xüsusi ittihamçının doğulduğu il, məşğuliyyət növü, vəzifəsi və şikayətin verildiyi yer qeyd edilməli olduğu halda göstərilməmişdir. Bundan başqa, şikayət ərizəsində X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin məhz hansı təhqiredici hərəkətləri törətdiyi göstərilməmiş, X4 hansı ifadələrlə şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaltdığı, habelə törədilməsi iddia edilən hərəkətlər nəticəsində zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu öz əksini tapmamışdır. Həmçinin, X6 şikayət ərizəsində X4 törətdiyi əməllərə bir neçə şəxsin şahid olduğunu qeyd etsə də, konkret hansı şəxslərin ifadələri ilə qeyd olunan ittihamın təsdiqlənməsi, həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yerinə dair heç bir məlumat qeyd olunmamışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1, 293.3.2, 293.3.4 və 293.3.6-cı maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar