Məhkəmə qərarları › İş №1(011)-514/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-514/2023

18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-514/2023 18.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 və onun nümayəndəsi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və müdafiəçisi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş Culfayev Alavərdi X1 əməllərində Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələrinin tərkibi mövcud olduğuna görə, onun həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə qərar qəbul edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, keçmiş kürəkəni X10 “Azvision.az“ internet qəzetində dərc edilmiş müraciətində “ancaq sonradan məlum oldu ki, A.Culfayev evimi əxlaqsızlıq yuvasına çevirib....Növbəti dəfə də eyni hal yaşandı. Qonşular qaynatamın evi kirayə verdiyi adamlardan şikayət etdilər. Gedib biabırçı vəziyyətin şahidi oldum..” bildirməklə onu onun Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrosunun yaxınlığında olan mənzilində “əxlaqsızlıq yuvası” saxlamaqda, eyni əməli təkrar törətməkdə ittiham etmişdir. AR CM-nin 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə—iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, 244.2-ci maddəsinə əsasən eyni əməllər: 244.2.1. təkrar törədildikdə; 244.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə— üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan başqa X10 internetdə dərc olunan KİV-də “Taleh Şamilov (Xətai rayon Polis İdarəsinin müstəntiqi) üzünə demişdir ki, “mənə şəxsən tapşırıq verilib ki, cinayət işi açım. Sənin qaynatan gözdən əlildir, prezidentlə şəkli var və nə istəsə edə bilər”. “Keçmiş qaynatam özü də bunu hər yanda deyir. Beləliklə xüsusi tapşırıq əsasında cinayət işi açılandan sonra Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyeva mənə bəraət verdi. Çünki heç bir əsas yox idi. Həmin bəraəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Mehdiyev sübut, əsas, fakt olmadan ləğv edib mənə 128-ci maddə ilə 1000 manat cərimə və məhkumluq elan etdi. O, zaman mənə aydın oldu ki, Pərviz Zamanlı, Emin Mehdiyev, Şəhriyar Əliyev kimi hakimlər məhkəmə sisteminin ləkəli hakimləridirlər və tapşırıqla işləyirlər. Burada heç bir haqq-ədalətdən söhbət gedə bilməz. Qaynatam şəxsi əlaqə və səlahiyyətlərindən sui-istifadə edərək məhkəmə qərarlarına təsir edir.” sözlərini yaymaqla onu ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaqda ittiham etmişdir. Bundan başqa Fərqan Əlişov “Azvision” internet portalında yayımlanmış müraciətində göstərmişdir ki, “A.Culfayevin Rusiya səfirinin keçmiş müavini İqor Petroviçlə xüsusi əlaqəsi var idi. Bilirsiniz ki, bu müavinlər xüsusi bölmənin işçiləri olurlar.Təsəvvür edin ki, azərbaycanlı baş məşqçi Rusiya səfirinin müavini ilə birgə oturub erməniləri tərifləyirdi”. Göründüyü kimi X10 onu ağır cinayətlərdə - əxlaqsızlıq yuvası saxlamaqda, həmin əməli təkrar törətməkdə, ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma məqsədilə məhkəmə fəaliyyətinə hər hansı formada müdaxilə etmədə, işin obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaq məqsədilə prokurorun, müstəntiqin və ya təhqiqatçının fəaliyyətinə hər hansı formada müdaxilə etmədə, habelə xarici dövlətlərin xüsusi orqanları ilə əlaqədə olmada ittiham edərək ona böhtan atmışdır. Eyni zamanda X10 internet KİV-də yayımlanan müraciətində “Allahverdi Culfayevin ailəsində azərbaycanlılara qarşı bir nifrət vardır. Onun bacısı X2 Rafael adlı Qarabağ ermənisi ilə qeyri-rəsmi nikahda yaşayır. Həmişə də “Mənim əziz ermənilərim” deyir. Allahverdi Culfayevin də həmin erməni ilə sıx əlaqəsi var. Keçmiş qaynanam X6 Bakı rusudur. Amma Azərbaycan dilinə nifrət edir” göstərməklə onu ermənilərlə qohum olmaqda ittiham etməklə onun şərəf və ləyaqətini alçaltmışdır, onu təhqir etmişdir, cəmiyyət arasında onu nüfuzdan salmağa cəhd göstərmişdir. Beləliklə, X10 yuxarıda göstərilənləri internet portalı olan “AzVision.az” (https://azvision.az) dərc etməklə ona böhtan atmış, onu təhqir etmiş, onun şərəf və ləyaqətini alçaltmış, onu cəmiyyət arasında nüfuzdan salmağa cəhd göstərmişdir. X3 yuxarıda göstərdikləri internet portalı olan “AzVizion.az” (https://azvision.az) dərc edilmiş və FACEBOOK sosial şəbəkədə yayılmışdır, bununla da X8 onu təhqir etmiş, həm də ona böhtan atmışdır. “AzVizion.az” (https: //azvision.az) kifayət qədər insanın izlədiyini, eləcə də daha sonra həmin yazının facebook səhifəsində yayılmasını və daha sonra da bir çox insanların facebook şəbəkəsində həmin yazını oxumasını nəzərə alınsa X3 şərəf və ləyaqətini alçaldaraq onu təhqir etməsi, eləcə də barəsində böhtan atması tam sübuta yetir. O, barəsində bu cür yalan məlumatları bilərəkdən yayır ki, onun şərəf və ləyaqətini alçaltsın, cəmiyyət içərisində onu hörmətdən salsın. Onu da bildirməlidir ki, X3 ona böhtan atmağının, şərəf və ləyaqətini alçaltmağının, cəmiyyət arasında nüfuzdan salmağa cəhd göstərməsinin səbəbi qızı X4 ilə nikahının pozulması, qızını döydüyünə görə qızının ondan hüquq-mühafizə orqanlarına şikayət verməsi və nəticədə onun barəsində AR CMnin 128-ci maddəsi ilə ittiham hökmünün çıxarılması, qızı ilə onun arasında əmlak bölgüsü ilə bağlı məhkəmə mübahisəsinin mövcud olmasıdır. Beləliklə o, X3 əməllərində Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələrinin tərkibi mövcud olduğuna görə, onun həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 və onun nümayəndəsi Müdafiəçi2 hər biri ayrı-ayrılıqda şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 və müdafiəçisi X12 hər biri ayrı-ayrılıqda şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi və onun nümayəndəsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar(harada, nə vaxt və necə), yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır. 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, sözügedən cinayət əməlləri X10 tərəfindən törədildiyi təqdirdə, həmin cinayət hadisəsi nəticəsində ona məhz hansı zərərin vurulduğu şikayətdə əks olunmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, X9 şikayətində X3 “AzVision.az” internet portalında dərc etdiyi məlumatlarla onun şərəf və ləyaqətini alçaltdığını, ona böhtan atdığını göstərsə də həmin təhqir və böhtan xarakterli olduğunu ehtimal etdiyi məlumatların hansı tarixdə yayıldığını verilmiş şikayətdə qeyd etməmişdir. Məhkəmə bu halla bağlı qeyd edir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Cinayət qanununun müvafıq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və “İnsan hüquqları üzrə Avropa Məhkəməsi”nin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasma səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqın”da Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə ona qarşı irəli sürülmüş ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Məhkəmə qeyd edir ki, ehtimal edilən əməllərin nə vaxt törədilməsini bilməyən şəxsin müdafiəsini qurması qeyrimümkündür. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Həmçinin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 tərəfindən Azərbaycan Respublikası CPM-nin şikayət ərizəsinin məzmununa dair tələblər pozularaq şikayət ərizəsinin harada və nə vaxt tərtib olunması qeyd edilməmişdir. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2 və 293.3.6-cı maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X9 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar