Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-515/2022 23.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 12 sentyabr 2022-ci il tarixdə saat 17:30-da Xətai RPİ-nin 36-ci PB-nin əməkdaşları tərəfindən keçrilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Xətai RPİ-nin 36-cı Polis bölməsinə gətirilərək orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində keçrilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd təmiz çəkisi 0,572 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun heç vaxt psixi xəstəliyi olmamış, təxminən 01 ildir ki, psixotrop maddə metamfetamindən istifadə edir. 12 sentyabr 2022-ci il tarixdə saat 17:10-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən Həzi Aslanov metrostansiyasının qarşısında üzdən tanıdığı kim olduğunu bilmədiyi şəxslə görüşərək söhbət əsnasında həmin şəxsə bədənində ağrılar olduğunu bildirərək ondan 10 manat pul müqabilində şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin almışdır. Həmin 01 ədəd psixotrop maddə olan metamfetamini siqaretin şəffaf rəngli sellofanına bükülmüş vəziyyətdə almış və üzərində gəzdirmişdir. 12 sentyabr 2022-ci il tarixdə saat 17:30-da ünvan 2 ünvanın qarşısında polis əməkdaşları onu saxlayaraq özlərini təqdim edərək əllərini ciblərinə salmağa imkan vermǝyǝrǝk polis bölməsinə aparmışlar. Polis bölməsində ona hüquq və vəzifələri izah olunduqdan sonra onun istəyi ilə vəkil dəvət olunmuşdur. Vəkil və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin şəffaf rəngli sellofanına bükülmüş içərisində psixotrop maddə metamfetamini təqdim etmişdir. Həmin psixotrop maddə metamfetaminin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqdim etdiyi psixotrop maddə metamfetamindən başqa heç bir yerdə psixotrop maddə metamfetamin saxlamadığını bildirmişdir. O, saxlanılan zaman polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmədiyini və ona fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsindədir. Məxfi əməkdaşdan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri əldə edib istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. 12 sentyabr 2022-ci il tarixdə saat 17:30-da ünvan 2 ünvanın qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin həmin ünvana yaxınlaşmasını görüb onu saxlamaqla, xidməti vəsiqələrini həmin şəxsə göstərib təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı sorğu etdikdə, həmin şəxs özünü xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə psixotrop maddə metamfetaminin əldə edib istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu bildirib, qəbul edilmiş əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış edərək onu Xətai RPİ-nin 36-cı PBnə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddələrin və əşyaların olmasına şübhələr olduğundan onu 36-cı PB-nə gətirərkən əllərini ciblərinə salmağa imkan verməmişlər. Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində olması ehtimal edilən psixotrop maddə metamfetaminin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı tərəfindən raport yazılandan sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın aparılması bölmənin təhqiqatçısı polis mayoru Qabil Hüseynova həvalə olunmuşdur. X5 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Dövlət hesabına vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra xidməti otaqda videoçəkiliş edǝrǝk Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılması başlanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılmasında sonuncunun vəkili Səxavət Şahbazov, 0, 36-cı PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 iştirak etmişlər. Şəxsi axtarışdan öncə X5 Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməyini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükümü çıxardıb təqdim edərək bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm X5 tərəfindən açılmış, həmin bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə hesab edilən metamfetamin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddə hesab edilən metamfetamini xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən Həzi Aslanov metrostansiyasının yaxınlığında tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç nə aşkar olunmamışdır. Aşkar edilmiş maddə "Pocket Scale" markalı elektron tərəzidə çəkildikdən sonra X5 tərəfindən bir ədəd zərfdə qablaşdırılmışdır. O, və digər iştirakçılar zərfin üzərində imza etmişlər. İş üzrə digər Şahid1 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduqları ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v.01); şübhəli şəxsin tutulması haqqında 12 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 12 sentyabr 2022-ci il tarixdə Xətai RPİ-də tutulmuş, onun azadlığı faktiki olaraq həmin tarixdə, saat 17:30-dan məhdudlaşdırılmışdır ( i.v. 20); şəxsi axtarış və götürmə aparılması haqqında 12 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı polis leytenantı Abbasov Anarın, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “İphone” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükülünü çıxararaq masanın üzərinə qoyub həmin bükülünün içərisindəkinin psixotrop maddə "metamfetamin" olduğunu, bu maddəni xx.xx.2022-ci il tarixdə saat 17:10 radələrində "Həzi Aslanov" metrosu yaxınlığında tanımadığı şəxsdən 10 manat müqabilində alaraq üzərində saxlayıb gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs Qasim oğlunun təqdim etdiyi bir ədəd sellofan bükülüdə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddənin olması aşkar edildi. Həmin bükülü üzərində Çin istehsallı olan, elektron tərəzidə çəkilərək kağızla birgə 0,62 qram olduğu müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirildi, heç bir qanunla qadağan edilmiş əşya və ya maddə aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdəki psixotrop maddəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 151 saylı möhürü ilə möhürlənərək götürüldü. (i.v. 28-30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2022-ci il tarixli, 6/5120 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 131" dairəvi möhür əksləri olan, " Təqsirləndirilən şəxs götürülmüş maddə..." s. Yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,572 qram olan ağ rəngli, kristalşəkilli, kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 39-42); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 49); Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİnin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X6 tərəfindən diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli, psixotrop maddə metamfetamini çıxarıb təqdim edərək bildirmişdir ki, həmin psixotrop maddə "şüşə" kimi tanıdığı metamfetamin maddədir, həmin maddəni xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində tanımadığı şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Sonra Təqsirləndirilən şəxs üzəri axtarılmış, lakin heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,62 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzərində qeydlər aparılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. ( i.v. 57); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Xətai RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işi üzrə, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Cahid Musayevin 14 sentyabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilmişdir.( i.v. 64-66) Qətimkan tədbirinin seçilməsi haqqında 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir ( i.v. 68); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 72); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 5559 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 79-80); Sübutların qiymətləndirilməsi haqqında 18 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, təqsirləndirilən şaxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təqsdiq edildiyindən şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadələri, Azərbaycan Respublikası ƏN-nin MEM-nin 13 sentyabr 2022-ci il tarixli 6/5120 saylı rǝyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsin 27 sentyabr 2022-ci il tarixli 5566 nömrəli rəyi, şəxsi axtarış və götürmə, diska baxış protokolları iş üzrə sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin ekspertiza tədqiqatı zamanı sərf edildiyindən 0,522 qram qalan psixotrop maddə metamfetamin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində axtarış aparılan zaman çəkilmiş özündə videogörünütləri əks etdirən bir ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman psixotrop maddə metamfetamin taqdim etməsi könüllü təqdim etmə kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin miqdarı məhkəmə kimyəvi ekspertizasının rəyində göstərdiyi miqdara əsasən götürülməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2- ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, qəbul edilmiş qərar və toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə metamfetamin əlda etdiyi mənbə barəsində cinayət işindən material ayrılması qərara alınmışdır. (i.v. 82-89). 21 oktybar 2022-ci il tarixli qəbzdən görünür ki, ********* nömrəli cinayət işi üzrə 13 sentyabr 2022-ci il tarixli 6/5120 saylı ekspert rəyini maddi sübut kimi tanınaraq tədqiqatdan sonra qalmış 0,522 qram çəkidə psixotrop maddə metamfetamin bir ədəd zərfdə 60 nömrəli möhürlənmiş halda İŞ-nin müstəntiqi, polis mayoru Cahid Musayevdən təhvil alınmışdır(i.v. 95) Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs boz rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş bükülünü çıxarıb təqdim etməsi, bükülünün içərisindəki maddənin metamfetamin olduğunu bildirməsi, metamfetamini tanımadığı şəxdən şəxsi istifadəsi üçün aldığını bildirməsi, həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,548 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı X3 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qobustan rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,522 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-515/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-515/2022
23.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver