Məhkəmə qərarları › İş №1(011)-515/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-515/2024

14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-515/2024 14.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyev Məhərrəm Hüseyn oğlunun katibliyi, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X23 və müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X18, X21 və müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X6, xüsusi ittiham qaydasında şikayət verən X3 etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, xüsusi ittiham qaydasında X3 və X4 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: X8 və X13 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, xüsusi ittiham qaydasında barəsində şikayət verilən X23 və X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X8 və X13 şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı X8 cavabdeh X21 və onunla planlı şəkildə birləşərək X24, uzun müddətdir ki yaşadığı ünvana eroziyaya gələrək barəsində nalayiq ifadələr işlədərək, onu, anasını və iki azyaşlı uşaqlarını rüsvay edirlər. Dəfələrlə bu barədə polisə şikayət etmiş, lakin Eşqin və Saleh qurumların onlara heçnə edə bilməyəcəyini bildirərək daha da azğınlaşıblar. Bunnan əlavə, onlar yəni İsmayılov Eşqin və Hüseynov Saleh durmadan onu şantaj edirlər, hətta uşaqları oxuduğu məktəbə belə gedirlər, və haqqında nalayiq ifadələr işlədərək, guya o X8 və anası X13 guya tüfeyli həyat tərzi keçirdiyini guya pul qarşılığınan sex xidmətləri gosterdiklərini deyərək hər bir onları tanıyanların qarşısında onları rüsvay etməklə onları insanlar içində nüfüzdan salmışlar, bu günə kimi davam edirlər. Onların bu hərəkətlərindən o və anası böyük sarsıntı keçirtmişdir. Hətta yaşadığı ünvana gəlib bu yerdən Google Maps-ə yeri yükləyib övladlarına "SEYMUR QƏHBƏXANASİ" "YUSİFİN CİNDRİXANASİ" və s... şərəf və ləyaqətini alçaldaraq kişiliyə sığmayan hərəkətlər etmişlər. Həmin yazıları onun qohumları və qonşuları onu və övladlarını tanıyan hər kəs görmüş "Bolt "proqramından istifadə edən qonşulari görüb ona məlumat vermişdirlər. 13 yaşlı oğlu "Volt" proqramından istifadə edərək X23 və X9 yazdığı bütün bu əxlaqsız sözləri görüb və psixoloji sarsıntı keçirib. Bununla bağlı hüquq mühafizə orqanlarına şikayət etmişdir. Qeyd olunan əməllər onun və azyaşlı övladlarının psixoloji durumuma böyük miqdarda ziyan vurmuş və bununla da onun sağlamlığını, şərəf və ləyaqətinı alçaldaraq hər iki şəxs, yəni X21 və Hüseynov Saleh onu intihar etmək həddinə çatdırmışlar. Eşqin İsmayılov və Saleh Hüseynov özləri də etiraf ediblər ki, o özünü öldürənə qədər ondan əl çəkməyəcəklər. X23 050 *** ** ** nömrəsi ilə ona bu sözləri şantaj məqsədilə yazmışdır. “Məhkəmədə pul qarşılığında mənimlə olduğunu dedim bir də deyəcəm, anandan soruş. Aşıq Namiqdən tutmuş, maşın zapçastları alveri edən və s. qara lexsusda videon var və s. hər şey var məndə bu sonraki məhkəmələrdə uşaqlarında həqiqətləri bilməlidir.” X21 da oxşar məzmunlu şantaj məqsədilə ona özünə məxsus https://e.mail.ru/compose?To=esqin25@mail.ruElektron ünvan ünvanından yazib: və müxtəlif tanımadığı kişilərin şəkillərini ona göndərərək bu sözləri iftira xaraktertli, şantaj məqsədilə yazmışdır: “gəzdiklərinin şəkilləridir, yaxşı bax, hamısını tapacam... Bütün həyatını ortaya qoyacam” bu cür 100-lərlə cavabdehlər tərəfindən ona şantaj, təhqir və hədələrlə dolu mesajlar göndərirlər. Cavabdeh X21 və X14 çirkin əməlləri nəticəsində o uzun müddətdir ki, psixoloji təzyiq altında olduğu üçün səhhəti ciddi şəkildə pisləşib, mənəvi iztirablar çəkir, bu da onun psixoloji durumuna zərər verib. Məhkəmənin diqqətinə çatdırır ki, o hörmətli ailədəndir, əmisi şəhid olub, atasız böyüyüb, anasının tək övladıdır, himayəsində iki azyaşlı uşağı var. Uzun müddətdir ki, anası və iki uşağı ilə kirayədə yaşayır. Göründüyü kimi təqsirləndirilən şəxslər Eşqin və Saleh telefon və Whatsapp vasitəsilə onları tanıyan şəxslərə, yalan, böhtan və təhqiramiz məlumatlar yaymaqla şərəf, ləyaqət və reputasiyalarına ləkə vurublar. Cavabdehlər yəni X21 və X24 onların yəni X8 və anası X4 və iki azyaşlı övladının X10 və X11 şərəf və ləyaqətinin, nüfümuzu alçaldan şayələr, yalan və qərəzli yazıları whatsapp üzərindən onları taniyan şəxslərə göstərərəklə ictimai əhəmiyyətli məlumatlarrı saxtalaşdırmış, bilə-bilə Whatsapp üzərindən yalan yazılar və şəkillər saxtalaşdırılaraq onlara qarşı onları taniyan şəxslərdə mənfi fikir formalaşdırmağa calışmışlar və onların şərəf və ləyaqətinə ləkə yaxmışlar. Hesab edir ki, yayılan məlumatlar yalan, böhtan, təhqir və qərəzli olmaqla onun, anasının və iki azyaşlı övladının şərəf, ləyaqət və nüfuzunu ləkələyən məlumatlardır. Bütün bunlar onları taniyan şəxslərin arasında nüfuzlarına və ləyaqətlərinə ciddi zərbə vurmuşdur. Yalanlarla iftiralarla bəzədilmiş səkillər "Whatsapp"yazışmaları, ona yəni X5 və anası X7 hörmətlə yanaşan şəxslərin münasibətlərinin "soyumasi"na və bunları aradan qaldırmaq üçün dəyərli vaxtını, iftiralarla bəzədilmiş şəkillər "Whatsapp" yazışmalarının yalan olmasına həsr etmələrinə səbəb olmuşdur. Təbii ki, bu cür hadisə onun öz işindən ayrılmaqla, öz işgüzar həyatina mənfi təsirsiz ötüşməyib. Cavabdehlər X21 və X2 Şahnaz Fərhad qızına və X7 qarşı, onları taniyan şəxslərə "Whatsapp" və digər sosial şəbəkələr vasitəsilə şərəf və ləyaqətlərini, nüfuzlarını alçaldan şayələr, yalan və qərəzli yazılar verməklə, bilə-bilə yalan yazilar dərc etməklə onları tanıyan insanların doğru-dürüst informasiya almaq hüquqlarına hörmətsizlik etmişlər, insanlarda mənfi fikir formalaşmasına calışmışlar, onların şərəf və ləyaqətlərinə ləkə yaxmağa calışmışlar. Bütün bu hadisələr calışdığı kollektivdə, yaşadığı ünvanda nüfüzdan duşməyinə, yaxın qohum-əqraba icində biyabir olmağına səbəb olmuşdur. Odur ki, böhtan xarakterli məlumatlar yazmaqla şərəflərini, ləyaqətlərini və işgüzar nüfuzlarını alçatdıqlarını və haqqlarında rüsvayedici məlumatlar, X1 pornoqrafik materialları yaydığına görə, onları şantaj edərək hədə qorxu gəldiklərinə görə X21 və X23 barəsində yalan məlumatların sosial şəbəkələrdə təkzib etmələri, üzr istəmələrini öhdəliklərinə qoyulması barədə və Cinayət məsuliyyətinə cəlb etməklə barələrində qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X23 və müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X26 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X21 və müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X19 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən X3 etibarnamə üzrə nümayəndəsi X13 şikayəti müdafiə edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Adı çəkilən Plenum Qərarının 12-ci bəndinə əsasən kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-in 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Qeyd olunan Plenum Qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-in 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. CPM-in 293.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda göstərilməli olan məlumatların dairəsini müəyyən etmişdir ki, CPM-in 302-ci maddəsi də xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununa dair bu tələblərin imperativ olmasını təsbit etmişdir. Məhkəmə, CPM-in sadalanan normalarını rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə, həmçinin törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Həmin Məcəllənin 293.3.6-cı maddəsinə əsasən, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Hazırki şikayətdə isə CPM-in tələblərinə riayət olunmamış, şikayətdə cinayətin nə vaxt törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz X23 və X21 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi yer göstərilməmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs sübut növü kimi istinad etdiyi və onun tərəfindən iş materiallarına əlavə edilmiş “Google map” http://www.qafqazinfo.az saytından çıxarışda qeyd olunanların məhz X23 və X21 tərəfindən yayılması müəyyən olunmur. Qanunvericliyin məzmunundan göründüyü kimi məlumatların “whatsapp” proqramı ilə bu tərzdə göndərilməsi kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmçinin şikayət vermiş şəxs şikayətdə barəsində şikayət verilən şəxsləri konkret olaraq Cinayət Məcəlləsinin hansı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini qeyd etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X23 və X9 cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında X8 və X13 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X20 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X22 məhkəmədə iştirak etdiyi 14 (on dörd) iş saatına görə 84 (səksən dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X15 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X12 məhkəmədə iştirak etdiyi 14 (on dörd) iş saatına görə 84 (səksən dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X23 və X9 cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında X8 və X13 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. X16 məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X22 dövlət büdcəsi vəsaiti hesabına 14 (on dörd) saat üçün nəzərdə tutulan 84 (səksən dörd) manat pul ödənilsin. X9 məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X12 dövlət büdcəsi vəsaiti hesabına 14 (on dörd) saat üçün nəzərdə tutulan 84 (səksən dörd) manat pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar