Məhkəmə qərarları › İş №1(011)-516/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-516/2022

13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-516/2022 13.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X8, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, saxtalaşdırılmaqla qanunsuz olaraq hazırlanmış hüquq verən rəsmi sənədlərdən istifadə etməklə «X17» bankının Bakı filialından 5000 manat məbləğində kredit götürmək məqsədi ilə Hüseynov Hicran Pərgar oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə qrup üzvləri Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşları olmadıqları halda o, şəxsiyyəti istintaqla araşdırılan şəxslər tərəfindən saxtalaşdırılmaqla qanunsuz olaraq hazırlanmış, iç tərəfində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə aid olan möhür əksi, Təqsirləndirilən şəxs xüsusi geyim formasında fotoşəkili, «çavuş» hərbi rütbəsində əməkdaş olması barədə həqiqətə uyğun olmayan məzmunlu məlumatlar daxil edilmiş hüquq verən rəsmi sənəd hesab edilən saxta «DMX №025041» nömrəli xidməti vəsiqəni, habelə saxtalaşdırılmaqla qanunsuz olaraq hazırlanmış, "xxxx"-dan əmək haqqı almasına dair həqiqətə uyğun olmayan məzmunlu məlumatlar daxil edilmiş hüquq verən rəsmi sənəd hesab edilən saxta 510307******5829 nömrəli ödəniş kartı üzrə çıxarışı, qrupun digər üzvü - Təqsirləndirilən şəxs kreditin götürülməsi üçün zamin qismində çıxış edən Hüseynov Hicran Pərgar oğluna aid olan saxtalaşdırılmaqla qanunsuz olaraq hazırlanmış, iç tərəfində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə aid olan möhür əksi, Hicran Hüseynovun xüsusi geyim formasında fotoşəkili, «çavuş» hərbi rütbəsində əməkdaş olması barədə həqiqətə uyğun olmayan məzmunlu məlumatlar daxil edilmiş hüquq verən rəsmi sənəd hesab edilən saxta «DMX № 024031» nömrəli xidməti vəsiqəni, habelə saxtalaşdırılmaqla qanunsuz olaraq hazırlanmış, "Kapital Bank”-dan əmək haqqı almasına dair həqiqətə uyğun olmayan məlumatlar daxil edilmiş hüquq verən rəsmi sənəd hesab edilən saxta 510337******4578 nömrəli ödəniş kartı üzrə çıxarışı xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 23 ünvanında fəaliyyət göstərən «X17» bankının Bakı filialının yaxınlığında Şahid2 əldə edib həmin gün bir qədər sonra bilə-bilə həmin saxta sənədlərdən istifadə edərək onları «X17» bankının Bakı filialına təqdim edib 5000 manat məbləğində kredit götürmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin dekabr ayının əvvəlləində «20 yanvar» metrostansiyasının yaxınlığında yerləşən çayxanaların birində Elvin və Elmir adlı şəxslərlə tanış olmuşdur. Belə ki, bir tanışı Elvin və Elmirin istənilən şəxsə bankdan kredit götürməkdə köməklik göstərə biləcəklərini demişdir. Həmin vaxt anası ayağından əməliyyat olunmalı olduğu üçün pula çox ehtiyyacı var idi, lakin heç cür pul tapa bilməmişdir. Ona görə də fikirləşmişdir ki, bankdan kredit götürüb anasının əməliyyatına xərcləyər. O tanışının məsləhətinə qulaq asıb Elvin və Elmirə müraciət edərək bankdan kredit götürmək istədiyini bildirmişdir. Həmin şəxslər onun mobil nömrəsini götürüb əlaqə saxlayacaqlarını bildirmişlər. Bir nüçə gün sonra Elvin ona zəng edərək tanış olduqları şayxanaya dəvət etmişdir. Çayxanada o Elvini, Elmiri və adını sonradan bildiyi Kənan adlı şəxsi görmüşdür. Həmin şəxslər Kənanın ona kredit götürməkdə köməklik göstərəcəyini demişlər. Kənan nə qədər kredit götürmək istədiyini soruşmuş, ona anasının əməliyyatına 2000 manat pul lazım olduğunu bildirmiş, Kənan isə bankdan 2000 manat götürə bilməyəcəyini, banka adından «online» şəkildə kredit sifarişinin veriləcəyini, bankdan 36 ay müddətinə 5000 manat kredit veriləcəyini, həmin pulun yarısını özünün götürəcəyini, qalan 2500 manat pulu isə verəcəyini, aylıq 183 manat kredit ödəyəcəyini, zamini də özünün tapmalı olacağını bildirmişdir. Ona təcili pul lazım olduğu üçün Kənanın təklifi ilə razılaşmışdır. Həmçinin, Kənan dövlət işində işləməyi haqda saxta sənəd veriləcəyini, bunun üçün ona şəxsiyyət vəsiqəsinin surətini və 3x4 ölçüdə fotoşəkil vermək lazım olduğunu bildirmişdir. Bankda zamin duracaq şəxsə də dövlət işində işləməsi haqda saxta sənəd veriləcəyini bildirmişdir. O özünə zamin kimi tanışı Hicran Hüseynov adlı şəxsi tapmışdır. Kənanın dediklərini Hicrana çatdırmış və zamin duracağı təqdirdə 300 manat pul verəcəyini bildirmişdir. Hicran isə etiraz etməmişdir. Hicran şəxsiyyət vəsiqəsinin fotoşəklini və qurşaqdan yuxarı fotoşəklini çəkdirib «WhatsApp» mesenceri vasitəsilə ona göndərmiş, o da öz şəxsiyyət vəsiqəsinin fotoşəklini, qurşaqdan yuxarı fotoşəklini və Hicranın göndərdiyi fotoşəkilləri «WhatsApp» mesenceri vasitəsilə Elvinə göndərmişdir. xx.xx.2021-ci il tarixdə axşam saatlarında Elvin zəng edərək xx.xx.2022-ci il tarixdə saat 09:00-da Hicranla birlikdə «20 yanvar» metrostansiyasının yaxınlığında olan kafeyə gəlməsini demişdir. Növbəti gün, Hicranla birlikdə Elvinin dediyi kafeyə gəlmişlər. Orada Elvin, Elmir və Kənan onları gözləmişlər. Kənan ona banka zəng edib nə vaxt kredit götürə biləcəyini soruşmağı demişdir. O, həmin vaxt istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən banka zəng etmişdir. Cavab verən xanım özünü «X17» bankının Bakı filialının əməkdaşı kimi təqdim etmiş, məhz həmin vaxt bilmişdir ki, krediti həmin bankdan götürəcəkdir. O, bankın əməkdaşına özünü təqdim edərək «online» şəkildə kredit üçün müraciət etdiyini bildirmiş və nə vaxt kredit götürə biləcəyini soruşmuşdur. Bankın əməkdaşı dediklərini yoxlayandan sonra adından 10000 manat məbləğində «online» kredit sifarişinin verildiyini deyəndə, bu haqda Kənana deyib narazılıq etmiş, Kənan isə bankdan 10000 manat kredit götürməyi təklif etmişdir, lakin o, Kənanla razılaşmamışdır. O, bankın əməkdaşına 5000 manat məbləğində kredit götürmək istədiyini bildirmişdir. Bankın əməkdaşı isə həmin gün saat 14:00-da banka yaxınlaşmağı demişdir. 14:00 radələrində hamısıı ııbiır yerdə «Amay» ticarət mərkəzinin yaxınlığına gəlmişlər. Avtomobildə Kənan ona və Hicrana saxta xidməti vəsiqə və saxta "xxxx" ASC-yə aid olan «ödəniş kartı üzrə çıxarış» vermişdir. Onlar bundan sonra Hicranla banka daxil olmuşlar. Hicranla birlikdə bankda kreditlə bağlı aidiyyəti əməkdaşa yaxınlaşıb ayrı-ayrılıqda saxta xidməti vəsiqələri və ödəniş kartı üzrə çıxarışları təqdim etmişlər. Bank əməkdaşı təqdim etdikləri sənədlərin surətlərini çıxardıb əsillərini qaytarmışdır. Daha sonra imzalamaq üçün sənədlər vermiş, sənədləri imzalayandan sonra bank əməkdaşı bir kağız vermiş, həmin kağızla bankın kassasına yaxınlaşıb oradan 5000 manat pul götürmüş və Hicranla birlikdə bankı tərk etmişdir. Onlar Kənanın avtomobilinə əyləşmişlər. Kənan ondan və Hicrandan saxta xidməti vəsiqələri və saxta ödəniş kartı üzrə çıxarışları götürmüşdür. Sonra götürdüyü 5000 manat puldan Hicrana zamin durduğuna görə 300 manat pul verib onu yola salmışdır. Qalan 4700 manat pulu isə Kənana vermişdir. Həmin puldan Kənan 2500 manat pulu özünə götürmüş, qalan 2200 manat pulu isə ona qaytarmışdır. O, həmin pulu götürüb onlardan ayrılmışdır. xx.xx.2021-ci il tarixdə anası ayağından əməliyyat olunmuşdur. xx.xx.2022-ci il tarixdə birinci ayın kredit ödənişini banka ödəsə də, sonradan imkansızlıqdan digər ayların ödənişlərini edə bilməmişdir, lakin bankın pulunu dələduzluq yolu ilə ələ keçirmək niyyəti olmamışdır. Hal-hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Şahid3 və Şahid1 vasitəsilə 2021-ci ilin dekabr ayının əvvəlində tanımışdır. Belə ki, Elvin və Elmir ona Anar adlı şəxsin kredit götürmək istədiyini bildirmişlər və bu işdə Anara köməklik göstərməyini xahiş etmişlər. O da etiraz etməmiş və bir neçə gün sonra «20 yanvar» metrostansiyasının yaxınlığında yerləşən çayxanaların birində Elvin, Elmir və Anarla görüşmüşdür. Anardan nə qədər kredit götürmək istədiyini soruşmuş, Anar isə anasının əməliyyatına təxminən 2000 manat pul lazım olduğunu bildirmişdir. Anara bankdan 2000 manat pul götürə bilməyəcəyini, banka Anarın adından «online» şəkildə kredit sifarişinin veriləcəyini, bankdan Anara 36 ay müddətinə 5000 manat kredit veriləcəyini, həmin pulun yarısını götürəcəyini, qalan 2500 manat pulu isə ona verəcəyini, onun aylıq 183 manat kredit ödəyəcəyini, zamini də özünün tapmalı olacağını bildirmişdir. Anar onun təklifi ilə razılaşmışdır. Həmçinin, Anara dövlət işində işləməsi haqda saxta sənəd veriləcəyini, bunun üçün şəxsiyyət vəsiqəsinin surətini və 3x4 ölçüdə fotoşəkil vermək lazım olduğunu bildirmişdir. Həmçinin o Anara bankda zamin duracaq şəxs tapmasını bildirmiş və qeyd etmişdir ki, həmin şəxsə də dövlət işində işləməsi haqda saxta sənəd veriləcək. Anar özünə zamin kimi Hicran Hüseynov adlı şəxsi tapmışdır. Bir neçə gün sonra Anar «WhatsApp» mesenceri vasitəsilə Şahid3 özünün və ona zamin duracaq Hicran adlı şəxsin şəxsiyyət vəsiqələrinin fotoşəkillərini və 3x4 ölçüdə olan qurşaqdan yuxarı fotoşəkillərini göndərmiş, Elvin də həmin fotoşəkilləri ona göndərmişdir. O, da öz növbəsində Anarın bankdan saxta sənədlər təqdim etməklə kredit götürmək istədiyini Akif adlı şəxsə demişdir. Akif də Anarın və ona zamin duracaq şəxsin şəxsiyyət vəsiqələrinin və 3x4 ölçüdə fotoşəkillərini istəmişdir. Elvinin göndərdiyi fotoşəkilləri “WhatsApp” mesenceri vasitəsilə Akifə göndərmişdir. xx.xx.2021-ci il tarixdə Elvin və Elmirlə birlikdə eyni çayxanada Anar və ona zamin duracaq Hicranla görüşmüşlər. Orada o, Anara «X17» bankının nömrəsini verərək həmin banka zəng edib nə vaxt kredit götürə biləcəyini soruşmasını demişdir. Anar da banka zəng etmişdir. Bankın əməkdaşı Anara 5000 manat məbləğində kredit verilə biləcəyini və həmin krediti həmin gün saat 14:00-da bankdan gəlib götürə biləcəyini demişdir. Həmin vaxt Anarın və Hicranın adına saxta sənədlər artıq hazır idi. Bankın əməkdaşı Anara krediti gəlib götürə biləcəyini deyəndən sonra, Akiflə “WhatsApp” mesenceri vasitəsilə əlaqə saxlayıb saxta sənədləri taksi ilə göndərməyi demişdir. Bir qədər sonra tanımadığı taksi sürücüsü «20 yanvar» metrostansiyasının yaxınlığında görüşüb sənədləri vermişdir. Saat 13:30-a kimi kafedə oturmuşlar, sonra isə beşi də idarə etdiyi avtomobillə «X17» bankının qarşısına gəlmişlər. Avtomobildə Anara və Hicrana saxta xidməti vəsiqələri və saxta "xxxx" ASC-yə aid olan «ödəniş kartı üzrə çıxarışları» vermişdir. Vəsiqələrin üzərində «Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti» sözləri yazılmışdır. Anar və Hicran sənədləri götürəndən sonra avtomobildən düşüb banka getmişlər. O isə Elmir və Elvinlə birlikdə onları avtomobildə gözləmişlər. Təxminən 25-30 dəqiqədən sonra onlar qayıdıb avtomobilə əyləşmişlər. Avtomobildə Anardan və Hicrandan saxta xidməti vəsiqələri və saxta ödəniş kartı üzrə çıxarışları götürmüşdür. Sonra Anar götürdüyü 5000 manat puldan Hicrana zamin durduğuna görə 300 manat pul verib onu yola salmışdır. Qalan 4700 manat pulu isə ona vermişdir. Həmin puldan danışığa uyğun olaraq 2500 manat pulu götürmüş, qalan 2200 manat pulu isə Anara vermiş və 5000 manat pula görə aylıq kredit ödənişlərini vaxtında etməyi Anara tapşırmışdır. Anar həmin pulu götürüb getmişdir. Avtomobildə həmin puldan 1250 manat pulu Akif üçün ayırmış, həmin puldan Elvinə 500 manat pul verilmiş, Elmirə isə 300 manat pul verilmişdir, qalan pul isə özünə qalmışdır. Akifə çatası 1250 manat pulu və saxta sənədləri həmin gün Akifin göndərdiyi taksi sürücüsünə vermişdir ki, onları Akifə çatdırsın. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayının əvvəlində «20 yanvar» metrostansiyasının yaxınlığında yerləşən çayxanaların birində Elvinlə birlikdə təsadüfən tanımışdır. Anar Elvinə müraciət edərək pula ehtiyacının olduğunu bildirmiş və ona bankdan kredit götürməkdə köməklik göstərməyi xahiş etmişdir. Elvin də Anarın mobil nömrəsini götürüb əlaqə saxlayacağını demişdir. Sonra bu haqda Kənana demişlər və onu Anarla görüşə dəvət etmişlər. Təxminən 2-3 gün sonra sözügedən çayxanada o, Elvin və Kənan Anarla görüşmüşlər. X13 təqdim edərək Kənanın ona kredit götürməkdə köməklik göstərəcəyini demişdir. Kənan Anardan nə qədər kredit götürmək istədiyini soruşmuş, Anar isə Kənana anasının əməliyyatına 2000 manat pul lazım olduğunu bildirmişdir. Kənan isə bankdan 2000 manat götürə bilməyəcəyini, banka Anarın adından «online» şəkildə kredit sifarişinin veriləcəyini, bankdan Anara 36 ay müddətinə 5000 manat kredit veriləcəyini, həmin pulun yarısını özünün götürəcəyini, qalan 2500 manat pulu isə Anara verəcəyini, Anarın aylıq 183 manat kredit ödəyəcəyini, zamini də Anarın özünün tapmalı olacağını bildirmişdir. Anar Kənanın təklifi ilə razılaşmışdır. Həmçinin, Kənan Anara dövlət işində işləməsi haqda saxta sənəd veriləcəyini, bunun üçün ona şəxsiyyət vəsiqəsinin surətini və 3x4 ölçüdə fotoşəkil vermək lazım olduğunu bildirmişdir. Anara bankda zamin duracaq şəxsə də dövlət işində işləməsi haqda saxta sənəd veriləcək idi. Anar özünə zamin kimi Hicran Hüseynov adlı şəxsi tapmışdır. xx.xx.2021-ci il tarixdə o, Elvin və Kənan yuxarıda qeyd etdiyi çayxanada Anar və ona zamin duracaq Hicran adlı şəxslə görüşmüşlər. X16 «X17 Bankı»nın şəhər nömrəsini verərək həmin banka zəng edib nə vaxt kredit götürə biləcəyini soruşmağı demişdir. Anar da mobil telefonu ilə banka zəng etmişdir. Bankın əməkdaşı Anara 5000 manat məbləğində kredit verilə biləcəyini və həmin krediti həmin gün saat 14:00-da banka gəlib götürə biləcəyini demişdir. Saat 13:30-a kimi kafedə oturmuşlar, sonra isə beşi də Kənanın idarə etdiyi avtomobillə «X17» bankının qarşısına gəlmişlər. X11 və Hicrana saxta xidməti vəsiqə və saxta "xxxx" ASC-yə aid olan «ödəniş kartı üzrə çıxarış» vermişdir. Vəsiqələrin üzərində «Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti» sözləri yazılmışdır. Anar və Hicran sənədləri Kənandan götürəndən sonra avtomobildən düşüb banka getmişlər. O, Kənan və Elvin onları avtomobildə gözləmişlər. Təxminən 25- 30 dəqiqədən sonra onlar qayıdıb avtomobilə əyləşmişlər. X7 və Hicrandan saxta xidməti vəsiqələri və saxta ödəniş kartı üzrə çıxarışları götürmüşdür. Sonra Anar götürdüyü 5000 manat puldan Hicrana zamin durduğuna görə 300 manat pul verib onu yola salmışdır. Qalan 4700 manat pulu isə Kənana vermişdir. Həmin puldan Kənan 2500 manat pulu özünə götürmüş, qalan 2200 manat pulu isə Anara vermiş və 5000 manat pula görə aylıq kredit ödənişlərini vaxtında etməyi Anara tapşırmışdır. Həmin puldan özünə isə 400 manat pul çatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 2014-cü ildən «X17» bankının Bakı filialının Hüquq və kredit departamentinin rəisi vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə bankın internet saytı vasitəsilə Təqsirləndirilən şəxs adından 10000 manat məbləğində kreditin alınması ilə bağlı banka müraciət daxil olmuşdur. Müraciət edən şəxs iş yerini Dövlət Mühafizə xidməti, «çavuş» rütbəsində olmasını, rəsmi gəlirin 940 manat, əlavə gəlirin isə 200 manat olmasını göstərmişdir. Müraciət edən krediti ev təmiri ilə bağlı götürmək istədiyini qeyd etmişdir. Müraciət edən krediti illik 18% olmaqla 36 ay müddətinə götürmək istəmişdir. Daxili prosedurlara uyğun olaraq müraciət edənin kredit tarixçəsi öyrənildikdən sonra zəruri sənədlər toplanımış və təsdiq olunması üçün bankın kredit komitəsinə təqdim edilmişdir. Kredit Komitəsi kreditin verilməsini təsdiq etdikdən sonra bankın əməkdaşı kreditlə bağlı müraciət edən şəxsə zəng edərək ona bu haqda məlumat vermişdir. Bank əməkdaşı Təqsirləndirilən şəxs kredit almaq üçün banka nə vaxt gələ biləcəyini bildirmiş və onu kreditin verilməsi təsdiq edildiyi üçün, banka dəvət etmişdir. Təqsirləndirilən şəxs sonradan banka zəng edərək 10000 manat deyil, 5000 manat məbləğində kredit götürmək istədiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zamin duran Hüseynov Hicran Pərgar oğlu ilə birlikdə Banka gəlmişdirlər. Həmin şəxslər kredit almaq üçün bankın kredit üzrə mütəxəssisinə ayrıayrılıqda üzərində «Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti» sözləri əks olunmuş iki ədəd xidməti vəsiqə və "xxxx"a aid olan iki ədəd ödəniş kartı üzrə çıxarış təqdim etmişdirlər. Qeyd edilən sənədlərdə möhür və imzalar olduğu üçün həmin sənədlərin həqiqiliyi bankın kredit üzrə mütəxəssisində şübhə doğurmamışdır. Təqsirləndirilən şəxs və Hicran Hüseynovun banka təqdim etdikləri sənədlərin surətləri çıxarılmış, əsilləri isə özlərinə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs və ona zamin durmuş Hicran Hüseynov müvafiq sənədləri imzalayandan sonra Təqsirləndirilən şəxs bankın kassasından 5000 manat məbləğində pul vəsaitini götürmüşdür. Təqsirləndirilən şəxs götürdüyü 5000 manat kreditə görə cəmi 130 manat məbləğində banka ödəniş etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs hörgü-ştukatur ustasıdır. Anarla məlum hadisədən təxminən bir ay öncə tanış olmuşdur. 2021-ci ilin dekabr ayının əvvəlində «20 yanvar» metrostansiyasının yaxınlığında yerləşən çayxanaların birində təsadüfən Anarla rastlaşmışdır. Anar müraciət edərək pula ehtiyacının olduğunu bildirmiş və ona bankdan kredit götürməkdə köməklik göstərməyi xahiş etmişdir. Anarın mobil nömrəsini götürüb əlaqə saxlayacağını demiş, həmin vaxt Elmir də yanında olmuşdur. Sonra bu haqda Kənana demişlər və onu Anarla görüşə dəvət etmişlər. Təxminən 2-3 gün sonra sözügedən çayxanada özü, Elmir və Kənan Anarla görüşmüşlər. Kənanı Anara təqdim edərək Kənanın ona kredit götürməkdə köməklik göstərəcəyini demişdir. Kənan Anardan nə qədər kredit götürmək istədiyini soruşmuş, Anar isə Kənana anasının əməliyyatına 2000 manat pul lazım olduğunu bildirmişdir. Kənan isə bankdan 2000 manat götürə bilməyəcəyini, banka Anarın adından «online» şəkildə kredit sifarişinin veriləcəyini, bankdan Anara 36 ay müddətinə 5000 manat kredit veriləcəyini, həmin pulun yarısını özünün götürəcəyini, qalan 2500 manat pulu isə Anara verəcəyini, Anarın aylıq 183 manat kredit ödəyəcəyini, zamini də Anarın özünün tapmalı olacağını bildirmişdir. Anar Kənanın təklifi ilə razılaşmışdır. Həmçinin, Kənan Anara dövlət işində işləməsi haqda saxta sənəd veriləcəyini, bunun üçün ona şəxsiyyət vəsiqəsinin surətini və 3x4 ölçüdə fotoşəkil vermək lazım olduğunu bildirmişdir. Anara bankda zamin duracaq şəxsə də dövlət işində işləməsi haqda saxta sənəd veriləcək idi. Anar özünə zamin kimi Hicran Hüseynov adlı şəxsi tapmışdır. Bir neçə gün sonra Anar «WhatsApp» mesenceri vasitəsilə özünün və ona zamin duracaq Hicran adlı şəxsin şəxsiyyət vəsiqələrinin fotoşəkillərini və 3x4 ölçüdə olan qurşaqdan yuxarı fotoşəkillərini göndərmişdir. Həmin fotoşəkilləri birbaşa Kənana və ya Elmirə göndərdiyini xatırlamır. xx.xx.2021-ci il tarixdə özü, Elmir və Kənan yuxarıda qeyd etdiyi çayxanada Anar və ona zamin duracaq Hicran adlı şəxslə görüşmüşlər. X16 «X17 Bankı»nın şəhər nömrəsini verərək həmin banka zəng edib nə vaxt kredit götürə biləcəyini soruşmağı demişdir. Anar da mobil telefonu ilə banka zəng etmişdir. Bankın əməkdaşı Anara 5000 manat məbləğində kredit verilə biləcəyini və həmin krediti həmin gün saat 14:00-da banka gəlib götürə biləcəyini demişdir. Saat 13:30-a kimi kafedə oturmuşlar, sonra isə beşi də Kənanın idarə etdiyi avtomobillə «X17» bankının qarşısına gəlmişlər. X11 və Hicrana saxta xidməti vəsiqə və saxta "xxxx" ASC-yə aid olan «ödəniş kartı üzrə çıxarış» vermişdir. Vəsiqələrin üzərində «Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti» sözləri yazılmışdır. Anar və Hicran sənədləri Kənandan götürəndən sonra avtomobildən düşüb banka getmişlər. Özü, Kənan və Elmir onları avtomobildə gözləmişlər. Təxminən 25-30 dəqiqədən sonra onlar qayıdıb avtomobilə əyləşmişlər. X7 və Hicrandan saxta xidməti vəsiqələri və saxta ödəniş kartı üzrə çıxarışları götürmüşdür. Sonra Anar götürdüyü 5000 manat puldan Hicrana zamin durduğuna görə 300 manat pul verib onu yola salmışdır. Qalan 4700 manat pulu isə Kənana vermişdir. Həmin puldan Kənan 2500 manat pulu özünə götürmüş, qalan 2200 manat pulu isə Anara vermiş və 5000 manat pula görə aylıq kredit ödənişlərini vaxtında etməyi Anara tapşırmışdır. Sonradan Anar həmin puldan ona hörmət olaraq 500 manat pul vermişdir. Kənan bu işə görə pul verməmiş, Kənanın bu işə görə Elmirə pul verib-vermədiyini bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “X17” Bankının Bakı filialının 06 aprel 2022-ci il tarixli məktubundan görünür ki, borcalan Təqsirləndirilən şəxs, zamin Hüseynov Hicran Pərgar oğlu tərəfindən kredit borcundan 130 manat məbləğində ödəniş icra olunmuşdur (i.v. 11); Elektron ünvan ünvanına göndərilmiş “online” kredit müraciəti barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 36 ay müddətinə 10000 manat məbləğində kredit almaq üçün müraciət etmiş, işlədiyi yer kimi Dövlət muhafizə xidmətini, vəzifəsini çavuş kimi, rəsmi gəlirini 940 manat və əlavə gəlirini 200 manat kimi qeyd etmişdir (i.v. 12); Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən verilmiş DMX seriyalı 025041 nömrəli saxta vəsiqənin surətindən və "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışlarının surətlərindən görünür ki, borcalan Təqsirləndirilən şəxs qeyd olunan təşkilatda çavuş vəzifəsində çalışır və aylıq əmək haqqı 940 manat təşkil edir (i.v. 13-16); “X17” Bankı Bakı filialı tərəfindən təsdiqlənmiş ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs 5000 manat məbləğində kredit borcu verilmişdir (i.v. 17); Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən verilmiş DMX seriyalı 024031 nömrəli saxta vəsiqənin surətindən və "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışlarının surətlərindən görünür ki, zamin Hüseynov Hicran Pərgar oğlu qeyd olunan təşkilatda çavuş vəzifəsində çalışır və aylıq əmək haqqı 930 manat təşkil edir (i.v. 18-21); "xxxx" ASC tərəfindən Bakı şəhəri Xətai RPİ-nə ünvanlanmış 23 may 2022-ci il tarixli 157000/2-2367 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Hüseynov Hicran Pərgar oğlunun adlarına qeyd olunan plastik kart hesabları aşkar olunmamışdır (i.v. 32); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 35); Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən Bakı şəhəri Xətai RPİ-nə ünvanlanmış xx.xx.2022-ci il tarixli 11/1419 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Hüseynov Hicran Pərgar oğlu Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti sıralarında xidmət etməmişlər və hal-hazırda xidmət etmirlər (i.v. 39); ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və tutulduqda Xətai RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (i.v. 41); axtarışda olan şəxsin tutulması haqqında 11 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsi yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır (i.v. 50); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 68-70); qətimkan tədbirinin seçilməsi haqqında 13 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 77-79); Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, X2 xx.xx.2015-ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X1r (i.v. 81); Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, X4 xx.xx.2017-ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X1r (i.v. 81); sübutların qiymətləndirilməsi haqqında 17 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, Hüseynov Hicran Pərgar oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti” sözləri əks olunmuş iki ədəd xidməti vəsiqə və iki ədəd ödəniş kartları üzrə çıxarışları saxtalaşdırmaqla qanunsuz hazırlamış şəxsin şəxsiyyətini müəyyən etmək, “X17” Bankının Bakı filialının xx.xx.2021-ci il tarixli 2021/1470 nömrəli, xx.xx.2022-ci il tarixli 2022/113 nömrəli və xx.xx.2022-ci il tarixli 2022/402 nömrəli məktublarında göstərilmiş xüsusatların araşdırılması üçün ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 320.1, 320.2 və 32.5, 320.2-ci maddələri ilə ayrıca icraata başqa cinayət işi ayrılmış və icraata qəbul edilməklə istintaqının aparılması qərara alınmış, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin 11/1419 nömrəli xx.xx.2022-ci il tarixli məktubu, "xxxx" ASC-nin 23 may 2022-ci il tarixli 157000/2-2367 nömrəli məktubu sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs “X17” Bankının Bakı filialına təqdim etdiyi PTX-nin saxta xidməti vəsiqəsinin surəti və "xxxx" ASC-yə aid olan saxta ödəniş kartı üzrə çıxarışların surətləri maddi sübut kimi tanınmışlar və cinayət işinin materiallarında saxlanılmışlar (i.v. 106-114). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma— üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını (CM- 59.1.4), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, X9 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 20-ci bəndinə görə CM-nin 69.4-cü maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Belə hallarda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad olunmamalı, cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviriəsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, 11 avqust 2022-ci il tarixdən 13 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət nəzərə alınmaqla, ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli (CM-69.4), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – X3 “X17” Bankının Bakı filialına təqdim etdiyi PTX-nin saxta xidməti vəsiqəsinin surəti və "xxxx" ASC-yə aid olan saxta ödəniş kartı üzrə çıxarışın surəti cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2000 (iki min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, X3 11 avqust 2022-ci il tarixdən 13 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət nəzərə alınmaqla, təyin edilmiş 2000 (iki min) manat miqdarda cərimə cəzası yüngülləşdirilərək, üzərində qəti olaraq 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası saxlanılsın X3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut– X3 “X17” Bankının Bakı filialına təqdim etdiyi PTX-nin saxta xidməti vəsiqəsinin surəti və "xxxx" ASC-yə aid olan saxta ödəniş kartı üzrə çıxarışın surəti cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar