Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-516/2024 02.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 nümayəndəsi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 və onun müdafiəçisi – “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X6 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilmələri haqqında X5 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 Tural Qabil oğlunun və X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tələblərinə uyğun olaraq xüsusi ittiham qaydasında cinayət təqibinə başlanılmasına, onlara həmin maddələrdə nəzərdə tutulan adekvat cəza təyin edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin sədridir. Prezident tərəfindən media sahəsində xidmətlərinə görə “Tərəqqi” və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı” ilə təltif edilmişdir. Dövlət Qulluğunun Baş müşaviridir. 20 ildir ki, Yeni Azərbaycan Partiyasının üzvüdür. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X14 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçi və direktoru, X12 isə həmin MMC-nin baş redaktoru vəzifəsində çalışırlar. X14 ondan öncə sədri olduğu "xxxx" Qapalı Səhmdar Cəmiyyətində, X15, “Şərq qapısı” qəzetində çalışmışdır. Uzun müddətdir ki, X14 həm kütləvi informasiya vasitələrində, həm də fərdi şəkildə gizli və aşkar formada qarayaxmalar şəklində haqqında böhtan xarakterli yazı və məqalalər yazır, dəqiqləşdirilməmiş informasiyaları yayaraq işgüzar nüfuzunu zədələyən ifadələr işlədir. Belə ki, o, təsisçi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəsmi internet səhifəsində, eləcə də özünün sosial şəbəkə hesabında 31 iyul 2024-cü il tarixdə haqqında böhtan xarakterli “Naxçıvan teleradiosunda 400 min manatdan çox yeyinti aşkarlandı - Sahil Tahirli həbs oluna bilər”, başlıqla paylaşım edərək heç bir əsas olmadan və məhkəmənin bu barədə qanuni qüvvəyə minmiş qərarı (hökmü) yox ikən rəsmi dövlət informasiyasını təhrif etmiş və göstərmişdir ki, “TNS”-ə özəl mənbələrdən daxil olan məlumata görə, Hesablama Palatası "xxxx" Qapalı Səhmdar Cəmiyyətində 400 min manatdan çox dövlət vəsaitinin mənimsənilməsi faktını aşkarlayıb. Faktla bağlı Baş Prokurorluqda cinayət işinin başlanması gözlənilir. Səhmdar Cəmiyyətin sədri Sahil Tahirli həbs oluna bilər”. Məqalənin sonunda qeyd olunan Sahil Tahirli həbs oluna bilər cümləsi onun cəmiyyətdə və kollektiv arasında nüfuzuna, ailə üzvlərində dərin narahatlıq yaradan, işgüzar karyerasına ləkə vurulmaqla paylaşılan və heç bir qanuni əsası, sübutu olmayan ifadədir. Hesablama Palatası hər bir dövlət qurumunda planlı yoxlamalar aparır. Həmin yoxlamaların nəticəsi olaraq müvafiq hüquqpozmalar ola bilər. Ancaq ki, bu işlə əlaqədar istintaq aparılmadan və məhkəmənin bu barədə qanuni qüvvəyə minməmiş hökmü və ya qərarı olmadan barəsində 400.000 manatdan çox yeyinti ittihamı adı altında X7ndə paylaşım edərək bunu ictimaiyyətə yaymağı hesab edir ki, açıq-aşkar ona atılan böhtandır. Bundan başqa "TNS İnformasiya Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəsmi internet səhifəsində 03 avqust 2024-cü il tarixdə paylaşım edərək haqqında təhqir xarakterli və şəxsiyyətini alçaldan “Gərək həyatda elə yaşayasan və işləyəsən ki, sonra səni 5 qəpiklik adam kimi tanımasınlar” cümlə işlədilmişdir. Həmin məqalədə qeyd olunur ki, “2013-cü ildən Naxçıvan teleradiosuna rəhbərlik edən Sahil Tahirli bu quruma ondan əvvəl rəhbərlik edənlərdən qat-qat bahalı həyat tərzi yaşayıb. O, qısa müddət ərzində Naxçıvan şəhərində bir neçə ev, bahalı avtomobillər alıb, Şahbuz rayonunun Kükü kəndində villa tikdirib”. Bu ifadə də tamamilə böhtan xarakterlidir. Onun Naxçıvan şəhərində bir mənzili, öz həyətində altı qaraj olan təmirsiz yarımtikilisi var. Kükü kəndindəki evi isə birmərtəbəli, 3 otaqlı 64 kvadratlıq mənzildir, Villa deyil. “Sahil Tahirli üçün şəxsi maraq hər zaman ön planda olub. Bunu onun tez-tez mövqeyini dəyişməsi, şəxsi maraqlarını təmin edə bilməsi üçün atdığı addımlar sübut edir. Sahil Tahirli aşağı balla Bakı şəhərindəki Xəzər Universitetinə qəbul olunub. Həmin dövrdə həmkəndliləri və yaxın əlaqələri olan Sərdar Cəlaloğlunun köməkliyi sayəsində “Hürriyyət” qəzeti ilə əməkdaşlıq edib”. Həmin məqaləyə əlavə olunan qəzet səhifəsindəki guya onun məqaləsi olan yazının fotosu isə saxtadır. Sərdar Cəlaloğlu ilə isə o, heç bir zaman görüşməmişdir və o, onun işi ilə bağlı heç kimə heç nə tapşırmayıb. Həmin məqalədə daha sonra qeyd olunur: “Uzun illər sonra həbs olunmasında xüsusi rol oynadığı tələbə yoldaşının dəstəyi, tövsiyəsi, doğru yol göstərməsi ilə mövqeyini dəyişib, Yeni Azərbaycan Partiyasına üzv olub”. Bildirilməlidir ki, o, heç bir tələbə yoldaşının həbsində rol oynamamışdı və bu iddia da tamamilə böhtandır. Əgər etmişdirsə, bunu məhkəmədə sübut edər. Həmin məqalədə müəllifi olduğu “Yaratmaq amalı” kitabı barədə xoşagəlməz ifadələr işlədilir, ulu öndər Heydər Əliyev barədə yazdığı şeir başqasının adına çıxılaraq müəlliflik hüququ pozulur, Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə keçirilən ilk görüşdəki fikirləri təhrif edilərək ona qarşı etibarsızlıq yaradılır, mövqeyini dəyişməsi barədə iddia irəli sürülür: “Vasif Talıbovla bağlı yuxarıdakı sözlərin müəllifi olan Sahil Tahirli israrla söz alaraq, illərdir ki, “boğulduqlarını”, Nəcəflinin onların xilaskarı olduğunu bildirmişdi”. Halbuki o, həmin iclasda yeni vəzifəyə təyin edilən gənc kadrları müdafiə xarakterli çıxış etmişdir. “Göründüyü kimi, X19 Talıbovun Naxçıvanda həyata keçirdiyi işləri yüksək qiymətləndirib, onu görkəmli dövlət xadimi səviyyəsinə qaldırıb. Sahil Tahirlinin bugünkü fəaliyyəti göstərir ki, o, Vasif Talıbova xidmətdə də, onun barəsində yazdıqlarında da səmimi olmayıb. Elə bu gün də səmimi deyil. Fuad Nəcəflinin gözünə girmək, vəzifəsini qoruyub saxlamaq üçün vaxtilə təriflədiyi işləri bu gün aşağılayaraq tənqid edir. Tam əminliklə deyirik ki, Fuad Nəcəfli vəzifəsindən azad olunanda onu birinci tənqid edənlərdən biri məhz Sahil Tahirli olacaq”. Hətta, məqalədə daha da irəli gedilərək o, riyakarlıqda günahlandırılaraq təhqir olunur: “Adam nə qədər riyakar olar? Məqalə belə bitir: “Naxçıvan teleradiosundakı qanunsuzluqlar, Tahirlinin bu qurumdakı fəaliyyəti barədə növbəti yazılarda ətraflı məlumat verəcəyik. Növbəti yazının adını və mövzusunu elə indidən elan edə bilərik: “Halal” yolla alınan “Haval”. P.S. Gərək həyatda elə yaşayasan və işləyəsən ki, sonra səni 5 qəpiklik adam kimi tanımasınlar”. Yuxarıda qeyd olunan məqalələr Tural Səfərov və Gülşən Hacıyeva tərəfindən yoxlanılıb razılıq ilə hazırlanıb paylaşılmışdır. Çünki, hər iki şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məsul və vəzifəli şəxsləridir. Tural Səfərovun özünün sosial “Feysbuk” hesabında da paylaşdığı bu məqaləyə münasibət olaraq bildirmək istəyir ki, deyilənlər həqiqəti əks etdirmir, həqiqəti təhrif etməklə yanaşı Tural Səfərov onu ağır cinayətdə ittiham edərək, şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyir. Lakin hazırda qeyd etdikləri, işə əlavə edilmiş sənədlər bir daha sübut edir ki, Tural Səfərov və Gülşən Hacıyeva ona qarşı ittiham xarakterli və ləyaqəti alçaldan, sübuta əsaslanmayan qərəzli məqalə və paylaşımlar edirlər. Barəsində edilmiş bu çıxış onun ailəsini və onu təhqir xarakteri daşıyır. Onu 5 qəpiklik insan kimi qələmə verərək təhqir edir, alçaldır. Onu dövlət əmlakının yeyintisində günahkar kimi qeyd edərək nüfuzuna ləkə gətirir, şərəf və ləyaqətini aşağılayır. Bu da onun hüquqlarını kobud şəkildə pozur. O, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri’' Qapalı Səhmdar Cəmiyyətinin qanuni əsaslarla təyin edilmiş sədridir. Bu günə kimi fəaliyyətində hansısa pozuntu olmamışdır. Əgər olsaydı o, zaman bu barədə müvafiq tədbirlər görülərdi. Tural Səfərov əsassız, sübutu olmayan ittihamlar irəli sürərək, ona böhtan atmaqda, şərəf ləyaqətlərini alçatlmaqla, təhqir edir və şəxsinə qarşı cinayət törədir. Bütün bu qeyd etdiyi adının birbaşa çəkildiyi və dolayı yolla ona ünvanlanan fikirlərdən və şikayətinə əlavə etdiyi sənədlərdən aydın görünür ki, Tural Səfərov “TNS” İnformasiya saytında onu təhqir edərək, mənimsəmədə, 400 min manatdan çox yeyintidə özbaşınalıqda ittiham edərək onun şərəf və ləyaqətini təhqir edir və böhtan atır. Bununla kifayətlənməyən Tural Səfərov özünə məxsus “Feysbuk” səhifəsində barəsində nüfuzdan salan paylaşımlar edir. Ötən ilin avqust ayında da ona məxsus olan bağ evinin fotosundan istifadə edərək barəsində təhqiramiz ifadələr işlətmiş, “TNS” saytında bu səpkidə bir çox məqalələr yazmışdır. Bu işləri müntəzəm əsasda davam etdirməsi əminlik yaradır ki, onun məqsədi onu nüfuzdan salmaq və aşkar qərəzçilikdir. Hətta, aparıcısı olduğu “Üzbəüz” proqramına görə özünə 1500 manat qonorar yazdığını iddia edən paylaşım edərək ona qarşı kollektivdə inamsızlıq yaradır. Halbuki o, həmin proqramın hər buraxılışına görə 1500 yox, 250-300 manat qonorar almışdır. Bildirmək istəyir ki, bu məsələ ictimailəşdirildikdən sonra “TNS” Naxçıvan Televiziyasına sorğu vermiş və rəsmi sorğuya Ntv tərəfindən cavab verilmişdir. Tural Səfərov KİV-dəki çıxışlarının Naxçıvan ictimaiyyəti tərəfindən izlənildiyini çox yaxşı bilir və düşünür ki, onu ictimaiyyət önündə necə təhqir etməsini, böhtan atmasını görməzlikdən gələcək və o da istədiyi kimi bu yarıtmaz hərəkətlərinə davam edəcək. Yanılır, çünki, o, haqqını qanuni məhkəmə yolu ilə bərpa edəcək və Tural Səfərov da layiqli cəzasını alacaq. Tural Səfərovun və Gülşən Hacıyevanın KİV-dəki çıxışlarını sonradan silməməsi, heç nə olmamış kimi hərəkət etməməsi üçün həmin linkləri qeyd etmişlər. Məqalə və paylaşımların: (https://tns.az/naxchivan/56758-naxchivan-teleradiosunda-400-min manatdan-chox- yeyinti-ashkarlandi-sahil-tahirli-hebs-oluna-biler/), (https://tns.az/naxchivan/57058-fuad-necefliye-xatirlatma-sahil-tahirlikimdir/?fbclid=İwZXh0bgNhZW0CMTEAAR0SywV0Wrc-gXo6XskD4cno 3ey5XgcEqiNbWCxeM8ONRXe7JNgKYiHm28 aem 8uhEBQ - aFs Yo 19xDAtWsmQ). Odur ki, həmin çıxışlar geniş izləyici, kütlə tərəfindən izlənilir. Çıxışların əks olunduğu linkləri kağız variantında sübut kimi qiymətləndirmək üçün şikayətlərinə əlavə etmişlər. Beləliklə hesab edirlər ki, X18 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148-ci maddələri ilə cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə qərar qəbul edilməlidir. X13suz əməllərindən başqa cür əl çəkməyəcək. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Tural Səfərovun və Gülşən Hacıyevanın çıxış etdiyi X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanı ünvan 1il 185 qeyd olunduğundan xüsusi ittiham qaydasında şikayətlə aidiyyəti qaydada birinci istansiya məhkəməsi olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edirlər. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 və onun müdafiəçisi X4 hər biri ayrı-ayrılıqda şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 və onun müdafiəçisi Müdafiəçi hər biri ayrı-ayrılıqda şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsləri və onların müdafiəçilərini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır; 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində X11 ümumi formada X12 və X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etsə də, X12 və X9 CM-nin 147ci maddəsinin məhz hansı hissəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri göstərilməmiş, habelə sözügedən cinayətlərin törədilməsi nəticəsində ona məhz hansı zərərin vurulduğu qeyd edilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 tərəfindən Azərbaycan Respublikası CPM-nin şikayət ərizəsinin məzmununa dair tələblər pozularaq şikayət ərizəsinin harada tərtib olunması qeyd edilməmişdir. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2 və 293.3.6-cı maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X12 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilmələri haqqında X11 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-516/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-516/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver