Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-522/2023 06.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1974-cü ildə Masallı rayonunda anadan olmuş, ailəli, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, lakin amnistiya qərarına əsasən məhkumluğu götürülmüş, Masallı rayonu, Kubin kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, N.Şükürov küçəsi, ev 1A-da yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə saat 10 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs onu qızının toy məclisinə dəvət etməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə həyətdəki masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs vurarkən sonuncu sağ əli ilə bıçaq zərbəsinin qarşısını almağa cəhd göstərən zaman bıçaq sağ əlinin ovuc səthini kəsmiş, daha sonra baltanın arxa tərəfi ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vuraraq ona sağ əlin ovuc səthinin kəsilmiş yarası, sağ əlin İİİ barmağının oynaqdaxili, yerini dəyişmiş sınığı, sağ bazunun hematoması, döş qəfəsinin sol-yan səthinin, sol bazunun, sol saidin şişkinli sıyrıqları kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə cinayət işi üzrə sübutları cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin cinayət əməli düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən, yəni CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 06 may 2023-cü il tarixdə səhər saatlarında yaxın qohumlarından biri tərəfindən istifadəsində olan mobil telefonun «Whatsapp» mobil tətbiqinə toy mərasimindən bir neçə fotoşəkil və videogörüntü göndərilmişdir. O da bunların Cavid tərəfindən qızının toy məclisinə dəvət etməməsinə görə qərəzli olaraq onu qıcıqlandırmaq üçün göndərildiyini hesab etmişdir. Buna görə də toy mərasimindən ona göndərilmiş fotoşəkil və videogörüntülərin bir neçəsini Cavidin istifadəsində olan mobil telefonun «Whatsapp» mobil tətbiqinə göndərmişdir. Cavid də fotoşəkil və videogörüntülərə baxıb onu gəlib başasalacağını bildirmişdir. Bir qədər sonra Cavid onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlmişdir. Həmin vaxt o, evdə tək olmuş və ondan başqa evdə hər hansı bir şəxs olmamışdır. Cavid içəri daxil olduqdan sonra onu əyləşdiyi masaya dəvət etmişdir. Cavid də onunla eyni masa ətrafında əyləşməkdən imtina etmiş və masanın üzərində mətbəx bıçağı olmasını görüb kinayə ilə cürəti varsa həmin mətbəx bıçağı ilə onu vurmağını tələb etmişdir. Cavidin sözlərindən qıcıqlanıb həmin bıçağı masanın üzərindən götürüb təxminən 10-15 metr uzaq məsafədə yerə atmışdır. Bundan sonra masanın üzərində olan külqabı və qənd qabını Cavidə tərəf atmışdır. Külqabı Cavidin sinə nahiyəsinə dəymiş və zərbənin təsirindən Cavid özünü itirib yerə yıxılmışdır. Cavid yerdə yıxılmış vəziyyətdə olarkən evin həyətyanı sahəsində olan dəmir məmulatdan hazırlanmış küt aləti və belin sapını Cavidə doğru atmışdır. Həmin alətlər Cavidin kürək və ayaq nahiyələrinə dəymişdir. Bundan sonra Cavid evi tərk edərək uzaqlaşmışdır. Hadisə yaşadığı fərdi yaşayış evinin içərisində baş vermiş və təxminən 4-5 dəqiqə müddətində davam edərək başa çatmışdır. Hadisənin baş verməsinə Cavidin onu qızının toy məclisinə dəvət etməməsi və buna görə onunla aralarında yaranmış sözlü mübahisə zamanı Cavidin yaşadığı evdə ünvanına etmiş olduğu qıcıqlandırıcı sözləri ilə əsəbləşdirməsi olmuşdur. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona qarşı tələb və şikayətinin olmamasını nəzərə alaraq onun barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs istintaqa vermiş olduğu ifadəsində göstərmişdir ki, 05 may 2023-cü il tarixdə qızının ailə həyatı qurması ilə əlaqədar şadlıq saraylarının birində toy məclisi təşkil etmişdir. Lakin həyat yoldaşının əmisi Təqsirləndirilən şəxs ailə üzvlərini toya dəvət etsə də şəxsən onun özünü məclisə dəvət etməmişdir. Toy günü günorta saatlarında Eldəniz istifadəsində olan mobil nömrədən «Whatsapp» ani mesajlaşma tətbiqi vasitəsilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə videogörüntü vasitəsilə zəng vuraraq kinayəli şəkildə qızının toy məclisini təbrik etmiş və onu hansı səbəbdən toy məclisinə dəvət etməməsinin səbəbini soruşmuşdur. Həmin vaxt məclislə əlaqədar başı qarışıq olduğundan yayındırıcı cavablar verməklə telefon danışığını sonlandırmışdır. Növbəti gün Eldənizə görüşəndə bu barədə danışacaqlarını bildirmişdir. Bundan sonra təxminən saat 10 radələrində Eldənizin yaşadığı evə gedib onu toya çağırmamağının səbəbini izah etmək üçün görüşmək qərarına gəlmişdir. Eldənizin yaşadığı fərdi yaşayış evinin giriş qapısına çatdıqda Eldəniz qapının ağzına çıxmış və onu içəri dəvət etmişdir. O da evin giriş qapısından içəri daxil olmuşdur. Eldənizlə sözlü mübaisə etməyə başlamışlar bu zaman gözlənilmədən evin həyətyanı sahəsində yerləşən masanın üzərində olan mətbəx bıçağını götürüb ünvanına nalayiq ifadələr işlətməklə üzərinə doğru gələrək bıçağın tiyə hissəsi ilə onu vurmağa cəhd göstərmişdir. Həmin an sağ əlini bıçağın qarşısına qoyub Eldənizin zərbə vurmasının qarşısını almışdır. Bu zaman sağ əlinin ovuc hissəsi kəsilmişdir. Lakin bıçağı Eldənizin əlindən alıb onu özündən kənarlaşdırmış və bıçağı yerə atmışdır. Bundan sonra Eldəniz evin içərisinə keçmiş və bir neçə saniyə sonra əlində balta ilə qayıdıb üzərinə doğru gəlmişdir. Həmin vaxt Eldəniz baltanın arxa tərəfi ilə bədəninin arxa tərəfinə zərbə vurmuşdur. O, həyəcanlı halda nə baş verməsini anlamadan gözləmişdir. Buna baxmayaraq Eldəniz yenə evin içərisinə keçmiş və bir neçə saniyə sonra əlində uzun ölçülü dəmir alətlə qayıtmışdır. Eldənizin həmin alətlə üzərinə doğru gəlməsini görüb artıq bu dəfə evi tərk edib qaynı İlqargilin evinə keçmişdir. Dərhal da DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Hadisə Eldənizi qızının toy məclisinə çağırmadığına görə Eldənizin ona olan aqressiyası səbəbindən baş vermişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışdıqlarını, onlara dəyən ziyanın ödənildiyini qeyd edərək cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 500 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ əlin İİİ barmağının oynaqdaxili, yerini dəyişmiş sınığı, sağ əlin ovuc səthinin kəsilmiş yarası, sağ bazunun hematoması, döş qəfəsinin sol-yan səthinin, sol bazunun, sol saidin şişkinli sıyrıqları aşkar edilmişdir. Xəsarətlərdən sağ əlin ovuc səthinin kəsilmiş yarası iti kənarlı əşya (alət) təsirindən, digər xəsarətlər isə bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gəlməyə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə demək olar ki, həmin xəsarətlərin onun özü-özünə yetirməsi nəticəsində törənə bilməsi inkar edilir. İş materiallarına əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2171 saylı əlavə rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda “üzvi şəxsiyyət pozuntusu” (kompensasiya) vəziyyəti aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən “üzvi şəxsiyyət pozuntusu” törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli tələbnamədən və Nərimanov Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə və 1270 manat cərimə cəzasına məhkum edilmiş, 02 dekabr 2021-ci ildə amnistiya qərarının 2.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. 14 yanvar 2022-ci ildə amnistiya qərarının 2.11-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cərimə cəzasından azad edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ondan üzr istədiyindən onunla barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 21 avqust 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham elan edərkən maddənin dispozisiyasında xuliqanlıq niyyəti törədilməsi ilə hadisəni xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, Təqsirləndirilən şəxs əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq niyyəti ilə törədilməsi kimi qiymətləndirilməsini, yəni onun xuliqanlıq niyyəti ilə törədilməsi hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstərməməklə təqsirləndirilən şəxsə daha çox ehtimallar əsasında ittiham elan etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. «Xuliqanlıq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, istintaq orqanı hər hansı cinayət əməlinin törədildiyi yer və şəraitin də, əməlin xuliqanlıq niyyəti kimi tövsif edilməsinə təsir edən mühüm amillərdən biri olduğunu nəzərə almalı olduğu halda təqsirləndirilən şəxsin əməlini tövsif edərkən hadisənin törədildiyi yeri və şəraiti nəzərə almamışdır. Belə ki, zərərçəkmiş şəxsin özünün verdiyi ifadədən də məlum olur ki, o, özü təqsirləndirilən şəxsin evinə getmiş və təqsirləndirilən şəxsin evində də şəxsi münasibətlər zəminində mübahisə yaranmışdır. İbtidai istintaq orqanı tərəfindən bu hal araşdırılmamış və heç bir əsaslı səbəb olmaması kimi qiymətləndirilmişdir. Həmçinin cinayət əməli tövsif edilərkən hadisə vaxtı təqsirləndirilən və zərərçəkmiş şəxslərdən başqa heç kimin hadisə yerində olmaması nəzərə alınmamış, ictimai qaydanı pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasının onun hansı hərəkətlərində öz əksini tapdığı müəyyən edilməmişdir. Bununla da, cinayət işinin materiallarından təqsirləndirilən şəxsin cinayət əməlini xuliqanlıq niyyəti ilə törətmək niyyətinin olması müəyyən edilmir. Bu xüsusatları təsdiq edən sübutlar iş materiallarında mövcüd deyil. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.3., 28.5-ci mad.) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qəsdən az ağır xəsarəti xuliqanlıq niyyəti ilə yetirməsi barədə ibtidai istintaq orqanı tərəfindən gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs az ağır zərər yetirməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin özünün ifadəsi ilə tamamilə sübuta yetirilmişdir. Bu səbəbdən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə belə hesab edir ki, zərərçəkmiş şəxsin barışıq ərizəsi nəzərə alınaraq cinayət təqibinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir . İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsindən, həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-522/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-522/2023
06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver