Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-523/2023 25.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1996-cı ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Astara rayonu, Səncərədi Ə/D, Artupa kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını talamaq məqsədi ilə 04 may 2023-cü il tarixdə saat 23 radələrində ünvan 1 ünvanda yerləşən “Əhmədli” mstrostansiyasının çıxışında fəaliyyət göstərən “Poz-qazan” lotereya biletlərinin satışı köşkündə lotereya biletlərinin satıcısı Zərərçəkmiş şəxs nisyə olaraq aldığı 100 ədəd 2 manatlıq lotereya biletinin uduşundan əldə etdiyi 152 manat məbləğinin lotereya biletlərinin ümumi satış dəyəri təşkil edən 200 manat məbləğdən çıxılmaqla qalan 48 manat məbləğində pulu ödəməyərək köşkün qarşısından uzaqlaşdıqdan sonra sonuncu onu təqib edib ünvan 2 ünvanda yerləşən «Memi» paltar mağazasının qarşısında təkidlə 48 manat məbləğində pulu tələb edərkən o, Zərərçəkmiş şəxs üzərində olan bel çantasının zəncirini əli ilə açaraq çantanın içərisindən sonuncuya məxsus 30 manat nağd pulu götürməklə açıq talayıb Zərərçəkmiş şəxs 30 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 may 2023-cü il tarixdə təxminən saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Əhmədli» metrostansiyasının ətrafında gəzişərkən yaxınlıqda «Poz-qazan» lotoreya biletlərinin satıldığı köşkün olmasını görmüşdür. Həmin vaxt üzərində pul olmadığına görə köşkə yaxınlaşıb müəyyən məbləğdə biletləri alıb pozmaqla qazanc əldə edə biləcəyini düşünmüşdür. Buna görə köşkə yaxınlaşıb satıcıdan 1 sellofan torba 2 manatlıq lotoreya bileti verməsini xahiş etmişdir. Bununla o, sellofan torbanın içərisində olan 2 manatlıq lotoreya biletlərində olan cəmi uduş məbləğinin 100 ədəd 2 manatlıq biletə görə ödəməli olduğu ümumi məbləğdən çox ola biləcəyini düşünüb belə bir addım atmaq qərarına gəlmişdir. Bundan sonra satıcı ona 100 ədəd 2 manatlıq lotoreya bileti vermişdir. Həmin lotoreya biletlərinin hamısını 1 saat müddətində pozmuşdur. Biletlərin bəzilərində 2 manatdan başlayaraq 50 manata qədər müxtəlif məbləğlərdə uduşlar olmuşdur. Sonda uduş olan biletlərin ümumi məbləği 152 manat təşkil etmişdir. Lakin satıcıya 200 manat ödəməli olduğuna görə ona 48 manat məbləğində borclu qalmışdır. Üzərində pul olmadığına görə satıcıya 48 manatı 2 gün müddətində verəcəyini bildirmişdir. Satıcı isə razılaşmamışdır. O oradan uzaqlaşmaq istədikdə, satıcı ona yaxınlaşaraq pulunu tələb etmiş, pulu ödəməyəcəyi təqdirdə isə polisə müraciət edəcəyini ona bildirmişdir. Həmin şəxsin şikayət barədə danışığından əsəbiləşib ona pula görə şikayət etməyin kişiliyə yaraşmadığını bildirmişdir. Daha sonra həmin şəxsin bel çantasının zəncirinin yarıaçıq vəziyyətdə olmasını görüb, çantanın içərisində müəyyən məbləğdə pul olmasını düşünüb çantanın zəncirini tam açaraq sağ əlini çantanın içərisinə salmış və çantanın içərisindən əlinə keçən pulu götürmüş və oradan uzaqlaşıb getmişdir. Pulu götürəndə satıcı bunu görmüşdür. Beləliklə o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödəyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 04 may 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Əhmədli» metrostansiyasınm çıxışındakı «Poz-qazan» lotoreya biletlərinin satışı köşkündə biletlərin satışı ilə məşğul olan zaman, təqsirləndirilən şəxs ona yaxınlaşmışdır. Təqsirləndirilən şəxs ondan 100 ədəd 2 manatlıq «Poz-qazan» lotoreya bileti götürmüş, lakin pul verməmişdir. Təxminən 1 saat müddətində təqsirləndirilən şəxs ona verdiyi 100 ədəd 2 manatlıq lotoreya biletlərinin hamısını pozmuşdur. Təqsirləndirilən şəxs pozduğu 100 ədəd 2 manatlıq lotoreya biletindən cəmi 152 manat məbləğində uduş qazanmışdır. Təqsirləndirilən şəxs 152 manatı ona vermiş, 48 manat borclu qalmışdır. O təqsirləndirilən şəxsdən 48 manat ödəniş etməyini tələb etmişdir. Təqsirləndirilən şəxs isə üzərində pul olmadığını və 48 manat məbləğində pulu sabah gətirib həmin yerdə ona verəcəyini bildirmişdir. O isə həmin şəxsə onu tanımadığını bildirib pulu bu gün ödəməli olmasını ona demiş və oradan uzaqlaşmağa başlamışdır. O da həmin şəxsdən pulunu almaq üçün lotoreya biletlərini də özü ilə götürüb onun arxası ilə getmişdir. Sarayevo küçəsində yerləşən «Sabina» ətir mağazasının yan tərəfində təqsirləndirilən şəxsə çatıb bir daha ondan 48 manat məbləğində pulu verməsini tələb etmişdir. Bu zaman təqsirləndirilən şəxs çiynindən asdığı bel çantasını görüb gözlənilmədən çantanın zəncirini açmış və sağ əlini çantanın içərisinə salıb orada olan 30 manat pulu götürmüş və qaçıb getmişdir. Bundan başqa o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 08 may 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 05 may 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, soyğunçuluq hadisəsinin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 1 ünvanında yerləşən “Sabina” parfumeriya mağazasının yan tərəfinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 9-10); zərərçəkmiş şəxs qismində tanınma haqqında 08 may 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 22); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 37); şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında 22 may 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim olunan 4 ədəd fotoşəkildən soldan 2-ci sırada qoyulmuş şəxsin fotoşəklini göstərib, məhz həmin şəxsin xx.xx.2023cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində üzərində olan bel çantasının zəncirini açaraq çantanın içərisindən 30 manat nağd pulu götürməsini bildirmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 38-41); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli sərəncamı ilə təsdiqlənmiş Azərbaycan Respublikası medalının İ-39217 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur (i.v. 43); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 2353 nömrəli sərəncamı ilə təsdiqlənmiş Azərbaycan Respublikası medalının İ-3429 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur (i.v. 44); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli sərəncamı ilə təsdiqlənmiş Azərbaycan Respublikası medalının İ-15612 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur (i.v. 45); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli sərəncamı ilə təsdiqlənmiş Azərbaycan Respublikası medalının İ-9148 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur (i.v. 46); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli sərəncamı ilə təsdiqlənmiş Azərbaycan Respublikası medalının İ-8282 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur (i.v. 47); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyun tarixli 2716 nömrəli sərəncamı ilə təsdiqlənmiş Azərbaycan Respublikası medalının İ-8465 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur (i.v. 48); sübutların qiymətləndirilməsi haqqında 29 may 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbirinin görülməsi üçün cinayət işindən material ayrılaraq Xətai RPİ-nin 34-cü PŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177, 180.2.1 və 180.2.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hadisə yerinə baxış protokolu, şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokollar sübut növü kimi qiymətləndirilmişlər (i.v. 49-54); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 31 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 65-66); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 31 may 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 77-78); təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 03 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və onun tutularaq Xətai RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (i.v. 85); könüllü olaraq gəlmə haqqında 21 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xətai RPİ-nin İŞ-nə gələrək ailə vəziyyəti ilə əlaqədar Astara rayonunda olduğunu və axtarışda olmasından xəbəri olmadığını bildirmişdir (i.v. 90); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 21 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 94); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama—üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.12-59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, Vətən müharibəsi iştirakçısı olmasını, bir neçə dəfə təltif edilməsini (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Astara rayonu, Səncərədi Ə/D, Artupa kəndində yerləşən fərdi yaşayş evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Astara rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Astara rayonu, Səncərədi Ə/D, Artupa kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Astara rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-523/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-523/2023
25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver