Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-523/2025 30.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Ramazanov Zəfər Akif oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilir. Belə ki, Təqsirləndirilən şəxs 10 may 2025-ci il tarixdə saat 08:30-da ünvan 1 ünvanında qeyri rəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə sonuncunu yumruqla qəsdən vuraraq ona başın təpə nahiyəsinin dərialtı hematoması, sağ əlin İV barmağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, dərialtı hematoması, sıyrığı, hərəkət məhdudluğu, sağ kürək və sol said nahiyələrinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı X5 vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, cinayət işi üzrə məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, təqsirləndirilən şəxsi cinayət işinin materialları ilə tanış etmə barədə 11 oktyabr 2025-ci il tarixli protokoluna əsasən cinayət işi 1 cild 212 səhifədən ibarət olsa da 1 cild və 193 səhifədən ibarət cinayət işi, eyni zamanda maddi sübut qismində tanınmamış 2 ədəd DVD disk tanış etməyə təqdim edilmiş, beləliklə təqsirləndirilən şəxsin hüquqları pozulmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi, dövlət ittihamçısının vəsatətini müdafiə edərək işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdilər. Məhkəmə verilmiş vəsatəti və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarını nəzərdən keçirərək, eləcə də məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirərək belə qənaətə gəlir ki istintaq orqanı tərəfindən cinayətin işinin istintaqı zamanı kobud qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən, cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin 2-ci səhifəsində olan raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs adlı şəxsin xx.xx.2025-ci il tarixdə onu boğması və öldürməklə hədələməsi barədə 102 xidmətinə məlumat vermişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs şikayətin məzmunu ilə tanış edilmiş və şikayətlə əlaqədar izahatı alınmışdır. (səh 7-8) xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs ərizə və izahat verərək Təqsirləndirilən şəxs Əliyəddin oğlunun onu boğması və döyməsindən şikayət etmişdir. (səh 14-16) xx.xx.2025-ci il tarixdə məhkəmə-tibb ekspertizası təyin edilərək keçirilmiş, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri almasına dair rəy təhqiqat orqanına daxil olmuşdur.(səh. 30-31) xx.xx.2025-ci il tarixdə Xətai rayon prokurorluğuna daxil olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs xəsarət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cəzalandırılmasını xahiş etmişdir. (səh. 45) xx.xx.2025-ci il tarixdə rayon prokuroru tərəfindən fakta görə CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. (səh.1) Daha sonra Zərərçəkmiş şəxs qismində tanınmış və dindirilmiş, habelə iş üzrə digər şahidlər dindirilmişdir. xx.xx.2025-ci il tarixdə barəsində şikayət edilən şəxs Təqsirləndirilən şəxs Əliyəddin oğlu şahid statusunda dindirilmiş, CM-nin 297 və 298-ci maddələrində nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq edilərək dindirilmişdir. Dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs müstəntiq tərəfindən barəsində edilən şikayət və tibb ekspertizasının rəyinə görə zərərçəkmiş şəxsin yüngül dərəcəli bədən xəsarətləri almasına dair məlumatlar verilmiş, bununla əlaqədar onun münasibəti öyrənilmişdir.(səh 64-66) xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Şahid3, X3 və Zərərçəkmiş şəxs ilə şahid qismində üzləşdirmədə dindirilməsi həyata keçirilmişdir. Yalnız bundan sonra xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona müdafiəçinin təyin olunması üçün tədbirlər görülmüş, hüquq və vəzifələri izah edilərək, etiraz etmək hüququnun izah edilməsinə dair, habelə ekspert rəyi ilə tanış etməyə dair protokollar tərtib edilmişdir. Beləliklə, faktiki olaraq Təqsirləndirilən şəxs Əliyəddin oğluna qarşı cinayət təqibi aparılsa da o şübhəli və ya təqsirləndirilən şəxs qismində deyil, şahid statusunda istintaqa cəlb olunaraq uzun müddət eyni statusda saxlanılmaqla, habelə ifadə verməməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilməklə dindirmə və üzləşdirmələr aparılmış, nəticədə müdafiə hüquqları pozulmuşdur. Halbuki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqların üzrə Avropa məhkəməsi ittihamın irəli sürülməsi anlayışını bir çox qərarlarında şərh etmişdir. Belə ki, Deveyer Belçikaya qarşı işdə (Deweer v. Belgium xx/xx/1980) Avropa Məhkəməsi qeyd etmişdir ki, ittiham-fərdin cinayət hüquq pozuntusu törətdiyinə dəlalət edən və ya şübhəli şəxs qismində onun vəziyyətinə mühüm təsir göstərən ehtimalların olduğu barədə səlahiyyətli dövlət hakimiyyəti orqanı tərəfindən ona rəsmi məlumatın verilməsidir. Brusco Fransaya qarşı işdə (Brusco v. France xx/xx/2010) isə məhkəmə qeyd etdi ki, faktiki olaraq ittihamın irəli sürülməsinə əsas vermiş halların baş verdiyi şəraitdə şəxsin şahid qismində ifadə verməkdən imtina etməsinin cinayət məsuliyyəti yaratması barədə xəbərdarlıq edilərək dindirilməsi Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquqların pozulmasına gətirib çıxarır. Yuxarıda qeyd edilən qərarlarla həmçinin müəyyən olunur ki, ittihamın irəli sürülməsi formal bir aktın qəbul edilməsi ilə deyil, dövlət orqanlarının şəxsə qarşı faktiki olaraq hansı qismdə (şübhəli və ya şahid) davranması ilə müəyyən olunmalıdır. Bundan əlavə məhkəmənin hazırlıq iclasında müəyyən olunur ki, cinayət işi üzrə məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, təqsirləndirilən şəxsi cinayət işinin materialları ilə tanış etmə barədə 11 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, 1 cild və 193 səhifədən ibarət cinayət işi və maddi sübut qismində tanınmış 2 ədəd DVD disk təqsirləndirilən şəxsə müdafiəçisinin iştirakı ilə təqdim edilmişdir. Təqsirləndirilən şəxs və müdafiəçisi 1 cild və 193 səhifədən ibarət cinayət işinin materialları ilə Xətai RPİ-nin MSY-də olan istintaq otağında 11 oktyabr 2025-ci il tarixdə saat 10:00-dan 13:00-a dək tanış olaraq bildirmişdir ki, cinayət işi bir cilddə, nömrlənmiş vəziyyətdə mənə təqdim edildi, vaxi məhdudiyyəti qoyulmadan müdafiəçinin iştirakı ilə işlə tanış oldum, heç bir etirazım yoxdur. (səh. 213) Zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmə barədə 13 oktyabr 2025ci il tarixli protokoldan görünür ki, 1 cild və 194 səhifədən ibarət cinayət işi və maddi sübut qismində tanınmış 2 ədəd DVD disk Zərərçəkmiş şəxs təqdim edilmişdir. Zərərçəkmiş şəxs 1 cild 194 səhifədən ibarət cinayət işinin bütün istintaq materialları və maddi sübutlarla Xətai RPİ-nin inzibati binasındakı 207 saylı xidməti otaqda 13 oktyabr 2025-ci il tarixdə saat 16.00-dan 18.30-adək tanış olduqdan sonra bildirdi ki, cinayət işi bir cilddə nömrələnmiş və tikilmiş vəziyyətdə mənə təqdim edildi, vaxt məhdudiyyəti qoyulmadan işlə tanış oldum, heç bir etirazım və vəsatətim yoxdur. (səh 214) Halbuki, tanış olmaya təqdim edilənədək cinayət işinin materialları 1 cild olmaqla 212 səhifədən ibarət olmuşdur. Bundan əlavə, iş materiallarında həm "xxxx" MMC-dən, həm də "xxxx" MMC-dən götürülmüş 2 ədəd CD ayrı-ayrılıqda tədqiq olunsa da sübutların qiymətləndirilməsi haqqında qərarın nəticəvi hissəsindən görünür ki, yalnız "xxxx" MMC-dən alınmış 1 ədəd CD maddi sübut kimi tanınmışdır. (səh. 191) Lakin yuxarıda qeyd edilən tanış etmə protokollarına görə həm zərərçəkmiş şəxsə, həm də təqsirləndirilən şəxsə maddi sübut qismində tanınmış 2 ədəd DVD disk təqdim edilmişdir. Görünür ki, maddi sübut qismində tanınmış 1 ədəd CD tanış etməyə təqdim edilməmiş, 2 ədəd iş materiallarında olmayan DVD disk təqdim edilərək təqsirləndirilən şəxs, onun müdafiəçisi və zərərçəkmiş şəxs tanış edilmişdir. Beləliklə, cinayət prosessual qanunvericiliyin iş materialları ilə tanış etməyə dair tələbləri, kobud şəkildə pozulmuşdur. Məhkəmə bu pozuntunu müdafiə hüququnun pozulması ilə əlaqəli şəkildə görür və hesab edir ki, ibtidai istintaq başa çatdıqdan sonra iş materiallarının tam şəkildə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə təqdim edilməməsi onun müdafiə hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş işin ədalətli və açıq araşdırılması hüququnu şərh edərkən qeyd etmişdir ki, bu hüquq hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. (Foucher v. France, 1997, Bulut v. Austria 1996, Bobek v. Poland 2007) Bu hüquq mahiyyət etibarı ilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədi ilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Əks hal, yəni ibtidai istintaq materiallarının təqsirləndirilən şəxsə tam olaraq təqdim edilməməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsinin (ədalətli məhkəmə araşdırması hüququnun) pozuntusunu təşkil edir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin; 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. 285.1-ci maddəsinə görə müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. 286.1-ci maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. 286.2-ci maddəsinə əsasən cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. 286.3-ci maddəsinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlər və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. 286.4-cü maddəsinə əsasən protokolda cinayət işinin materialları ilə tanış etmənin hər günü üçün tanış etmənin başlanmasının və qurtarmasının tarixi, saatı və dəqiqəsi göstərilir. 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərar qəbul edilir. 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), həmin Məcəllənin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulmasına yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Beləliklə təqsirlilik haqqında məsələni qabaqcadan həll etmədən yuxarıda göstərilənləri, habelə cinayət prosesi tərəflərinin işin sonrakı hərəkəti barədə təkliflərini nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Hakim: Zəfər Ramazanov
Məhkəmə qərarları › İş №1(011)-523/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-523/2025
30.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver