Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-524/2023 21.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X1, onun nümayəndələri “Nümayəndə1 və Partnyorları” Vəkil Bürosunun vəkilləri Nümayəndə1 və Nümayəndə2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X2 xx.xx.1966-cı il tarixdə Tovuz rayonunda anadan olmuş, ailəli, ali təhsilli, “X10 Qrupu”nun direktoru vəzifəsində işləyən X3 barəsində Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlanması və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 07 iyul 2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (müəllif E.Hüseynov) özünün "Minval.info" onlayn xəbər portalında (https://minval.info/eks-deputatin-otelind-gizli-qumar-t-skil-olunur-sensasion-iddia/235070) və digər cavabdeh “Yeni Musavat qəzeti” redaksiyası “Minval.info”-ya istinadən özünün "musavat.com" xəbər portalında (https://www.musavat.com/news/eks-deputatin-otelindegizli-qumar-teskil-olunur-sensasion-iddia_989544.html) “Eks deputatın otelində gizli qumar təşkil olunur-sensasion iddia” başlığı altında məqalə dərc etmişlər. Hər iki cavabdeh media qurumun təsisçisi X5r. Həmin məqalədə qeyd edilənlər həqiqətə uyğun olmayan məlumatlar, müəllif E.Hüseynovun və portalın qərəzli fikirləri, “Media haqqında" Azərbaycan Respublikasının Qanununa açıq-aşkar zidd, o cümlədən təqsirsizlik prezumsiyasının pozulması ilə müşahidə edilən məlumatlar olduğundan, həmin məlumatların təkzib edilməsi ilə bağlı müraciət edilsə də, həmin müraciət cavablandırılmadığından hüquqlarının müdafiəsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 16:00 radələrində yaxın tanışlarından bir nəfər, şikayətçiyə ani mesajlaşma proqramlarının biri vasitəsilə video göndərmiş və həmin videoya baxdıqda ona bəlli olmuşdur ki, X7 xx.xx.2023-cü il tarixdə Sevinc Telman qızının aparıcısı olduğu və “Yeni Müsavat qəzeti” redaksiyasının onlayn yayım platforması olan “TV Müsavat”da saat 13:26-da yayımlanan “Canlı debat” adlı verilişində (videonun linki: https://fb.watch/mİoa8GLOma/) onun ünvanına təhqir və böhtanlarla dolu ifadələr işlədərək, onu ağır cinayətlərin törədilməsində ittiham etməklə ona böhtan atmışdır. Həmin verilişin videogörüntüsü tərəfindən 01 ədəd CD daşıyıcıya yüklənmiş və Rauf Abbasovun onun və ailə üzvlərinin ünvanına həmin verilişdə səsləndirdiyi təhqir və böhtan xarakterli məlumatların əks olunduğu videogörüntünü hazırkı şikayətinə əlavə etməklə məhkəməyə təqdim edir. 28 avqust 2023-cü il tarixdə “Canlı debat” verilişinin ümumi davam etmə müddəti 01 saat 25 dəqiqə olmuş və həmin verilişin X4 iştirakı olan hissəsi saat 13:35 radələrində başlasa da onun barəsində təhqir və böhtan xarakterli çıxışı verilişin saat 01:13:00 radələrindən başlayır. Rauf Abbasov tərəfindən onun ünvanına deyilmiş ifadələri videodakı vaxtı göstərilməklə stenoqram formasında təqdim edir: X12 oglu (01:13:23 - 01:13:48): "X14 korrupsioner bir məmurdur.'' "Gedib saç əkdirib özünə, əslində saçı yoxdur, keçəldir. Korrupsioner bir məmurdur və oğrudur.....Onun bunun yanında, hansısa bir nazirin yanında kölgələnir.” (01:15:55 - 01:16:58): “Hacı Salayev Azərbaycan milyarderlər ittifaqının memarlarından biridir, gizli memarlarından biridir. Hacı Salayev vaxtilə vəzifədən qovulmuş, MTN-dən qovulmuş cinayətkarlardan biridir. Hal-hazırda Azərbaycanın pullarını, Azərbaycanın kapitalını Türkiyəyə daşımaqla və Türkiyədə öz fəaliyyətini qurmaqla məşğuldur.....5 yaxın qohumunu yığıb nazirliklərdən birinə və sökürlər oranı. Oğurladıqları pulları da aparırlar başqa xarici ölkədə əmlak alırlar, yer alırlar, biznes qururlar.” (01:17:06 - 01:17:12): “Şərəfsiz (Hacı Salayevə xitabən), o pulu sən niyə aparıb Azərbaycandan kənara çıxarırsan.” (01:17:43 - 01:17:47): "Bu adamın qafası yoxdur (Hacı Salayevə xitabən).” (01:19:25 - 01:19:36): “Bu gerizəkalı Hacı Salayevə başa salmaq istəyirəm və bunu da başa salsınlar ki, Rauf Arif oğlunu məhkəmə ilə qorxutmaq gülməli bir şeydir.” (01:20:42 - 01:20:47): “Şərəfsiz bu bir milyon nədir (Hacı Salayevə xitabən)? Sənin başına dəysin o bir milyon." (01:21:00 - 01:21:05): “Sən bir milyonu bir gecədə qumarda uduzan adamsan (Hacı Salayevə xitabən). Biz bunu bilirik.” (01:22:05 - 01:22:08): "Bu (Hacı Salayevə xitabən) nə qədər gerizəkalıdır.” (01:22:40 - 01:22:50): “Ona (Hacı Salayevə xitabən) yaxın media quruluşlarının rəhbərlərini də ona ağıl verməyə səsləyirəm.” Bununla da, X7 onu AR CM-nin 308.1, 311.1 və 311.2-ci maddələri ilə nəzərdə tutulan az ağır və ağır cinayət əməllərinin törədilməsində ittiham etmişdir. Həmçinin, X8 onun ünvanına “şərəfsiz”, “vaxtilə vəzifədən qovulmuş”, “MTN-dən qovulmuş cinayətkarlardan biridir”, “gerizəkalı” və “oğru” sözlərini və ifadələrini deməklə onu təhqir etmişdir. Şikayətçi qeyd etmişdir ki, Rauf Abbasov onun ünvanına “sən bir milyonu bir gecədə qumarda uduzan adamsan” ifadələrini işlətməklə onu AR CM-nin 244-1.4-cü maddəsində nəzərdə tutulan ağır cinayətin törədilməsində ittiham etmişdir, çünki Rauf Arif oğlu onun bir milyon məbləğdə pulu uduzduğunu göstərsə də, “Yeni Müsavat qəzeti”nin “musavat.com” xəbər portalında (https://www.musavat.com/news/eks-deputatin-otelindegizli-qumar-teskil-olunur-sensasion-iddia_989544.html) "Eks deputatın otelində gizli qumar təşkil olunur-sensasion iddia” başlığı altında məqalədə, onu qumar oyunlarının təşkilində ittiham etmişdir. Bundan başqa, X7 onun barəsində “Azərbaycanın pullarını, Azərbaycanın kapitalını Türkiyəyə daşımaqla məşğuldur”, “nazirliyi sökürlər və oğlurladıqları pulları aparırlar xarici ölkələrdə yer, əmlak alırlar” ifadələrini işlətməklə onu qanunsuz və gizli yollarla Azərbaycan Respublikasının hüdudlarından kənara pul vəsaitlərini çıxarmaqda AR CM-nin 206-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham etmişdir. X7 onun şərəf və ləyaqətini ləkələyən sözləri və ifadələri, ona cinayət törədilməsi ilə bağlı etdiyi böhtanları onlayn platformada yayımlanan verilişdə söyləmişdir və həmin verilişə xx.xx.2023-cü il tarixə olan məlumata görə 4500-dən çox baxış olmuşdur. X3 onun barəsində ləkələyici, yalan, böhtan xarakterli məlumatları yaymaqda məqsədi onu olmayan cinayətlərdə ittiham etmək, nüfuzunu alçaltmaq, həmin verilişi izləyən şəxslər arasında onun haqqında yanlış fikirlər formalaşdırmaq, onu alçaltmaqdır. Beləliklə o, X3 barəsində AR CM-nin 147.2-ci və 148-ci maddələri ilə cinayət işi başlanmaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, onun nümayəndələri Nümayəndə1 və Nümayəndə2 hər biri ayrı-ayrılıqda şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 müdafiəçisi Müdafiəçi şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi və onun nümayəndəsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır. 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, sözügedən cinayət əməlləri nəticəsində X7 tərəfindən ona məhz hansı zərərin vurulduğu əks olunmamışdır. Həmçinin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 tərəfindən Azərbaycan Respublikası CPM-nin şikayət ərizəsinin məzmununa dair tələblər pozularaq şikayət ərizəsinin harada tərtib olunması qeyd edilməmişdir. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2 və 293.3.6-cı maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-524/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-524/2023
21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver