Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-524/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və etibarnamə üzrə nümayəndəsi Nümayəndə, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X8 və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs iştirakları ilə, 29 avqust 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində birgə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi ev 26, 157-ci mənzilin dəhlizində, arvadı Zərərçəkmiş şəxs həmin gün onu yuxudan gec oyatmasına irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən yumruq və təpik zərbələri ilə baş və bədəninin müxtəlif nahiyələrindən vurmaqla döyərək ona baş-beyin silkələnməsi, sol gözün ağlı qişasına qansızma, sağ qulaq pərdəsinin cırılması, hər iki əng sümüyünün alveolar çıxıntılarının sınıqları, üst çənədə sol İ, sağ İ, İİ, İİİ dişlərin travmatik laxlaması və üst dodaq nahiyəsinin şişkinliyi halında qansızması ilə nəticələnən sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, 14 sentyabr 2024-cü il tarixdə, saat 11 radələrində birgə yaşadıqları ünvan 2 ünvanında olarkən Əfsanə onun işləməməsi səbəbindən deyinməyə başlayıb. Buna görə aralarında mübahisə yaranıb. Mübahisə edən vaxt Əfsanə sakitləşmədiyi üçün Əfsanəyə əsəbiləşib və mənzilin dəhlizində yumruqla başından vurmağa başlayıb. Əfsanəni bir neçə dəfə baş və bədən nahiyəsindən vurduqdan sonra Əfsanə yerə yıxılıb. Əfsanə çıxıb çölə getmək istədikdə Əfsanənin qolundan tutaraq mane olub və nəticədə o, yerə yıxılıb. Yerdə olan vaxt Əfsanəni təpiklə də vurmuşdur. Daha sonra Əfsanə onun əlindən qaçıb dəhlizə çıxıb. Əfsanəni döydüyü vaxt yanında heç kəs olmamışdır. Əfsanəni döyməyi 4-5 dəqiqə ərzində baş vermişdir. Hadisə vaxtı Əfsanə onu vurmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ilə on iki ildir ki, ailə həyatı qurub. Həmin nikahdan 11 yaşlı oğlu və 10 yaşlı qızı var. İki ildir ki, əri Fərid heç bir yerdə işləmir və mütəmadi olaraq evdə olur. Əri fanatik şəkildə dinlə maraqlandığından mütəmadi olaraq onu incidir. Belə ki, Fərid müsəlmana dörd arvad almağa icazə verildiyini, arvadı döyməyin halal olduğunu bildirir. 14 sentyabr 2024-cü il tarixdə, saat 11 radələrində birgə yaşadıqları ünvan 2 ünvanında olarkən Fərid yuxudan onu durquzmadığına görə irad bildirib ki, bu səbəbdən o, namaza gecikmişdir. Özü də onu yuxudan oyatdığını, Fəridin oyanmaqda çətinlik çəkdiyini bildirib. Beləliklə aralarında mübahisə yaranıb. Mübahisə edən vaxt mənzilin dəhlizində Fərid yumruqla başından vurmağa başlayıb. Fərid onu bir neçə dəfə baş və bədən nahiyəsindən vurduqdan sonra yerə yıxılıb. Fəridin əlindən çıxıb qaçmaq istədikdə, Fərid onu yerə yıxıb və yerlə sürüməyə başlayıb. Eyni zamanda təpiklə bədəninin müxtəlif nahiyələrinə vurub. Daha sonra Fəridin əlindən qaçıb dəhlizə çıxıb və polisə məlumat verib. Fərid onu döydüyü vaxt yanında heç kəs olmamışdır. Fəridin onu döyməyi 4-5 dəqiqə ərzində baş vermişdir. Hadisə vaxtı Fəridi vurmayıb. Hazırda Təqsirləndirilən şəxs ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Əfsanə xanım 1-ci uşağını dünyaya gətirəndən sonra 2 ay keçəndən sonra işə çıxmışdır, onun uşağına onlar baxmışlar. Hazırda Əfsanə xanım bildirir ki, uşağı autizm xəstəliyindən əziyyət çəkir. 2 il Əfsanə xanım səhər saat 6-da işə gedib, saat 8-də işdən qayıdıb, uşağı autizm məktəblərinə o aparıb. İndi isə onlara böhtan atır ki, onlar ona təzyiq edirlər, lakin onlar Əfsanə xanımı əllərinin üstündə saxlamışlar. O Əfsanə xanımın qapısına getmişdir, lakin atası onu içəri buraxmamışdır, sanki düşmənçilik münasibəti bəsləyirlər. Onun qızı gələndə Əfsanə xanım onunla görüşmür, salamını almır, uşaqları da onlarla görüşməyə icazə vermir. Yoldaşı yemək bişirir, uşaqlara həmin yeməkdən yeməyə, nənələrinə salam verməyə icazə vermir. Səhər o evdən çıxanda Əfsanə ilə Fəridin aralarında olan mübahisəni eşitmişdir. Bir az sonra evə qayıdanda liftin qabağında gözləyən zaman görmüşdür ki, Əfsanə xanım və qonşu ər-arvad harasa gedirdilər və ona salam da verməmişdirlər. Daha sonra evə gəlmiş, yoldaşı da ondan xeyli müddət sonra evə gəlmişdir və bildirmişdir ki, Əfsanə ilə Fərid dalaşıblar, Fəridi polislər aparıb. Üstündən bir müddət keçəndən sonra bir polis, Əfsanə və bacısı gəlmişdir, bacısının yoldaşı da aşağıda gözləyirdi. Əfsanə xanım da gəlib pal-paltarını yığıb getmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 arasında 07 noyabr 2012-ci il tarixində 1909 №-li qeydlə nikahları bağlanmışdır; (i.v.8) - şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, 03 fevral 2014-cü il təvəllüdlü X10 və 10 oktyabr 2015-ci il təvəllüdlü X1 Fərid Şirəli oğlunun övladlarıdır; (i.v.9) - 14 sentyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə vətəndaş Zərərçəkmiş şəxs sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri aldığı üçün zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v.19) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X14 16 sentyabr 2024-cü il tarixli, 1004 saylı ekspert rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs baş-beyin silkələnməsi, sol gözün ağlı qişasına qansızma, sağ qulaq pərdəsinin cırılması, hər iki əng sümüyünün alveolar çıxıntılarının sınıqları, üst çənədə sol İ, sağ İ, İİ, İİİ dişlərin travmatik laxlamsı və üst dodaq nahiyəsinin şişkinliyi halında qansızması müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir; (i.v.28-30) - Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 82 saylı MKİS-i tərəfindən verilmiş 16 sentyabr 2024-cü il tarixli, 292№-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bakı şəhəri, Xətai rayonu 82 saylı MKİS-in ərazisində yerləşən Rahib Məmmədov küçəsi, 26 saylı evin 157 mənzilində qeydiyyatdadır; (i.v.48) - Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 82 saylı MKİS-i tərəfindən verilmiş 16 sentyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 26 mənzil 157-də daimi pasport qeydiyyatındadır. Qeydiyyatda olduğu və yaşadığı müddətdə Xətai rayonu 82 saylı MKİS-nə qonşular tərəfindən yazılı və ya şifahi şikayət daxil olmamışdır; (i.v.49) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X14 17 sentyabr 2024-cü il tarixli 11977№-li məktubundan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb; (i.v.50) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 16 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (i.v. 51) - 17 sentyabr 2024-cü il tarixli sadələşdirilmiş icraat materialının araşdırılması ilə əlaqədar sübutların qiymətləndirilməsi və cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətlərinin yaranmadığını nəzərə alaraq material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq az ağır bədən xəsarəti yetirməsi faktı iş materialları ilə tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməsinə dair açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialının araşdırılması davam etdirilmiş, vətəndaş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyi Publik Hüquqi şəxsin Xətai rayon Şöbəsinin canlı şəxsin xx.xx.2024-cü il tarixli «282» saylı ekspertizası rəyi, xx.xx.2024-cü il tarixli baxış protokolu sübut növü kimi qiymətləndirilmişdir; (i.v. 52-53) - X2 30 sentyabr 2024-cü il tarixli psixoloji rəyindən görünür ki, pasiyentin koqnitiv funksiyaları normaldır, özünə bələdliyi qorunur, öhdəliklərini davam etdirmək və davranışlarına nəzarət etmək iqtidarındadır. Məruz qaldığı psixoloji təzyiq və fiziki şiddət və bunların uzun müddət davamlılıq göstərməsinin nəticəsi olaraq Depressiya, Generalizə olunmuş təşviş pozuntusu və Post travmatik stress pozuntusu əlamətləri komorbid şəkildə müşahidə edilir. - 03 oktyabr 2024-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs göndərdiyi təklifdən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlanmış nikahın məhkəmə qaydasında pozulmasına, övladları xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X4 Zərərçəkmiş şəxs himayəsinə verilərək yanında qalmasına razılıq verməyini, övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər biri üçün aylıq 300 manat aliment, əlavə xərc olaraq övladları X5 idman, təlim-tədris xərcləri üçün aylıq 100 manat və Autizm xəstəliyindən əziyyət çəkən 1-ci qrup əlil övladları X4 müayinə-müalicə xərcləri üçün aylıq 100 manat ödəməyini habelə nikah dövründə alınmış **-TB-*** dövlət qeydiyyat nişanı "LAND-ROVER DİSCOVERY" markalı avtomobilin 2/3 hissəsinə onun payının tanınmasına razılıq verilməsini təklif etmişdir. - Qax RPŞ-i tərəfindən tərtib edilmiş 17 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 17 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdə 08:51 radələrində Qax şəhərində qaynatası X3 yaşadığı evə gedərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Nəticədə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və o, 50 (əlli) manat cərimə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və himayəsində 2 azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyələr nəzərə alınmalıdır. Baxılan cinayət işi üzrə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsini nəzərə almaqla təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X12 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini – ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X12 dövlət büdcəsi vəsaiti hesabına 15 (on beş) saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-524/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-524/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver