Məhkəmə qərarları › İş №1(011)-525/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-525/2025

01.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-525/2025 01.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 və onun nümayəndəsi Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Sirac oğlunun, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçiləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X9 xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 xx.xx.1978-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Ərəbyengicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində azyaşlı uşağı olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Ərəbyengicə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 66, mənzil 143-də yaşayan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və X5 həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına dair hökm qəbul edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.1983-cü il tarixdə doğulmuşdur. Göyçay rayonu, Ləkçıplaq kəndində yaşayır. Müxtəlif işlərdə çalışmış, hazırda fərdi əməklə məşğuldur. 25 oktyabr 2025-ci il tarixdə təqsirləndirilən şəxs X6 rəhbəri olduğu "xxxx" MMC-nin rəsmi internet saytında və həmin agentliyə məxsus YouTube kanalında “Ağdaş polisi Göyçaylı dələduzu həbs edib - fermerlərin külli miqdarda pulunu mənimsəyib (FOTO+VİDEO)” adlı yazı və video material dərc etdirmişdir. Həmin məlumatda onun guya fermerləri aldadaraq “dələduzluq” yolu ilə pullarını mənimsədiyi, “müxtəlif şəxslərin himayəsində məsuliyyətdən yayındığı”, “fermerlərin etibarından sui-istifadə etdiyi” və bu kimi böhtan və təhqir xarakterli ifadələr işlədilmişdir. Beləliklə, təqsirləndirilən şəxs öz rəhbəri olduğu kütləvi informasiya vasitəsinin imkanlarından şəxsi məqsədlə sui-istifadə edərək, onun barəsində şərəf və ləyaqətini alçaldan və işgüzar nüfuzuna xələl gətirən yalan məlumatları ictimaiyyətə çatdırmışdır. Yuxarıda qeyd olunan yazı və video material "xxxx" MMC-nin rəsmi internet saytında və həmin agentliyə məxsus YouTube kanalında yüzlərlə YouTube sosial şəbəkə istifadəçisi tərəfindən baxılmış, müxtəlif şəxslər tərəfindən şərhlər yazılmış və paylaşılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə, açıq şəkildə yalan olduğunu bilə-bilə başqa şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatın yayılması böhtan sayılır. X1, Ağdaş RPŞ-nin qərarından məlum olmasına baxmayaraq ki, hadisə mülki münasibətdir və cinayət tərkibi yoxdur, buna baxmayaraq, onun barəsində “dələduz”, “fermerləri aldadıb pulunu mənimsəyib” kimi ifadələrlə ona qarşı cinayət ittihamı formasında böhtan xarakterli məlumat yaymışdır. Polisdə verilən izahatlardan aydın şəkildə qeyd olunur ki, o, X6 ilə heç bir ticarət (alqısatqı) münasibətində olmamış, meyvəni ona deyil, X14 və Savalan Hüseynova satmışdır. Beləliklə, Elnurun onun “fermerləri aldatması”, “dələduzluqla məşğul olması” barədə yaydığı məlumatlar tamamilə yalan və bilərəkdən uydurulmuş xarakter daşıyır. CM-nin 148-ci maddəsinə görə şəxsin ləyaqətini alçaldan ifadələrin ictimai şəkildə işlədilməsi təhqir sayılır. “Dələduz”, “fermerlərin etibarından sui-istifadə edən şəxs”, “aldadıcı”, “məsuliyyətdən yayınıb” kimi ifadələr yalnız məhkəmə hökmü ilə sübuta yetirilmiş cinayət törətmiş şəxsə münasibətdə işlədilə bilər. Onun barəsində belə ifadələrin ictimai şəkildə işlədilməsi ləkələyici, alçaldıcı və təhqiredici məzmun daşıyır. Beləliklə, təqsirləndirilən şəxsin əməlində həm böhtan, həm də təhqir cinayət tərkibi mövcuddur. Həmin böhtan və təhqir xarakterli məlumatlar "xxxx" MMC-nin faktiki fəaliyyət yeri - Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən ofisdən yayımlandığından, bu işə Bakı şəhəri Xətai Rayon Məhkəməsi baxmağa səlahiyyətlidir. Bu ifadələr iki hüquqi aspekt üzrə - həm təhqir, həm də böhtan - xarakteri daşıyır: 1. Təhqir elementi - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir — şəxsin şərəf və ləyaqətini alçaldan ifadə və ya hərəkətlərdir. X5 “dələduz”, “fermerləri aldadıb külli miqdarda pulunu mənimsəyib” kimi ifadələri ictimai leksikada açıq-aşkar mənfi və alçaldıcı məzmun daşıyır. “Dələduz” sözü Azərbaycan dilində aldadaraq özgənin əmlakını ələ keçirən şəxs, yəni cinayət törədən adam mənasında işlənir və bu söz ictimai reputasiyanı zədələyən, cəmiyyətdə mənfi rəy formalaşdıran terminlərdən biridir. X6 bu ifadəni KİV vasitəsilə və çoxsaylı auditoriyaya yönəldərək işlətmiş, məqsəd olaraq X9 cəmiyyətdə hörmət və etibarını sarsıtmaq, onu rüsvay və alçaltmaq olmuşdur. Bu sırf emosional və alçaldıcı məqsəd daşıyan ifadədir, fakt əsasında deyil. Bu baxımdan “dələduz”, “aldadıb mənimsəyib”, “fermerləri zərərə salıb” kimi ifadələr X9 şərəf və ləyaqətini alçaldan açıq təhqirdir və Cinayət Məcəlləsinin 148-ci maddəsinə uyğun cinayət tərkibi yaradır. 2. Böhtan elementi eyni zamanda bu ifadələrdə böhtan tərkibi də mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan — bilə-bilə yalan məlumat yaymaqla şəxsi cinayət törətməkdə ittiham etməkdir. X6 yayımladığı məlumatda X10 “fermerləri aldadaraq külli miqdarda pulunu mənimsəyən dələduz” kimi təqdim etmiş, onu CM-nin 178-ci maddəsi (dələduzluq) ilə sanksiyalaşdırılmış əməldə ittiham etmişdir. Halbuki, Ağdaş rayon Polis Şöbəsinin müstəntiqi tərəfindən verilmiş qərarla aydın şəkildə müəyyən edilmişdir ki, X12 ilə X8 arasında alqı-satqı münasibəti olmamışdır, hadisə mülkihüquqi xarakterli olmuş, bu səbəbdən X5 “fermerlərin pulunu mənimsəyib” ifadəsi bilə-bilə yalan və əsassız məlumatın ictimai şəkildə yayılmasıdır. O, rəsmi sənədlə təsdiqlənmiş faktı bilərəkdən təhrif etmiş, Elsun Yaqubovu cəmiyyət qarşısında “dələduz”, yəni cinayət törətmiş şəxs kimi təqdim etmişdir. Böhtanın bu forması CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan tərkibi tam yaradır, çünki məlumat həqiqətə uyğun deyil, KİV vasitəsilə geniş auditoriyaya çatdırılıb və məqsəd şəxsi nüfuzu sarsıtmaq və ictimai rəy formalaşdırmaq olub. Beləliklə, “dələduz”, “fermerlərin pulunu mənimsəyib” və “fermerləri aldadıb zərərə salıb” kimi ifadələr: məzmununa görə təhqir xarakterlidir (CM 148) və mahiyyətinə görə isə böhtan tərkibi yaradır (CM 147.1). Bu ifadələrin KİV vasitəsilə, çoxsaylı auditoriyaya çatdırılması təqsirin ictimai təhlükəlilik dərəcəsini artırır və xüsusi ittiham qaydasında məsuliyyət tələb edir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 və onun nümayəndəsi Müdafiəçi1 Sirac oğlu hər biri ayrı-ayrılıqda şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməklə məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçiləri X4 və Müdafiəçi2 hər biri ayrı-ayrılıqda şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin və onun nümayəndəsinin, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçilərini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar (harada, nə vaxt və necə), yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır. 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində ümumi formada X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibini yaradan hərəkətlərə yol verməsi qeyd edilsə də, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hansı maddəsində nəzərdə tutulan ağır və ya xüsusilə ağır cinayətin törədilməsində ittiham etməklə böhtan atması barədə məlumat, həmçinin sözügedən əməl törətdildiyi təqdirdə ona hansı zərərin vurulması, maddi ziyan olduğu halda isə həmin zərərin məbləği göstərilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə böhtan xarakterli məlumatların 25 oktyabr 2025-ci il tarixdə 2 dəfə, yəni "xxxx" MMC-nin rəsmi internet saytında və həmin agentliyə məxsus YouTube kanalında dərc edildiyi qeyd edilmiş, lakin bu 2 epizodun dəqiqliklə nə vaxt, hansı ardıcıllıqla törədildiyi qeyd edilməmişdir. Məhkəmə diqqətə çatdırır ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 tərəfindən Azərbaycan Respublikası CPM-də təsbit edilmiş şikayət ərizəsinin məzmununa dair tələblər pozularaq şikayət ərizəsinin harada tərtib olunması qeyd edilməmişdir. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2 və 293.3.6-cı maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X12 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar