Məhkəmə qərarları › İş №1(011)-53/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-53/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-53/2021 25.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Rusiya Federasiyasının Novosibirsk vilayətində anadan olmuş, Azərbaycanlı, orta təhsilli, ailəli, iki uşaq atası, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında ailəsi ilə daimi yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3, 221.2.2 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 23 may 2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 32 ünvanında yerləşən “Bolluq” marketdəki çərəz bölməsində çəki ilə satılan araxisləri yeyib qabıqlarını döşəməyə atdığı üçün marketin işçiləri tərəfindən ona irad bildirildikdə, heç bir səbəb olmadan marketin işçilərini və müştəriləri təhqir edib marketin qarşısına çıxaraq vətəndaşların gözü qarşısında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslərin üzərində zor tətbiq edilməsi ilə və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək marketin içərisində etdiyi hərəkətlərə görə ona irad bildirən marketin müdiri X1 nahiyəsinə xuliqanlıq niyyəti ilə yumruqla zərbə vurub ona “sol intraorbital sahədə sərbəst hava qabarcıqlarının daxil olması ilə müşayiət olunan sol orbitanın (gözyuvasmı təşkil edən sümüklər) iç divarını təşkil edən üz skeleti sümüyünün sınığı və sol gözyuvası ətrafı nahiyənin yumşaq toxumasının qançır və sıyrıqları” ilə müşayiət olunan, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirdikdən sonra, ictimai borcunu yerinə yetirərək ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 müqavimət göstərərək xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar sifət nahiyəsinə yumruqla vurub ona “burunun deformasiyası ilə müşayiət olunan burun sümüklərinin qapalı yerdəyişmiş sınığı və burunun yumşaq toxumasının qançırı; sol gözyuvası ətrafı nahiyənin yumşaq toxumasının hematomasından ibarət, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CMnin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, daha sonra qərəzli hərəkətlərini davam etdirərək heç bir səbəb olmadan marketin qarşısındakı Zərərçəkmiş şəxs2 məxsus **-NV-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin ön şüşəsinə yumruq zərbəsi vuraraq zədələməklə sonuncuya 180 manat məbləğində maddi ziyan vuraraq xuliqanlıq etmiş, onun bu hərəkətlərinin qarşısını almaq məqsədilə X17 Alayının əməkdaşları tərəfindən hadisə baş verən ünvanda saxlanılaraq Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin ünvan 3 ünvanda yerləşən 36-cı Polis bölməsinin inzibati binasına gətirilmiş və orada özünün kustar üsulla beşbarmaq tipində hazırlayıb qanunsuz olaraq üzərində gəzdirdiyi təyinatı üzrə istifadəyə yararlı 01 ədəd vuruca, əzici xassəyə malik soyuq silahı polis əməkdaşlarına təqdim etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, valideynləri əvvəllər Rusiya Federasiyasının, Novosibirsk vilayətində yaşadıqları üçün orada dünyaya gəlmiş və Rusiya Federasiyasının vətəndaşlığını almışdır. 1989-cu ildə 3 yaşı olanda valideynləri Bakı şəhərinə köçdüyü üçün həmin vaxtdan ünvan 4 ünvanında yaşamışdır.Üc yaşından bəri həmin ünvanda yaşayır. Bakıya köçdükdən sonra yaşadıqları evin yaxınlığında yerləşən 60 nömrəli məktəbdə azərbaycan dilində təhsil almış, təhsilini bitirdikdən sonra müxtəlif yerlərdə fərdi şəkildə mebel ustası kimi fəaliyyət göstərməyə başlamışdır. 2009-cu ildə X8 ilə qeyri-rəsmi nikahla, yəni molla kəbini ilə ailə həyatı qurmuş və bu evlilikdən 2014-cü ildə Miran adlı oğlu, 2015-ci ildə isə Mədinə adlı qızı dünyaya gəlmişdir. Şahid5 onun uşaqlıqdan dostudur. Famillə 2007-ci ildən müxtəlif yerlərdə mebel ustası kimi birlikdə çalışmışdır. 2020-cı ilin yanvar ayında Famillə birlikdə Toxuculuq kombinatı adlanan yerdə icarəyə sex götürüb orada mebel təmiri ilə məşğul olmuş, mebel təmiri ilə yanaşı özü üçün müxtəlif cür əşyalar da hazırlamışdır. May ayının əvvəllərində icarə qaydasında işlətdiyi sexdə özü üçün dəmir materialdan beşbarmaq tipli alət düzəltmişdir, 23 may 2020-ci il tarixdə axşam saat 23 radələrində sexdə bir qədər pivə içdikdən sonra çıxıb gəzişmək qərarına gəlmiş, düzəltdiyi beşbarmağı da özü ilə götürmüşdür ki, onu parıldatmaq üçün zərgərə versin. Sexdən çıxaraq piyada yolun digər tərəfində yerləşən “Bolluq” marketə tərəf getməyə başlamışdır. Yolda təsadüfən Famillə qarşılaşmış, Famil ondan haraya getdiyini soruşduqda Familə “Bolluq” marketə getdiyini söyləmiş, Famil də özünə siqaret almaq istədiyini bildirib onunla birlikdə “Bolluq” marketə getmişdir. Onlar marketə daxil olub oradakı çərəz bölməsinə yaxınlaşaraq, orada yerə qoyulmuş torbanın içərisində araxislər olduğunu görüb onun dadına baxmaq istəmişdirlər. Famillə hər ikisi həmin araxislərdən yeyib qabıqlarını yerə atmağa başlamışdırlar. Bu zaman marketdə satıcı işləyən xanımlardan biri ona yaxınlaşıb nə lazım olduğunu soruşmuş, o isə həmin satıcını təhqir edərək çıxıb getməsini söyləmişdir. Həmin satıcı getdikdən sonra marketin mühafizəçisi onlara yaxınlaşıb marketi tərk etmələrini söyləmiş, lakin o, mühafizəçini də təhqir etmişdir. Bundan sonra marketin müdiri kimi tanıdığı Nazim adlı şəxs və onun qardaşı Vəli onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuşdurlar. O, sərxoş olduğu üçün onlara da kobud cavab vermiş və buna görə də aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı onlar bir-birlərinə əl-qol hərəkətləri etməyə başlamışdırlar. Marketdəki müştərilər onu tutub marketdən çölə çıxartmış, çölə çıxdıqdan sonra Nazim və qardaşı da çölə çıxmışdırlar. Çölə çıxdıqdan sonra onlar mübahisələrinə davam etmiş, mübahisə zamanı o, Nazimə hücum edərək yumruqla onun sifət nahiyəsinə zərbə vurmuşdur. Ətrafdakı şəxslər onları ayırdıqdan sonra o, marketin qarşısında Mercedes markalı yük avtomobilinin dayandığını görmüş və əsəbi olduğundan avtomobilin ön şüşəsinə yumruq zərbəsi vuraraq şüşəni sındırmışdır. Bundan sonra o, Vəlinin bir qədər kənarda mobil telefon vasitəsilə polisə məlumat verdiyini görüb qəfildən ona hücum edərək yumruqla onun sifət nahiyəsinə zərbə vurmuşdur. Bir az keçdikdən sonra polis əməkdaşları gəlib onu 36-cı Polis bölməsinə aparmış və bölmədə olan zaman özünə məxsus beşbarmağı polis əməkdaşlarına təhvil vermişdir. Daha sonra əməlindən peşman olmasını, ilk məhkumluğunu, zərərçəkmiş şəxslərin biri ilə barışdığını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 1992-cı ildən X9, 2003-cü ildən isə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsində növbətçi köməkçisi vəzifəsində xidmət edir. ünvan 7 ünvanda yerləşən “Bolluq” market qardaşı Nazim Hüseynova məxsus olmuşdur. Həmin market yaşadığı ünvana yaxın olduğu üçün axşamlar bəzən Nazimlə birlikdə marketin ətrafında gəzişmişdirlər. 23 may 2020-ci il tarixdə saat 22 radələrındə həmişəki qaydada Nazimlə əlaqə saxlayıb “Bolluq” marketə getmiş və Nazimlə bir qədər gəzişməyə başlamışdır. Təxminən 1 saata yaxın gəzişdikdən sonra saat 23 radələrində marketə geri qayıdıb qarşısında dayanmışdırlar. Bir qədər söhbət etdikdən sonra marketdə mühafizəçi kimi çalışan Fərrux çölə çıxaraq ona yaxınlaşmış və içəridə 2 nəfər şəxsin narahatçılıq yaratdığını bildirmişdir. O, Fərruxla birlikdə marketə daxil olub həmin şəxslərə yaxınlaşmışdır. Həmin şəxslərə yaxınlaşdıqda görmüşdür ki, onlar torbaya yığılmış satış üçün nəzərdə tutulan araxisləri yeyib qabıqlarım yerə atmışdırlar O, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsə irad bildirib bu hərəkətlərinə son qoymalarını xahiş etmiş, bu zaman Şahin ona qarşı nalayiq ifadə ilədərək onu təhqir etmişdir. O, Şahinə polis əməkdaşı olduğunu söylədikdə, Şahin onu təhqir etməyə başlamışdır. O, Şahinin sakitləşmədiyini görüb işlədiyi Xətai Rayon Polis İdarəsinə zəng vuraraq bu barədə məlumat vermiş və marketə polis əməkdaşlarının göndərilməsini söyləmişdir. Bir qədər sonra Nazim onlara yaxınlaşıb Şahinə sakitləşməsini söyləmiş, lakin Şahin sakitləşmək əvəzinə, daha da ağır ifadələrlə onları və market işçilərini təhqir etmişdir. Onlar marketdəki müştərilərlə birlikdə onu birtəhər çölə çıxartmışdırlar.. Çölə çıxdıqdan sonra da Şahin öz əməllərinə davam etmiş və qəfildən Nazimin üstünə yeriyərək yumruqla onun sifət nahiyəsinə zərbə vurub ona xəsarət yetirmişdir.. Ətrafdakı şəxslər Şahini ayırıb kənara apardıqdan sonra o, marketin qarşısında dayanmış vəziyyətdə olan dövlət qeydiyyat nişanını xatırlamadığı Mercedes markalı yük avtomobilinin ön şüşəsinə yumruq zərbəsi vuraraq şüşəni sındırmışdır. Həmin vaxt o, kənara çəkilib yenidən Polis İdarəsinə zəng vurmuş və bu zaman Şahin qəfildən ona hücum edərək yumruqla burun nahiyəsinə zərbə vurmuş və zərbə nəticəsində burnundan qan açılmışdır. Bir neçə dəqiqə sonra polis əməkdaşları gələrək onu aparmışdırlar. Daha sonra Təqsirləndirilən şəxs ilə barışmadığını, şikayətçi olduğunu bildirmiş və onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirmişdir ki, özünə məxsus Mercedes markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillə müxtəlif marketlərdən və zibilliklərdən tullantı kağız kardonları yığıb X18 İstehsalat kombinatına təhvil verib qarşılığında pul alır, 23 may 2020-ci il tarixdə saat 23 radələrində özünə məxsus avtomobili ünvan 7 ünvanda yerləşən “Bolluq” marketin qarşısında saxlayaraq marketin arxa tərəfində yerə düzülmüş kağız kardonları yığaraq maşına yükləməyə başlamışdır. Bir neçə dəqiqədən sonra marketin qarşısında xeyli sayda insanın yığışdığını, avtomobilin qabaq hissəsinə keçdikdə isə avtomobilin qabaq şüşəsinin sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Ətrafdakı şəxslərdən bu barədə soruşduqda onlar bildirmişdirlər ki, bir nəfər şəxs yumruqla ona məxsus avtomobilin qabaq şüşəsinə vuraraq onu sındırmışdır. Yaxınlaşdıqda həmin şəxsin sərxoş olduğunu görmüşdür.Bu səbəbdən daha heç bir söz deməmişdir. Daha sonra həmin şəxsi polis əməkdaşları gəlib aparmışlar. Bir neçə gündən sonra o, 120 manata avtomobilin ön şüşəsini almış və 30 manata həmin şüşəni avtomobilə quraşdırmışdır. Həmin hadisə nəticəsində ona ümumilikdə 150 manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra Təqsirləndirilən şəxs ziyanı ödəmiş və onlar barışmışlar. Hazırda ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X10 bildirmişdir ki, mərhum X12 onun atasıdır. Atasının rəsmi iş yeri olmasa da, fərdi əməklə məşğul olmuşdur, ünvan 7 ünvanda yerləşən “Bolluq” market atasına məxsus olmuş və oranı özü işlətmişdir. 23 may 2020-ci il tarixdə gecə saatlarında atası ona zəng vuraraq marketdə dava-dalaş olduğunu və oraya gəlməyini söyləmiş, o da tələsik marketə getmişdir. Bir neçə dəqiqədən sonra marketə çatdıqda əmisi Zərərçəkmiş şəxs1 burnunun qanadığını görmüşdür. O, nə baş verdiyini soruşduqda atasıgil ona tanımadıqları bir nəfər müştərinin onlarla mübahisə etməsini və onları döyməsini bildirmişdir. Bundan sonra onlar birlikdə polis bölməsinə getmiş və orada atası və əmisi izahat yazmışdırlar. Həmin hadisədən bir neçə gün sonra ailə üzvlərinin hamısı Covid-19 virusuna yoluxmuş, lakin onlar rəsmi şəkildə müraciət edərək öz evlərində ambulator müalicə almağa başlamışdırlar. Ailə üzvlərinin hər birinin sağalmasına baxmayaraq, atasının vəziyyəti günü-gündən pisləşmişdir. 02 iyul 2020-ci i1 tarixdə günorta saatlarında atasının vəziyyəti kəskin pisləşdiyindən onlar təcili tibbi yardıma zəng vurmuş və təcili tibbi yardım əməkdaşları gəlib atasını xətəxanaya aparmışdırlar. Müalicə almasına baxmayaraq, 16 iyul 2020-ci il tarixdə atası xəstəxanada vəfat etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ilə barışmadığını, şikayətçi olduğunu bildirmiş və onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 6 ilə yaxındır ki, ünvan 7 ünvanda yerləşən “Bolluq” marketdə satıcı işləyir. 23 may 2020-ci il tarixdə saat 23 radələrində işdə olan zaman tanımadığı 2 nəfər müştəri marketə daxil olaraq onun işlədiyi çərəz bölməsinə yaxınlaşaraq torbada olan araxisləri yeyib, qabıqlarını yerə atmağa başlamışdırlar. Bir qədər belə etdikdən sonra marketdə aşbaz kimi çalışan Şahid2 onlara yaxınlaşaraq onlardan nəyin lazım olduğunu soruşmuş, bu zaman onlardan nisbətən alçaq boylu olanı Nisəyə qarşı nalayiq ifadə işlədərək onu təhqir etmişdir. Bu zaman o da həmin şəxslərə yaxınlaşaraq nə lazım olduğunu soruşduqda, həmin şəxs ona qarşı da nalayiq ifadələr işlətməyə başlamışdır. Daha sonra marketdə satıcı işləyən Şahid6 də onların yanına gəlmiş, lakin həmin şəxs heç kimə məhəl qoymadan onların hamısını söyüb təhqir etmişdir. Bundan sonra onlar marketdə mühafizəçi kimi çalışan Şahid3 çağırmışdırlar. Fərrux həmin şəxsə sakit olmasını söylədikdə, həmin şəxs Fərruxu da təhqir etmişdir. Həmin vaxt marketin müdiri Nazim Hüseynov və onun qardaşı polis əməkdaşı kimi tanıdığı Zərərçəkmiş şəxs1 marketin qarşısında gəzişirmişlər. Fərrux marketdən çölə çıxaraq onlara olanlar barədə məlumat vermiş, bir neçə dəqiqədən sonra Fərrux Zərərçəkmiş şəxs1la birlikdə geri qayıtmışdır. Vəli həmin şəxsə özünün polis əməkdaşı olduğunu və insanları narahat etməməsini söyləmiş, həmin şəxs isə onun sözlərinə məhəl qoymayaraq ona qarşı da nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra marketin müdiri Nazim Hüseynovun da onlara yaxınlaşıb eyni sözləri deməsinə baxmayaraq, həmin müştəri onun sözlərinə də məhəl qoymamış və öz hərəkətlərinə davam etmişdir. Nazim Hüseynov həmin şəxslə danışadanışa onu marketin çıxışına tərəf aparmışdır. Həmin şəxs uca səslə hamını söyüb təhqir etmişdir. Onlar marketin çərəz bölməsindən kənarlaşdıqdan sonra o, onların arxasınca baxmamış və sonradan nələr baş verdiyindən xəbəri olmamışdır. Bundan sonra çöldən marketin qarşısından səs-küy gəldiyini eşitmiş və çölə çıxan zaman Zərərçəkmiş şəxs1 burnundan qan axdığını görmüşdür. Ətrafdakı şəxslər ona söyləmişdirlər ki, həmin şəxs Nazim Hüseynova və Zərərçəkmiş şəxs1 zərbə vurmuşdur. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib həmin şəxsi aparmışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid6 Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə iclasında Şahid3, Şahid4 və Şahid5 istintaqda verdikləri ifadə elan edilərək tədqiq edilmiş, onların ifadəsi təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin ifadələrinə oxşar olmuşdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 03 iyun 2020-ci il tarixli, 567 nömrəli ekspert rəyindən görünür ki, X2 intraorbital sahədə sərbəst hava qabarcıqlarının daxil olması ilə müşayiət olunan sol orbitanın (gözyuvasını təşkil edən sümüklər) iç divarını təşkil edən üz skeleti sümüyünün sınığı və sol göz yuvası ətrafı nahiyənin yumşaq toxumasının qançır və sıyrığı müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti 23 may 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcə də özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 03 iyul 2020-cı il tarixli, 596 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 burunun deformasiyası ilə müşayiət olunan burun sümüklərinin qapalı yerdəyişmiş sınığı və burunun yumşaq toxumasının qançırı, sol gözyuvası ətrafı nahiyənin yumşaq toxumasının hematoması müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti 23 may 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcə də özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 29 iyul 2020-ci il tarixli, 3/723 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsul ilə beşbarmaq tipində hazırlanmış vurucu, əzici xassəyə malik soyuq silahdır, təyinatı üzrə istifadəyə yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 avqust 2020-ci il tarixli, 321 nömrəli ekspert rəyindən görünür ki, cinayət işi materiallarında olan məlumatlara əsasən, nəzəri hesablama yolu ilə “Mercedes Sprinter 208” markalı, banı mikroavtobus tipli, mühərrik həcmi 2,4 sm3 olan ağ rəngli 10HV143 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən, avtomobil sahibinə 2020-ci ilin may ayına dəymiş ziyanın məbləği dəyişilməli hissələrin dəyəri 180 (yüz səksən) manat və təmir xərcləri 40 (qırx) manat olmaqla ümumilikdə 220 (iki yüz iyirmi) manat müəyyən edilir. İş materiallarında olan 17 oktyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kustar üsulla beşmarmaq tipində hazırlanmış vurucu, əzici xassəyə malik soyuq silah hesab olunan predmet maddi sübut kimi tanınmış və Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Cinayət hadisəsinin törədilmə anınının videogörüntülərini əks etdirən 1 ədəd CD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılmışdır. “Mercedes Sprinter 208” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs2 saxlanılmışdır. İş materiallarında olan axtarışda olan şəxsin saxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2020-ci il tarixdə saxlanılmışdır. İş materiallarında olan 24.09.2020-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş və o həbsdəbn azad edilmişdir. İş materiallarında olan 24 sentyabr 2020-ci il tarixli Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Sənan Qüdrətlinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20.08.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 30.08.2014-cü il təvəllüdlü X11 və 10.10.2015-ci il təvəllüdlü X7 adlı iki azyaşlı uşağı var. İş materiallarında olan 133 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şikayət daxil olmamışdır. İş materiallarında olan 133 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında ailəsi ilə birlikdə daimi yaşayır. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış və məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli tam sübuta yetir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1; 127.2.3; 221.2.2 və 228.4-cü maddələri ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddələrlə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə barışmasını, himayəsində iki azyaşlı uşağının olmasın, ilk məhkumluğunu, səmimi etirafını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üç yaşından Bakı şəhərində yaşaması, Azərbaycan Respublikası vətəndaşı ilə ailə qurması, himayəsində iki azyaşlı uşağının olması və onların daima ünvan 1 ünvanında yaşaması faktı nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddələri ilə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası və Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kustar üsulla beşmarmaq tipində hazırlanmış vurucu, əzici xassəyə malik soyuq silah hesab olunan predmet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış cinayət hadisəsinin törədilmə anının videogörüntülərini əks etdirən 1 ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Sprinter 208” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs2 istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3, 221.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kustar üsulla beşmarmaq tipində hazırlanmış vurucu, əzici xassəyə malik soyuq silah hesab olunan predmet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış cinayət hadisəsinin törədilmə anının videogörüntülərini əks etdirən 1 ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Sprinter 208” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs2 istifadəsinə verilmiş hesab edilsin. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar