Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-53/2023 16.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşımış və 01 sentyabr 2022-ci il tarixdə bir bükümdə 0,435 qram narkotik vasitə heroini 10 manat pul müqabilində tanışı Şahid3 Ədalət oğluna ünvan 1 ünvanın qarşısında satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə saat 07:30 dəqiqədə ünvan 1 ünvanın qarşısında saxlanılıb ünvan 2 Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərində polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən üç ədəd bükümdə 0,407 qram, 0,405 qram və 0,401 qram olmaqla, ümumi təmiz çəkisi 1,213 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə aludəçisidir və təxminən 6 aydır ki narkotik vasitədən istifadə etmişdir. 02 sentyabr 2022-ci il tarixdə Nizami rayonu, Naxçıvanski küçəsi 82 saylı ünvanda iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, şəxsiyyətini müəyyən etmək üçün vəsiqəsini istəmişlər. Özünü təqdim etdikdən sonra onu 35-ci PB-nə aparmışlar. Polis Bölməsində olan zaman üzərində videogörüntü ilə şəxsi axtarış aparılmış və o, üzərində olan 03 ədəd bükümdə narkotik vasitə olan heroini çıxardıb təqdim etmişdir. Lakin ona həm narkotik vasitələrin istifadəsi, həm də satışı ilə məşğul olması ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, ittiham aktında onun pul müqabilində Xəqani adlı şəxsə narkotik vasitə satması qeyd edilsə də, onun həmin şəxslə heç bir əlaqəsi olmamışdır, sadəcə olaraq tanışı İlhamə adlı şəxs ona bağlama verərək içərisində dərman olduğunu bildirmiş və Bakı şəhəri, Nizami rayonu, ünvan 4 ünvana gedərək bağlamada dərman olduğunu fikirləşib onu Xəqani adlı şəxsə təhvil vermişdir, lakin həmin bağlamada narkotik vasitə olmasından xəbəri olmamışdır və bunun müqabilində heç bir ödəniş almamışdır. Həmçinin o, qeyd etmişdir ki, İlhamə adlı şəxsdən əvvəllər də bir neçə dəfə özü istifadə etmək üçün narkotik vasitələr almışdır və onu narkotik vaitə satıcısı kimi tanımışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham hissəsində əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, əvvəllər bədənində ağrılar olduğu üçün Bakı şəhəri, Nizami rayonu ərazisində anket məlumatlarını bilmədiyi lakin üzdən tanıdığı İlhamə adlı şəxsdən ucuz qiymətə narkotik vasitə olan heroin almışdır. 01 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 82 ünvanında Xəqani adlı şəxsə 10 manata narkotik vasitə olan heroin satmış, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində İlhamə adlı şəxs ona ağ rəngli flakon qabda içərisində 3 ədəd bükümdə narkotik vasitə heroin verərək həmin heroini ünvan 1 ünvanda yerləşən “Məlhəm” hospitalının qarşısında əli əsalı kişiyə həmin narkotik vasitəni verib ondan aldığı 80 manat puldan ona 5-10 manat pul verəcəyini deyərək həmin ünvana göndərmişdir. O, həmin ünvanda olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onun şəxsiyyəti ilə maraqlanmışlar. O, özünü polis əməkdaşlarına təqdim edəndən sonra, polis əməkdaşları onu Bakı şəhəri Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu əllərini ciblərinə salmağa imkan verməyərək Xətai RPİ-nin 35-ci PB-nə aparmışlar. Polis bölməsində hüquq və vəzifələri izah edildikdən sonra ona dövlət hesabına vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Polis əməkdaşları ona üzərində olan əşyaları təqdim etməyini bildirmişlər. O, əynində olan göv rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli plastmas flakonu çıxardıb təqdim etmişdir. Həmin flakonun qapağını təhqiqatçı açdıqdan sonra ondan flakonun içərisində nə olduğunu soruşduqda o, həmin maddələrin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı həmin 03 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroini stolun üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı üzərində şəxsi axtarış aparmış, lakin üzərindən 1 ədəd siqaret qutusu və alışqan aşkar olunmuşdur. Bundan başqa əhəmiyyətli heç bir əşya aşkar edilməmişdir. O, siqaret və alışqanını təhvil almışdır. Polis əməkdaşları masanın üzərinə qoyduğu bükümdə narkotik vasitə olan heroini açıb elektron tərəzidə çəkmişlər. Aşkar edilmiş narkotik vasitə olan heroinin 1.42 qram olması müəyyən olunmuşdur. Polis əməkdaşları tərəfindən həmin maddə bir ədəd zərfdə qablaşdırılmış, o və digər iştirakçılar zərfin üzərində imza etmişlər. Həmçinin şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolda imza etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Məxfi əməkdaşdan ünvan 5 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş Şahid3 Ədalət oğlunun mütəmadi olaraq Xətai rayonu ərazisində narkotik vasitələri əldə edib istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat almışdır. Şahid3 cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. 02 sentyabr 2022-ci il tarixdə saat 05:20-də ünvan 6 ünvanın qarşısında zahiri əlamətlərinə görə Şahid3 Ədalət oğluna oxşar şəxsin həmin ünvana yaxınlaşmasını görüb onu saxlamaqla, o və onunla birlikdə olan Şahid2 özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxs özünü Şahid3 Ədalət oğlu kimi təqdim elmişdir. Həmin şəxsi 35-ci PB-nə getməli dəvət etmişlər. Şahid3 etiraz etməmişdir. Şahid3 üzərində qanunla qadağan olunmuş maddələrin və əşyaların olmasına şübhələr olduğundan onu 35-ci PB-nə gətirərək müdafiəçi dəvət edilməklə videoçəkiliş edərək üzərinə şəxsi axtarışın aparılması başlanmışdır. Şahid3 şalvarının cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Şahid3 təqdim etdiyi bükümü Rza adlı səxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Şahid3 Ədalət oğlunun verdiyi izahat əsasında Rza adlı şəxsin Bakı şəhəri, Xətai rayonu və Nizami rayonu ərazisində narkotik vasitələri əldə edib istifadə etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumat almışlar. Rza adlı şəxsin cinayət əməllərinin ifşa olunması barədə əməliyyataxtarış tədbirlərinin keçirilməsi məqsədi ilə 02 sentyabr 2022-ci il tarixdə saat 07:30-da ünvan 1 ünvanın qarşısında zahiri əlamətlərinə görə Rza adlı şəxsə oxşar şəxsin həmin ünvana yaxınlaşmasını görüb onu saxlamaqla, xidməti vəsiqələrini həmin şəxsə göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Onu şəxsiyyəti ilə bağlı sorğu etdikdə, həmin şəxs özünü xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Kərim oğlu kimi təqdim etmişdir. Həmin şəxsə narkotik vasitələri əldə edib istifadə etməsi, üzərində gəzdirməsi və satması barədə məlumat daxil olduğunu bildirib, ona 35-ci PB-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, üzərində qanunla qadağan olunmuş maddələrin və əşyaların olmasına şübhələr olduğundan onu 35-ci PB-nə gətirərkən əllərini ciblərinə salmağa imkan verməmişlər. Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı raport yazıldıqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılması bölmənin təhqiqatçısı polis mayoru Müşfiq Cəbrayılova həvalə olunmuşdur, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına vəkil dəvət edilərək təqdim edilmişdir. Bundan sonra videoçəkiliş edərək Rza Sadıx- zadənin üzərinə şəxsi axtarışın aparılmasına başlanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılmasında sonuncunun vəkili, o, və Şahid2 iştirak etmişlər. Şəxsi axtarışdan öncə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd plastmas flakonu çıxardıb təqdim etmiş, həmin flakon açıldıqda flakonun içərisindən 3 ədəd büküm heroinə bənzər maddə aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin bükümlərin heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin heroini xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində İlhamə adlı şəxsdən aldığını və digər şəxslərə satmaq niyyətinin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa hər hansı bir əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Xəqani adlı şəxsə narkotik vasitə olan heroin satdığını bildirmişdir. Aşkar edilmiş maddə elektron tərəzidə çəkildikdən sonra təhqiqatçı tərəfindən qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid3 Ədalət oğlu ifadəsində bildirmişdir ki, bədənində ağrılar olduğu üçün təxminən 1 ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir. 02 sentyabr 2022-ci il tarixdə o, narkotik vasitə almaq üçün əvvəldən tanıdığı İlhamə adlı şəxslə əlaqə saxlamış və sonuncu ona ünvan 1 ünvana getməsini bildirmişdir. Lakin onun Təqsirləndirilən şəxs narkotik vasitəni almağa imkanı olmamışdır, belə ki, ünvan 6 ünvanda mülki geyimdə iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun şəxsiyyətlərini müəyyənləşdirmişlər və yaxınlıqda yerləşən 35-ci Polis Bölməsinə aparmışlar. Polis Bölməsində olan zaman üzərində videogörüntü ilə şəxsi axtarış aparılmış və narkotik vasitə olan heroin aşkar olunmuşdur. O, polis əməkdaşlarının təsiri altında həmin maddəni 01 sentyabr 2022-ci il tarixdə Rza adlı şəxsdən aldığını bildirmişdir, halbuki ondan pul müqabilində narkotik vasitə almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1 və 234.2-ci maddələri, Şahid3 Ədalət oğlunun barəsində isə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 1-3); şübhəli şəxsin tutulması haqqında 02 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 24); şəxsi axtarış və götürmə aparılması haqqında 02 sentyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli plastmas flakonu çıxarıb təqdim etmiş, flakonun qapağı açıldıqda həmin flakonun içərisində 3 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində spesifik iyli, qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə hesab olunan heroinə bənzər maddə aşkar edilərkən Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin (kakos) olduğunu, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Məlhəm” hospitalının yaxınlığında yaşayan İlhamə adlı tanışından 80 manat pul müqabilində satış məqsədi ilə aldığını, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində “Məlhəm” hospitalının yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Həmin 03 ədəd bükümdə olan maddə “Pocket Scale” markalı elektron tərəzi ilə çəkilmiş və həmin maddənin sellofanla birlikdə ümumi çəkisinin 1.42 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “zərflər üçün” 154 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 35-36); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2022-ci il tarixli, 6/4721 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 154” möhür əksi, “Xəqani...” və soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.435 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir (i.v. 41-44); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2022-ci il tarixli, 6/4722 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 154” möhür əksi soyadlar və imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,407 qram, 0,405 qram, 0,401 qram; ümumi təmiz çəkiləri 1,213 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 03 ədəd bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 1№-li obyektə aid heroin kütlələri ilə 2 №-li obyektə (02 sentyabr 2022, 6/4721 saylı rəy) aid heroin kütləsi kimyəvi tərkiblərinə görə bir-biri ilə eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir (i.v. 45-48); şübhəli şəxsin dindirilməsi haqqında 02 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, o, 01 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 82 ünvanda Xəqani adlı şəxsə 10 manata narkotik vasitə olan heroin satdığını, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində İlhamə adlı şəxsin ona ağ rəngli flakon qabda içərisində 3 ədəd bükümdə narkotik vasitə heroin verərək həmin heroini ünvan 1 ünvanda yerləşən “Məlhəm” hospitalının qarşısında əli əsalı kişiyə verib ondan aldığı 80 manat puldan ona 5- 10 manat pul verəcəyini deyib həmin ünvana göndərdiyini etiraf etmiş və “ifadəmə başqa əlavəm yoxdur, ifadə mənim sözlərimlə yazıldı, mənə ucadan oxundu, özümdə oxudum, düzdü, doğru olduğunu” qeyd edərək öz imzası ilə təsdiq etmişdir (i.v. 56-57); 02 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 Ədalət oğlu və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər, həmçinin Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixdə ünvan 1 ünvanda Şahid3 Ədalət oğluna narkotik vasitə olan heroin satdığını etiraf etmiş, sonuncu isə həmin maddəni aldığını təsdiqləmişdir (i.v. 58-59); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 03 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələri ilə ittiham elan olunmuşdur (i.v. 62- 63); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 03 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, o, 01 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 82 ünvanda Xəqani adlı şəxsə 10 manata narkotik vasitə olan heroin satdığını, xx.xx.2022ci il tarixdə saat 07 radələrində İlhamə adlı şəxsin ona ağ rəngli flakon qabda içərisində 3 ədəd bükümdə narkotik vasitə heroin verərək həmin heroini ünvan 1 ünvanda yerləşən “Məlhəm” hospitalının qarşısında əli əsalı kişiyə verib ondan aldığı 80 manat puldan ona 5-10 manat pul verəcəyini deyib həmin ünvana göndərdiyini etiraf etmiş və “ifadəmə başqa əlavəm yoxdur, ifadə mənim sözlərimlə yazıldı, mənə ucadan oxundu, özümdə oxudum, düzdü, doğru olduğunu” qeyd edərək öz imzası ilə təsdiq etmişdir (i.v. 67-68); diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 02 sentyabr 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 69); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(011)-449/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır (i.v. 76-79); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 90); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsinin xx.xx.2022-ci il tarixli 5206 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 97-98); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, şahidlərin ifadələri, Azərbaycan Respublikası ƏN-nin MEM-nin xx.xx.2022-ci il tarixli 6/4721 və 6/4722 saylı rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin xx.xx.2022-ci il tarixli 5206 saylı və xx.xx.2022-ci il tarixli 5539 saylı rəyləri, şəxsi axtarış və götürmə, diskə baxış və üzləşdirmə protokolları sübut növü kimi qiymətləndirilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.093 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış, 02 ədəd “CD-R” formatlı disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (i.v. 104-115); cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 01 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Şahid3 Ədalət oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış və ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir. Məhkəmə istintaqı zamanı 1 ədəd “CD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli plastmas flakonu çıxarıb təqdim edir, flakonun qapağı açıldıqda həmin flakonun içərisində 3 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə hesab olunan heroinə bənzər maddə aşkar edilir, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin (kakos) olduğunu, həmin maddəni İlhamə adlı tanışının ona verdiyini və Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Məlhəm” hospitalının yaxınlığında Xəqani adlı şəxsə verməli olduğunu, onun əvəzində isə 5-10 manat gəlir əldə edəcəyini bildirir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə, narkotik vasitəni heç kimə satmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, videogörüntüdən də məlum olur ki, şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə üzərindən aşkar olunmuş narkotik vasitəni İlhamə adlı şəxsdən aldığını və Bakı şəhəri, Nizami rayonu ərazisində digər şəxsə verməli olduğunu və unun əvəzində gəlir əldə edəcəyini bildirmiş, şəxsi axtarış və götürmə barədə protokol onun və müdafiəçisinin imzaları ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, şəxsi axtarışdan öncə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd plastmas flakonu çıxardıb təqdim etmiş, həmin flakonun qapağını təhqiqatçı açdıqda flakonun içərisindən 3 ədəd ayrı-ayrılıqda narkotik vasitə heroin aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin bükümlərin heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli narkotik vasitə hesab edilən heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin heroini xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi İlhamə adlı şəxsdən aldığını və satacağını bildirmişdir. Həmçinin o, əlavə olaraq bilirmişdir ki, xx.xx.2022-ci il tarixdə Xəqani adlı şəxsə narkotik vasitə olan heroin satmışdır. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, şəxsi axtarış və götürmə keçirilməzdən öncə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd plastmas flakonu çıxardıb təqdim etmiş, həmin flakonun qapağını təhqiqatçı açdıqda flakonun içərisindən 3 ədəd ayrı-ayrılıqda narkotik vasitə heroin aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin bükümlərin heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin heroini xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi İlhamə adlı şəxsdən aldığını və satacağını bildirmişdir. Həmçinin o, əlavə olaraq bilirmişdir ki, xx.xx.2022-ci il tarixdə Xəqani adlı şəxsə narkotik vasitə olan heroin satmışdır. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Ədalət oğlu ifadəsində bildirmişdir ki, bədənində ağrılar olduğu üçün təxminən 1 ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir. 02 sentyabr 2022-ci il tarixdə o, narkotik vasitə almaq üçün əvvəldən tanıdığı İlhamə adlı şəxslə əlaqə saxlamış və sonuncu ona ünvan 1 ünvana getməsini bildirmişdir. Lakin onun Rza adlı şəxsdən narkotik vasitəni almağa imkanı olmamışdır, belə ki, ünvan 6 ünvanda mülki geyimdə iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun şəxsiyyətlərini müəyyənləşdirmişlər və yaxınlıqda yerləşən 35ci Polis Bölməsinə aparmışlar. Polis Bölməsində olan zaman üzərində videogörüntü ilə şəxsi axtarış aparılmış və narkotik vasitə olan heroin aşkar olunmuşdur. O, polis əməkdaşlarının təsiri altında həmin maddəni 01 sentyabr 2022-ci il tarixdə Rza adlı şəxsdən aldığını bildirmişdir, halbuki ondan pul müqabilində narkotik vasitə almamışdır. Məhkəmə şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə Şahid1 və Şahid2 ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Lakin əlavə şahid qismində dindirilmiş Şahid3 Ədalət oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında 1(011)-67/2023 saylı digər cinayət işinin olması onun özünü müdafiə etmək üçün ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları təkzib etməsinə dəlalət edir ki, bununla da onun hazırki məhkəmə iclasında verdiyi ifadəsi inandırıcı hesab edilə bilməz. Belə ki, ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə zamanı Şahid3 Ədalət oğlu 01 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində ünvan 7 ünvanın qarşısında olarkən Rza adlı şəxslə görüşərək 10 manat pul müqabilində ondan şəxsi istifadəsi üçün narkotik vasitə heroin aldığını etiraf etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən əvvəllər də İlhamə adlı şəxsdən narkotik vasitə aldığını bildirmiş, onun narkotik satıcısı olduğunu qeyd etmişdir. Məhkəmə bu halı nəzərə alaraq Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində İlhamə tərəfindən ona verilmiş bağlamada narkotik vasitə yox, dərman olmasını düşünməsini, sadəcə olaraq həmin bağlamanı əli əsalı şəxsə çatdıracağını bildirməsini inandırıcı hesab etmir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və imzası ilə təsdiq etmiş, həmçinin həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Həmçinin, barəsində həbs qətimkan tədbiri seçilən zaman belə, ona hər hansı bir təzyiqin göstərilməsi barədə məlumat verməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1.213 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti cəza təyin edilməli, cəzasının əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ilkin təmiz çəkisi 1.213 qram tədqiqatdan sonra qalıq qalmış 1.093 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), 110 (yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1.213 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.093 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-53/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-53/2023
16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver