Məhkəmə qərarları › İş №1(011)-530/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-530/2022

15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-530/2022 15.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Siyəzən rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Aydın Qaradağlı küçəsi, ev 8-də qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə saat 09:10-da “BC” kateqoriyalı AB seriyalı 561103 nömrəli sürücülük vəsiqəsi ilə yol vərəqəsi əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus texniki cəhətdən saz vəziyyətdə olan, tünd göy metallik rəngli “Toyota Prius minik” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə Xətai rayonu, C.Həsənov küçəsinin kəsişməsində olan işıqforun yaşıl işığında sola dönmə əməliyyatı edərək C.Həsənov küçəsi istiqamətində saatda təxminən 20-25 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı və yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymamalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda, qanunun tələbinə əməl etməyərək idarə etdiyi avtomobillə Bakı şəhəri, Xətai rayonu, C.Həsənov küçəsində nizamlanmayan piyada keçidi ilə hərəkətdə olduğu yolu sağdan sola doğru adi yerişlə keçən piyada 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin qabaq ön hissəsi ilə vurub ehtiyatsızlıqdan ona ağrı simptomu və hərəkət məhdudluğu ilə qeyd olunan sol körpücük sümüyünün akromiol (kürək sümüyü ilə) birləşməsinin çıxığı, sol akromial (kürək) - körpücük oynağının çıxığı, sol akromioklavikulyar (kürək - körpücük) oynağının dislokasiyası ilə qeyd olunan sol çiyin qurşağı nahiyəsində qançır, başın sol gicgah nahiyəsində şişkinli qançır, sağ baldır nahiyəsində qançır və sol qulaq seyvanı nahiyəsində sıyrığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər "xxxx" MMC-yə məxsus “Bolt” proqramına qoşulub taksi kimi fəaliyyət göstərmişdir. O "xxxx" MMC-yə məxsus “Toyota Prius” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilli idarə etmiş və şirkət tərəfindən avtomobili idarə etmək üçün ona yol vərəqəsi verilmişdir. O həmin avtomobili yol vərəqəsi əsasında, AB 561103 seriyalı, BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. 20 iyul 2022-ci il tarixdə saat 09:10 radələrində idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə Bakı şəhəri, Xətai rayonu, C.Həsənov küçəsinin kəsişməsinə çatan zaman işıqfordan sola dönmək üçün icazə verilən yaşıl işığın yandığını görüb sola dönmə əməliyyatı edərək C.Həsənov küçəsinə daxil olmaq istəmişdir. Bu zaman Bakı şəhəri, Xətai rayonu, C.Həsənov küçəsi ilə üzü Nargilə dairəsi istiqamətində piyada zolağı ilə yolu keçən sonradan anket məlumatlarının Zərərçəkmiş şəxs olmasını öyrəndiyi piyada qarşıdan sərnişin avtobusunun sürətlə gəldiyini görüb anidən geri çevrilərək idarə etdiyi avtomobilin önünə çıxmışdır. Cəlaləddini avtomobilin ön hissəsi ilə vurmuş və o, yerə çırpılmışdır. O, tez avtomobili saxlayıb yerə düşərək ona yaxınlaşmış və X5 103 xidmətinə zəng vuraraq hadisə yerinə həkim briqadası çağırmışdır. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və o polis əməkdaşlarına hadisə barədə məlumat vermişdir. Daha sonra X6 avtomobili gələrək Cəlaləddini avtomobilə qoyub xəstəxanaya aparmışdır. Dəymiş ziyanla bağlı qısa müddətdə 1500 manat ödəniş etmək istədiyini bildirsə də, zərərçəkmiş şəxs onunla razılaşmamış və bu səbəbdən barışıq əldə edə bilməmişdir. Hadisənin ehtiyatsızlıqdan baş verdiyini, törətdiyi əməli səmimi olaraq etiraf edərək peşman olduğunu, iki azyaşlı uşağının olmasını, maddi vəziyyətinin aşağı olması səbəbindən zərəçəkmiş şəxsin xəstəxana xərclərini qarşılıya bilmədiyini qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün səmimi etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, hadisə yerinin video görüntüsü və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 20 iyul 2022-ci il tarixdə saat 09:10-da yaşadığı ünvana getmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, C.Həsənov küçəsinin 8 Noyabr prospekti ilə kəsişməsində olan piyada zolağı ilə yolu sağdan sola doğru üzü “Nargilə” dairəsi istiqamətində keçmək istəmişdir. O, yolun təxminən orta hissəsində sağ tərəfə baxan zaman sərnişin avtobusunun gəldiyini görmüş və həmin avtobusun onu vuracağından ehtiyat etdiyi üçün geri dönüb qaçmaq istəmişdir. Bu zaman “8 Noyabr” prospektindən üzü C.Həsənov küçəsi istiqamətində hərəkətdə olan “Toyota Prius” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onu idarə etdiyi avtomobilin ön hissəsi ilə düz piyada zolağında vurmuşdur. Zərbənin təsirindən havaya qalxıb yerə düşmüş və nəticədə sol çiyin nahiyəsindən ciddi xəsarət almışdır. Hadisə yerinə X6 avtomobili gələrək onu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmış və orada həkimlər tərəfindən ona tibbi yardım göstərilmişdir. Onu vuraraq xəsarət yetirmiş “Toyota Prius” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və onun qohumları yaşadığı ünvana gəlib ona maddi cəhətdən köməklik edəcəklərini bildirsələr də, heç bir köməklik etməmişdirlər. Hadisə nəticəsində ümumilikdə həkim müayinələri, stasionar xərclər, dərmanlar və əməliyyat üçün 4100 manat məbləğdə ziyan dəymişdir. Ona heç bir məbləğdə ziyanın qarşılığını ödəməmişdir. Odur ki, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu nəzərə alaraq cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» Publik Hüquqi şəxsin 20 iyul 2022-ci il tarixli 2/16811 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ayıq olması müəyyən edilmişdir. İş materiallarında olan iş (vərəqi 42-43) məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 avqust 2022-ci il tarixli 8/2036 №-li rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Toyota Prius” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cti maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan (iş vərəqi 35-37) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «MTE və PA» ETT Birliyinin məhkəmə-tibbi ekspertizası üzrə 23 iyul 2022-ci il tarixli 814 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs - ağrı simptomu və hərəkət məhdudluğu ilə qeyd olunan sol körpücük sümüyünün akromiol (kurək sumuyu ilə) birləşməsinin çıxığı, sol akromial (kürək) - körpücük oynağının çıxığı, sol akromioklavikulyar (kürək - körpücük) oynağının dislokasiyası ilə qeyd olunan sol çiyin qurşağı nahiyəsində qançır, başın sol gicgah nahiyəsində şişkinli qançır, sağ baldır nahiyəsində qançır və sol qulaq seyvanı nahiyəsində sıyrıq bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənədlərdə qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan minik avtomobilinin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı “Toyota Prius» markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün AB seriyalı 561103 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi və "xxxx" MMC tərəfindən 14 iyul 2022-ci il tarixdən etibarən avtomobili 14-31 iyul 2022-ci il tarixlərdə idarə etmək üçün verilmiş № 1 yol vərəqəsi mövcuddur. İş materiallarında olan (iş vərərqi 63) Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan (iş vərərqi 59-60) 30 sentyabr 2022-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 20 iyul 2022-ci il tarixdə saat 09:10:03də tünd göy rəngli “Toyota Prius” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə hərəkət edib sola dönmə əməliyyatı edərək C.Həsənov küçəsinə daxil olması, həmin vaxt C.Həsənov küçəsi ilə piyada zolağının üzəri ilə yolu sağdan sola doğru keçən kişi cinsindən olan piyadanın sağ tərəfindən sərnişin avtobusunun gəldiyini görüb anidən dönüb geri qayıdan zaman “Toyota Prius” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin önünə çıxması, həmin avtomobilin sürücüsünün piyadanı vurması və zərbənin təsirindən piyadanın yerə çırpılması, ətrafda olan şəxslərin və polis əməkdaşlarının hadisə yerinə gəlmələri müşahidə olunmuşdur. İş materiallarında olan 28 oktyabr 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, hadisə vaxtı hadisə yerinin ətrafını fiksə edən TŞ 5-049 nömrəli videokameranın qeydə aldığı videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayətin törədilməsində vasitə olan “Toyota Prius minik” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək sahibi olan hüquqi şəxs "xxxx" MMC-də saxlanılması nəzərə alınmışdır. İş materiallarında olan 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş elektron çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində 19 mart 2011-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı və yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymamalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda, qanunun tələbinə əməl etməməsi tamamilə sübuta yetirilmişdir. Həmin qayda pozuntusu ilə baş vermiş nəticə arasında səbəbli əlaqə mövcuddur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayətləri törətməsi özünün səmimi etirafı və zərərçəkmiş şəxsin ifadəsi ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bu baxımdan Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsi və iki azyaşlı uşağının olması yüngülləşdirici hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyi təqdirdə cəzanın məqsədlərinə, yəni təqsirləndirilən şəxsin islah edilməsinə nail olmaq mümkündür. Qətimkan tədbiri ilə bağlı məsələyə gəldikdə isə məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Siyəzən rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə təqsirləndirilən şəxsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1ci maddəsinin müddəaları ilə - yəni məhkum olunub cəza çəkdiyi dövrdə belə zərərçəkmiş şəxslə barışıq əldə etdiyi təqdirdə cəza çəkməkdən azad edilmə hüququnun olması barədə məlumatlandırmalıdır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün hüquqi şəxs "xxxx" MMC-yə təhvil verilmiş “Toyota Prius minik” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra hüquqi şəxsin istifadəsinə verilmiş hesab edilməlidir. Maddi sübut hesab edilən bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Siyəzən rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Siyəzən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün hüquqi şəxs "xxxx" MMC-yə təhvil verilmiş “Toyota Prius minik” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra hüquqi şəxsin istifadəsinə verilmiş hesab edilsin. Maddi sübut kimi tanınmış bir ədəd DVD disk iş materiallarında saxlanılsın. Məhkəmə xərci ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar