Məhkəmə qərarları › İş №1(011)-534/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-534/2024

24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-534/2024 24.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1994-cü ildə Saatlı rayonu, Qarayevkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu götürülmüş, Saatlı rayonu, Orta Muğan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,658 qram psixotrop maddə melamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 17 iyun 2024-cü il tarixdə saat 14:00-da Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi 28 ünvanının qarşısında saxlanılıb ünvan 2İ-nin 37ci PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə vidcoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağız bükümündə təmiz çəkisi 0,658 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, bir ilə yaxın müddətdir psixotrop maddə melamfelamindən çəkmək yolu ilə istifadə edir. Metamfetamini tanımadığı, haqqında məlumatı olmadığı şəxslərdən alırmış. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə yaşadığı ünvana yaxın ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində ünvanı dəqiq xatırlamadığı yerdə olan zaman özünü ona Əli adı ilə təqdim edən, təxminən 35 yaşlarında, orta boylu, arıq, seyrək saçlı, üzü saqqallı, mobil telefon nömrəsini bilmədiyi şəxslə təsadüfən rastlaşıb həmsöhbət olmuş, söhbət əsnasında həmin şəxsə ara sıra psixotrop maddələrdən istifadə etdiyini bildirib, psixotrop maddə metamfetamin əldə etmək istədiyini demişdir. Həmin şəxs özü də uzun illərdir narkotik vasitə və psixotrop maddələrin alüdəçisi olduğunu bildirib, ona 20 manat qarşılığında psixotrop maddə metamfetamin tapa biləcəyini demişdir. O da həmin şəxslə razılaşaraq onun üçün metamfetamin əldə etməsindən ötrü 20 manat pul vermişdir. Həmin şəxs ona bir qədər gözləməyini deyərək, oradan uzaqlaşmışdır. Təxminən 20 dəqiqə sonra yanına qayıdıb, vermiş olduğu 20 manat qarşılığında ona bir ədəd qızılı rəngli kağız bükümdə psixotrop maddə metamfetamini vermişdir. O da həmin bükümü alaraq, cibinə qoyub oradan uzaqlaşmışdır. 17 iyun 2024-cü il tarixdə saat 13 radələrində əldə etdiyi psixotrop maddə metamfetamini istifadə etmək məqsədilə əynində olan göy rəngli idman şalvarın sağ yan cibinə qoyub yaşadığı evdən çıxmışdır. Üzərində olan psixotrop maddə metamfetamini istifadə etmək üçün gizlin yer axtararkən həmin tarixdə saat l4:00-da Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi 28 ünvanının qarşısında olduğu zaman ona mülki geyimdə polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək, onu PŞ-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə 37-ci PŞ-nə getmişdir. PŞ-də olarkən psixotrop maddə istifadəçisi olduğunu və üzərində bir büküm "patı" olduğunu bildirmişdir. Bundan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmaqla onu PŞ-nə gətirən polis əməkdaşları və onun müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı o, özü əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən içərisində metamfetamin olan həmin bir ədəd qızılı rəngli kağız bükümünü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi, içərisində psixotrop maddə metamfetamin olan bir ədəd büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 0,91 qramda olması müəyyən edilmişdir. Həmin büküm bir ədəd zərfə qoyularaq zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Psixotrop maddələrdən istifadə etsə də, heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, hər hansı bir şəxsə əvəzli, əvəzsiz verməmişdir. Polis əməkdaşları tərəfindən saxlayan zaman və polis şöbəsində olarkən ona qarşı hər hansı fiziki güc, psixi təsir tətbiq edilməmişdir. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən şöbənin rəhbərliyinə məruzə edilmişdir. Şöbə rəhbərliyinin göstərişindən sonra Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün o və Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Bundan sonra Şahid2 ilə birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 17 iyun 2024-cü il tarixdə ünvan 4 ünvanın qarşısına gəlmişlər. Saat 14:00-da orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən, piyada hərəkət edən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək, həmin şəxsdən də özünü təqdim etməsini istəmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığından Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra Xətai RPİ-nin 37-ci PŞ-nə aparıb, şəxsiyyətini yoxladıqda, həqiqətən də xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyən edilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs PŞ-nə gətirilməsi barədə PŞ-nin rəhbərliyinə yazılı raportla müraciət etmişlər. Göstərişə əsasən Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün baş təhqiqatçı, polis mayoru Kamran Əhmədova təhvil vermişlər. Təqsirləndirilən şəxs özünün müdafiəçi tutmağa maddi imkanı olmadığını bildirdiyindən dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs vəkillə təklikdə görüşdükdən sonra həmin vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra həmin vəkilin iştirakı ilə baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələrini izah edilmişdir. Daha sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş maddə, sənəd və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümdə nə olması Təqsirləndirilən şəxs soruşulduqda təqdim etdiyi həmin bükümdə psixotrop maddə "patı", "daş" olduğunu bildirmişdir. Həmin qızılı rəngli kağız bükülü açıldıqda içərisindən ağ rəngli, kristalşəkilli kütlə aşkar edilmişdir. Həmin bükümdə olan maddə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə kütlənin çəkisi qablaşdırma ilə birlikdə 0.91 qram olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetatnini xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Keşlə qəsəbəsində anket məlumatlarını bilmədiyi "Əli" adlı şəxsdən 20 manat müqabilində aldığını və özü istifadə etmək üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində ağ rəngli maddə olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, protokolun doğruluğu iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, 37-ci PŞ-nə gətirilərkən və üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid Xətai RPİ-nin 37-ci PB-nin sahə inspektoru, polis leytenantı Şahid2 ifadəsi Şahid1 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 18 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; (i.v.1) - şübhəli şəxsin tutulması haqqında 17 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2024-cü il tarixdə saat 14:00 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v.20) - şəxsi axtarış və götürmə aparılması haqqında 17 iyun 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bir ədəd siqaretin qızılı kağızına bükülmüş bükümün içərisində nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik maddə olan patı adı ilə bildiyi "metafetamin" olmasını bildirmişdir. Həmin siqaretinin qızılı kağızına bükülmüş bükülü açıldıqda içərisində ağ rəng kristalşəkilli kütlə aşkar olunmuşdur. Həmin ağ rəng kristalşəkilli kütlənin təhqiqatçı tərəfindən elektron tərəzidə çəkisi çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 0,91 qramdır. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2024-ci il tarixdə Bakı şəhəri, Keşlə qəsəbəsinin yaxınlığında adını Əli kimi bildiyi lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata alıb üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir; (i.v.31-32) - istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə olunmuşdur; (i.v.33) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/3285 nömrəli 17 iyun 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ ... (imza) Təqsirləndirilən şəxs ...” sözləri olan olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.658 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi – 0,658 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,608 qram; (i.v.41-45) - DVD diskə baxış keçirilməsi barədə 18 iyun 2024-cü il tarixli protokoldan və məhkəmə iclasında disk üzrə videoyazı məlumatlarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, şəxsi axtarış və götürmə Xətai RPİ-nin 37-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Kamran Əhmədov tərəfindən keçirilir. Axtarış Təqsirləndirilən şəxs müdafiəçisi X4, Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 iştirakları ilə aparılır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs barəsində axtarış və götürmə aparılmasından əvvəl onun paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü surətdə əynindəki göy rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümü təqdim etdi. Həmin bükümdə nə olması Təqsirləndirilən şəxs soruşulduqda o, həmin kütlənin psixotrop maddə "patı", "daş” olduğunu bildirdi. Həmin qızılı rəngli kağıza bükülmüş bükülü açıldıqda içərisində ağ rəngli, kristalşəkilli kütlə aşkar edildi. Həmin bükümdə olan maddə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildi və məlum oldu ki, kütlənin çəkisi qablaşdırma ilə birlikdə 0,91 qramdır. Təqsirləndirilən şəxs bildirdi ki, həmin psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Keşlə qəsəbəsində anket məlumatlarını bilmədiyi “Əli" adlı şəxsdən 20 AZN müqabilində almış və özü istifadə etmək üçün üzərində daşımışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qablaşdırılıb möhürlənərək götürülmüş və iştirakçıların imzaları ilə təsdiq olundu; (i.v.53) - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur; (i.v.60-61) - 19 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxsin keçirilməsi barədə qərardan görünür ki, Xətai RPİ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs Xətai rayon prokurorluğuna və Xətai rayon məhkəməsinə keçirilməsi qərara alınmışdır; (i.v.80) - vəsatətin müdafiəsindən imtina edilməsi haqqında 19 iyun 2024-cü il tarixli qərardan görünür ki, Xətai RPİ-nin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPÍ- nin İŞ-nin baş müstəntiqi Həmid Ağayevin 19 iyun 2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və o, saxlanıldığı Xətai RPİ-nin MSY-dən dərhal azad olunmuşdur; (i.v.82-83) - qətimkan tədbirinin seçilməsi haqqında 19 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs xx.xx.1994-cü ildə Saatlı rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Saatlı rayonu, Orta Muğan kəndində qeydiyyatda olan və ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir; (i.v.84-85) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 iyul 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs, xx.xx.2020-ci il tarixdə Beyləqan rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya" Qərarının 2.5 bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilib və məhkumluğu üzərindən götürülmüşdür. Buna görə də Təqsirləndirilən şəxs məhkumluğu götürülmüş hesab edilmişdir; (i.v.93-94) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 tərəfindən verilmiş 16 iyul 2024-cü il tarixli 1/2662 №-li məktubdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün 2 nömrəli X1 müraciət etməmişdir; (i.v.97) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X9 tərəfindən verilmiş 15 iyul 2024-cü il tarixli 3801 №-li məktubdan görünür ki, ünvan 6 ünvanında yaşayan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı Şəhər Narkoloji Mərkəzində qeydiyyatda yoxdur; (i.v.98) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 tərəfindən verilmiş 22 iyul 2024-cü il tarixli 9058 №-li məktubdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü, Saatlı rayonu, Orta Muğan kəndində qeydiyyatda olan və ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb; (i.v.100) - Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1(008)-48/2020 saylı, 28 yanvar 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq alınan 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin olunmuş cəzadan çıxılmış və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəzanın icrası Saatlı rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Cəzasının əvvəli məhkumun Saatlı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə Saatlı rayonu Qarayevkənd kəndindəki yaşayış yerini hər gün saat 24-00-dən 06-00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Saatlı rayonunun hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulması hökm edilmişdir; (i.v.112-117) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 22 avqust 2024-cü il tarixli 5781 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı RUŞANOV QARYAĞDİ HABİL oğlunda Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; (i.v.118-119) - 02 sentyabr 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi olduğundan onun xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi barədə qərara əlavə və dəyişiklik edilməsi üçün əsas ola biləcək yeni bir hal müəyyən edilmədiyindən həmin qərar və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilən qayda ilə təqsirlənsirilən şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasın olmaması nəzərə alınmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 17 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3285 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 5781 nömrəli rəyi üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin təmiz çəkisi eskpert rəyinə uyğun olaraq 0,658 qram hesab edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin təmiz çəkisi 0,658 qram maddi sübut kimi tanınmış və qalıq qalmış 0,608 qram metamfetamin saxlanması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. (i.v.121-126) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,658 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 17-19 iyun 2024-cü il tarixlərdə həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 24 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,608 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 23 (iyirmi üç) iş saatına görə 138 (yüz otuz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə 02 (iki) gün həbsdə saxlama müddəti 02 (iki) gün azadlıqdan məhrum etmə cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 24 dekabr 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, digər iş üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,608 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 23 (iyirmi üç) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 138 (yüz otuz səkkiz) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar