Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-535/2024 21.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs etibarından suiistifadə etmə və aldatma yolu ilə aldadaraq ona satdığı «Toyota» markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək adı ilə «Həci» adlı şəxs vasitəsi ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində ondan alaraq naməlum istiqamətdə aparmaqla Zərərçəkmiş şəxs adına verilmiş etibarnaməni ləğv etdirib avtomobili geri qaytarmadan Zərərçəkmiş şəxs 4500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununlada o, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı X5 yazılı vəsatət verərək məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, həmçinin ibtidai istintaqı aparan müstəntiq barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, həmin cinayət işi Bakı şəhəri Xəzər RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Neman Şirinov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə başlanılmış, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə ittiham elan olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınaraq bu iş üzrə barəsində qətimkan tədbiri seçilməmişdir. İbtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihama əsasən Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs etibarından suiistifadə etmə və aldatma yolu ilə aldadaraq ona satdığı «Toyota» markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək adı ilə «Həci» adlı şəxs vasitəsi ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində ondan alaraq naməlum istiqamətdə aparmaqla Zərərçəkmiş şəxs adına verilmiş etibarnaməni ləğv etdirib avtomobili geri qaytarmadan Zərərçəkmiş şəxs 4500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə tərtib olunmuş ittiham aktı Bakı şəhəri Xəzər rayon prokuroru vəzifəsini icra etmiş Zaur Ağakişiyev tərəfindən təsdiq edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsində keçirilmiş məhkəmə baxışları zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs tərəfindən “Toyota” markalı, 77-BJ- 539 dövlət qeydiyyat nişanlı avtomobilin əldə edilməsi barədə danışıqlar və həmin avtomobilə görə pulun verilməsi Bakı şəhəri, Xətai rayonunun ərazisində yerləşən “Həzi Aslanov” adına metrostansiyanın yaxınlığında yerləşən Təqsirləndirilən şəxs işlədiyi ofisdə həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyat üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi həmin cinayət işinin baxılmasını hazırlıq mərhələsindən başladığından hesab edir ki, cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs dələduzluq cinayətini törətdiyi yer düzgün müəyyən olunmamış, Xəzər Rayon Məhkəməsində keçirilmiş məhkəmə istintaqında isə müəyyən olunmuşdur ki, həmin cinayət Xəzər RPİ-nin fəaliyyət dairəsinin hüdudlarından kənar ərazidə, yəni Bakı şəhəri, Xətai rayonu ərazisində törədilmişdir. Belə olan halda Xəzər RPİ-nin müstəntiqi Nemən Şirinovun ibtidai araşdırmanı aparmaq üçün lazımi səlahiyyətlərə malik olmamışdır. Göründüyü kimi, Xəzər RPİ-nin müstəntiqi Nemən Şirinov ibtidai araşdırmanı aparmaq üçün lazımi səlahiyyətlərə malik olmamış, məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması müəyyən olunmuşdur. Bununla yanaşı hazırkı cinayət işi üzrə ittiham aktı müvafiq hissələrdə Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, verilmiş ittihamda cinayətin törədilmə yeri Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi kimi, törədilmə vaxtı isə 14 sentyabr 2022-ci il tarix göstərilmişdir. Lakin Bakı şəhəri Xəzər Rayon Məhkəməsində isə təqsirləndirilən şəxsin özgə əmlakının ələ keçirmə niyyətinin əvvəlcədən, yəni 4500 manat pulu aldığı andan yarandığı və həmin avtomobilə görə zərərçəkmiş şəxs tərəfindən pulun verilməsi isə Bakı şəhəri, Xətai rayonunun ərazisində baş verdiyi müəyyən olunmuşdur ki, bu da cinayətin törədilmə vaxtı və yerinin dəyişməsi ilə nəticələnən təqsirləndirilən şəxsə yeni məzmunda ittiham irəli sürülməsi zərurətini yaradır. Bununla bağlı qeyd edilməlidir ki, ittiham aktında qeyd edilən ittihamın mahiyyəti, onu müdafiə etməsi və cinayət təqibini davam etdirə bilməsi üçün işdə iştirak edən dövlət ittihamçısına məlum olmalıdır. Qanunla həmin hallar məhkəmə iclasına qədər aradan qaldırılmadığı təqdirdə, məhkəmə iclasında dövlət ittihamçısına ittihamın mahiyyətini əks etdirən zəruri tərkib elementləri ilə bağlı yeni halları araşdırıb müəyyən edərək ittihama daxil etmək, ona düzəlişlər etmək səlahiyyəti verilməmişdir. Məhz bu səbəbdən, ittiham aktı göstərilənlərlə əlaqədar CPM-in 289-cu maddəsinə uyğun tərtib edilmədikdə, qanun yalnız Azərbaycan Respublikası CPM-nin 303-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməli olmasını müəyyən etmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməli, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Neman Şirinov barəsində xüsusi qərar çıxarılaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməlidir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 hər biri ayrı-ayrılıqda dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətlə razılaşaraq cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclası zamanı Zərərçəkmiş şəxs dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətə baxılması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cinayət işinin materiallarında olan cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 29 dekabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaq aparılması üçün Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Neman Şirinov tərəfindən icraata qəbul edilmişdir (i.v. 1); zərərçəkmiş şəxs qismində tanınma haqqında 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 21); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-348/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun şübhəli şəxs kimi saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 19 iyul 2023-cü il tarixdən hesablanması hökm edilmişdir (i.v. 71-85); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, zərərçəkmiş şəxsin və şahidin ifadəsi ifadəsi, üzləşdirmə protokolu sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir (i.v. 94- 96); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 104-105); qətimkan tədbirinin nəzərə alınması haqqında 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəzərə alınmışdır (i.v. 112); Bakı şəhəri Xəzər rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ittiham aktı ilə birlikdə Azərbaycan Respublikası CPM-nin 292.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmiş və 05 fevral 2024-cü il tarixdə icraata daxil olmuşdur (i.v. 127- 128); Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-357/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-535/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsindən daxil olmuş cinayət işi ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi məqsədi ilə 1(011)-535/2024 saylı cinayət işi Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2310/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 74.4-cü maddəsinə əsasən cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. 213.4-cü maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatı istintaq aidiyyəti qaydasında almış təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində bu Məcəllənin 207, 209 və 210-cu maddələrində nəzərdə tutulmuş tədbirlər görməlidir. 216.1-ci maddəsinə əsasən ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə (inzibati ərazi vahidi üzrə) aparılır. 216.2-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraatın hərtərəfli, tam, obyektiv və vaxtında aparılmasını təmin etmək məqsədi ilə ibtidai araşdırma Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində həmçinin Naxçıvan Muxtar Respublikası prokurorunun qərarı əsasında cinayətin aşkar olunduğu, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə şahidlərin əksəriyyətinin olduğu yer üzrə də aparıla bilər. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsindən daxil olmuş ********* saylı cinayət işinin materialları araşdırılarkən müəyyən olmuşdur ki, Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Neman Şirinov tərəfindən başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmış ********* saylı cinayət işinin məhkəməyədək icraatı zamanı cinayət prosessual qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasına yol verilmişdir. Belə ki, Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Neman Şirinov tərəfindən 30 yanvar 2024-cü il tarixdə tərtib edilmiş və Bakı şəhəri Xəzər rayon prokuroru vəzifəsini icra edən ədliyyə müşaviri Zaur Ağakişiyev tərəfindən 31 yanvar 2024-cü il tarixdə təsdiq edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs etibarından suiistifadə etmə və aldatma yolu ilə aldadaraq ona satdığı «Toyota» markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək adı ilə «Həci» adlı şəxs vasitəsi ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində ondan alaraq naməlum istiqamətdə aparmaqla Zərərçəkmiş şəxs adına verilmiş etibarnaməni ləğv etdirib avtomobili geri qaytarmadan Zərərçəkmiş şəxs 4500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ittiham aktından və cinayət işinin materiallarından məlum olduğu kimi hazırkı cinayət işi üzrə ittihamda istinad edilən dələduzluq əməlinin predmeti olan 4500 manat məbləğində pul vəsaiti 30 avqust 2022-ci il tarixdə zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun «Həzi Aslanov» stansiyasının yaxınlığında yerləşən ofisdə təqsirləndirilən şəxsə verildiyindən və bununla da təqsirləndirilən şəxsin həmin pul vəsaitinə sərəncam vermək imkanı yarandığından, cinayət əməlinin törədildiyi tarix xx.xx.2022-ci il və törədildiyi yer isə Bakı şəhəri, Xətai rayonunun ərazisi hesab edilməlidir. Yuxarıda qeyd olunan ittiham aktının məzmunundan və cinayət işinin materiallarından məlum olduğu kimi Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun «Həzi Aslanov» stansiyasının yaxınlığında yerləşən ofisdə törədilməsinə baxmayaraq ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə aparılmamış, müstəntiq tərəfindən cinayət işi ibtidai istintaqın aparılması üçün istintaq aidiyyəti üzrə Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilməmiş və cinayət prosessual qanunvericiliyinin müddəaları pozulmaqla aparılmış məhkəməyədək icraatın nəticəsində tərtib edilmiş ittiham aktı ilə birlikdə cinayət işi məhkəməyə göndərilmişdir. Həmçinin, məhkəmə nəzərə çatdırmalıdır ki, ibtidai araşdırma Azərbaycan Respublikası Baş prokurorunun qərarı əsasında cinayətin aşkar olunduğu, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə şahidlərin əksəriyyətinin olduğu yer üzrə də aparıla bilərdi, lakin cinayət işinin materiallarında ibtidai araşdırmanın məhz Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən aparılmasına dair Azərbaycan Respublikası Baş prokurorunun qərarına rast gəlinməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən Məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.3-cü maddəsinə əsasən məhkəməyədək icraatın etiraz edilməli və ya özüözünə etiraz etməli olan şəxs tərəfindən aparılması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə dövlət ittihamçısı tərəfindən verilmiş vəsatəti, proses iştirakçılarını dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.3-cü maddəsində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən dövlət ittihamçısının vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroruna qaytarılmalı, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 348/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və halhazırda cəzasını çəkməsi nəzərə alınmalıdır. Bundan başqa məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 300, 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-348/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və hal-hazırda cəzasını çəkməsi nəzərə alınsın. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-535/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-535/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver