Məhkəmə qərarları › İş №1(011)-536/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-536/2022

13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-536/2022 13.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1977-ci ildə Dəvəçi rayonu Göl-Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmuş və ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,613 qram psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 31 avqust 2022-ci il tarixdə saat 12:00 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi ev 9 ünvanın qarşısında saxlanılıb ünvan 2n 36-cı PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş təmiz çəkisi 0,613 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini qeyd edərək göstərmişdir ki, iki ildir ağrıları olduğundan psixotrop maddə metamfetamindən istifadə edir. 31 avqust 2022-ci il tarixdə səhər saatlarında psixotrop maddə əldə etmək üçün evdən çıxaraq piyada Bakı Metropolitenin “Həzi Aslanov” stansiyası yaxınlığına gəlmişdir. Orada üzdən tanıdığı şəxsi görmüş və ondan ağrıları olduğu üçün metamfetamin istəmişdir. Həmin şəxs onu kənara çəkib ondan 20 manat aldıqdan sonra cibindən bir ədəd siqaret kağızı çıxarıb ona vermişdir. Bükümü açıb içərisinə baxmış və içərisində metamfetamin olmasını görmüşdür. Metamfetamini cibinə qoymuşdur. Həmin günü saat 12:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ Şossesi ilə piyada hərəkət olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşlarına özünü təqdim etdikdən sonra, polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib onu 36-cı PB-nə dəvət etmişlər. Polis bölməsində vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunmuş, sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Ona üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bundan sonra əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siaretin qırmızı rəngli kağızına bükülmüş içərisində psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin maddənin nə olması və haradan əldə etməyi barədə sual verilmiş, o da bildirmişdir ki, həmin maddə psixotrop maddə metamfetamindir, metamfetamini xx.xx.2022-ci il tarixdə Bakı Metropolitenin “Həzi Aslanov” stansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır. Üzərindən aşkar edilmiş maddə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar imza etmişlər. Daha sonra son sözündə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ailəli olmasını, xəstə olmasını, ilk dəfə cinayət törətməsini qeyd edrək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, 31 avqust 2022-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddənin qəbulu və üzərində daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən Polis bölməsinə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə etmiş, rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq edildikdən sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun üzvü o, rəhbəri isə polis mayoru Şahid1 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmış, keçirilmiş ilkin əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi ev 9 ünvanının qarşısı və ətraf ərazilər onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüş, 31 avqust 2022-ci il tarixdə saat 12:00 dəqiqədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi ev 9 ünvanının qarşısı ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Təqsirləndirilən şəxs üstünə baxış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş maddəni masanın üzərinə qoyaraq içərisində psixotrop maddə metamfetamin olduğunu və Bakı Metropolitenin “Həzi Aslanov” stansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Aşkar edilmiş büküm Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 151 saylı möhürü ilə möhürlənərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və o da həmin protokolla tanış olaraq iştirakçılarla birgə imza etmişdir. Mahir Novruzun üzərində şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir zor və ya təziq göstərilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq şahid polis mayoru Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi Şahid2 və təqsirləndirilən şəxsin ifadələrinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 31 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş, içərisində ağ rəngli, spesifik qoxuya malik, psixotrop maddə olan metamfetaminə bənzər olan bükümü çıxardaraq təqdim edib bükümün içərisindəki maddənin “patı” deyilən metamfetamin olmasını, həmin psixotrop maddəni “Həzi Aslanov” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən almasını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə, qırmızı rəngli siqaret kağızına bükülmüş, ağ rəngli, kristal şəkilli maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı Qabil Hüseynov tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 151 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan maddi sübuta (DVD disk, iş vərəqi 114) baxış keçirilməsinə dair protokoldan məlum olur ki, diskin içərisində 01 ədəd “mp4” formatlı video görüntü mövcuddur. Görüntüdə Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı, polis mayoru Qabil Hüseynov özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs anket məlumatları barədə suallar ünvanlayaraq ondan bu suallara müvafiq cavablar alır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq ona CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah oldunduğunu bildirir və təkrar olaraq hüquq və vəzifələrini izah edilir. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş, içərisində ağ rəngli kristal şəkilli maddəni təqdim edərək masanın üzərinə qoyur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim olunan kütlə zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 151 saylı möhürü ilə möhürlənmişdir. 01 ədəd DVD disk maddi sübut əhəmiyyətinə malik olduğundan cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 sentyabr 2022-ci il tarixli, 6/4674 nömrəli rəydən görünür ki, üzərində AR DİN “Zərflər üçün № 151” möhür əksi, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,613 qram ağ rəgli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (Tədqiqatdan sonra qalıq 0.563 qram). Metamfetamin 2005-ci il 08 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan (iş vərəqi 73) 09 sentyabr 2022-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq 0.563 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınaraq saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanma anbarına təhvil verilmişdir. İş materiallarında olan 02 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılan zaman video çəkilişi əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 X1 X2 Komissiyasının 15 oktyabr 2022-ci il tarixli, 6081 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu edilməsi nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. İş materiallarında olan (iş vərəqi 22) şübhəli şəxsin tutulması haqqında 31 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan (iş vərəqi 67-69) Xətai rayon prokuroru vəzifəsini icra edən Şükran Məmmədov tərəfindən qəbul edilmiş 01 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlandığı MSY-dən azad edilmişdir. İş materiallarında olan 01 sentyabr 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 15 oktyabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan məlum olur ki, 15 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulmuşdur. İş materiallarında olan (iş vərəqi 109-113) 15 oktyabr 2022-ci il il tarixli Xətai Rayon Məhkəməsənin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 15 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan (iş vərəqi 79) Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1 maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 07 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2017-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlamaqla daşımağı cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etməmişdir. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyil, bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci il tarixdən məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir və həmin tarixdən həbsdədir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı, şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi-X2nın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.563 qram psixotrop maddə olan metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 110 (yüz on) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından 02 (iki) gün çıxılmaqla onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına maddi sübut kimi təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.563 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar