Məhkəmə qərarları › İş №1(011)-537/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-537/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-537/2022 30.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət verən - X12, xüsusi ittiham qaydasında barəsində şikayət verilən - X7, müdafiəçisi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X17, xüsusi ittiham qaydasında barəsində şikayət verilən X4 müdafiəçi - “Yusif Allahverdiyev və partnoyları” Vəkil Bürosunun vəkili X10 iştirakı ilə, xüsusi ittiham qaydasında X5 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: X12 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, X7 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə müvafiq məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. X12 şikayətini onunla əsaslandırmışdır ki, o, el adət-ənənəsi ilə X7 ilə ailə həyatı qurmuş və rəsmi qaydada nikaha daxil olmuşdur. Ailə daxili münasibətlərin çox gərgin olması səbəbindən, Nurlan Məhərrəmov ilə 2016-cı ildən bir yerdə yaşamırlar və aralarında olan nikah formal xarakter daşıyır. Nurlan Məhərrəmovun onun bacısı qızına etdiyi nəlayiq cinsi zorakılıq hərəkətlərinin araşdırılması üçün aidiyyəti üzrə polis orqanına şikayət etdiyi üçün, Xətai Rayon Polis İdarəsində bununla əlaqədar araşdırma aparılır. Hazırda o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə nikahın pozulması tələbi ilə müraciət etmişdir. Onun həyat yoldaşı Nurlan Məhərrəmov və qaynı Ramil Məhərrəmov onun istifadəsində olan mobil telefonundan şəxsi yazışmalarını, fotoşəkillərini ondan icazəsiz əldə etməklə və Nurlanın onunla cinsi əlaqədə olarkən, onun xəbəri olmadan gizli çəkilmiş fotoşəkilləri hər yerə yayıblar və onun əxlaqsızlıqla məşğul olduğunu hər kəsi inandırmağa çalışıblar. Hətta onun karyerasına xələl gətirmək üçün, əməkdaşı olduğu Azərbaycan Respublikası Təhsil Nazirliyinə belə göndərəcəyinə dair fikirlər səsləndirmişlər. 12 iyun 2022-ci il tarixində o, cinayət işinin gedişatı ilə əlaqədar, işi araşdıran Bakı şəhəri Xətai RPİ- nin əməkdaşı İlahi Heydərovun qəbuluna getmişdir. Söhbət zamanı İlahi Heydərov onun əxlaqsız formada çəkilmiş fotoşəkillərini təqdim edərək, həmin foroşəkillərin keçmiş həyat yoldaşı X6 və onun qardaşı X11 tərəfindən əldə edilərək, Bakı şəhəri Xətai RPİ-nə gətirilib yayıldığını bildirmişdir. İlahi Heydərovun dediyinə görə, X7 və onun qardaşı X11 polis orqanına gələrək, onun əxlaqsızlıqla məşğul olduğunu və sübut kimi onun lüt formada çəkilmiş, ədəbsiz şəkillərini vermişdilər. Həmin fotoşəkilləri verərkən belə təklif irəli sürüblər ki, “Nazlı Məhərrəmova əgər bütün bu şəkillərin yayılmağını istəmirsə, Məhərrəmov Nurlanın cinayət məsuliyyətinə cəlb olunması üçün Xətai Rayon Prokurorluğuna yazdığı ərizəni geri götürsün”. O da, əhəmiyyət verməyərək, fikirləşmişdir ki, şəxsi toxunulmazlıq var, icazəsiz şəxsi məlumatları toplamaq, saxlamaq, istifadə etmək və yaymaq cinayətdir, buna cürət etməzlər. Həmin gündən sonra ona Nurlan Məhərrəmov və ailəsi gecə-gündüz bilmədən, yazdığı ərizəni geri götürməsi üçün ona davamlı şəkildə zəng edərək və davamlı olaraq hədə-qorxu gələrək, “əlim-qolum uzundur” deyərək, “səni hər yerdə rusvay edəcəyik” dedilər və etdilər. Bu azmış kimi qaynı X11 da, həmin vaxt dəfələrlə onunla telefon əlaqəsi saxlayaraq, “şikayət verməməyini, verərsə onun üçün pis olacağını” bildirməklə, onu təhdid etmişdir. Qaynı davamlı olaraq onunla görüşməyini tələb etmişdir. Lakin, o, qorxduğu üçün görüşməmişdir. O, hədə-qorxu dolu zənglər barədə əvvəlcə DİN-nin 102 qaynar xəttinə, daha sonra isə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin, həmin şöbənin xx.xx.2022-ci il tarixli məktubu ilə müraciətində qeyd etdiyi hədə-qorxu faktının öz təsdiqini tapmadığı, gələcəkdə neqativ halların baş verməməsi məqsədi ilə tərəflərlə profilaktik söhbətlərin aparıldığı bildirilmişdir. Bununla bağlı bildirir ki, qaynı Ramil polis şöbəsində belə halın mövcud olmamasına dair yalan izahat vermişdir. Lakin, onun telefonunda Nurlanın valideynlərinin zəngləri bu halı təsdiq edir. Bu zəngləri açdıqda, o, yalnız hədələr eşitmişdir. X7 və X11 onun konstitusion hüquqlarını pozaraq, həmin məlumatları onun valideynlərinə vermişdir. Belə ki, anasını və bacılarını öz evlərinə dəvət edib, fotoşəkilləri onlara da veriblər. O, yenə də əhəmiyyət verməmişdir. Daha sonra onlar anası X2 ilə birlikdə onun atasının evinə gedərək, onu təhqir etmişlər və hədə- qorxu gəlmişlər. Bununla bağlı, DİN-nin 102 qaynar xəttinə və 35-ci Polis Bölməsinə yazılı şikayət ərizəsi vermişdir. Lakin, xx.xx.2022-ci il tarixli məktub ilə müraciətində qeyd etdiyi faktların yetərli dəlillər göstərməyinə baxmayaraq, yenə də öz təsdiqini tapmadığı qeyd olunmuşdur. Polis idarələri bunların öhdəsindən gələ bilməmişdir. Bundan istifadə edən Məhərrəmov qardaşları daha da irəli getdilər. Belə ki, onun yaxın və uzaq qohumlarına fotoşəkillərini yaymışlar. O, bütün şəkilləri onlardan toplayır. Bütün bu şəkillərin yayılmağına səbəb olan Nurlan və Ramildir. Bu azmış kimi, Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Həsənbəy Şərifova da həmin rüsvayedici fotoları disk şəklində vermişdirlər. Həsənbəy də vəzifə səlahiyyətindən sui-istifadə edərək, Nurlanın cinayətinə aid olmayan, ona aid rüsvayedici fotoşəkilləri qanunsuz olaraq qəbul edib, saxlayıb və onu rüsvay etmək məqsədilə bacısı Xəyalə Qəhrəmanovaya vermişdir ki, “gedin diskə ailəlikcə baxın”. Xəyalə isə həmin diski evə gətirərək, bütün ailə üzvləri ilə birlikdə baxmışlar. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, hazırda orta məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsində çalışır, cəmiyyət arasında hörməti və öz çəkisi var. Keçmiş həyat yoldaşı X7 və onun qardaşı X8 tərəfindən pornoqrafiq xarakterli şəkillərini əldə edib yayması ilə, özünü mənəvi cəhətdən təhqir edilmiş sayır. Belə ki, onların bu hərəkəti ilə işgüzar nüfuzuna xələl vurularaq, cəmiyyət içərisində hörmətdən salınmışdır. Bu səbəbdən keçmiş həyat yoldaşı X3, onun qardaşı X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün bütün əsasların olduğunu hesab edir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən X12 şikayəti müdafiə edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X7, müdafiəçisi X17 və xüsusi ittiham qaydasında barəsində şikayət verilən X4 müdafiəçi X14 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi, qanunvericilikdə təhqir xarakterli məlumatların mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirildiyi halda yayıla bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Eyni zamanda, təhqir xarakterli məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olduğu təqdirdə, şəxsin təhqirə görə cinayət məsuliyyətinə cəlb edilə bilməsinin mümkünlüyü göstərilmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən X5 izahatından müəyyən olunur ki, xüsusi ittiham qaydasında barələrində şikayət verilən X7 və X1 Məhərrəmovanın şərəf və ləyaqətini alçaldan hər hansı bir məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymamışlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X7 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə xüsusi ittiham qaydasında X12 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X7 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə xüsusi ittiham qaydasında X12 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar