Məhkəmə qərarları › İş №1(011)-537/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-537/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-537/2024 23.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləyəmən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2əsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,299 qram psixotrop maddə metamfetamin əldə edib saxlamaqla daşımış, 25 iyun 2024-cü il tarixdə saat 17:00-da Bakı şəhəri, Xətai rayonu, M.Davud küçəsi 11 ünvanında Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb Bakı şəhəri Xətai rayonu, M.Mehdizadə 69 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək inzibati binada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə keçirilərkən əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,299 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış pşixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, bir il olar ki, psixotrop maddə və narkotik vasitələrdən mütəmadi olaraq istifadə edir. Əvvəllər məhkum olunmuşdur. 24 iyun 2024-cü il tarixdə səhər saatlarında bədənində ağrılar olduğu üçün şəxsi istifadəsi üçün psixotrop maddə almaq məqsədi ilə NZS qəsəbəsində üzdən tanıdığı anket məlumatlarını bilmədiyi Əli adlı şəxsdən 20 manat pul müqabilində az miqdarda psixotrop maddə metamfetamin alaraq istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 25 iyun 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı ünvanın yaxınlığında olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə Xəlai RPİ-nin 37-ci PŞ-nə məlumat daxil olduğunu bildirərək onu saxlamışlar. Polis əməkdaşları onu Xətai RPİ-nin 37-ci PŞ-ə gətirmişlər. Polis şöbəsində hüquq və vəzifələri ona izah olunmuş, ona müdafiəçi seçmək üçün vəkillərin siyahısı təqdim edilmişdir. O sərbəst olaraq hüquqlarının vəkil tərəfindən müdafiə olunmasını istəmişdir. Daha sonra üzərində müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o əynindəki qəhvəyi rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Ondan həmin 1 ədəd bükümdə nə olması soruşulduqda, o həmin bükümdəki kütlənin psixotrop maddə metamfeatamin olmasını bildirmişdir. Həmin büküm açıldıqda, içərisindən krsital şəkilli maddə aşkar edilmişdir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 0,42 qramdır. Eyni zamanda ondan həmin psixotrop maddəni haradan və kimdən almağını soruşanda, o həmin maddəni özü qəbul etmək üçün 24 iyun 2024-cü il tarixdə Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsində üzdən tanıdığı anket məlumatlarını bilmədiyi Əli adlı şəxsdən 20 manat pul müqabilində aldığını və üzərində saxladığını bildirmişdir. Sonra isə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhür ilə möhürlənərək götürülmüşdür. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 25 iyun 2024-cü il tarixdə ünvan 7 Qurban adlı şəxsin narkotik vasitə əldə etməsi, daşıması və istifadəsi barədə Xətai RPİ-nin 37-ci PŞ-nə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat şöbə rəhbərliyinə məruzə olunmuş və Qurban adlı şəxsin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Təşkil edilmiş əməliyyat qrupunun tərkibinə o və PŞ-nın əməliyyat müvəkkili polis leytenantı Şahid1 daxil edilmişdir. Onlar Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasından çıxıb Bakı şəhəri, Xətai rayonu, M.Davud küçəsi ünvanına yollanmışdırlar. Orada müşahidə mövqeyi tutaraq bir qədər gözlədikdən sonra saat 17:00-da həmin ünvanda zahiri görünüşünə görə Qurban adlı şəxsə bənzəyən şəxsin gəldiyini görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Xətai RPİ-nin 37-ci PŞ-nə məlumat daxil olduğunu bildirmişlər. Həmin məlumatın yoxlanılması üçün Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxsrazılaşaraq onlarla birlikdə Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gəlmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edildikdən sonra üzərinə təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Bundan sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddəni çıxardaraq təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümdə narkotik maddə olan patı adı ilə bildiyi «metamfetamin» olmasını, həmin narkotik vasitəni 24 iyun 2024-cü il tarixdə Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsində Əli kimi bildiyi lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul müqabilində aldığını və üzərində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə elektron tərəzi ilə çəkilərkən çəkisinin 0,42 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılmış, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsi Şahid2 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlamaq və icraata qəbul etmək barədə 26 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, icraata götürülmüş və istintaqı aparılmışdır; (i.v.1) - Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin 25 iyun 2024-cü il tarixli əməliyyat qrupunun yaradılması barədə əmrindən görünür ki, xx.xx.1991-cı ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, ünvan 6 ünvanda qeydiyyatda olmaqla ünvan 7 Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddələr, əldə etməsi, saxlaması, istifadə etməsi və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Xətai RPİ-nin 37-ci PŞ-nın əməkdaşlarından ibarət aşağıdakı tərkibdə əməliyyat qrupu yaradılmışdır: qrupun rəhbəri: Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞ-nın CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2; qrupun üzvləri: Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞ-nın CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 olmuşdur; (i.v.7) - şübhəli şəxsin tutulması haqqında 25 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2024-cü il tarixdə saat 17:00 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v.22) - şəxsi axtarış və götürmə aparılması haqqında 25 iyun 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü çıxararaq təqdim etdi. Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf selofana bükülmüş bükümün içərisində nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik maddə olan patı adı ilə bildiyi "metafetamin" olmasını bildirdi. Həmin şəffaf selofana bükülmüş bükülü açıldıqda içərisində ağ rəng kristalşəkilli kütlə aşkar olundu. Həmin ağ rəng kristalşəkilli kütlənin təhqiqatçı tərəfindən elektron tərəzidə çəkisi çəkildi və məlum oldu ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 0,42 qramdır. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində adını Əli kimi bildiyi lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata alıb üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi; (i.v.34-35) - istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə olunmuşdur; (i.v.36) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16/16/2-6/3373 nömrəli 26 iyun 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №153"- li dairəvi möhür əksi "Təqsirləndirilən şəxs (imza) " yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,299 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Heroinin təmiz çəkisi - 0,299 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,249 qram; (i.v.45-49) - təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir; (i.v.58-59) - 27 iyun 2024-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasında təhqiqatçı polis mayoru X1 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X3, Xətai RPİ-nin 37-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddəni çıxardaraq təqdim edir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümdə narkotik maddə olan patı adı ilə bildiyi «metamfetamin» olmasını, həmin narkotik vasitəni 24 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində Əli kimi bildiyi lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul müqabilində aldığını və üzərində saxlamasını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə elektron tərəzi ilə çəkilərkən çəkisinin 0,42 qram olması müəyyən edilir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılır, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanır; (i.v.72) - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 27 iyun 2024-cü il tarixli prokurorun qərarından görünür ki, Xətai RPİ-nin istintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞ-nin müstəntiqi Taleh Baxişevin 27 iyun 2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir; (i.v.76-77) - qətimkan tədbiri seçmək barədə 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; (i.v.78-79) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 15 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Hacıyev X2 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 01 il aylıq qazancının 15 faizi tutulmaqla islah işləri cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir; (i.v.83-84) - Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 26 senyabr 2019-cu il tarixli, 1(001)- 370/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, cəzasını yaşayış yeri üzrə Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin müəyyən etdiyi yerdə çəkməsi, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. (i.v.97-101) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin xx.xx.2024-cü il tarixli 4868 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlaın birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.4-cü bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxs kimi hal hazırda narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; (i.v.94-95) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,299 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və əməlindən peşman olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 25 iyun 2024-cü il tarixdən 27 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,299 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,249 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Xətai rayonu, M.Davud küçəsi 11/31Q ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,249 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar