Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-538/2022 25.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X8 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X3 qaynanası X1 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün müvafiq qərar qəbul edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X14, el-adət ənənəsi ilə X9 ilə ailə həyatı qurmuş və rəsmi qaydada nikaha girmişdir. Nikahlarından iki azyaşlı övladları dünyaya gəlmişdir. Ailə daxili münasibətləri çox gərgin olması səbəbindən X9 ilə 2016-cı ildən bir yerdə yaşamırlar və aralarında olan nikah formal xarakter daşıyır. X6 bacısının qızına etdiyi nalayiq cinsi zorakılıq hərəkətlərinin araşdırılması üçün aidiyyəti üzrə polis orqanına şikayət etdiyi üçün Bakı şəhəri Xətai RPİ-də bununla əlaqədar cinayət araşdırması gedir. Hazırda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində nikahlarının pozulması, uşaqların onun yanında saxlanılması və aliment tələbi üzrə verdiyi iddia ərizəsi məhkəmənin baxışındadır. Onun həyat yoldaşı X9 və qaynı X12 onun şəxsi istifadəsində olan mobil telefonundan şəxsi yazışmalarını, foto şəkillərini ondan icazəsiz əldə etməklə və Nurlanın onunla cinsi əlaqədə olarkən, onun xəbəri olmadan gizlin çəkilmiş fotoşəkilləri hər yerə yaymışlar. İlk öncə qaynanası X2 təqdim etmişlər. X5 da bundan istifadə edərək, onun əxlaqsızlıqla məşğul olduğunu hər kəsə inandırmağa çalışmışdır. Hətta onun karyerasına xələl gətirmək üçün əməkdaşı olduğu Azərbaycan Respublikası Təhsil Nazirliyinə belə göndərəcəyinə dair fikirlər səsləndirmişdir. xx.xx.2022-ci il tarixində o, cinayət işinin gedişatı ilə əlaqədar olaraq işini araşdıran Bakı şəhəri Xətai RPİ-nin əməkdaşı olan İlahi Heydərovun qəbuluna getmişdir. Söhbət zamanı İlahi Heydərov onun əxlaqsız formada çəkilmiş fotoşəkillərini ona təqdim edərək keçmiş həyat yoldaşı X9 və onun qardaşı X12 tərəfindən əldə edilərək anasına verildiyini bildirmişdir. Nurlanın anası Məhərrəmova Narıngül ailəsi ilə birlikdə Bakı şəhəri Xətai RPİ-nə gətirərək yaydığını bildirmişdir. Bütün polis əməkdaşlarına, Xətai rayon prokurorluğunun əməkdaşlarına həmin şəkilləri təqdim etmişlər. Belə ki, Bakı şəhəri Xətai RPİ-nin polis mayoru İlahi Heydərovun dediyinə görə bu şəkilləri ona verərkən X5 oğlanlarının köməyi ilə əldə etdiyini demişdir. Onun əxlaqsızlıqla məşğul olduğunu və subut kimi onlara onun lüt formada çəkilmiş ədəbsiz şəkillərini vermişdir və verərkən belə təklif irəli sürmüşdür ki, Nazlı Məhərrəmova əgər bütün bu şəkillərin yayılmağını istəmirsə oğlu Məhərrəmov Nurlanın cinayət məsuliyyətinə cəlb olunması üçün Xətai rayon prokurorluğuna yazdığı ərizəni geri götürsün. O da əhəmiyyət verməmiş, fikirləşmişdir ki, şəxsi toxunulmazlıq vardır. İcazəsiz şəxsi məlumatları toplamaq, saxlamaq, istifadə etmək və yaymaq cinayətdir. Buna cürət etməz deyib əhəmiyyət verməmişdir. Həmin gündən sonra ona Məhərrəmova Narıngül və ailəsi gecə-gündüz bilmədən yazdığı ərizəni geri götürməsi üçün onun ev telefonuna və mobil telefonuna davamlı şəkildə zəng edərək, whatsappla yazaraq davamlı olaraq hədə-qorxu gələrək əli-qolu uzundur deyərək, onu hər yerdə rüsvay edəcəyini demiş və etmişdir. Xatırlatmalıdır ki, qaynanası molladır. Məclislərdə onu tanıyan uzaq və yaxın qohumlarına bu şəkilləri təqdim edib onu rüsvay etmişdir. Bütün bunların sübutunu təqdim edə bilər. O isə ona olan hədə-qorxu dolu zənglər barədə əvvəlcə 102 qaynar xəttinə, daha sonra isə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin həmin bölmənin 102-8909M saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə müraciətində qeyd etdiyi hədə-qorxu faktının öz təsdiqini tapmadığını, lakin gələcəkdə neqativ halların baş verməməsi məqsədi ilə tərəflərlə profilaktik söhbətlərin aparıldığı bildirilmişdir. Bununla bağlı bildirir ki, qaynanası Narıngül polis bölməsində belə halın mövcud olmamasına dair yalan izahat vermişdir. Lakin onun telefonunda onun və ailəsinin zəngləri bu halı təsdiq edir. Bu zəngləri açdığında o, yalnız hədələr eşitmişdir. Bu hədələrin səbəbi isə onun oğlu barəsində Xətai rayon prokurorluğuna verilmiş şikayəti idi. X5 onun konstitusion hüquqlarını pozaraq həmin məlumatları valideynlərinə vermişdir. Belə ki, anasını və bacılarını öz evlərinə dəvət edib fotoşəkilləri onlara da vermişdir. O, yenə də əhəmiyyət verməmişdir. Daha sonra X5 atasının evinə (ünvan 1 ünvanına gələrək onu təhqir etmiş və hədə-qorxu gəlmişdir. Onu ölüm həddinə çatdırmışdır. Elə bir vəziyyətə gətirmişdir ki, öz canına qıymaq halına düşmüşdür. Bununla bağlı 102 qaynar xəttinə və 35-ci Polis Bölməsinə yazılı şikayət ərizəsi vermişdir. Lakin 103-8190M saylı xx.xx.2022-ci il tarixli məktub ilə müraciətində qeyd etdiyi faktlar yetərli dəlillər göstərməyinə baxmayaraq yenə də yazmışlar ki, öz təsdiqini tapmamışdır. Bu azmış kimi Narıngül ailəsi ilə birlikdə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı Həsənbəy Şərifova da həmin rüsvayedici fotoları disk şəklində vermişdir. Həsənbəy də vəzifə səlahiyyətindən suiistifadə edərək Nurlanın cinayətinə aid olmayan ona aid rüsvayedici fotoşəkilləri qanunsuz olaraq qəbul etmiş, saxlamış və onu rüsvay etmək məqsədilə bacısı Qəhrəmanova Xəyaləyə vermişdir ki, gedin diskə ailəlikcə baxın. Xəyalə isə həmin diski evə gətirərək bütün ailə üzvləri ilə birlikdə baxmışlar. Polis idarələri Narıngülün yaşına və hicabına hörmət edib, cəza tətbiq etməmişlər. Bundan istifadə edən Məhərrəmova Narıngül daha da irəli getmişdir. Onun yaxın və uzaq qohumlarına (yeznəsi Eldənizə, bacıları Gülarəyə, Xəyaləyə, Leylaya, bacısının qaynı Eminə, sinif yoldaşının anası Rəna xanıma, halhazırda yaşadığı saysız-hesabsız qonşularına) və daha daha kimlərə fotoşəkillərini yaymışdır. O, bütün şəkilləri onlardan toplayır. Bütün bu şəkillərin yayılmağına səbəb olan Narıngüldür. xx.xx.2022-ci il tarixində övladı X10 atasını görmək istədiyini demişdir. O da qızını atası qaldığı evə İ.İsmayılov 44, mənzil 29-a aparmışdır. Atası evdə ola-ola çölə çıxmamışdır. Qaynanası Narıngül nəvəsini görüb onu evə qəbul etmək istəməmiş və onu blokda saçından tutaraq heç yerə getməyəcəksən deyib bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Qollarını buraraq dəmir dirəyə onu sıxmaqla müqavimətini sındırmışdır. Səs-küyə 20-yə yaxın qonşu çıxmışdır. Heç kim onu Narıngülün əlindən ala bilmirdi. Qonşuların içində ona nalayiq ifadələr söyləməklə təhqir edərək, onun şərəf və ləyaqətini alçaltmışdır. Bütün bunlar azyaşlı (14 yaş) qızının gözüönündə baş vermişdir. O getmək istədiyini bildirəndə onu zorla saxlamışdır. Polislər gəlmiş və Narıngülün müqavimətini sındırıb onu onun zorakılığından azad etmişlər. Polislər də Narıngülün ona qarşı etdiyi zorakılığı görmüşlər və təsdiqləmişlər. Lakin şahid kimi çıxış edə bilmərik demişlər. 35-ci X4ynatasının X7 və orada qonşuluqda yaşayan əqli cəhətdən xəstə olan 80 yaşlı qonşunun Nənəxanımın izahatına əsasən cinayət işi açmamışlar.Təbii ki, qaynatası həyat yoldaşı Narıngülün xeyrinə izahat verəcəkdir. Onun qızı azyaşlı olduğu üçün müəlliminin iştirakı ilə izahatı alınmışdır ki, onun xeyrinə izahat verməsin. Halbuki, o da həm xəsarət, həm də onu təhqir edərək, zorla saxladığı və nalayiq ifadələri söylədiyi anların video görüntüsü belə var idi. Təqdim etmişdir, ancaq nəzərə almamışlar. xx.xx.2022-ci il tarixli 103-10702M saylı qərara əsasən cinayət işi açmamışlar. X21 demişdir ki, sən ona heç nə edə bilməzsən. Yaşına görə hamı ona hörmət edəcəkdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, hazırda orta məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsində çalışır. Onun cəmiyyət arasında hörməti və öz çəkisi vardır. Keçmiş qaynanasının oğlanlanlarının köməyi ilə əldə olunmuş pornoqrafik xarakterli şəkillərini yaymasını özünü mənəvi cəhətdən təhqir edilmiş sayır. Beləki, onun bu hərəkəti ilə işgüzar nüfuzuna xələl vurularaq cəmiyyət içərisində hörmətdən salınmışdır. Beləliklə o, keçmiş qaynanası X1 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və müdafiəçisi Müdafiəçi hər biri ayrı-ayrılıqda şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansi əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır. 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, X8 şərəf və ləyaqətinin məhz X5 tərəfindən törədilməsinə dair heç bir mötəbər sübut iş materiallarına əlavə olunmamışdır. Həmçinin, cinayət əməli X5 tərəfindən törədildiyi təqdirdə, həmin cinayət hadisəsi nəticəsində ona məhz hansı zərərin vurulduğu şikayətdə əks olunmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, X14 şikayətində X1 nalayiq ifadələr işlədərək onun şərəf və ləyaqətini alçaltdığını göstərsə də, şikayətdə sırf hansı ifadələrin onun şərəf və ləyaqətini alçaltdığını qeyd etməmişdir. Əlavə olaraq X14 şikayətində göstərmişdir ki, X5 onda olan pornoqrafik xarakterli şəkillərini yaymaqla onu mənəvi cəhətdən təhqir etmişdir. Bu xüsusatla bağlı məhkəmə qeyd edir ki, şikayətdə X5 tərəfindən həmin şəkillərin nə vaxt hansı şəraitdə yayılması göstərilməmişdir. Bundan başqa xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 tərəfindən şikayətdə cinayətin törədilmə hallarının konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə) təsdiq olunması barədə məlumatlar qeyd olunmamışdır. Həmçinin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 tərəfindən Azərbaycan Respublikası CPM-nin şikayət ərizəsinin məzmununa dair tələblər pozularaq şikayət ərizəsinin harada tərtib olunması qeyd edilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2, 293.3.4 və 293.3.6-cı maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X14 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-538/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-538/2022
25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver