Məhkəmə qərarları › İş №1(011)-54/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-54/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-54/2023 19.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X3 və onun nümayəndəsi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1982-ci il Abşeron rayonunda anadan olan, ailəli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Abşeron rayonu, Novxanı qəsəbəsi, M.Hüseynzadə ev 25-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 07:42 radələrində etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus “Saipa Sania” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə üzü Əhmədli metrostansiyası istiqamətində hərəkət edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin təhlükəsizlik tələblərinə riayət etməyərək keçmək istəyən piyada 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vurub ehtiyatsızlıqdan sonuncuya sağ aşağı ətrafda hər iki baldır (qamış və inçik) sümüklərinin yerinidəyişmiş açıq sınıqları, sağ baldır nahiyəsinin arxa səthinin cırılmış-didilmiş yarası ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 08:00 radələrində etibarnamə ilə idarə etdiyi “Saypa Sunny” markalı **-PY-*** nömrə nişanlı avtomobil ilə M.Hadi küçəsi ilə üzü Xalqlar küçəsi ilə təxminən 40-50 km saat sürətlə hərəkətdə olduğu zaman yolun solundan orta yaşlı bir qadın və uşaq daxil olmuş və hərəkət etmişdir. Bu zaman əyləcdən istifadə edərək sürəti azaltmış, onu vurmamaq üçün sağa çəkmiş, lakin piyadalar avtomobilin sol ön hissəsinə dəyərək yerə yıxılmışlar. O da dərhal avtomobilini saxlayaraq köməklik məqsədi ilə qadına və uşağa yaxınlaşmış, öz avtomobili ilə onları xəstəxanaya aparmağı təklif etmişdir. Həmin vaxt hadisə yerində olan adını sonradan öyrəndiyi Nuray adlı xanım xəsarət alan azyaşlı uşaq və anasını avtomobili ilə aparacağını bildirmişdir. Nuray xanımın maşınının arxasınca sürərək Əhmədli qəsəbəsində yerləşən “Diaqnoz” xəstəxanasına getmişlər. Orada əməliyyat üçün əlindən gələni etmiş və zərərçəkmiş şəxslərə xəstəxanada dəymiş ziyanla bağlı 8000 manata yaxın məbləğində ödəniş etmişdir. Hadisənin ehtiyatsızlığından baş verdiyini, əməlindən peşman olmasını, üzrxahlıq etməsini, dəymiş ziyanın ödənilməsində əlindən gələn köməyi etdiyini, artıq maddi imkanının olmamasını nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün səmimi etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidin ifadəsi, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X4 izahatında göstərmişdir ki, işdə olan zaman zəng gəlmişdir ki, yoldaşını və övladını maşın vurmuş, “Diaqnostika” xəstənasına aparmışlar. Ora gedən zaman heç kim olmamış, bir neçə saatdan sonra hadisəni törəmiş şəxs Mayisi görmüşdür. Mayis 8.000 manata yaxın xərcləri qarşılamışdır. “Diaqnostika” xəstənasındakı həkim bir neçə gündən sonra uşağı evə yazmış, bir həftə sonra yenidən gəlməsini bildirmişdir. Daha sonra uşağın ayağında qaralma baş verdiyinə və qoxu gəldiyinə görə “Live Bonadia beynəlxalq” xəstəxanasına getmişlər. Orada həkim müayinə edib dərhal əməliyyat olunmalı olduğunu bildirmişdir. Sonra demişdir ki, uşağın ayağının ön hissəsində yırtıq əmələ gəlmiş, çürümə gedir. Bügunə qədər müalicə davam edir. Ayağın tam düzəlməsi illər tələb edir. Bundan sonrakı əməliyyatlar və fizioterapiyalar üçün pul tələb olunur. Həmçinin təhqiqatçı ona hadisənin videogörüntüsünü təqdim etməmiş, yoldaşının adından izahat yazıb imzalamışdır. Uşağının sağlamlığı düzəlmədiyi üçün təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsi və təqsirləndiriləni heç birini tanımır, sadəcə xanımla uşağa görə əlaqə saxlamışdır. İyun ayında səhər saatlarında işə gedən zaman bir avtomobil birinci Həsəni vurmuş, uşaq arxa tərəfə düşmüş, valideyni isə səkinin üstünə yıxılmışdır. Buna görə də maşından düşərək uşağa tərəf gəlmişdir. Görmüşdür ki, Həsənin ayağının əti çöldədir. Hadisə törədən şəxs bir qədər sürdükdən sonra avtomobili saxlamış, qayıdıb gəlmişdir. Yoldakılar kömək edib uşağın ayağını bağlamışlar, şəxsin özü xəstəxanaya getməyi belə təklif etsə də, özü uşağı “Diaqnostika” xəstənasında həkimə aparmış, təqsirləndirilən şəxs də onun arxasınca xəstəxanaya gəlmişdir. Daha sonra polis əməkdaşları da oraya gəlmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı qanuni nümayəndəsi və müəllimənin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs idafəsi elan edilərək tədqiq edilmiş, ifadəsində göstərmişdir ki, 17 nömrəli tam orta məktəbin 2-ci sinifində oxuduyur. X1 ilə birlikdə xx.xx.2022-ci il tarixdə 17 nömrəli tam orta məktəbə getdiyini, təxminən saat 8 radələri olarmış, həmin zaman Xətai rayonu, M.Hadi küçəsi ilə gedərkən qarşıda yerləşən yolu keçmək lazım olduğunu və həmin zaman işıqfor qarşılarına çıxmış, işıqfor qırmızı işıq yandıqda yolu keçmək istəmişlər, 1-2 addım atmışlar ki, ağ rəngli avtomobil anidən sağ tərəflərinə çıxmış, ona və anasına xəsarət yetirmiş, həmin xəsarət nəticəsində özlərini itirmiş, onları xəstəxanaya aparmış, daha sonra görmüşdür ki, onlara xəsarət yetirən şəxs “Diaqnoz” xəstəxanasına gəlmiş, oradan da “Live Bonadia beynəlxalq” xəstəxanasına getmişlər. Həmin şəxs ilkin olaraq onların 8.000 manata yaxın xərclərini qarşılamış və daha sonra isə onlarla əlaqəni kəsmişdir. Ümumilikdə həkim müayinələri, stasionar xərclər, əməliyyatlar, dərmanlar üçün 30.000 manat məbləğdə ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» Publik Hüquqi şəxsin 03 iyun 2022-ci il tarixli 2/18247 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ayıq olması müəyyən edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin verdiyi 07 iyul 2022-ci il tarixli 8/1593 saylı rəyindən məlum olur ki, təhqiqat tərəfindən verilən məlumatlara əsasən Saipa Sania markalı 99PY437 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi X7 18 avqust 2022-ci il tarixli 68/2022 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ aşağı ətrafda hər iki baldır (qamış və inçik) sümüklərinin yerinidəyişmiş açıq sınıqları, sağ baldır nahiyəsinin arxa səthinin cırılmış-didilmiş yarası və cərrahi əməliyyatlardan sonrakı vəziyyət bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənədlərdə qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs adına olan, xx.xx.2013-cü ildə verilmiş AB561046 seriyalı sürücülük vəsiqəsinin sürətindən məlum olur ki, həmin sürücülük vəsiqəsi “B,C” kateqoriyalıdır və nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixədək idarə etməyə hüquq verir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 07 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlərini görməli olduğu halda, qanunun tələbinə əməl etməməsi tamamilə sübuta yetirilmişdir. Həmin qayda pozuntusu ilə baş vermiş nəticə arasında səbəbli əlaqə mövcuddur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayətləri törətməsi özünün səmimi etirafı və zərərçəkmiş şəxsin, şahidin ifadəsi ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bu baxımdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi və əməlindən səmimi peşmançılıq çəkməsi yüngülləşdirici hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını X5 Müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını X5 müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli X5 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulsun. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar