Məhkəmə qərarları › İş №1(011)-54/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-54/2024

18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-54/2024 18.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan, xx.xx.2022-ci il tarixli Xətai Rayon Məhkəməsinin hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 09 ay 25 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda azadlıqdan məhrum etmə cəzası çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: 220110388 saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 01:36-da Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən elektron avadanlıqların satışı ilə fəaliyyət göstərən mağazanın plastmas çərçivədən olan şüşəli qapısının kilidini üzərindəki vintaçanın köməkliyi ilə sıxıb itələməklə açıb mağazaya qanunsuz, daxil olaraq Zərərçəkmiş şəxs məxsus 750 manat dəyərində bir ədəd “X1” markalı, 200 manat dəyərində bir ədəd “X2” markalı, 300 manat dəyərində bir ədəd “HP” markalı və 250 manat dəyərində bir ədəd “HP laptop” markalı cəmi dörd ədəd notbuku gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1500 (min beş yüz) manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, hadisə yerinin videogörüntüsü və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, iş tapa bilmədiyindən və pula ehtiyacı olduğu üçün oğurluq elmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsi ilə piyada hərəkət edərkən yolun kənarında olan və zəif mühafizə olunan elektrik avadanlıqları mağazasının qapısına yaxınlaşaraq kilidinə müdaxilə edərək qapısını açmış, sonra içəri daxil olmuş və vitrində olan 02 ədəd “Hp” markalı, 01 ədəd “Acer” markalı və 01 ədəd "Apple Macbook” markalı notbukları götürüb oradan uzaqlaşmışdır. Bir gün sonra notbukları götürərək “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığına getmiş, 02 ədəd “Hp" markalı və 01 ədəd “Acer” markalı notbukları tanımadığı şəxsə 350 AZN-ə satmış, digər “Apple Macbook” markalı notbuku isə “Neftçilər" metrostansiyası yaxınlığında olan lombarda girov qoyaraq 150 AZN pul götürmüşdür. Notbukları satarkən və lombarda girov qoyarkən isə həmin notbukların özünə məxsus olmasını bildirmiş və cinayət yolu ilə əldə olunması barədə məlumat verməmişdir. Əldə etdiyi pulları isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Son sözündə təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın qismən ödənilməsini cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən obyekti 1 ildir ki, elektrik avadanlıqlarının alışsatışı ilə məşğul olmaq üçün icarə əsasında işlədir.xx.xx.2023-cü il tarixdə səhər saatlarında mağazaya gəldikdə qapısının açıq vəziyyətdə olmasını, vitrində olan bir ədəd 700 AZN dəyərində “X3" markalı, bir ədəd 250 AZN dəyərində “X2” markalı, bir ədəd 300 AZN dəyərində “HP 15RA-46UR” markalı, 250 AZN dəyərində “HP laptop 15R-47SR" markalı notbukların oğurlanmasını aşkar etmişdir. Nəticədə ona cəmi 1500 manat maddi ziyan dəymişdir. Ziyanın qismən ödənilmişdir bu səbəbdən Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı hec bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, 2-3 ildir ki, ünvan 5 ünvanında yerləşən lombardı işlədir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında bir nəfər şəxs yaxınlaşaraq notbuk girov qoyub pul əldə etməyini istəmiş, o, həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb etmişdir. Həmin şəxsin təqdim etdiyi notbuka baxdıqda işlənmiş vəziyyətdə olması səbəbindən 150 AZN pul verə biləcəyini demiş və həmin şəxs razılaşaraq özünə məxsus olmasını, təcili pul lazım olduğundan girov qoymasını bildirmiş, 1-2 həftəyə gəlib pulu verib götürəcəyini qeyd etmiş, o, sənədləşmə işlərini həll edərək girovla bağlı sənədi vermiş və notbuku götürmüşdür. Bundan 1 ay keçdikdən sonra ödənişin vaxtı gəldikdə Fuadın verdiyi mobil nömrəyə zəng etsə də Fuadla əlaqə saxlaya bilməmiş, daha sonra isə 11 oktyabr 2023-cü il tarixdə Fuad polis əməkdaşları ilə birlikdə işlədiyi lombarda yaxınlaşaraq istintaq hərəkəti keçirildikdə Fuadın qeyd olunan notbuku oğurlaması ona məlum olmuş və həmin notbuku istintaq əhəmiyyəti kəsb etdiyi üçün polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işinə əlavə olunmuş videogörüntüyə baxış keçirilməsi haqqında 20 iyul 2023cü il tarixli protokoldan görünür ki, 1 ədəd «CD» diskində olan videogörüntüyə baxış keçirilən zaman ünvan 6 ünvanında yolun kənarında yerləşən 1 mərtəbəli elektrik avadanlıqları satılan mağazanın daxilində vitrində olan 04 ədəd notbuk naməlum şəxs tərəfindən oğurlanması aşkar edilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanması haqqında 11 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı onun göstərməsinə əsasən ünvan 6 ünvanının qarşısına gəlinmiş, istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib necə baş verməsini əyani təsvir etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qaıayev prospekti 74 ünvanında yerləşən lombarda girov qoyulmuş “X1" markalı sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə ünvan 8 ünvanında yerləşən mağazasından oğurlanmış “X1” markalı notbuku rəngindən, modelindən, üzərində olan izlərdən tanıyaraq ona məxsus olmasını təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/7797 nömrəli rəyində göstərilmişdir ki, istintaqa təqdim edilmiş 01 ədəd “Apple” markalı, A1398 modelli (Macbook Pro) notebookun istifadədə olması, üzərində qüsurlar və satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla 2023-cü ilin iyul ayına orta bazar qiyməti təxminən 700 manat müəyyən olunur. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 17 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Xətai Rayon Məhkəməsi tərəfindən 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 09 ay 25 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1 ədəd disk və “X1" markalı notbuk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 1 ədəd “X1" markalı notbuk Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli 1(007)-589/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökm xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ziyan qismən ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışdığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, zərərçəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alır və belə hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nisbədən aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzaya Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli 1(007)-589/2023 nömrəli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 23 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli 1(007)-589/2023 nömrəli hökmü ilə təyin edilmiş cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Zərərçəkmiş şəxs təhvil verilmiş 01 ədəd X1 markalı notbuk hökm qanuni qüvvəyə mindikdən sonra onun istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344- 347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli 1(007)-589/2023 nömrəli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli 1(007)-589/2023 nömrəli hökmü ilə təyin edilmiş cəza çəkməsi nəzərə alınsın. Maddi sübut kimi tanınmış 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs təhvil verilmiş 01 ədəd X1 markalı notbuk hökm qanuni qüvvəyə mindikdən sonra onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar