Məhkəmə qərarları › İş №1(011)-540/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-540/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-540/2023 10.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Özharat Erayın, tərcüməçi X2, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Türkiyə Respublikasının Qaziantep şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, subay, orta təhsilli, “Face Studio”da saç ustası işləyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Özharat Erayın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Özharat Eray istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd dəmir qutunun içərisində ümumi çəkisi - 0,301 qram tütünlə qarışıq kütlədə təmiz çəkisi – 0,121 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış və Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı xx.xx.2023-cü il tarixdə saat 21:00-da ünvan 3 ünvanın yaxınlığında saxlanılıb ünvan 4da yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gətirilərək videoçəkilişlə, müdafiəçinin iştirakı ilə şəxsi-axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən üzərində “Red Mini” sözləri yazılmış 01 (bir) ədəd dəmir qabın içərisində ümumi çəkisi-0,301 qram tütünlə qarışıq kütlədə təmiz çəkisi 0,121 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana götürüldükdən sonra əməliyyat tədbirlərinin davamı olaraq xx.xx.2023-cü il tarixdə, saat 22:30-da onun kirayə yaşadığı ünvan 6 ünvanında, qanunsuz olaraq tərkibində narkotik maddələr olan 03 (üç) ədəd plastmas qablarda xeyli miqdarda kultivasiya edərək əkib yetişdirdiyi 03 (üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi-40,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləri polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, videoçəkilişə baxış protokolu və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Özharat Eray ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, 4 ildir Türkiyə Respublikasından Bakı şəhərinə gəlmiş və həmin vaxtdan da qadın salonunda saç ustası işləyir. Ara-bir narkotik vasitə olan marixuananı siqaret kimi çəkməklə istifadə edir. Ancaq narkotik vasitə aludəçisi deyil. Təxminən 2 il bundan əvvəl Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsbəsində dəniz kənarında olduğu zaman təsadüfən tanış olduğu, lakin şəxsiyyəti barədə məlumatı olmayan bir nəfər şəxs ona marixuana istifadə etməyi təklif etmişdir. O da etiraz etməmiş və birlikdə marixuana istifadə etmişlər. Həmin şəxslə ayrılan zaman o, qalıq qalmış, təxminən 3-4 dəfə istifadə olunacaq həcmdə olan marixuananı ona hədiyyə vermişdir. Həmin marixuananı özündə saxlamaqla hazırda kirayədə yaşadığı mənzilə gətirmiş və mənzildə saxlamışdır. Həmin marixuananın içərisində 3 ədəd toxum olmuşdur. O, marixuananın bir qismini çəkərək istifadə etmiş, qalan hissəsini isə üzərində “Red Mini” yazıları olan, qırmızı rəngli dəmir qutunun içərisində saxlamışdır ki, sonra istifadə edər.Toxumları isə yaşadığı evdə dibçəkdə əkmiş və yetişdirərək qulluq etmişdir.Məqsəd öz tələbatını ödəmək olmuşdur. 09 iyun 2023-cü il tarixdə 21:00 radələrində ünvan 7 ünvanın yaxınlığında olduğu zaman ona 2 nəfər polis əməkdaşı yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib üzərində narkotik vasitə olmasından şübhələnərək onlarla 37-ci PŞ-nə getməsini təklif etmişlər. O da polis əməkdaşları ilə 37-ci PŞ-nə getmişdir. Şöbədə ona tərcüməçi təqdim etdikdən sonra üzərində narkotik vasitə olmasından şübhələndikləri üçün üzərində axtarış və götürmə aparacaqları zərurəti olduğuna görə hüquqlarını müdafiə etmək üçün vəkil tutmaq hüququnun olduğunu izah etmişlər. O da təqdim olunmuş vəkillərin siyahısından vəkil seçmişdir. Vəkil gəldikdən sonra onun, tərcüməçinin və onu polis şöbəsinə dəvət edən polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkilişlə baxış keçirilməyə başlanılmışdır. Üzərində olan əşyaları təqdim etməyi təklif edildikdə o, əyninə geydiyi qara rəngli şalvarının sol yan cibinə qoyaraq saxladığı, üzərində “Red Mini” yazıları olan, qırmızı rəngli dəmir qutunun içərisində saxladığı narkotik vasitə marixuananı təqdim etmişdir. Ardınca təqdim etdiyi qutunun içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Video çəkiliş zamanı təhqiqatçı başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını ondan soruşanda, o, bildirmişdir ki, yaşadığı evdə 3 (üç) ədəd dibçəkdə əkdiyi narkotik vasitə marixuana var. Sonra onu polis şöbəsinə dəvət etmiş polis əməkdaşlarının, tərcüməçinin və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan marixuana cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüşdür. Daha sonra o, yaşadığı evdə axtarış və götürmə aparılmasına etirazı olmadığı barədə ərizə yazmışdır. Bundan sonra tərcüməçinin və vəkilin iştirakı ilə videoçəkilişlə yaşadığı evdə axtarış və götürmə aparılmışdır. O, yaşadığı evdə dibçəklərdə əkdiyi və qulluq etdiyi 03 (üç) ədəd marixuana bitkilərini təqdim etmişdir. Marixuanalar bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüşdür. Daha sonra təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, ilk dəfə cinayət törətdiyini qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanıdır. Onunla birlikdə Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə Xətai RPİ-nin 37-ci PB-nin inzibati ərazisində xidmətdə olduqları zaman, Özharat Erayın qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, üzvü isə Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 idi. 09 mart 2023-cü il tarixdə saat 21 radələrində X5 rayonu, İ.Orucov küçəsi 16 saylı ünvanın yaxınlığında görüb onu 37-ci polis şöbəsinə dəvət etmişlər. Özharat Erayın üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından təhqiqatçıya təhvil vermişlər. Şöbəyə Vəkillər kollegiyasının 13 saylı vəkil bürosundan müdafiəçi və tərcüməçi dəvət olunmuş, onların iştirakı ilə Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 şübhəli şəxs Özharat Erayın üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxs Özharat Eraya qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etdi, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etdi. Təhqiqatçının bu təklifindən sonra Özharat Eray əynindəki qara rəngli şalvarının sol yan cibindən siqaret qutusunun içərisindəki qurudulmuş kütləni təqdim etdi. O, cibindən çıxardığı həmin maddənin “narkotik vasitə “marixuana” olduğunu etiraf etdi. Təqdim etdiyi narkotik kütlə zərfə qoyularaq möhürləndi və zərf şübhəli şəxs Özharat Eray, müdafiəçi, təhqiqatçı, o və əməliyyat müvəkkili Şahid2 tərəfindən imzalandı. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iştirakı təmin edilməsi mümkün olmayan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında dindirilən Şahid1 və təqsirləndirilən şəxsin ifadəsinə oxşar olmuş və cinayət işinin yuxarıda sadalanan xüsusatları ilə heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Özharat Erayın əynində olan qara rəngli şalvarın sol yan cibindən üzərində “Red Mini” sözləri yazılmış 01 (bir) ədəd dəmir qabın içərisində ümumi təmiz çəkisi 0,121 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin xx.xx.2023-cü ildə kirayədə yaşadığı, ünvan 2nında mətbəxin pəncərəsinin qarşısında aşkar edilmiş 03 (üç) ədəd plastmas qablarda aşkar edilmiş, 03 ədəd ümumi çəkisi-40.0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq edilmiş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Özharat Erayın kirayədə yaşadığı mənzildə axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı diskə baxış keçirilmiş və baxış zamanı Özharat Erayın kirayədə yaşadığı mənzilin mətbəxinin pəncərəsinin qarşısında 03 (üç) ədəd plastik qabın içərisində torpağa basdırılmış və xüsusi qulluq edilmiş 03 (üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi-40.0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Özharat Erayın üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı diskə baxış keçirilmiş və baxış zamanı Özharat Erayın üzərindən “Red Mini” yazılmış 01 ədəd qırmızı rəngli siqaret qutusunun içərisində 0,121 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli, 7/839 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Eray Özharat” yazıları olan qəhvəyi rəngli kağız paketin içərisində sayı 03 (üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi - 40.0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli, 7/838 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Eray Özharat” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kağız bükümdə ümumi çəkisi - 0,301 qram tütünlə qarışıq kütlədə təmiz çəkisi 0,121 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Özharat Erayın satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd dəmir qutunun içərisində ümumi çəkisi - 0,301 qram tütünlə qarışıq kütlədə təmiz çəkisi – 0,121 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşıması əməli cinayət məsuliyyəti yaratmır, həmçinin barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2023-cü il tarixli 4172 nömrəli rəyindən görünür ki, X1 istifadə etmə halları olub, lakin hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır, Narkomaniya xəstəliyindən əzab çəkmir, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, 40.0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmış, qalıq qalmış 39,85 qram narkotik təbiətli çətənə (kannabis) bitkiləri saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 0,301 qram tütünlə qarışıq kütlədə təmiz çəkisi 0, 121 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, qalıq qalmış 0,101 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 02 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Özharat Eray 09 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xətai Rayon Prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş 11 iyun 2023-cü il tarixli qərardan görünür ki, Özharat Eray barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı Xətai RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan 11 iyun 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Özharat Erayın barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamə əsasında müəyyən edilmişdir ki, Özharat Eray əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Özharat Erayın törətdiyi cinayət, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə - əkmə, yetişdirmə məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs Özharat Eraya cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Özharat Eraya cəza təyin edərkən onun əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Özharat Erayın əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin şəxsiyyəti, özünə tənqidi yanaşması, doğrudan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halların mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.6-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 3-cü bəndinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Türkiyə Respublikası vətəndaşı olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Özharat Erayı cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Özharat Erayın şübhəli şəxs kimi tutulduğu 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınaraq, təyin edilmiş cəza yüngülləşdirilməli və üzərində qəti cəza saxlanılmalıdır. Özharat Erayın barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 39,85 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri və 0,101 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış axtarış və götürməni əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 156 (yüz əlli altı) manat Özharat Eraydan alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Özharat Eray Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə cəzasına məhkum edilsin. Özharat Erayın şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınmaqla təyin olunmuş 3000 (üç min) manat cərimə cəzası yüngülləşdirilərək onun üzərində qəti olaraq 2500 (iki min beş yüz) manat cərimə cəzası saxlanılsın. Özharat Erayın barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Özharat Eray ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 39,85 qram narkotik təbiətli çətənə (kannabis) bitkiləri və 0,101 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 156 (yüz əlli altı) manat Özharat Eraydan alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar