Məhkəmə qərarları › İş №1(011)-543/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-543/2025

25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-543/2025 25.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X7 və X2 müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xüsusi ittiham qaydasında şikayət verən şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Xüsusi ittiham qaydasında "xxxx" MMC-nin şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: "xxxx" MMC-nin (Nümayəndə) xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, xüsusi ittiham qaydasında barəsində şikayət verilən X9 və X6, Qəhrəmanlı Jalə, X10, İbrahim İsmayılov, Tural Abbasov, Gülər Haqverdiyevanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. "xxxx" MMC şikayətini onunla əsaslandırmışdır ki, 23 sentyabr 2025-ci il tarixində “Baku TV” kanalının müxbiri Jalə Qəhrəmanlı əvvəlcədən məlumatlandırılmadan və başqa məqsədlə "xxxx" MMC-nin ofisinə daxil olmuşdur. Rəhbərliyin ofisdə olmadığı vaxtdan istifadə edərək qeydiyyatçı əməkdaşla qeyri-rəsmi söhbət aparmış, daha sonra kamera operatorla birlikdə icazəsiz çəkiliş həyata keçirmişdir. Bu hərəkətlər həm peşə etikası qaydalarının, həm də Azərbaycan Respublikası qanunvericiliyinin kobud şəkildə pozulmuşdur. 01 oktyabr 2025-ci il tarixində “Baku TV” kanalının partnyoru olan Baku.ws saytının social şəbəkə səhifələrində X14 tərəfindən hazırlanmış və hüquqlarımızı pozan video material yayımlanmışdır. Yayımlanan material qərəzli, qeyri-obyektiv və dezinformasiya xarakteri daşımaqla yanaşı, “Baku TV” rəhbərliyinə və Baku.ws saytına etdiyimiz rəsmi müraciətlər nəzərə alınmamışdır. Qeyd edək ki, biz 23 sentyabr 2025-ci il tarixində məsələ ilə bağlı “Baku TV”yə iki rəsmi məktub təqdim etmişdik,lakin cavab almamışıq. (Qoşma № 1) Baku TV çoxsaylı zəng və mesajlarımıza etinasız yanaşaraq, qanunsuzluqda israr etmiş və bizə qarşı açıq saymazlıq nümayiş etdirmişdir. Nəticə etibarilə, 30 sentyabr 2025-ci il tarixində sözügedən video süjeti rəsmi Youtube kanalında qeyri-etik başlıqla paylaşaraq onu süni şəkildə gündəmdə saxlamışdır. Bu hal bir daha jurnalistika etikasının və qanunvericiliyin tələblərinin pozulduğunu, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bizə qarşı qərəzli mövqe sərgiləndiyini göstərir. Bu hərəkətlər: - “Media haqqında Qanunun” 42.4.3-cü maddəsinin tələblərinin pozulması – araşdırmaların obyektivliyinin təmin olunmaması; - Eyni Qanunun 74.2.11-ci maddəsinə əsasən jurnalist peşə etikası qaydalarının pozulması; - Qanunun 14.1.8-ci maddəsi, Cinayət Məcəlləsinin 156-cı maddəsi, Konstitusiyanın 32-ci maddəsi və Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə qorunan şəxsi həyatın toxunulmazlığı prinsipinin pozulması; - Qanunun 14.1.9-cu maddəsi və Cinayət Məcəlləsinin 147-ci maddəsində (böhtan) nəzərdə tutulan tələblərin pozulması hallarıdır. “Baku TV”-nin sujeti ilə yanaşı, qoşmada təqdim etdiyimiz “Təkzib” başlıqlı video açıqlamanın da müqayisəli şəkildə qiymətləndirilməsi və məsələyə obyektiv, hüquqi qiymət verilməsi zəruridir. (Qoşma №2) Nəzərinizə çatdırırıq ki, həmin video açıqlama tərəfimizdən ictimailəşdirilməmiş və qanunvericiliyi poza biləcək formada heç bir platformada paylaşılmamışdır. Çünki tərəfimiz reklam, reytinq qazanmaq və ya sosial şəbəkələrdə hər hansı şəxsi və ya müəssisəni maddi və mənəvi cəhətdən ziyana uğratmaq kimi bir məqsəd güdmür. Baku TV-dən fərqli olaraq, biz sözügedən video aşıqlamanı qanuni qaydada məhkəməyə təqdim etməyi məqsədəuyğun hesab edirik. Baku TV tərəfindən hazırlanıb istimaiyyətə təqdim olunan videoda X14 tərəfindən müsahibə alınan şəxslərdən ikisi yalnız “Ekol Medya” şirkəti ilə əlaqəli olmuş, "xxxx" MMC ilə isə hər hansı hüquqi əlaqəsi mövcud deyil. Bu, ya müxbirin hüquqi savadsızlığından, ya da qərəzli mövqeyindən irəli gəlmişdir. Tamamilə başqa bir şirkətin fəaliyyətini "xxxx" MMC ilə əlaqələndirmək həm əsassız, həm də peşə etikası baxımından qəbuledilməzdir. X14 tərəfindən müsahibə alınan X11 "xxxx" MMC barəsində açıqlamaları əsassız, qərəzli və məqsədyönlü qaralama xarakteri daşıyır. Sözügedən şəxs tərəfindən səsləndirilən fikirlər faktlara əsaslanmır, ictimai rəyi çaşdırmaq və şirkətin işgüzar nüfuzuna xələl gətirmək məqsədi güdür. 12 sentyabr 2025-ci il tarixdə Orxan Qulamlı tərəfindən “Tiktok” sosial şəbəkəsində “yeni_guneshli_evleri” adlı səhifə vasitəsilə "xxxx" MMC haqqında əsassız və böhtan xarakterli “dələduzluq” iddiaları səsləndirilmişdir. Həmin şəxs şirkətin ofisin koridorlarında mobil telefonla gizli çəkiliş apararaq, real əsasları olmayan fikirlər yaymışdır. Videoda aydın görünür ki, Orxan Qulamlı təkbaşına çıxış edir və bu, onun emosional və psixoloji baxımdan qeyri-sabit davranış sərgilədiyini göstərir. O, “anketə görə 20 manat ödəniş” məsələsini ictimaiyyətə dələduzluq” kimi təqdim etmiş, lakin bu ödəniş faktiki olaraq “qeydiyyat və inzibati xidmət haqqı” olmuş və rəsmi qəbzlə rəsmiləşdirilmişdir. Əlavə olaraq, Orxan Qulamlı faktiki olaraq heç bir ödəniş etmədiyi halda belə iddia səsləndirmiş, bu isə həm hüquqi, həm də etik baxımdan əsassız və qərəzli mövqe hesab olunur. Bundan əlavə, həmin sosial şəbəkə səhifəsində Orxan Qulamlı tərəfindən "xxxx" MMC-nin direktoru Atila Uysal və onun əməkdaşları barəsində təhqiramiz, nalayiq və nüfuzdan salan ifadələr işlədilmiş, bununla da şirkətin işgüzar reputasiyasına qəsdən zərbə vurmaq məqsədi güdülmüşdür. Daha sonra Orxan Qulamlı, onunla əlbir olan şəxslər-Sərdar Elmir oğlu və X17 birlikdə həmin paylaşımların silinməsi müqabilində "xxxx" MMC-dən 5.000(beş min) manat məbləğində pul tələb etmişlər. Pulun verilməməsi halında onlar təhdid və hədə-qorxu yolu ilə təzyiq göstərmişlər. Yuxarıda qeyd olunan hərəkətlər özündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsində (şantaj) nəzərdə tutulan cinayət tərkibini ehtiva edir və bu faktlar barədə xx.xx.2025-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişik. (Qoşma N№3) Bununla bağlı daha ətraflı olaraq "Təkzib" başlıqlı video açıqlamamızda qeyd olunubdur. 2025-ci il 19 sentyabr tarixində "TikTok" sosial şəbəkəsində X11 tərəfindən "xxxx" MMC-nin direktoru Atila Uysal müəllimin səs yazısı qanunsuz əldə edilmiş və montaj olunmuş səs yazısı paylaşılmışdır. Məlum olmuşdur ki, həmin səs yazısı təxminən iki il əvvəl baş tutmuş ümumi işçi yığıncağında aparılmış səmimi və zarafatyana xarakterli söhbət zamanı qeydə alınmışdır. Səs yazısı Orxan Qulamlı tərəfindən icazəsiz əldə edilmiş, montaj edilmiş və kontekstdən çıxarılaraq ictimaiyyətə təqdim edilmişdir. Paylaşılan səs yazıda yalnız direktor Atila Uysal müəllimin və əməkdaş X1 saxlanılmış, digər yığıncaq iştirakçıların səsləri məqsədli şəkildə kəsilmiş və montajla silinmişdir. X8 məsələ ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə rəsmi qaydada müraciət edərək, Orxan Qulamlıdan şikayətçi olduğunu bildirmişdir. (Qoşma N№4) O, ərizəsində qeyd etmişdir ki, səs yazısı nə onun tərəfindən qeydə alınıb, nə də Orxan Qulamlıya göndərilib. X8, həmçinin, Atila Uysal müəllimdən heç bir zaman mənfi davranış və ya hörmətsizlik görmədiyini, əksinə, onu mehriban, anlayışlı və dəstəkçi bir rəhbər kimi tanıdığını bəyan etmişdir. Beləliklə, Orxan Qulamlının bu hərəkətləri şəxsi məlumatların qanunsuz toplanması və yayılması (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsi) və şəxsin şərəf və ləyaqətinin alçaldılması (CM-nin 147-148ci maddələri) əlamətlərini özündə ehtiva edir. "xxxx" MMC-nin direktoru Atila Uysal tərəfindən "Baku TV" kanalının müxbiri Jalə Qəhrəmanlıya müraciət edilərək, yayımlanması nəzərdə tutulan səs yazısı ilə bağlı X4 mövqeyinin öyrənilib-öyrənilmədiyi soruşulmuşdur. X14 bu sualı cavablandırarkən Aişə Hüseynovanın mövqeyini öyrənmədiyini etiraf etmiş və bunu yalnız gələcəkdə edəcəyini bildirmiş, lakin verdiyi vədə əməl etməmişdir. Qeyd edirik ki, Atila Uysal bu məqsədlə müxbirin Aişə Hüseynova ilə əlaqə qurmasına tam şərait yaratmış, hətta 2025-ci il 20 sentyabr tarixli, X13 Qulamlıdan şikayətçi olduğuna dair yazdığı rəsmi şikayət ərizəsinin surətini də təqdim etmişdir. Buna baxmayaraq, Jalə Qəhrəmanlı təqdim edilən rəsmi sənədləri və Aişə Hüseynovanın mövqeyini nəzərə almamış, əlaqə yaratmaqdan imtina etmiş və məsələyə laqeyd münasibət göstərmişdir. Məlumat üçün bildiririk ki, "Baku TV"nin müxbiri Jalə Qəhrəmanlı səs yazısı ilə bağlı ilkin mərhələdə "bu materialın sujetdə yayımlanmasına ehtiyac yoxdur" deyə bildirmiş, lakin sonradan eyni materialı efirdə yayımlamışdır. Bu fakt bizim tərəfimizdən təqdim olunmuş yazılı və audiovizual sübutlarla təsdiq edilmişdir. Beləliklə, "Baku TV" rəhbərliyinin və X14nın bu davranışı jurnalist fəaliyyətinin etik və peşə prinsiplərinə ziddir, obyektivlik və balanslılıq tələblərinin pozulması ilə müşayiət olunmuşdur. Qanunvericiliyə əsasən bu hallar "Kütləvi informasiya vasitələri haqqında" Qanunun 14 və 15-ci maddələrinin tələblərinə uyğun deyil və media məsuliyyəti doğurur. Qeyd etmək lazımdır ki, 2025-ci il 08 oktyabr tarixində Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən "Baku TV" kanalına qarşı "Media haqqında" Qanunun tələblərinin pozulmasına görə rəsmi xəbərdarlıq edilmişdir. Bu fakt bir daha göstərir ki, "Baku TV" rəhbərliyi reytinq məqsədləri naminə mövcud qanunvericilik tələblərinə əməl etmir, ictimai məsuliyyət və peşə etikasını pozaraq birtərəfli və qərəzli media fəaliyyətinə yol verir. "xxxx" MMC kino və serial istehsalı ilə yanaşı, aktyorluq üzrə xüsusi təlimlərin təşkili ilə məşğul olan peşəkar yaradıcılıq mərkəzidir. Təlimlər tanınmış universitet müəllimləri, pedaqoqlar, eləcə də xalq və əməkdar artistlər - Nurəddin Mehdixanlı və Pərviz Məmmədrzayev kimi sənət xadimlərinin iştirakı ilə həyata keçirilir. Təlimlərin əsas məqsədi istedadlı gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək, onların peşəkar səviyyədə formalaşmasına və kino sahəsində fəaliyyət imkanlarının genişlənməsinə dəstək göstərməkdir. Kursu uğurla başa vuran iştirakçılar rəsmi sertifikatla təltif olunurlar. Lakin "Baku TV" kanalında yayımlanan süjet zamanı müsahibə verən şəxslərdən biri vaxtilə "xxxx" MMC-nin aktyorluq təlimlərində iştirak etmiş İbrahim İsmayılov "Baku TV"yə verdiyi müsahibədə sertifikat barədə "Heç yerdə tanınmır" ifadəsini işlətmiş, bu yolla şirkətin fəaliyyətinə və təqdim etdiyi sənədin nüfuzuna xələl gətirmək məqsədi güdmüşdür. X14 tərəfindən aparılan müsahibə zamanı, jurnalistin peşə borcu olan məlumatın dəqiqliyinin yoxlanılması prinsipi pozulmuşdur. Müxbir qarşı tərəfə belə suallar ünvanlamalı idi: Səsləndirilən "Heç yerdə tanınmır" ifadəsi hansı rəsmi mənbəyə əsaslanır? Bu məlumat hər hansı dövlət və ya akkreditasiya qurumundan yazılı şəkildə alınıbmı? Əgər bu cür rəsmi sübutlar təqdim edilməyibsə, "Heç yerdə tanınmır" ifadəsinin səsləndirilməsi əsassız, yanlış və böhtan xarakterli bəyanat hesab olunur. Qeyd edilməlidir ki, "xxxx" MMC-nin təqdim etdiyi sertifikat ali təhsil diplomu deyil, qısamüddətli peşəkar təlimi uğurla bitirən iştirakçılara verilən rəsmi təsdiq sənədidir. Beynəlxalq praktikaya uyğun olaraq, bu cür sertifikatların dövlət və ya beynəlxalq akkreditasiya orqanları tərəfindən "diplom" kimi tanınması nəzərdə tutulmur. Onların hüquqi mahiyyəti təlim iştirakçısının peşəkar hazırlığını və təcrübəsini təsdiqləməkdən ibarətdir. Beləliklə, İbrahim İsmayılovun "Heç yerdə tanınmır" ifadəsi hüquqi cəhətdən sübuta yetirilməmiş, ictimaiyyətdə çaşqınlıq və yanlış təsəvvür yaratmaq məqsədi daşıyan subyektiv və qərəzli fikirdir. Bu ifadənin yayımlanmasına şərait yaradan "Baku TV" və X14 tərəfindən "Media haqqında" Qanunun 14-cü maddəsində (obyektivlik və dəqiqlik prinsipi) nəzərdə tutulan tələblərin pozulması ehtimalı mövcuddur və bu hal şirkətin işgüzar nüfuzuna zərər vurmuşdur. "Baku TV"nin müxbiri tərəfindən müsahibə alınan Tural Abbasovun səsləndirdiyi yalan və böhtan xarakterli iddialara aydınlıq gətirmək məqsədilə bildiririk ki, "xxxx" MMCnin istehsalı olan və "ATV" telekanalında yayımlanan "Dar Küçələr" adlı serialda Tural Abbasov "Natiq" obrazını canlandırmalı idi. Lakin çəkiliş prosesi zamanı Tural Abbasov rejissorun xanım köməkçisinə qarşı etik davranış qaydalarını pozaraq, ona müntəzəm şəkildə narahatlıq doğuran, tanışlıq xarakterli mesajlar və zənglər göndərmişdir. Bu davranışlar iş mühitində narahatlıq yaratdığına və peşə etikasına zidd olduğuna görə aktyor serial layihəsindən kənarlaşdırılmışdır. Bundan əlavə Tural Abbasov "xxxx" MMCnin rəhbərliyi və əməkdaşları barədə sosial şəbəkələrdə və digər platformalarda əsassız, qərəzli və ədavət dolu ifadələr səsləndirmiş, bu yolla şirkətin işgüzar nüfuzuna zərər vurmaq məqsədi güdmüşdür. Qeyd edilən hallar barədə şirkət tərəfindən müvafiq sübutlar (yazışma və zəng qeydləri daxil olmaqla) toplanmış və təsdiqləyici materiallar hüquqmühafizə orqanlarına təqdim edilmişdir. Beləliklə, Tural Abbasovun "Baku TV" vasitəsilə səsləndirdiyi iddialar reallığa uyğun gəlmir, hüquqi və faktiki əsası olmayan böhtan xarakterlidir və bu hərəkətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş tərkib əlamətlərini ehtiva edir. Baku TV-nin müxbiri Jalə Qəhrəmanlı tərəfindən müsahibə alınan Gülər Haqverdiyeva barədə bildiririk ki, sözügedən video süjetdə müsahibə verən şəxs üzünü gizlətdiyi kimi, həqiqətləri də gizlətmişdir. Əvvəla, Gülər Haqverdiyevanın "xxxx" MMC-yə etdiyi ödənişin məbləği cəmi 20 (iyirmi) manat olmuşdur. Bu ödəniş rəsmi qəbzlə rəsmiləşdirilmiş, yalnız qeydiyyat və inzibati xidmətləri əhatə etmişdir. Gülər Haqverdiyevanın müsahibəsində iddia etdiyi kimi 900 manat məbləğində tədris haqqı ödənişi edilməmişdir. Əgər belə bir ödəniş həyata keçirilmiş olsaydı, o, 20 manatlıq ödənişin qəbzini video sujetdə təqdim etdiyi kimi, 900 manatlıq ödənişin də qəbzini təqdim etməli idi. Eyni zamanda, "xxxx" MMC-də bütün ödənişlər yalnız rəsmi müqavilə əsasında qəbul olunur. Müqaviləsiz ödənişlərin qəbulu şirkətin daxili qaydalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir. Bu səbəbdən, Gülər Haqverdiyevanın səsləndirdiyi iddialar faktlarla uyğun gəlmir, manipulyativ və qərəzli xarakter daşıyır. Biz "xxxx" MMC olaraq Gülər Haqverdiyeva ilə əlaqə saxladıq. O, nə üçün həmin müsahibəni verdiyini izah edərkən bildirdi ki, telefon nömrəsi Orxan Qulamlı tərəfindən Baku TV-yə ötürülüb və Baku TV-nin israrlı zənglərindən sonra müsahibə verməyə çağırılıb. Gülər Haqverdiyevanın sözlərinə görə, verdiyi müsahibə Baku TV tərəfindən təhrif edilərək yanlış şəkildə ictimaiyyətə təqdim olunub. Bu açıqlamalar Gülər Haqverdiyevanın səs yazısında da öz təsdiqini tapır və "Təkzib" başlıqlı video açıqlamamızda əks olunmuşdur. Aparılmış araşdırmalar göstərir ki, əvvəllər məhkumluğu olan X11 ilə əlaqədə olan və onunla əlbir fəaliyyət göstərən adları çəkilən şəxs vasitəsilə Baku TV tərəfindən hazırlanmış materiallar məqsədli şəkildə "xxxx" MMC-nin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyır. Beləliklə, Baku TV-nin müxbiri Jalə Qəhrəmanlı tərəfindən çəkilmiş və Baku.ws saytında yayımlanmış həmin video süjetdə yer alan açıqlamalar obyektiv faktlara deyil, birtərəfli və qərəzli informasiyalara əsaslanmışdır. Bu materiallar ictimai rəydə çaşqınlıq yaratmaq və şirkətin reputasiyasına zərbə vurmaq məqsədilə hazırlanmış dezinformasiya xarakterli məzmundur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, "Baku TV" kanalı və onunla əlbir olan şəxslər tərəfindən yayımlanan sujetdəki çıxışlar əsassız, qərəzli və sübutsuzdur. Həmin məlumatlar ictimai rəydə çaşqınlıq yaratmaq, "xxxx" MMC-nin və onun direktoru Atila Uysalın işgüzar nüfuzuna xələl gətirmək, habelə şirkət barəsində mənfi rəy formalaşdırmaq məqsədilə hazırlanmış və yayılmışdır. Nəticədə, "xxxx" MMC-nin rəhbəri Atila Uysalın işgüzar nüfuzu zədələnmiş, şirkətin kommersiya maraqlarına və ictimai imicinə ciddi zərbə vurulmuş, həm maddi, həm də mənəvi zərər dəymişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X7 və X2 müdafiəçisi Müdafiəçi xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən şəxsin nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 147.2-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Adı çəkilən Plenum Qərarının 12-ci bəndinə əsasən kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-in 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Qeyd olunan Plenum Qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-in 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. CPM-in 293.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda göstərilməli olan məlumatların dairəsini müəyyən etmişdir ki, CPM-in 302-ci maddəsi də xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununa dair bu tələblərin imperativ olmasını təsbit etmişdir. Məhkəmə, CPM-in sadalanan normalarını rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə, həmçinin törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, xüsusi ittihamçı qanunvericiliklə üzərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Belə ki, hazırki şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş konkret hansı əməlin AR CM-nin qeyd edilən maddələri ilə tərkib yaratdığını, əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmiş, həmçinin CPM-in tələblərinə riayət olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6-ci maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda Xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında "xxxx" MMC tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X9 və X5 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 05 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 11 manat müəyyən edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X9 və X6, Qəhrəmanlı Jalə, X10, İbrahim İsmayılov, Tural Abbasov və Gülər Haqverdiyevanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında "xxxx" MMC tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. X9 və X5 məhkəmə iclaslarında göstərdiyi cəmi 05 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 55 (əlli beş) manat ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar