Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-55/2021 26.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə oğlunun, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Beyləqan rayonu, Mil qəsəbəsində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, İmişli şəhəri, Xiyaban i küçəsi, ev 73 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Dənizçi küçəsi, 15 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 2019-cu ilin mart-sentyabr ayları ərzində ünvan 2 ünvanında Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağı altında olan dövlət mülkiyyətinə aid, sahəsi 150 kv. metr olan torpaq sahəsini hasarlayıb, həmin torpaq sahəsi üzərində sahəsi 82 kv. metr olan, kürsülü, bir mərtəbəli üç otaq, bir sanitar qovşağı və bir mətbəxdən ibarət olan fərdi yaşayış evini inşa etməklə özbaşına tikinti işlərini aparmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin payızına qədər Keşlə qəsəbəsində qardaşının ailəsi ilə birlikdə kirayəyə ev tutub orada yaşamışlar. İmkansızlıqdan qardaşı Taleh öz ailəsi ilə birlikdə yanında yaşamışdır. Talehin səhhətində problemlər olduğu üçün işləyə bilmir. Yaşayış şəraitini yaxşılaşdırmaq üçün 2019-cu ilin mart ayında Xətai rayonu ərazisində Dənizçi küçəsi 15 ünvanında Xəzər dənizinin sahilindən təxminən 90-60 metr aralıda sahəsi 150 kv. metr olan torpaq sahəsini özbaşına zəbt edərək orada tikinti işlərinə başlamışdır. Bələ ki, zəbt etdiyi 150 kv. metr torpaq sahəsində özünün və qardaşının ailəsi üçün iki yataq otağı, bir zal, bir mətbəx və bir sanitar qovşağından ibarət sahəsi 82 kv. metr olan kürsülü, bir mərtəbəli yaşayış evini tikməyə başlamışdır. Bütün tikinti işlərini özü aparmışdır. Tikinti işlərinin aparılması üçün Xətai Rayon İcra Hakimiyyətindən və başqa dövlət qurumundan heç bir icazə almamış və hazırda da evinin heç bir sənədi yoxdur. Tikinti işlərini 2019-cu ilin sentyabr ayında yekunlaşdırmışdır. İmkansızlıqdan məcbur olub torpaq sahəsini zəbt edərək orada bir mərtəbəli ev inşa etmişdir, özünün və qardaşının ailəsi ümumilikdə 10 nəfərdən ibarətdir və həmin üç otaqlı ev də iki ailə üçün çox kiçikdir. Torpaq sahəsini özü zəbt ətmiş və tikinti işlərini də şəxsən özü aparmışdır, nə qardaşı Talehin, nə də ki, sonuncunun arvadı Sahilənin bu işlərə heç bir aidiyyəti yoxdur. 2019-cu ilin avqust ayında Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları yaşadıqlan evə gələrək torpaq sahəsini zəbt etdiyini və qanunsuz olaraq tikinti işlərini apardıqlannı bildirmişlər. Daha sonra təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu, üç uşağının olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə oğlu bildirmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətin Bakı ərazi şöbəsinin Xətai rayonu üzrə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini heyata keçirən məsləhətçi-müfəttişi vəzifəsində işləyir. Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinə nəzarət məqsədilə keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsinin əməkdaşlan tərəfindən xx xxxxxx 2019-cu il tarixdə keçirilən növbəti monitorinqlər zamanı ünvan 2 ünvanında Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağı altında olan dövlət mülkiyyətinə aid ümumilikdə 70,0 kv.m torpaq sahəsində vətəndaşlar Təqsirləndirilən şəxs tərəfindən fərdi yaşayış evinin inşası işlərinin aparılması faktı aşkar olunmuşdur. Araşdırma zamanı, qeyd olunan ünvanda aparılan tikinti işləri ilə bağlı hüquq müəyyənedici sənədlər təqdim edilmədiyindən, xx xxxxxx 2019cu il tarixdə Komitənin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmişdir. Göstərilənlərə və «Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə»nin 9.5-ci yarımbəndinin tələblərinə əsasən aparılan qeyriqanuni işlərin qarşısının alınması İlə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi ilə rəhbərlik Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Daha sonra zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvlərimlə birlikdə Xətai rayonu ərazisində Dənizçi küçəsi 15 ünvanında yaşayır. Ağciyər, qaraciyər və mədəsində ciddi problemlər olduğundan heç bir yerdə işləyə bilmir. Qardaşı Ramil fəhləlik edir, arvadı Sahilə isə 151 saylı MKİS-də süpürgəçi işləyir. 10 nəfərdən ibarət olan ailəni saxlayırlar. 2019-cu ilin payızına qədər Keşlə qəsəbəsində qardaşı ailəsi ilə birlikdə kirayəyə ev tutub orada yaşamışlar. İmkansızlıqdan iki ailə bir evdə yaşamışlar. Yaşayış şəraitimizi yaxşılaşdırmaq üçün qardaşı Ramil 2019-cu ilin mart ayında Xətai rayonu ərazisində Dənizçi küçəsi 15 ünvanında Xəzər dənizinin sahilindən təxminən 50-60 metr aralıda sahəsi 150 kv. metr olan torpaq sahəsini özbaşına zəbt edərək orada tikinti işlərinə başladı. Ramil 150 kv. metr torpaq sahəsində özünün və onun ailəsi üçün iki yataq otağı, bir zal, bir mətbəx və bir sanitar qovşağından ibarət sahəsi 82 kv. metr olan kürsülü, bir mərtəbəli yaşayış evini tikməyə başladı. Ramil tikinti işini bacarır. Tikinti işlərini Ramil 2019-cu ilin sentyabr ayında yekunlaşdırdı. Tikinti işlərinin aparılması üçün Ramil Xətai Rayon İcra Hakimiyyətindən və başqa dövlət qurumundan heç bir icazə almamışdır. Ramil imkansızlıqdan məcbur olub torpaq sahəsini zəbt edərək orada bir mərtəbəli ev inşa etmişdir ki, 10 nəfər ailə üzvü ilə küçələrdə qalmayaq. 2019-cu ilin avqust ayında Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları yaşadıqları evə gələrək torpaq sahəsini zəbt etdiklərini və qanunsuz olaraq tikinti işlərini apardıqlarını bildirdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsi şahid Şahid1 ifadəsinə oxşar olmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs oğlu inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinatları dəqiqləşdirilmiş və nəticədə həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması müəyyən edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 tərəfindən xx.xx.2020-cı il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli Ruslan Sadıqovun qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs ailəlidir və X1 ilə nikahdadır və birgə nikahdan Rüqəyya, Həzrətəli və Əsnad adlı üç övladı vardır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 188.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyətləndirilməsi, şəxsiyyəti, ilk dəfə cinayət törətməsi, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halın mövcud olması, ağırlaşdırılan halların olmaması, himayəsində üç azyaşlı uşağının olması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə olınmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-55/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-55/2021
26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver