Məhkəmə qərarları › İş №1(011)-55/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-55/2022

11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-55/2022 11.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, həmin məhkəmənin 21 yanvar 2022-ci il tarixli qərarı ilə amnistiya aktına əsasən, təyin olunmuş cəzasının çəkilməmiş müddəti 1 (bir) il azaldılmış, cəzasını çəkməmiş, Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, ev 25/2 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, naməlum vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 0,390 qram çəkidə tünd qəhvəyi rəngli, tozşəkilli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib daşımaqla üstündə saxlamış, bu barədə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 oktyabr 2021-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, ünvan 3 binanın qarşısında saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirilərək, videoçəkilişdən istifadə edilməklə, keçirilmiş şəxsi axtarış zamanı, əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,390 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən yaşayış sahəsində yaşayır. O, ara-bir narkotik vasitələrdən istifadə edir. 02 oktyabr 2021-ci il tarixdə, axşam saatlarında yaşadığı mənzilin yerləşdiyi küçədə olduğu zaman, polis əməkdaşları onu saxlamış və daha sonra onu Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində olarkən, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmuş və bundan sonra o, məcbur olub videoçəkiliş zamanı üzərindən aşkar olunaraq götürülmüş sellofan bükümdə olan narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamağını etiraf etmişdir. Onun ibtidai araşdırmada şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri həqiqəti əks etdirmir, məhkəmə iclasında verdiyi ifadəsi isə doğrudur. Göstərilənləri nəzərə alaraq, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat-axtarış qrupu yaradılmış və 02 oktyabr 2021-ci il tarixdə, saat 20 radələrində əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumat əsasında, ünvan 3 ünvanda yerləşən binanın qarşısına getmişdir. Orada bir az gözlədikdən sonra, binanın çıxış hissəsindən məhəlləyə düşən birisini görmüş, diqqətlə baxdıqdan sonra xarici əlamətlərindən Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs yaxınlaşan zaman, sonuncu özünü şübhəli aparmış və qaçmağa cəhd etmişdir. O, dərhal orada Təqsirləndirilən şəxs yaxalamış, özlərini təqdim etmiş və sonra həmin şəxsdən şəxsiyyəti barədə məlumat verməsini istəmişdir. Həmin şəxs özünü xx xxxx 1991-ci ildə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra həmin şəxsə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və onu Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə dəvət etmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə, hüquq və vəzifələri izah edilmiş, daha sonra videoçəkilişdən istifadə olunmaqla, üzərində şəxsi axtarış və götürmə hərəkətləri keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş hər hansı bir əşyanın olduğu təqdirdə, təqdim etməsi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd büküm çıxardıb təqdim etmişdir. Həmin bükümün içərisinə baxış zamanı, tünd qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş, daha sonra kütlə zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən heç bir etiraz olunmadan imzalarla təsdiq edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsində olduğu zaman, ona qarşı hər-hansı bir fiziki və ya psixi təsirə yol verilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 02 oktyabr 2021-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə saxlanılan şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının qabaq sağ cibindən ağ rəngli selofanın içərisində tünd qəhvəyi rəngdə olan maddəni, şalvarının sol qabaq cibində olan qara rəngli “KGTEL” markalı telefonunu və 44 manat pulu çıxararaq, təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nə olması soruşulduqda, sonuncu həmin bükümdəki kütlənin narkotik maddə olan heroin olmasını bildirmişdir. Həmin bükülü açıldıqda, içərisində tünd qəhvəyi rəngli toz halında olan kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs həmin maddənin 01 oktyabr 2021-ci il tarixdə, günorta saatlarında Həzi Aslanov qəsəbəsində tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra, aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2021-ci il tarixli, 6/4363 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,390 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq - 0,340 qramdır. İş materiallarından görünür ki, 0,340 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd DVD formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 09 oktyabr 2021-ci il tarixli, 3872 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 12 oktyabr 2021-ci il tarixli tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarından görünür ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş müddətinin 1 (bir) il azaldılması qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs saxlanılarkən və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində olarkən, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmasını bildirsə də, bununla bağlı hər hansı bir hal məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü çıxarıldıqdan sonra, lakin qanuni qüvvəyə minməmişdən əvvəl hazırki cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Bu mənada, müraciətdən görünür ki, təcrübədə çətinliklər yaradan məqam birinci cinayət işi üzrə ittiham hökmünün elan edildiyi vaxtdan onun qanuni qüvvəyə mindiyi anadək olan dövrdə törədilən cinayətə görə şəxsə cəzanın hökmlərin, yaxud da cinayətlərin məcmusu üzrə təyin edilməsindən ibarətdir. ...Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur”. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 02 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,340 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd “DVD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və həmin məhkəmənin 21 yanvar 2022-ci il tarixli qərarı ilə müddəti 1 (bir) il azaldılmış 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə, ona qəti olaraq 1 (bir) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 02 oktyabr 2021-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,340 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd “DVD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar