Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-55/2025 11.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, 29 avqust 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2rəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq, 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,762 qram kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış və 23 iyul 2024-cü iİ tarixdə saat 15:30-da Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılıb ünvan 4-nin inzibati binasına gətirilərək videoçəkilişlə və müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,762 qram olan ağ rəngli kristalşəkilli maddə küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, təxminən dörd aya yaxındır ki, patı yəni metamfetamin istifadə edir. Belə ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nərimanov metrosunun yaxınlığında olan zaman əvvəllər bir neçə dəfə ondan patı aldığı şəxslə rastlaşmış və 10 manat pulun müqabilində anket məlumatlarını bilmədiyi şəxsdən 01 bükümdə metamfetamin alaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq evə gələn zaman yaşadığı evin yaxınlığında saat təxminən 15 radələrində iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirərək ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyini bildirmişlər. Lakin həmin vaxtı üzərində şəxsiyyətini təqsdiq edən sənəd olmadığından və eyni zamanda əynində olan cins şalvarın sağ yan cibinə narkotik qoyduğu üçün qorxaraq özünü şübhəli apararaq polis əməkdaşlarının ona verdikləri suallara doğru düzgün cavab vermədiyinə görə bu kimi hərəkətləri polis əməkdaşlarında şübhə yaratmış və bu səbəbdən onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Polis Şöbəsinə gəldikdən sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilərək və hüquqlarının müdafiə olunması üçün dövlət hesabına təyin edilmiş vəkilinin və video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, könüllü olaraq içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd sellofana bükülmüş bükülünü əynində olan cins şalvarın sağ yan cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən həmin bükülünün içərisində nə olduğu soruşulduqda bildirmişdir ki, həmin bükülünün içərisində olan psixotrop maddə metamfetamindir. Bundan sonra təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş maddə elektron tərəzi ilə ölçülərək kağız zərfə qoyularaq möhürləndikdən sonra bu barədə protokol tərtib edilərək iştirakçılar və özü tərəfindən imzalanmışdır. Eyni zamanda qeyd etmişdir ki, o polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilən zaman hər hansı bir ona qarşı zor tətbiq edilməmişdir. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2006-cı ildən DİO-da, 2024-cü ildən isə tutduğu vəzifədə xidmət göstərir, hazırda polis baş leytenantı rütbəsindədir. Xidmət etdiyi bölməyə etimad doğuran, qərəzsiz mənbədən xx.xx.1988-ci ildə ünvan 5 ünvanında qeydiyyatda olan, lakin ünvan 6da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumata əsasən, həmin şəxsin ifşa olunması məqsədilə 23 iyul 2024-cü il tarixdə PŞ-nin polis sahə inspektoru polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılaraq tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 15.30-da Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ərazi aidiyyəti üzrə Xətai RPİ-nin 37-ci PŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermiş və həmin şəxslə bağlı zəruri tədbirlər görülməsi üçün bölmə rəhbərliyinə raportla məruzə etmişlər. Raportla məruzə etdikdən sonra tərəflərindən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs onların nəzarətində olmuşdur. Bundan sonra təhqiqatçı Neman Rufullayev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil təyin edərək vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra təhqiqatçı tərəfindən və video görüntü ilə onun üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olub olmaması barədə sual, olduğu halda könüllü sürətdə təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində psixotrop maddəyə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofana bükülmüş bükülünün içərisindəki maddənin nə olduğu təhqiqatçı tərəfindən soruşulduqda həmin maddənin metamfetamin olduğunu 23 iyul 2024-cü il tarixdə səhər saatlarında Nərimanov metrostansiyasının yaxınlığından üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manat pulun müqabilində aldığını bildirmişdir. Belə ki, aşkar edilərək götürülmüş maddə təhqiqatçı tərəfindən elektron tərəzi ilə ölçülən zaman 0,87 qram olması müəyyən edildikdən sonra qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid Xətai RPİ-nin 37-ci PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı Şahid2 ifadəsi Şahid1 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; (i.v.1) - şübhəli şəxsin tutulması haqqında 23 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdə saat 15:30 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v.24) - şəxsi axtarış və götürmə aparılması haqqında 23 iyul 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş büküm təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin 1 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin patı adı ilə tanıyan maddə olan "metamfetamin" olmasını bildirmişdir. Həmin 1 ədəd şəffaf sellofana bükülmüş büküm açıldıqda, içərisində ağ rəngdə kristalşəkilli kütlə aşkar edilmişdir. Həmin bükümdə olan maddə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkiləri çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 0,87 qramdır. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs bildirdi ki, bu gün Nərimanov metrosu kimi tanıdığı ərazidən heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata almış və özü istifadə etmək üçün 1 büküm edərək üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir; (i.v.36-37) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16/16/2-6/3774 nömrəli 24 iyul 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №153“-li dairəvi möhür əksi olan, "Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,762 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetaminin təmiz çəkisi – 0,762 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq – 0,712 qram; (i.v.44-48) - 24 iyul 2024-cü il tarixli videoyazıya baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, süni işıqlandırma ilə işıqlandırılmış otaq Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Neman Rufullayevin əyləşdiyi xidməti otaqdır. Video görüntüdən müəyyən edilir ki, təhqiqatçı Neman Rufullayev qarşısında mülki geyimdə dayanmış soldan birinci şəxs polis baş leytenantı Şahid1, sonra sağda dayanmış mülki güyimli şübhəli şəxs Təqsirləndirilən şəxs və sonra solda dayanmış gündəlik geyim formasında olan şəxs polis sahə inispektoru polis baş leytenantı Şahid2 və onlarla üzbə üz əyləşmiş şəxs müdafiəçi X3r. Video çəkilişin davamında təhqiqatçı Neman Rufullayev, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoyur. Təhqiqatçı tərəfindən sorğu zamanı sonuncu qeyd edilən bükülünün içərisində psixotrop maddə metamfetamin olmasını və həmin psixotrop maddəni şəxsi istifadəsi üçün 23 iyul 2024-cü il tarixdə səhər saatlarında Nərimanov metrosu yaxınlığından üzdən tanıdığı lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manat pulun müqabilində aldığını bildirir. Bundan sonra təhqiqatçı Neman Rufullayev tərəfindən həmin maddə elektron tərəzi ilə ölçülən zaman kütlənin 0.87 qram olması göstərilir, və bundan sonra aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılmaqla iştirakçılar tərəfindən imzalanılır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 154 saylı möhürü ilə möhürlənir; (i.v.56) - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v.57-58) - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 25 iyul 2024-cü il tarixli prokurorun qərarından görünür ki, Xətai RPİ-nin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞ-nin müstəntiqi Elşən Quliyevin 25 iyun 2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir; (i.v.71-72) - polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 25 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir; (i.v.73-74) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 15 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli 1(007)-15/2020 saylı Nizami rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 69.3-cü maddələri ilə 01 il 04 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılmasına cəzasına məhkum edilmiş. xx.xx.2020-ci il tarixli 7(011)-626/2020 saylı Xətai rayon Məhkəməsinin qərarı ilə qalan cəzası 07 ay 05 gün azadlıqdan məhrum etmə ilə əvəz edilərək xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə həbsdən azad edilmişdir; (i.v.87-96) - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 03 noyabr 2009-cu il təvəllüdlü X2 və 07 dekabr 2012-ci il təvəllüdlü X1 Elvin Eldar oğlunun övladlarıdır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin xx.xx.2024-cü il tarixli 6148 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; (i.v.98-99) - 16 sentyabr 2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri nəzərə alınmış, iş üzrə maddi sübut əhəmiyyəti kəsb edən 01 ədəd bükümdə təmiz çəkisi 0,762 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və qalıq qalmış 0,712 qram metamfetamin saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə səxsi axtarış və götürmə aparılması prosesinin video görüntüsünün əks olunduğu bir ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin miqdarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin 24 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3774 saylı rəyinin nəticə hissəsində qeyd edilən 0,762 qram əsas hesab edilmişdir; (i.v.101-107) - İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,762 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 23 iyul 2024-cü il tarixdən 25 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,762 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,712 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəh., Xətai ray., Mingəçevir küç., 20/42 ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,712 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-55/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-55/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver