Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-553/2022 22.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il ildə Göyçay rayonu, Qarabaqqal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məkumluğu olmayan, Göyçay rayonu, Qarabaqqal kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Savalan qəsəbəsi, yeni tikilidə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqəsdi ilə istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,485 qram, 0,497 qram, 0,386 qram və 0,488 qram olmaqla ümumi təmiz çəkisi 1,856 qram narkotik vasitə heroin əldə edib üstündə daşımaqla saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə saat 19:30-da Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi R.Bağırov küçəsində saxlanılıb, ünvan 1 ünvanda yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üstündə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,485 qram, 0,497 qram, 0,386 qram və 0,488 qram olmaqla ümumi təmiz çəkisi 1,856 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, təxminən 1 ilə yaxındır ki, narkotik vasitələrin istifadəsinə başlamışdır. Narkotik vasitələri internet saytlarında tanış olduğu İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş tanımadığı şəxsdən almışdır. Həmin şəxsin verdiyi kart hesabına “Milliön” aparatları vasitəsi ilə müəyyən məbləğdə pul gödərmiş, onun müqabilində həmin şəxs müxtəlif ünvanlara qoyulmasını həll etmiş, bu barədə ona ətraflı məlumat verdikən sonra deyilən ünvana gedib, orada qoyulmuş narkotik vasitələri götürərək istifadə etmiş, habelə sözügedən narkotik vasitələri arabir gəlir əldə etmək məqsədi ilə həmin narkotik vasitələrdən bir hissəsini yalnız üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi bir neçə şəxsə satmışdır.Alanda və satanda aldanmamaq üçün özü üçün elektron tərəzi əldə etmişdir. 07 sentybar 2022-ci il tarixdə eyni qaydada İran İslam Respublikası vətəndaşının kartına razılaşdıqları kimi 3 qram üçün 100 manat pul göndərmişdir. Pulu göndərdikdən təxminən bir saat sonra internet üzərindən həmin İranlı ilə təkrar əlaqə saxladığında, o narkotik vasitələrin Xırdalan şəhəri ərazisində kolluq sahəyə qoyduğunu deyib, həmin yerin fotoşəkilini ona göndərmişdir. Həmin yerə gedib 06 ədəd sellofan bükümü aşkar edib götürdükdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Savalan qəsəbəsi yeni tikilidə yerləşən mənzilinə gəlmişdir. Ağrıları olduğundan iki gün ərzində iki bükümünü istifadə etmişdir. 04 ədəd bükümdəki narkotik vasitə heroini, habelə özündə olan elektron tərəzini siqaret qutusunun içərisinə qoyaraq, cibinə yerləşdirmişdir. Bir müddət sonra üzdən tanıdığı bir şəxs ona ağrılarının olduğunu, narkotik vasitə olan heroinə ehtiyacı olduğunu bildirib ondan narkotik vasitə almaq istədiyini bildirmişdir. 09 sentyabr 2022-ci il tarixdə özündə olan heroindən bir qismini həmin şəxsə 20 manata satmışdır. Az bir müddət sonra UPD adlanan qəsəbədə hərəkətdə olduğu zaman, iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti polis vəsiqələrini göstərib onu şübhəli şəxs kimi Xətai RPİ-nin 37-ci PŞnə dəvət etmişlər. Polis Şöbəsinə gəldikdə, onu xidməti otaqların birinə dəvət etmiş, polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib, vidoçəkilişdən istifadə edilməklə şəxsi axtarışa məruz qalacağını izah etmiş, ardınca isə ona müdafiəçi təqdim edilmiş, polis əməkdaşları şəxsi axtarış aparmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub olmaması barədə sorğu etmişlər. Əynindəki cins şalvarın cibindəki 01 ədəd siqaret qutusunu polis əməkdaşlarına təqdim edərək, qutunun içərisindəki 04 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi olduğunu, həmin heroini saxlanmamışdan 2 gün əvvəl yəni, xx.xx.2022-ci il tarixdə Xırdalan şəhərində tanımadığı X1 vətəndaşından 100 manat pul müqabilində aldığını etiraf etmişdir. Daha sonra əməlindən peşman olduğunu, ilk məhkumluğunu, səmimi etirafını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PB-nin sahə inspektoru vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 09 sentyabr 2022ci il tarixdə şöbəyə xx.xx.1990-cı il təvvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin istifadəsi və satışı ilə bağlı məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanması üçün şöbə rəhbərliyinə raportla məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə alındıqdan sonra, əməliyyat-axtarış təbirinin keçirilməsinə dair qərar qəbul olunmuş, çıxarılmış qərar əsasında o, həmçinin şöbənin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmiş, bundan sonra həmin günü saat 19 radələrində əməliyyat qrupunun digər üzvü ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, R.Bağırov küçəsində gəlmişlər. 19:30da Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini təqdim etməklə Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib, həmin şəxsə qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddə əldə etməsi,istifadə etməsi və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu izah edib, onu qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmiş, bundan sonra onu Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Şöbədə Bakı şəhəri, 13 saylı Vəkil Bürosundan vəkil dəvət olunaraq ona təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, dəvət olunmuş müdafiəçinin iştirakı ilə vidoçəkilişdən istifadə edilməklə üstündə şəxsi axtarışı aparılacağı izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış, şəxsi axtarışı aparılan zaman ona üzərində olan qanunla qadağan edilmiş əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaret qutusunun içərisindəki 04 ədəd bükümü və 01 ədəd elektron tərəzini çıxarıb təqdim edərək, həmin 04 ədəd bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, iki gün əvvəl Xırdalan şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün 100 manat pul müqabilində alaraq üstündə saxladığını etiraf etmişdir. Aşkar edilmiş maddələr və 01 ədəd elektron tərəzi müdafiəçinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri imzalandıqdan sonra götürülmüşdür. Axtarış və götürmə barədə protokol tərtib olunmuş, həmin protokol oxunandan sonra iştirakçılar və Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Şahid1 məhkəməyə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, ölkədə olmayaçağı səbəbi ilə məhkəmədə iştirak edə bilməyəcəyini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı və şahidin teleqramı nəzərə alınaraq məhkəmə iclasına gəlməyən Şahid1 ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi digər şahidin ifadəsinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarında olan axtarış və götürmə aparılması haqqında 09 sentyabr 2022-ci il tarixli protokolun məzmunundan aydın olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən 09 sentyabr 2022-ci il tarixdə saat 19:30-da Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi R.Bağırov küçəsində saxlanılıb, şöbəyə gətirilərək videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparılan zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən sellofan kəsiyindəki 04 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, “videogörüntülərə baxış keçirilməsi haqqında” protokolun məzmunundan görünür ki, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış təhqiqat sübutlarının həqiqiliyinə və mötəbərliliyinə qiymət verilməsi məqsədi ilə Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 01 ədəd “CD-R” formalı diskə Bakı şəhəri Xətai RPİ-nin inzibati binasında xidməti iş otağında baxış keçirilmiş, baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması, şəxsi axtarış zamanı sonuncunun əynindəki göy rəngli cins şalvarın sol yan cibindən siqaret qutusu içərisindəki 04 ədəd sellofan bükümü və 01 ədəd elektron tərəzini təqdim etməsi, təqdim etdiyi bükümlərin içərisində narkotik vasitə heroin olmasını bildirməsi müəyyən edilmişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs videgörüntüdə əks olunan, yəni şəxsi axtarışı aparılarkən içərisində narkotik vasitə heroin olan 04 ədəd sellofan bükümü və 01 ədəd elektron tərəzini təqdim edən şəxsin özü olduğunu bildirib, videogörüntüdə əks olunan xüsusatların həqiqiliyini təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2022-ci il tarixli 6/5056 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar olan bir ədəd zərfdə 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,485 qram, 0,497 qram, 0,386 qram və 0,488 qram, ümumi təmiz çəkisi 1,856 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdim edilmiş 01 ədəd elektron tərəzidə narkotik vaistə olan heroin izləri vardır. Heroin iz şəkilində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 30 sentyabr 2022-ci il tarixli 5664 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs kannabodilərdən və psixostimuyatorlardan istifadə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müazyinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materialında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş 04 ədəd bükümdə ümumi təmiz çəkisi 1,856 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi və şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri əks etdirən 01 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınmış, tədqiqatlar zamanı sərf olunduqdan sonra ümumi qalıq çəkisi 1,736 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd “CD-R” formatlı disk isə cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan tutma haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə saat 19:30-da şübhəli şəxs kimi tutulmuşdur. 11 sentyabr 2022-ci il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarına əsasən barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni qanunsuz olaraq satış məqəsdi ilə narkotik vasitə əldə edib üzərində saxlamaqla daşıması özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təyin olunacaq cəzanın şəxsin ailəsinin həyat şəraitinə təsirinin nəzərə alınması qeyd edilmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun gənc olması və məhkumluğunun olmaması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun səmimi etirafını, əməlindən peşman olmasını, ilk məhkumluğunu yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəzaçəkmə müsəssisəsiniin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs kimi 09 sentyabr 2022-ci il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsininnin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən ilə müalicəyə ehtiyacı olmadığı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 04 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 1,736 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri əks etdirən maddi sübut kimi tanınmış 01 ədəd “CD-R” formatlı disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 04 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 1,736 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “CD-R” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulsun. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-553/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-553/2022
22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver