Məhkəmə qərarları › İş №1(011)-553/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-553/2024

28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-553/2024 28.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1973-cü il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Füzuli şəhər 2 nömrəli Uşaq İncəsənət məktəbində müəllim vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2asında yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yekun protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində özünə məxsus olmaqla idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Volkswagen Golf” marka və modelli, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi ilə “Ukrayna” dairəsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda həmin istiqamətin hərəkət hissəsindəki piyadalara yolu keçməyə imkan verməli, piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, keçidə yaxınlaşarkən sürətli yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamaq üçün lazımınca azaltmalı, piyada keçidə daxil olmuşdursa nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda qanun normasına əməl etməyib hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, ünvan 3 ünvanın qarşısında piyada zolağında yolu sol tərəfdən sağ tərəfə keçən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yolun hərəkət hissəsini ayıran xəttin üzərində ehtiyatsızlıqdan avtomobilin ön tərəfi ilə vurmaqla Zərərçəkmiş şəxs1 sağ baldır sümüklərinin proksimal ucunun yerdəyişmiş qapalı, qəlpəli, oynaqdaxili sınıqları kimi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən və Zərərçəkmiş şəxs2 sol bud və bazu sümüklərinin qapalı yerdəyişmiş sınıqları, başın tüklü hissəsinin tikilmiş yarası kimi, dərəcəsinə görə sağlamlığın uzun müddələ pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində idarə etdiyi “Volkswagen Golf” marka və modelli 19BG801 dövlət qeydiyyat nişanlı avtomobili ilə R.Quliyev küçəsində hərəkətini davam etdirib Ukrayna dairəsi istiqamətində gedirdi. Həmin vaxt avtomobilində sərnişin yox idi. R.Quliyev küçəsində hərəkətini davam etdirib R.Məmmədov küçəsinə daxil olmuşdur. R.Məmmədov küçəsində yolun sol zolağında hərəkətini davam etdirib parkın yanına çatan zaman, parkın qarşısında yerləşən piyada zolağında 5 nəfər şəxsin yolu sol tərəfdən sağa keçdiyini görmüş, idarə etdiyi avtomobilin sükanını sol tərəfə çevirmişdir. Bu zaman idarə etdiyi avtomobilin ön tərəfi ilə iki nəfər piyadanı vurmuşdur. Zərbənin təsirindən piyadalar yerə yıxılmış, o, dərhal avtomobilini tormozlayıb saxlamışdır. Avtomobilindən yerə düşüb həmin piyadalara yaxınlaşıb səhhətləri ilə maraqlanmış və piyadaların xəsarət aldığını görmüşdür. Bu zaman ətrafa toplaşan şəxslər DİN-in 102 xidmətinə və təcili tibbi yarım stansiyasına müraciət etmişlər. Bundan sonra hadisə yerinə təcili tibbi yardım stansiyasının həkimləri gəlib xəsarət alan şəxsləri xəstəxanaya aparmışlar. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, hazırda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığını, onlara dəymiş ziyanı tam olaraq ödədiyini, onların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs X2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində yaşadığı evdə olan zaman arvadı Zərərçəkmiş şəxs2 ona zəng edərək avtobus ilə işdən evə gəldiyini və əlində ağır yük torbası olduğunu, R.Məmmədov küçəsində yerləşən Xətai rayonu, Sukanalı idarəsinin qarşısına gələcəyini, onu qarşılamağı və köməklik etməyini bildirmişdir. O, 2019-cu il təvəllüdlü övladı Şammədov Rəvanı qucağına götürərək Xətai rayonu, Sukanalı idarəsinin qarşısına getmişdir. Arvadı Yeganə avtobus ilə gələrək Sukanalı idarəsinin qarşısında avtobusdan düşmüşdür. Yeganənin əlində torba var idi. Torbanın bir kənarından o, bir kənarından arvadı tutmuş və yolu yaşadıqları ev tərəfə, park istiqamətində keçmək üçün R.Məmmədov küçəsində yerləşən piyada zolağına daxil olmuşlar. Həmin vaxt övladı Rəvan onun qucağında idi. Piyada zolağında hərəkətlərini davam etdirib yolun R.Quliyev küçəsi istiqamətində olan hərəkət zolağını keçib yolun digər hərəkət zolağına daxil olan zaman Ukrayna dairəsi istiqamətində hərəkətdə olan “Volkswagen Golf” markalı avtomobilin sürətlə gəldiyini görüb geriyə çəkilən zaman həmin avtomobil ön tərəfi ilə onu və arvadını vurmuş, zərbənin təsirindən o və arvadı yerə yıxılıb xəsarət almışlar. Avtomobil onu vuran zaman oğlu Rəvanı yerə atmışdır. Bundan sonra hadisə yerinə təcili tibbi yardım stansiyasının həkimləri hadisə yerinə gəlib arvadı Yeganə və onu xəstəxanaya aparmışlar. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində işyerimin yaxınlığında avtobusa əyləşib yaşadığı ev istiqamətində getmişdir. Avtobus yaşadığı evin yaxınlığında R.Məmmodov küçəsində, Xətai rayonu, Sukanalı idarəsinin qarşısında saxlamış, həmin vaxt əlində ağır torba olduğundan əri Zərərçəkmiş şəxs1 zəng edərək ona köməklik etməsi üçün dayanacağa gəlməsini bildirmişdir. Qısa müddət ərzində əri Zamiq dayandığı yerə gəlmişdir. Həmin vaxt Zamiq qucağında övladları 2019cu il təvəllüldü Rəvan ilə birlikdə gəlmişdir. Zamiq torbanın bir kənarından o, bir kənarından tutmuşlar və yolu yaşadıqları ev tərəfə, park istiqamətində keçmək üçün R.Məmmədov küçəsində yerləşən piyada zolağına daxil olmuşlar. Həmin vaxt övladı Rəvan Zamiqin qucağında idi. Piyada zolağında hərəkətlərini davam etdirib yolun R.Quliyev küçəsi istiqamətində olan hərəkət zolağını keçib yolun digər hərəkət zolağına daxil olan zaman Ukrayna dairəsi istiqamətində hərəkətdə olan “Volkswagen Golf” markalı avtomobilin sürətlə gəldiyini görüb geriyə çəkilən zaman həmin avtomobil ön tərəfi ilə onu və Zamiqi vurmuşdur. Zərbənin təsirindən o və Zamiq yerə yıxılıb xəsarət almışlar. Avtomobil onları vuran zaman Zamiq oğlu Rəvanı yerə atmışdır. Bundan sonra hadisə yerinə təcili tibbi yardım stansiyasının həkimləri gəlib əri Zamiqi və onu xəstəxanaya aparmışlar. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 13 sentyabr 2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 67 ünvanına baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 3-6); nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 13 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, “Volkswagen Golf” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin ön alın şüşəsinin sınmış vəziyyətdə olması müəyyən edilmiş və nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 7-8); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2024-cü il tarixli, 2/50100 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə törədilən zaman ayıq olmuşdur (i.v. 14); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v. 37); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 23 sentyabr 2024-cü il tarixli, 8/2617 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Volkswagen Golf” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 40-43); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 23 sentyabr 2024-cü il tarixli, 121/2024 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol bud və bazu sümüklərinin qapalı yerdəyişmiş sınıqları, başın tüklü hissəsinin tikilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir (i.v. 44-45); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 23 sentyabr 2024-cü il tarixli, 123/2024 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ baldır sümüklərinin proksimal ucunun yerdəyişmiş qapalı, qəlpəli, oynaqdaxili sınıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir (i.v. 46-47); zərərçəkmiş şəxs kimi tanınmaq haqqında 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 48); zərərçəkmiş şəxs kimi tanınmaq haqqında 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 58); Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Qarabağ Regional Mədəniyyət İdarəsinin Füzuli şəhər 2 nömrəli Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunmuşdur (i.v. 93); sübutların qiymətləndirilməsi haqqında 29 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş hesab edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 143, 263-1.1 və 264-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, məhkəmətibbi ekspertizasının və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyləri, hadisə yerinə baxış protokolu və hadisə yerinin sxemi, avtomobilə baxış protokolu, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxslərin ifadələri sübut növü kimi qiymətləndirilmişlər, “Volkswagen Golf” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır (i.v. 95-99); zərərçəkmiş şəxs X1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir; Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslər X2 və Zərərçəkmiş şəxs2 ilə barışdığını, onlara dəymiş ziyanın tam olaraq ödənildiyini, onların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin qeydinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs ilə zərərçəkmiş şəxslərin barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə razı olduqlarını qeyd etmişlər. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər X2 və Zərərçəkmiş şəxs2 ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərlə barışması ilə əlaqədar xitam verilməsinə razılıqlarını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını və onun barəsində olan iş üzrə icraata xitam verilməsinə dair xahişlərini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə xitam verilməli, iş üzrə maddi sübut kimi tanınmış “Volkswagen Golf” markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılmalı və təhqiqat zamanı sahibinə verilməsi nəzərə alınmalı, iş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1, 186, 321, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından və onlara dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası CM-nin 73.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış “Volkswagen Golf” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılsın və təhqiqat zamanı sahibinə verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar