Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-554/2023 10.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X5, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12, müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması, ailəsinin şəxsi məlumatlarını “whatsapp” sosial şəbəkəsində qrup yaradaraq həqiqətə uyğun olmayan səsli və yazılı ismarıclar göndərməklə onları təhqir etməsi nəticəsində şərəf və ləyaqətinə xələl gətirən, mənəviyyatına vurduğu psixoloji ziyana görə 10.000 manat məbləğində mənəvi təzminatın alınaraq ona verilməsi barədə dair xüsusi ittiham qaydasında şikayət vermiş X5 ərizəsinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması, ailəsinin şəxsi məlumatlarını “whatsapp” sosial şəbəkəsində qrup yaradaraq həqiqətə uyğun olmayan səsli və yazılı ismarıclar göndərməklə onları təhqir etməsi nəticəsində şərəf və ləyaqətinə xələl gətirən, mənəviyyatına vurduğu psixoloji ziyana görə 10.000 manat məbləğində mənəvi təzminatın alınaraq ona verilməsini xahiş etmişdir. X9 şikayətdə qeyd edilmişdir ki, oğlu X8 ilə həyat yoldaşı X12 xasiyyətləri uyğun gəlmədiyi üçün Nazlı Quliyeva "nikahın pozulması tələbinə dair" Suraxanı Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. 2022-ci ildə X16 oğlunun Səbail rayonu H.Z.Tağıyev 19 ünvanda yerləşən (İtalyan mətbəxi) "Tratoriya" restoranına gələrək onu vəhşicəsinə döyərək ona ciddi bədən xəsarətləri yetirmişdir. Şikayət Səbail rayon Pİ-də araşdırılmış və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Lakin məhkəmədə humanistlik edərək barışıq ərizəsi verdiyi üçün işə xitam verilmişdir. Humanistliyindən arxayınlaşan X16 onlara qarşı daha da aqressiv münasibət bəsləyərək onlara hədə-qorxular gəlməyə başladı. Belə ki, Nazlı oğlunun iş yerinə gələrək iş yoldaşlarının yanında onu təhqir etmiş, nalayiq sözlərlə şərəf və ləyaqətinə toxunan ifadələr işlətməklə yanaşı onu ölümlə təhdid etmişdir. Oğluna qarşı edilən bu hərəkətə görə aidiyyatı üzrə hüquq mühafizə orqanlarına rəsmi şikayət ərizəsi ilə müraciət etmişdir. X16 2022-ci ilin noyabr ayında həyat yoldaşına və oğluma qarşı xüsusi ittiham qaydasında Xətai rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Xüsusi ittiham ərizəsində X16 həqiqətə uyğun olmayan yalan, şər və böhtanlar yazaraq onu şərləməyə çalışmışdır. Belə ki, onun şər və böhtanları həqiqətə yuğun olmayan sözləri məhkəmə tərəfindən müəyyənləşdirilərək şikayət ərizəsi icraata qəbul edilməmişdir. Bundan əlavə guya oğlu Nurlan Məhərrəmovun öz qızına və bacısı qızına təcavüz etməsi barədə yalan məlumat verərək hüquq mühafizə orqanlarına şikayət etmişdir. Belə ki, Xətai rayon Pİ-nin İstintaq şöbəsi tərəfindən şikayət araşdırılmış, şikayət böhtan xarakterli olduğu müəyyən edilməklə iş üzrə xx.xx.2022-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi barədə" qərar qəbul edilmişdir. X16 ailə üzvlərinə qarşı yenidən heç bir əsası olmayan şər və böhtan xarakterli iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmişdir. O, hər dəfə onlara şər və böhtanlar atdığı üçün ciddi psixoloji əsəb gərginliyi və stress keçirirlər. Artıq həyat yoldaşı şəkərli diabet xəstəliyinə düçar olub. X16 dayanmadan bütün hüquq mühafizə orqanlarına, məhkəmələrə şər və böhtan xarakterli şikayət ərizələri ilə müraciətlər edərək onları ciddi narahat edir. Onun şər və böhtanlarının heç bir hüquqi əsası yoxdur. Hüquqları X16 tərəfindən kobud surətdə pozulduğu üçün məcburiyyət qarşısında qalaraq hüquq mühafizə orqanlarına şikayətlər etmişlər. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində evə geri döndükdə nəvələrinin pilləkənlərin üzərində əyləşməsini, mənzilin giriş qapısının isə çöl hissədən zədələnməsini və defarmasiyaya uğraması nəticəsində yararsız hala salınmasını aşkar etmişdir. Hadisə nəticəsində X16 yaşadığı mənzilin giriş qapısını sındırması ilə ümumilikdə ona 800 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin vaxtı Nazlı ictimai yerdə onları və qonşuları nalayiq küçə söyüşləri ilə təhqir etməklə şərəf və ləyaqətini alçatmışdır. Bundan əlavə Nazlı whatsapp sosial şəbəkəsində qrup yaradaraq qohumlarının əlaqə nömrələrini həmin qrupa əlavə edib onun və ailə üzvləri barəsində həqiqətə uyğun olmayan səsli və yazılı ismarıclar yazmaqla onu təhqir etmişdir. Bütün bu faktları qohumları və qonşuları təsdiq edə bilər. Nazlının bu qanunsuz hərəkətlərindən Xətai rayon Pİ-nin 35-ci PB-nə rəsmi qaydada şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayəti Xətai rayon 35-ci PB-də araşdırılmış və xx.xx.2023-ci il tarixdə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Ona vurulmuş maddi ziyana görə X12 barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən tədbir görülməsi üçün qərarın surəti ərazi aidiyyatı üzrə sahə inspektoruna göndərilmişdir. Onu da bildirmişdir ki, Nazlı günün müxtəlif vaxtlarında yaşadığımız evin qarşısına gələrək onları nalayiq sözlərlə təhqir edir, qonşuları isə ciddi narahat edir. Hesab edir ki, X16 nalayiq küçə sözləri ilə təhqir etməklə şərəf və ləyaqətini alçaltdığı üçün Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə də məsuliyyətə cəlb edilməlidir. Məhkəmə hazırlıq iclasında X9 xüsusi ittiham qaydasında verdiyi ərizəsini müdafiə edərək şikayətinin icraata götürülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X16 etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, X4 rəsmi boşanmışdır. Boşanma səbəbi də azyaşlı 10 yaşında yetim olan bacısı qızına qarşı təcavüzü olub. Hal-hazırda başqa birisi ilə yenidən ailə qurmuş və şəxsi qazancı hesabına əldə olunan evdə övladlarıyla və yeni həyat yoldaşıyla birlikdə yaşayır. Bütün hər kəs Nurlanı nəyə görə boşadığını bilir və Nurlanın etdiyi hərəkətə görə, ailəsinin isə Nurlanın arxasında duraraq ona haqq qazandırdığına görə hər kəs Məhərrəmovlar ailəsini qınayır. Bundan hiddətlənən keçmiş həyat yoldaşı X8, keçmiş qaynatası X10 və onun ailəsi ondan qisas almaq üçün dövlət orqanlarını boş-boşuna məşğul edir. Əsaslı səbəb və yetərli sübut olmadığı üçün polis orqanları, Xətai Rayon 34-cü və 35-ci Polis bölməsi, Xətai Rayon Prokurorluğu, Bakı Şəhər Prokurorluğu, Respublika Prokurorluğu və Xətai Rayon Məhkəməsi X6 ona qarşı verilmiş şikayətinin əsassız olduğunu hesab etmiş və cinayət işinin açılmasını dəfələrlə rədd etmişlər. Artıq bununla 4-cü dəfədir ki, X10 onu əsassız olaraq Məhkəməyə şikayət edir. Sırf uşaq zorakılığından şikayətçi olduğuna görə və şikayətdən geri çəkilsin deyə onun şərəf və ləyaqətini alçaltmağa qərar vermişlər. Nəticədə geri çəkilmədiyini görüb, Məhərrəmovlar ailəsi onun şəkillərini pornoseksual formaya salaraq bütün uzaqdan-yaxından tanıdığı insanlara göstərmiş, şəkilləri çıxardıb çoxaldaraq hər kəsə həmin fotoları yayayaraq onu ölüm həddinə çatdırmışlar. O, sırf buna görə canına qəsd etməyə cəhd etmişdir, Psixoloq yanında günlərlə konsultasiyalarda olmuşdur. Bununla əlaqədar olaraq hal-hazırda Məhərrəmovların ailəsini X18 oglunu, X3, Məhərrəmov Nurlan və X7 Xüsusi ittiham qaydasında 148-ci maddə ilə şikayət vermişdir (işə baxır hakim: Fuad Axundov). Və bundan əlavə olaraq mülki qaydada onun şərəf və ləyaqətini pozaraq, onu cəmiyyət içində təhqir edərək, gecə-gündüz onu geri çəkilsin deyə hədələyərək, əgər geri çəkilməsən həmin şəkilləri Təhsil Nazirliyinə, işlədiyin məktəbə, Mehriban Əliyevaya göndərəclər deyərək aylarla təhdid etmişlər və nəticədə ölüm həddinə çatdırdıqlarına görə mənəvi ziyanın ödənilməsinə görə 50.000 AZN mənəvi təzminat tələbi ilə Mülki qaydada Məhkəməyə şikayət etmişdir (işə baxır hakim:Samirə Eyvazova). Bununla bağlı hətta onlarla əlbir olan və şəkilləri yaymaqda onlara dəstək olan vəkilləri X14 belə məhkəməyə şikayət etmişdir. Hal-hazırda hər bir şikayəti haqlı olduğu üçün Məhkəmədə baxışdadır. Keçmiş qaynatası X6 İddia ərizəsində yazdığı bütün cümlələr yalandır.Heç bir sübut təqdim edilmədiyindən şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 müdafiəçisi verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma — min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1 4 8 . 1 -ci maddəsinin dispozisiyasına əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, X9 tərəfindən X2 çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmasına və yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlara dair iş materiallarına sonuncu tərəfindən hər hansı bir mötəbər sübut əlavə edilməmişdir. Bundan başqa şikayət ərizəsində şikayətin verildiyi tarix (il, ay və gün) və yer öz əksini tapmamışdır. X1 təhqirin və ya böhtanın harada baş verməsini şikayətdə göstərmədiyindən məhkəmə aidiyyətini müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, X5 X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması, ailəsinin şəxsi məlumatlarını “whatsapp” sosial şəbəkəsində qrup yaradaraq həqiqətə uyğun olmayan səsli və yazılı ismarıclar göndərməklə onları təhqir etməsi nəticəsində şərəf və ləyaqətinə xələl gətirən, mənəviyyatına vurduğu psixoloji ziyana görə 10.000 manat məbləğində mənəvi təzminatın alınaraq ona verilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.1.7 , 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına və 10.000 manat məbləğində mənəvi təzminatın alınaraq verilməsinə dair X5 xüsusi ittiham qaydasında verdiyi şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-554/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-554/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver