Məhkəmə qərarları › İş №1(011)-555/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-555/2024

09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-555/2024 09.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-də direktor vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 15 iyun 2024-cü il tarixdə saat 22 radələrində direktor işlədiyi ünvan 3 ünvanında “Laundry” kimyəvi camaşırxananın qarşısında müştəri Zərərçəkmiş şəxs camaşırxanaya təqdim etdiyi stolüstü süfrələrin təmizlənməsinin gecikdirilməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı sonuncunu heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə alın nahiyəsi ilə Zərərçəkmiş şəxs burun nahiyəsindən vuraraq ona burun sümüyünün yerdəyişmiş (qopmuş) sınığı, burun deformasiyası, tənəffüs pozulması kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə 15 iyun tarixdə, gecə saat 11- 12 arasında baş vermişdir. Kimyəvi təmizləmə mərkəzinə daxil olanda camaşırxanın özüdür, sağ tərəfdə isə ofisdir. Həmin ofisdə o və Həsənov Kənan əyləşir. Həsənov Kənan qeyri rəsmi şərikidir, lakin kimyəvi təmizləmə mərkəzinin direktoru özüdür. Həmin saatlarda Zərərçəkmiş şəxs çamaşırxanaya daxil olmuş və süfrələrini tələb etmişdir. Süfrələri Şahid1dən istəmişdir və ounla mübahisə etmişdir. O isə ofisdə əyləşdiyindən və qapı acıq olduğundan baş verənləri eşidirdi. Sonra o, ofisdən camaşırxanaya çıxmış və Zərərçəkmiş şəxs nə baş verməsi ilə bağlı maraqlanmışdır. Onlarda struktur fəqrli olduğu üçün gündüz və gecə meneceri var, işdə olan xanım isə gecə növbəsində çalışırdı və bu söhbətdən xəbəri olmamışdır. Zərərçəkmiş şəxs süfrələri xanımdan tələb etmiş, xanım isə həmin süfrələri tapa bilməmişdir. Bu səbəbdən səs-küy yaranmış və bu zaman o, çıxmışdır. Zərərçəkmiş şəxs bildirmişdir ki, səhər saat 11-də süfrələri təhvil verməlidir və bu məqsədlə süfrələrin ona verilməsini tələb etmişdir. Zərərçəkmiş şəxs özünü əsəbi aparmış, o da xanım işçiyə kobud davranıldığına görə əsəbi olmuşdur. Bu səbəbdən mübahisələri yaranmışdır. O, Zərərçəkmiş şəxs soruşmuşdur ki, süfrələri kimə veribdir, o, isə Kənana verdiyini bildirmişdir. Daha sonra o, Həsənə demişdir ki, zəng vursun Kənana, məsələni aydınlaşdırsın. O, Kənana zəng vurandan sonra telefonu o, götürmüş və Kənana bildirmişdir ki, müştəri gəlib süfrələrini tələb edir, o da bilmir nə məsələdir, gəlsin özü təhvil versin. Sonra telefonu Zərərçəkmiş şəxs qaytarmışdır. Bundan sonra Zərərçəkmiş şəxs əsəbi şəkildə çölə çıxmışdır. Artıq aralarında mübahisə yaranmışdır, sonra o, qayıtmışdır öz işləri ilə məşğul olmağa. Hadisənin üstündən təxminən 10-15 dəqiqə keçdikdən sonra, Həsən Kənan ilə yenidən yaxınlaşmış və onu çölə çağırmışlar. Kənan çöldə bildirmişdir ki, Həsən tanışıdır, ortaq dostları var və baş vermiş məsələnin aydınlaşdırılmasını təklif etmişdir. Həsən və Kənan onu çölə birgə çağırmışdırlar. Həsən ondan soruşmuşdur ki, nəyə görə onunla əsəbi danışmışdır. O da ona cavab olaraq demişdir ki, girmisən içəri, işçi ilə kobud danşmısan, bunu hansı səbəbdən etmisən və s. Bu zaman mübahisələri yaranmışdır. Vəziyyət gərgin olmuşdur, Həsən əl jestləri ilə danışdığına görə, süfrələr qayıtmasa pis olacaq dediyinə görə mübahisələri daha da böyümüşdür. Həsən onun üzərinə gələn zaman, ağır təhqiredici ifadə(var yoxunu s****) işlətdiyinə görə onu bir dəfə vurmuşdur. Bundan sonra o mübahisəni davam etdirməmiş və geri dönüb içəri keçmişdir, Həsən də çıxıb getmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, Zərərçəkmiş şəxs kəllə zərbəsi ilə vurmuşdur. Həmin kimyəvi təmizləmə mərkəzində o da müdürdür Kənan da, rəsmi olaraq rəhbər odur, lakin Kənanla onun ayrıca öz müştəriləri var, onlarda malların təhvil təslimi ilə menecer məşğul olur, lakin artıq Həsən ilə araları gərginləşdiyinə görə və Həsən Kənanın müştərisi olduğuna görə Həsənə demişdir ki, Kənana zəng vursun və məsələni aydınlaşdırsın. İçəri Həsən və Kənan birgə daxil olmuşdurlar və ikisi də birgə onu çölə dəvət etmişdirlər. Həsəni əvvəllər müştəri kimi tanımışdır. Beləliklə o, hadisə zamanı xuliqanlıq niyyətinin olmadığını, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək əməlinin Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən CM-nin 127.1maddəsinə tövsif edilməklə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həmin kimyəvi təmizləmə mərkəzinə süfrələr vermişdir. Həmin süfrələr onun direktoru olduğu şirkətə məxsusdur. 15 iyun 2024-cü il tarixdə həmin kimyəvi təmizləmə mərkəzini şərik olaraq işlədən Kənan adlı şəxs onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq süfrələrin hazır olmasını bildirmişdir. Bundan sonra həmin şəxsə gün ərzində yaxınlaşıb süfrələri təhvil alacağını demişdir. Süfrələri götürmək üçün təmizləmə mərkəzinə yaxınlaşmış, orada olan işçi xanımdan süfrələrini istəmiş, o da axtarmağa başlamış və hazır olmadığını bildirmişdir. Bu zaman əsəbləşməyə başlamışdır. Bundan sonra xanım içəriyə keçmiş və Fərid çıxıb ondan nə baş verdiyini soruşmuşdur. Bu zaman aralarında mübahisə yaranmışdır. Sonra o, əvvəlcədən tanıdığı Həsənov Kənana zəng vurmuşdur. Kənana zəng vurub demişdir ki, Fəridlə danışsın və izah etsin ki, hansı süfrələri istəyir. Bundan sonra görmüşdür ki, Fəridlə mübahisələri daha da gərginləşir və bu səbəbdən çölə çıxmışdır. Artıq çöldə olan zaman Kənana zəng vurub bildirmişdir ki, onları polisə şikayət edəcək, onun verdiyi süfrələri geri qaytarsınlar. Sonra Kənan onula görüşmüşdür, o da Kənana demişdir ki, gedib Fəridlə yeidən danışmaq istəyir. Geri qayıdıb, təmizləmə mərkəzinin girişində söhbət etmişlər. Verilmiş suallara cavab olaraq o bildirmişdir ki, təmizləmə mərkəzinə gələndə əsəbi olmuşdur. Əsəbi olduğu üçün orada əsəbi şəkildə danışmışdır. Birinci mübahisələri içəridə baş vermişdir. Çıxıb getdikdən sonra əsəbi olduğundan qayıdıb yenidən Fəridlə daışmaq istəmişdir, buna görə də çamaşırxanaya yenidən gəlmişdir. Fəridi çölə çağırmaq onun təşəbbüsü olmuşdur. Onu çölə dəvət etməkdə məqsədi baş vermiş münaqişənin səbəbini öyrənməkdə idi. O, əsəbi şəkildə “...var yoxunu s**** .... ” ifadəsini istifadə edən zaman yanlarında Kənan da olmuşdur, lakin o, həmin ifadəni Fərid ilə mübahisə edən zaman, ona qarşı demişdir. Mübahisələri obyektin giriş hissəsində, pilləkənlərdə baş vermişdir, aşağı hissəsində, həmin pilləkəndə olan zaman, çöl hündürdə qalır. Həmin məsafə 3 metr idi. Mübahisə baş verən zaman artıq qaranlıq idi. Mübahisə baş verən zaman çöldə heç kim olmamışdır və onlar heç kimə maneə olmamışlar. Hadisənin baş verməsinin günahını özündə görür. Həmin zaman əsəbi olmasa da süfrələrin hazır olmamasını, onların ona qaytarılmasını polis vasitəsi ilə yox, mülki qaydada həll edərdi. O geri qayıdıb Fəridi çölə çağırmışdır. O, Fərid ilə söhbət edən zaman Fəridə qarşı qıcıqlandırıcı ifadələrdən istifadə edirdi. İstintaq zamanı ifadəsinə “var yoxunu s****” əvəzinə ”var yoxuna lənət” yazılma səbəbi müstəntiq olmuşdur. Müstəntiq ona demişdir ki, onun verdiyi ifadəni “rəhbərlik” görəcək, ifadəyə nalayiq ifadələri qeyd eləmək ayıbdır. Həmçinin, Zərərçəkmiş şəxs Fəridə qarşı ağır nalayiq ifadə işlətdiyini və bu səbəbdən sonuncunun onu vurduğunu qeyd etmişdir. Mübahisəni o, başlatmış, halhazırda Fərid ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, onun əməlinin Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən CM-nin 127.1-maddəsinə tövsif edilməklə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qrup yoldaşının dostudur. Onunla münasibəti onlara müraciət edəndən sonra yaranmışdır, o, ona zəng vurub, xidmətlərinin qiyməti barədə maraqlanmışdır. Həmin gün Həsən onunla əlaqə saxlamış və verdiyi süfrələrin hazır olubolmamasını soruşmuşdur, o da ona kimyəvi təmizləmə mərkəzinə yaxınlaşmağını bildirmişdir. Sonra təxminən 1 saat keçəndən sonra Həsən ona zəng vurmuşdur ki, bu nə məsələdir, niyə bələ edirlər, Fərid ilə mübahisəsi olduğunu bildirmişdir. Bu səbəblə də polisə müraciət edəcəyini demişdir. O, ona Fəridin onun şəriki olduğunu və yaxınlıqda olduğunu deyərək onu camaşırxanaya dəvət etmiş, özünün oraya yaxınlaşacağını və baş verən məsələni yoluna qoyacağını bildirmişdir. O, kimyəvi təmizləmə mərkəzinin yaxınlığında olduğu üçün oraya qısa bir zamanda yaxınlaşmışdır. Orada əvvəlcə Həsən ilə görüşmüş və süfrələri ona səhərə kimi təhvil verəcəyini, narahat olmamasını bildirmiş, Həsən isə Fəridin onunla kobud şəkildə danışdığını bildirmişdir. O, Həsənin əsəbi olduğunu görmüş və Fəridində özündə olmadığını düşünərək, Həsənə təklif etmişdir ki, məsələni burada bitirsinlər, lakin Həsən bununla razılaşmamışdır. Sonra onlar aşağı düşərək Fəridi çölə, yəni obyektin giriş hissəsinə dəvət etmişlər. Fərid çıxandan sonra, Həsən ondan nəyə görə onunla kobud danışdığını soruşmuşdur. Fərid isə onun içərdə səs-küy saldığını, səsini qaldırdığını deyərək cavab vermişdir. Bu zaman Həsən əl-qol ilə danışmağa başlamış və Fəridə söyüş söymüşdür, bundan sonra Fərid Həsəni vurmuşdur. Həsən Fəridi “Varyoxunu s****...” deyərək söymüşdür. Həsən hadisə zamanı əli ilə Fəridə göstərərək həmin söyüşü demişdir. Həsən Fəridə həmin söyüşü söyəndən dərhal sonra Fərid onu vurmuşdur. İstintaq zamanı ifadəsinə “var yoxunu s****” əvəzinə ”var yoxuna lənət” yazılma səbəbi müstəntiq olmuşdur. Müstəntiq ona demişdir ki, onun verdiyi ifadəni “rəhbərlik” görəcək, ifadəyə nalayiq ifadələri qeyd eləmək ayıbdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, həmin kimyəvi təmizləmə mərkəzində çalışır. Axşam saatlarında kimyəvi təmizləmə mərkəzinə adını sonradan bildiyi müştəri Zərərçəkmiş şəxs daxil olmuşdur. O, süfrələri onlara verdiyini demiş və həmin süfrələri götürmək istədiyini bildirmişdir. Həmin süfrələri ondan o,təhvil almamışdır, lakin camaşırxanaya baxandan sonra görmüşdür ki, süfrələr hazır deyil və bunu ona bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs səsini qaldırmış və onunla kobud danışmışdır. Səs-küyü eşidən Fərid ofisdən çıxmış və Zərərçəkmiş şəxs nə baş verdiyini soruşmuşdur. Fərid əvvəlcə sakit idi, Zərərçəkmiş şəxs isə özünü əsəbi aparmış və kobud davranmışdır. Sonradan Həsən çölə çıxmış və bir müddət sonra Kənan ilə birgə qayıtmışlar. Bundan sonra o öz işlərim ilə məşğul olmuş və baş verənləri görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün Xətai RPİnin İŞ-nə göndərilmişdir (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 15 iyun 2024-cü il tarixli protokoldan görünür ki, baş vermiş hadisə ilə əlaqədar olaraq ünvan 3 ünvanında yerləşən “Laundry” kimyəvi camaşırxananın qarşısına baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 9-10); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 27 iyun 2024-cü il tarixli, 649 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişmiş (qopmuş) sınığı, burun deformasiyası, tənəffüs pozulması müəyyən edilmişdir. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 18-20); cinayət işinin icraata qəbul edilməsi haqqında 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (i.v. 21); zərərçəkmiş şəxs qismində tanınma haqqında 06 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 25-26); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 55); 23 avqust 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 56-59); 23 avqust 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 60-63); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 70- 71); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 88-89); Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 sentyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 100); ifadənin yerində yoxlanılması haqqında 03 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 101-103); sübutların qiymətləndirilməsi haqqında 21 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə yeni məzmunlu ittiham elan edilmiş, Təqsirləndirilən şəxs və Şahid2 əməllərində CM-nin 221.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmiş, zərərçəkmiş şəxsin və şahidin ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 27 iyun 2024-cü il tarixli, 649 saylı rəyi, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu, fotoşəkillər, üzləşdirmə istintaq hərəkəti ptotokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 107-113); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 115-116); təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır (i.v. 132); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, onun əməlinin Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən CM-nin 127.1-maddəsinə tövsif edilməklə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 15 iyun 2024-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymətin verilməsini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında “Laundry” kimyəvi camaşırxanaya Zərərçəkmiş şəxs təqdim etdiyi stolüstü süfrələri təhvil almaq məqsədilə yaxınlaşmış, lakin süfrələr hazır olmadığı üçün o, həmin çamaşırxanada çalışan Sevinc adlı işçiyə qarşı kobudluq edən zaman həmin müəssisənin direktoru Təqsirləndirilən şəxs ofisdən çıxaraq nə baş verməsi ilə maraqlanmış və Həsən aqressiv danışdığına görə aralarında mübahisə yaranmış, lakin daha sonra Həsən çıxıb getmiş və Fərid öz işlərinə geri qayıtmışdır. Buna baxmayaraq bir neçə dəqiqə keçdikdən sonra Həsən yenidən çamaşırxanaya gələrək Fəridi çağırmış və aralarında yaranmış mübahisə zamanı ona qarşı nalayiq ifadələr işlədən zaman Fərid onu yumruqla vurmuş və Həsən sağlamlığa az ağır zərərvurmaya aid xəsarət almışdır. Məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs da Fəridə qarşı ağır nalayiq ifadə işlətdiyini və bu səbəbdən sonuncunun onu vurduğunu, mübahisəni özünün başlatdığını etiraf etmişdir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən təsirləndirilən şəxsə qarşı verilmiş ittihamın məzmunundan da göründüyü kimi istintaq orqanı tərəfindən cinayətin baş verməsinin səbəbi kimi hadisə zamanı Həsənin Fəridə qarşı nalayiq ifadələr işlətməsi qeyd edilmiş, lakin cinayətin baş vermə səbəbi məlum olsa da, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən hazırkı cinayət əməlinin düzgün olmayaraq təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı törətdiyi hazırkı cinayət əməli heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə törədilməsi kimi qiymətləndirilmişdir. Məhkəmə, Həsənin Fəridə “Varyoxunu s...m” deyə bildirməsini, həmin ifadənin Fəridin mənəviyyatına və şəxsiyyətinə toxunmasını nəzərə alır, bununla da qeyd edilənlərin hadisənin baş verməsinə əsaslı səbəb kimi qiymətləndirir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətləri, hətta onun gedişində Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmaya səbəb olan xəsarətlər yetirilsə belə, xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən, Zərərçəkmiş şəxs qanunsuz hərəkətinə qarşı olan cavab hərəkəti kimi ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində sağlamlığa zərər vurma kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, ibtidai araşdırma zamanı zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6). “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Təqsirkarın davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməsinin, özünü ətrafdakılara qarşı qoymasının nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq niyyəti kimi deyil, sadəcə sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Həmçinin məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 vəsatət verərək Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən CM-nin 127.1-maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti araşdırıb onun əsaslı olması qənaətinə gəlir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə müəyyən edilmiş sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma—iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayətdə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət işi üzrə icraata xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar