Məhkəmə qərarları › İş №1(011)-556/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-556/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-556/2023 21.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1982-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Şamaxı şəhəri, Böyük Xınıslı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə halhazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını talama məqsədi ilə tanışı Fariz ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində Farizin təklifi ilə ünvan 1 ünvanında yerləşən «Fransız Parkı»nda quraşdırılmış, "xxxx" MMC-yə məxsus hər birinin dəyəri 70 (yetmiş) manat olan, 21 (iyirmi bir) ədəd zibil qabının əlvan metaldan olan qapaqlarını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 1470 (bir min dörd yüz yetmiş) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şamaxı rayonunda yaşayır, pul qazanmaq üçün isə aradabir Bakıya gəlir. Bakı şəhərində müxtəlif ünvanlarda yaşamışdır. Bakı şəhəri ərazisini gəzib dəmir tullantı, dəmir və polietilen toplayıb satmış, əldə olunan pul ilə yaşamışdır. 2023-cü ilin yanvar ayının əvvəllərində X2 ilə tanış olmuşdur. O, Farizə bir yerdə işləyib əlvan metal toplamağı təklif etmişdir. Sonradan Farizlə bir yerdə işləmiş və bir yerdə Bakı şəhəri ərazisini gəzib əlvan metal və polietilen paketlər toplayıb Ruslana təhvil verib pul almışlar. 29 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində Farizlə birlikdə «Fransız parkı»na getmişlər. Orada skamyada əyləşib Farizlə araq içmişlər. Daha sonra Fariz ona demişdir ki, həmin parkda olan zibil qutularının qapaqları metaldandır, həmin qapaqları oğurlayaraq satmaq olar. Gecə olduğundan parkda heç kim olmamış, o, sərxoş olduğundan Farizə razılıq vermiş və onlar birlikdə köməkləşib həmin parkda olan 21 ədəd zibil qutusunun qapaqlarını əyərək çıxarıb onda olan arabanın üstünə yığmışlar. Növbəti gün səhər saat 09 radələrində Farizlə birlikdə ünvan 5 ünvanında yerləşən Ruslanın işlədiyi əlvan metal qəbulu məntəqəsinə getmişlər. Orada o, Farizlə birlikdə həmin qapaqları Ruslana təqdim etmiş, Ruslan həmin qapaqları qəbul etmiş və ona 35 manat pul vermişdir. O, Farizlə ordan çıxıb yaxınlıqda yerləşən kafedə əldə etdikləri pul müqabilində yemək yeyib araq içmişlər. Bir neçə gündən sonra isə o, ailə vəziyyəti ilə əlaqədar olaraq Şamaxı rayonuna getmişdir. Beləliklə o, əməlindən səmimi peşman olduğunu, vərəm xəstəsi olduğunu, azadlıqda qalarsa işləyib dəymiş ziyanı qaytarcağını qeyd edərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Zərərçəkmiş şəxs bildirmişdir ki, "xxxx" MMC-də çalışır. Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində yerləşən «Fransız Parkı»nda bağban işləri ona həvalə edildiyindən hər gün səhər və axşam saatlarında parka baxış keçirmişdir. 28 yanvar 2023cü il tarixdə, saat 17 radələrində həmişə olduğu kimi parka baxış keçirib, hər şeyin qaydasında olduğunu görüb çıxıb getmişdir. 29 yanvar 2023-cü il tarixdə saat 07 radələrinə parka baxış keçirən zaman orada olan zibil qutularının qapaqlarının olmadığını görmüşdür. O, bunu görüb dərhal öz müdiri olan, « Şahid1 zəng edib məlumat vermiş və sonuncu DİNin 102 xidmətinə zəng etmişdir. İttihamda verilmiş ziyanın məbləği ilə razıdırlar. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanın ödənilmədiyini, lakin onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2022ci ildən Ş.Əzizbəyov küçəsi, ev 73 ünvanında yerləşən metal qəbulu məntəqəsində işləyir. Müşviq adlı metal toplayan şəxsi tanıyır. 29 yanvar 2023-cü il tarixdə, saat 10 radələrində iş yerində olan zaman Müşviq və Fariz onun işlədiyi əlvan metal qəbulu məntəqəsinə gəlmişlər. Həmin vaxt onlar 21 ədəd dəmir parçasını təqdim etmişlər, o isə həmin dəmir parçalarının nə olduğunu bilməmişdir. Bundan sonra həmin 21 ədəd dəmir parçalarını qəbul edərək Müşviqə 35 manat məbləğində pul vermişdir. Müşviq və yanında olan Fariz adlı şəxs ondan ayrılaraq çıxıb getmişlər. Bir neçə gün sonra həmin dəmir parçalarını o, lom metal kimi satmış, lakin kimə satdığını xatırlamır. O, Müşviqin ona təqdim etdiyi metal parçalarının oğurluq olmasını bilməmiş, Müşviq ona bildirmişdir ki, həmin metal parçaları tikinti tullantısıdır, o da onları qəbul etmişdir. Həmin dəmir parçaları 21 ədəd olmaqla, boz rəngli, nazik, duralüminium materialdan hazırlanmış, dördkünc, ortası boş olan metal parçaları olmuşdur. Habelə onlar əzilmiş və istifadəyə yararsız vəziyyətdə idilər. Müşviq və Fariz birlikdə onun işlədiyi metal qəbulu emalatxanasına gəlmişlər və Müşviqin arabasından həmin metalları birlikdə satıb getmişlər. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, "xxxx" MMC-də parklar üzrə menecer vəzifəsində işləyir. ünvan 1 ünvanında yerləşən «Fransız Parkı» da "xxxx" MMC-nin balansındadır. 29 yanvar 2023-cü il tarixdə, saat 07 radələrində "xxxx" MMC-nin bağbanı Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən «Fransız Parkı»nda oğurluq hadisəsinin olmasını və həmin parkda olan zibil qutularının qapaqlarının oğurlanmasını aşkar etdiyini bildirmişdir. Bununla bağlı o, qeyd olunan parka gedən zaman ona məlum olmuşdur ki, həmin parkda yerləşən 21 (iyirmi bir) ədəd zibil qablarının dəmir qapaqları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bundan sonra Zərərçəkmiş şəxs baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Azərbaycan Respblikası DİN-in 102 Xidməti Zəng Mərkəzinə məlumat vermiş və o, ərizə ilə Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, Şahid1 şikayəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunmaqla ibtidai istintaqı aparılmışdır (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 29 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən parka baş vermiş oğurluq hadisəsi ilə əlaqədar baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 14-16); "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində Xətai rayonu, Xətai parkında 21 ədəd zibil qablarının qapaqları oğurlanmış, nəticədə müəssisəyə 1974 manat məbləğində maddi ziyan vurulmuşdur (i.v. 17); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs və X1 əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1-ci maddəsinə tövsif edilmişdir (i.v. 39); götürmə aparılması və baxış keçirilməsi haqqında 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin meneceri Şahid1 tərəfindən təqdim edilmiş 01 ədəd zibil qutusunun qapağı götürülmüş və fotoşəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 42-44); cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:10-da Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 56-57); zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında 28 fevral 2023cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə "xxxx" MMC zərərçəkmiş hüquqi şəxs qismində, Zərərçəkmiş şəxs zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır (i.v. 82-83); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 94-95); ifadənin yerində yoxlanılması haqqında 01 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha təsdiq etmişdir (i.v. 107-110); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 01 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmişdir (i.v. 113-115); təqsirləndirilən şəxsin saxlanıldığı MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 01 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilmiş və barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 116-118); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 126); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3105 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 46x46 sm ölçüdə, orta hissəsində dairəvi boşluq olan, həmin boşluqda külqabı hissəsi olan zibil qutusunun metal qapağının istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 70,00 manat müəyyən edilir (i.v. 136-138); seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması haqqında 18 sentyabr 2023cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (i.v. 144-145); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə "xxxx" MMC-nin meneceri Şahid1 təqdim etdiyi zibil qutusunun bir ədəd qapağı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs qaytarılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi, ifadənin yerində yoxlanılması haqqında protokollar, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/3105 saylı ekspert rəyi sübut növü kimi qiymətləndirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3105 saylı ekspert rəyinin qəbul edilmə tarixinin xx.xx.2023-cü il kimi oxunması qərara alınmışdır (i.v. 161-166); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur (i.v. 168-169); cinayət işindən başqa cinayət işinin ayrılması haqqında 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən X1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraat qəbul edilərək istintaq edilmişdir (i.v. 180-181); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-556/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, tutulduğu təqdirdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilərək Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əhali Sağlamlığının Milli Monitorinq Sistemindən əldə olunmuş stasionar xəstənin tibbi kartasından görünür ki, Təqsirləndirilən şəxs ağciyərin vərəmi diaqnozu qoyulmuşdur; zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanın ödənilməməsini qeyd etmiş, lakin ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ağ ciyərin vərərmi xəstəliyindən əziyyət çəkməsini (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 27 fevral 2023-cü il tarixdən 01 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 16 noyabr 2023-cü il tarixdən 21 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 05 (beş) gün müddət, ümumilikdə 01 (bir) ay 07 (yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilməli, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Şamaxı rayonu, Şamaxı şəhəri, Böyük Xınıslı kəndindəki evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 21:00-dan saat 16:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şamaxı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdən 01 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 16 noyabr 2023-cü il tarixdən 21 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 05 (beş) gün müddət, ümumilikdə 01 (bir) ay 07 (yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 09 (doqquz) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Şamaxı rayonu, Şamaxı şəhəri, Böyük Xınıslı kəndində yerləşən evini saat 21:00-dan saat 16:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar