Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-557/2023 26.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 295/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum olunmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-484/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cəzası 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan y/m ümumi sahə 791 B ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,460 qram olan psixotrop maddə metamletamini əldə edib üzərində saxlamaqla daşımış, 04 iyul 2023-cü il tarixdə saat 17:30 dəqiqədə Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanı yaxınlığında saxlanılıb, ünvan 4ai RPİ-nin 34-cü Polis Şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 0,460 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, metamfetamindən istifadə etmişdir. Daha çox həmin maddələri çəkmək yolu ilə istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə metamfetamin almaq üçün Xətai rayonu, “Əhmədli” metro stansiyası yaxınlığına gəlib orada üzdən tanıdığı şəxsdən 20 manata öz istifadəsi üçün bir bükümdə metamfetamin almış və şalvarın sağ yan cibinə qoyaraq üzərində daşımışdır. 04 iyul 2023-cü il tarixdə saat 17:30 radələrində 3-cü Əhmədli küçəsi, ev 29 ünvanının yaxınlığında piyada hərəkət edən zaman iki polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək Xətai rayonu ərazisində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu 34-cü PŞ-nə gətirmişlər. Polis şöbəsində hüquq və vəzifələri izah edildikdən sonra vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləcəyi bildirilmiş, şəxsi axtarışdan öncə isə polis əməkdaşı tərəfindən üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar və psixotrop maddələr olduğu halda onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan şalvarın sağ cibində saxladığı içərisində metamfetamin olan bir ədəd bükümü cibindən çıxardıb polis əməkdaşına təqdim etmiş və həmin bükümdə metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı metamfetamini 20 manata aldığını bildirmiş, polis əməkdaşı bir ədəd bükümü elektron tərəzidə çəkdikdən sonra onu zərfdə qablaşdırmış və digər iştirakçılar zərfdə imza etmişlər, sonra üzərində şəxsi axtarış və götürmənin keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 34-cü PŞ-də polis əməliyyat müvəkkili vəzifəsində işləyir. Xətai RPİ-nin 34-cü PŞ-də əməliyyat müvəkkili işləyən Şahid1 ilə işlədikləri Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati ərazisində xidmətdə olarkən Təqsirləndirilən şəxs barəsində psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişlər. 04 iyul 2023-cü il tarixdə saat 17:30-da Xətai rayonu, 3-cü Əhmədli küçəsi, ev 29 ünvanının yaxınlığında olarkən Təqsirləndirilən şəxs görmüşlər, Təqsirləndirilən şəxs özünü şübhəli apardığından ona yaxınlaşaraq mülki geyimdə olduqlarından xidməti vəsiqələrini təqdim edib, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması barədə soruşmuşlar. Bu zaman Təqsirləndirilən şəxs metamfetamin istifadə etməsi barədə bildirmiş, bundan sonra həmin şəxsi Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə olan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, onun hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş və içərisində metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin metamfetamini Xətai rayonu ərazisində yerləşən metronun “Əhmədli” stansiyası yaxınlığında tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra həmin büküm çəkilmiş, qablaşdırılmış və möhürlənmişdir. Protokol tərtib edilmiş və iştiakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-də polis əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsini daşıyır. Xətai RPİnin 34-cü PŞ-də əməliyyat müvəkkili işləyən Şahid2 ilə işlədikləri Xətai RPİ-nin 34-cü PŞnin inzibati ərazisində xidmətdə olarkən, Təqsirləndirilən şəxs barəsində psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmiş, 04 iyul 2023-cü il tarixdə saat 17:30-da ünvan 3 ünvanının yaxınlığında olarkən Təqsirləndirilən şəxs görmüşlər, Təqsirləndirilən şəxs özünü şübhəli apardığından ona yaxınlaşaraq mülki geyimdə olduqlarından xidməti vəsiqələrini təqdim edib, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması barədə soruşmuşlar. Bu zaman Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin istifadə etməsi barədə bildirmiş, bundan sonra həmin şəxsi Polis Şöbəsinə dəvət etmişlər və PŞ-də araşdırma aparılması üçün təhqiqatçı Ülvi Qəhrəmanlıya təhvil vermişdirlər. Şöbədə olan zaman həmin şəxsin xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunan, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Savalan qəsəbəsi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, təhqiqatçı X1 Qarayevin hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs də əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində nə olduğunu soruşduqda o, həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun “Əhmədli” stansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Ardınca bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində psixotrop maddə olan metamfetamin elektron tərəziyə qoyularaq çəkilmiş və elektron tərəzidə çəkisi 0.56 qram görünmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 04 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 20); şəxsi axtarış və götürmə aparılması haqqında 04 iyul 2023-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli narkotik vasitə metamfetaminə bənzər maddəni təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələrin nədən ibarət olması haqqında sual verilərkən sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli, kristal şəkilli olan maddənin narkotik vasitə hesab olunan metamfetamin olduğunu bildirmişdir. Qeyd olunan maddəni necə əldə etməsini soruşduqda o, şəxsi istifadəsi üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrosunun yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 01 ədəd bükümünü 20 manat dəyərində nağd şəkildə aldığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını həyata keçirilməsi ilə bağlı verilən suala narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini, heç vaxt satışını həyata keçirmədiyini bildirmişdir. Götürülmüş kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0.56 qram olması müəyyən edilmişdir (i.v. 32-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3621 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 152” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,460 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 38-41); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 06 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 50-51); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-438/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından həsdən azad olunmuşdur (i.v. 72-75); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 06 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 76-77); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə cəzasını tam çəkmişdir; Nizami rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir (i.v. 79-80); Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-295/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir (i.v. 81-87); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-484/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-295/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir (i.v. 113-116); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-484/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı və qərarın icrasına dair xx.xx.2023-cü il tarixli göstəriş Bakı Şəhər Probasiya İdarəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Təqsirləndirilən şəxs ona Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-484/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsinin xx.xx.2023-cü il tarixli 4332 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 88-89); “CD-R” diskə baxış keçirilməsi haqqında 20 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd “CD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 04 iyul 2023-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 117-118); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/3621 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4332 saylı rəyləri və şahidlərin ifadələri sübut kimi qiymətləndirilmişlər, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.460 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.410 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd “DVD-R” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 120-125); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-617/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli narkotik vasitə metamfetaminə bənzər maddəni təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələrin nədən ibarət olması haqqında sual verilərkən sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli, kristal şəkilli olan maddənin narkotik vasitə hesab olunan metamfetamin olduğunu bildirir. Qeyd olunan maddəni necə əldə etməsini soruşduqda o, şəxsi istifadəsi üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrosunun yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 01 ədəd bükümünü 20 manat dəyərində nağd şəkildə aldığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,460 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmləri üzrə olan məhkumluqları böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar olduqlarından, həmçinin azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar olduqlarından cinayətin residivinin müəyyənləşdirilməsi zamanı nəzərə alına bilməzlər. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən cinayət törətmişdir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarından aydın olduğu kimi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-295/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünün 15 noyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini 04 iyul 2023cü il tarixdə törətməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-484/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən ona təyin edilmiş qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasının 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan mərum etmə ilə bağlı olmayan cəzanın təyin olunmasına baxmayaraq yenidən cinayət törətməsini, azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin ona yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, üzərində qanunla dövriyyəsi qadağan olunmuş psixotrop maddə metamfetaminin miqdarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.), daha əvvəl də cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunması, buna baxmayaraq, yenidən qəsdən cinayət törətməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-295/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş (qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası) və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-484/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə əvəz edilmiş və çəkilməmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmalı (CM 68.1.1-1), hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli (CM 67.1), 04 iyul 2023-cü il tarixdən 06 iyul 2023-cü tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM- 69.3), cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-617/2023 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.460 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.410 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-295/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-484/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə əvəz edilmiş və çəkilməmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdən 06 iyul 2023-cü tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 26 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 4(011)-617/2023 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.460 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.410 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “CD-R” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-557/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-557/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver