Məhkəmə qərarları › İş №1(011)-558/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-558/2023

02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-558/2023 02.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Elçin Əliyev küçəsi, ev 4, İnzibati Binada qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində ‘‘həbs” növündə qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,847 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, 19 iyul 2023-cü il tarixdə saat 13:00-da Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Böməsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanın yaxınlığında saxlanılıb ünvan 4 yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi-axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofonda 0,874 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,410 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 29 iyul 2023-cü il tarixdə saat 08:50-də Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanın yaxınlığında saxlanılıb, ünvan 4 yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi-axtarış və götürnə zamanı əynindəki qara rəngli parça şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofonda təmiz çəkisi 1,410 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, video çəkilişə baxış protokolu və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, 19 iyul 2023-cü il tarixdə səhər saatlarında 01 ədəd bükümdə narkotik vasitə olan heroini 25 manat pul verməklə Bakı şəhəri, Zığ qəsəbəsində Faiq adı ilə tanıdığı şəxsdən almışdır. Həmin tarixdə saat 13:00da ünvan 6 ünvanda piyada hərəkətdə olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Xətai RPİ-nin 35-ci PB-nə gətirmişlər. Polis şöbəsində hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim edilmişdir. Daha sonra üzərində müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofon bükümdə olan narkotik vasitə heroini masanın üzərinə qoyaraq təqdim etmiş və Faiq adlı şəxsdən 25 manata aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə heroin 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənərək götürülmüşdür. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nizami rayonunda yerləşən "Diqlas” ticarət mərkəzinin yaxınlığında adının İsmayıl olduğunu bildiyi şəxsə 15 manat nağd pul verərək 01 ədəd bükümdə narkotik vasitə heroin almışdır. Həmin narkotik vasitə əynindəki qara rəngli parça şalvarın sağ yan cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 08 radələrində yaşadığı ünvan 3 ünvanın yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşmış və şübhəli şəxs kimi 35-ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində səmimi etiraf edərək narkotik vasitə olan heroin istifadə etdiyini deyib,axtarış zamanı üzərində olan 01 ədəd şəffaf sellofona bükülmüş narkotik vasitə heroini təqdim etmişdir. Polis Bölməsində hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində olan əşyaları təqdim etməyi dedikdə, əynindəki qara rəngli parça şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofona bükülmüş formada olan bükümü çıxardıb təqdim etmişdir. Daha sonra təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Xətai RPl-nin 35-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 iyul 2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Xətai RPl-nin 35-ci PB-nə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat bölmə rəhbərliyə məruzə olunmuş və Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Təşkil edilmiş əməliyyat qrupunun tərkibinə o və PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid4 daxil edilmişdir. Onlar Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasından çıxıb Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanına yollanmışlar. Orada müşahidə mövqeyi tutaraq bir qədər gözlədikdən sonra saat 13:00-da həmin ünvanda zahiri görünüşünə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsin gəldiyini görüb yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olması barədə Xətai RPİ-nin 35-ci PB-nə məlumat daxil olduğunu bildirmişlər. Həmin məlumatın yoxanılması üçün Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edildikdən sonra sonuncunun üzərinə təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Bundan sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxardaraq təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin heroin olduğunu, həmin narkotik vasitəni Zığ qəsəbəsində Faiq adlı şəxsdən 25 manata almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılmış, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, DİNnin Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru vəzifəsində işləyir və polis baş leytenantıdır. Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 ilə işlədikləri Xətai RPİ-nin 35-ci PB-nin inzibati ərazisində xidmətdə olarkən, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişlər. 29 iyul 2023-cü il tarixdə saat 08:50-də ünvan 3 ünvanın yaxınlığında olarkən Təqsirləndirilən şəxs görmüşlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından yaxınlaşaraq mülki geyimdə olduqlarından xidməti vəsiqələrini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması barədə soruşmuşlar. Təqsirləndirilən şəxs narkotik vasitə heroindən istifadə etməsi barədə bildirmişdir. Onlar həmin şəxsi Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra PB-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı İlahi Heydərova təhvil vermişlər. Daha sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş və Bakı şəhəri, Nizami rayonunda yerləşən “Diqlas" ticarət mərkəzinin yaxınlığında üzdən tanıdığı və adının İsmayıl kimi bildiyi şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iştirakı mümkün olmayan şahidlər X1 və Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Onları ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə iclasında dindirilən şahidlərin və təqsirləndirilən şəxsin ifadələrinə oxşar olmuş və cinayət işinin yuxarıda sadalanan xüsusatları ilə heç bir ziddiyət təşkil etməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixi “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol məzmunundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİnin 35-ci PB-də videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə qablaşdırma ilə birlikdə çəkisi 0,90 qram narkotik vasitəyə bənzər maddə aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD-R disk protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” Xətai RPİ-nin 35-cı PB-nin təhqiqatçısı tərəfindən tərtib edilmiş protokol məzmunundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 35-ci PB-də videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə qablaşdırma ilə birlikdə çəkisi 1,64 qram narkotik vasitəyə bənzər maddə aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD-R disk protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16- 16/2-6/3903 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №154” dairəvi möhür əksi olan, Təqsirləndirilən şəxs və imzalar qeyd edilmiş 01 ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,847 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0.797 qram). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-6/4073 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №154” dairəvi möhür əksi olan, Təqsirləndirilən şəxs və imzalar qeyd edilmiş 01 ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,410 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 1.360 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsin tibb ekspertinin xx.xx.2023-cü il tarixli 5018 saylı rəyinədən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 18 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.360 qram və 0.797 qram narkotik vasitə heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanma anbarına təhvil verilmişdir. Üzərinə şəxsi axtarış və götürülmə aparılan zaman video çəkilişi əks etdirən 02 ədəd disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 19 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı Xətai RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan 21 iyul 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 29 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəlli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Xətai Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib özündə saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzasını yüngülləşdirici hal kimi müəyyən etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi cinayətlərin təkrar törədilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyil, bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu 29 iyul 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.360 qram və 0.797 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 179 (yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 02 ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına maddi sübut kimi təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.360 qram və 0.797 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası dəyəri 179 (yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar