Məhkəmə qərarları › İş №1(011)-56/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-56/2025

17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-56/2025 17.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 1,500 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir bükümdə təmiz çəkisi 1,355 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitə ilə psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 09 iyul 2024-cü il tarixdə, saat 20:00-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi 25 qarşısında saxlanılıb ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən “Davidoff” markalı siqaret qutusunda bir ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə təmiz çəkisi 1,500 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,355 qram olan ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ilkin ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə evində yatdığı zaman, 10 nəfərə yaxın Narkotiklə Mübarizə İdarəsinin əməkdaşı gələrək onu tutub Polis Bölməsinə aparmışlar. Barəsində qərəzli iş aparılmışdır. Həmin vaxt üzərində narkotik vasitə olmamışdır, təxminən 4 və ya 5-ci video çəkiliş zamanı polis əməkdaşları tərəfindən döyüldüyü üçün məcbur qalıb törətmədiyi əməli etiraf etmişdir. Fiziki zorakılığa məruz qalan zaman əməliyyat yeri partlamış və Bakı İstintaq Təcridxanasında xəstəxanaya yerləşdirilmişdir. Üzərinə qoyulan narkotikin miqdarından belə xəbəri olmamışdır. Lakin buna baxmayaraq ona əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiləmiş və bildirmişdir ki, iki ildir narkotik vasitələrdən və psixotrop maddələrdən inyeksiya yolu ilə istifadə etmişdir. 08 iyul 2024-cü il tarixdə Keşlə qəsəbəsində anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən 40 manat nağd pul müqabilində şəxsi istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almışdır. 09 iyul 2024-cü il tarixdə saat 20 radələrində ünvan 4 ünvanın qarşısında iki nəfər şəxs ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını bidirib xidməti vəsiqələrini təqdim etmişlər. Həmin şəxslər onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib Xətai RPİ-nin 37-ci PŞ-nə aparmışlar. Polis Şöbəsində hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Davidoff” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Siqaret qutusunun içərisinə baxış keçirilərkən 01 ədəd bükümdə kakos kimi tanıdığı narkotik vasitə və bir ədəd bükümdə patı kimi tanıdığı psixotrop maddə aşkar edilmişdir. Aşkar edilmiş hər iki büküm ayrı-ayrılıqda elektron tərəzidə çəkilərək kağız zərfdə qablaşdırılıb üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, əvvəlki məhkəmə iclaslarında cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə ona elan edilmiş ittihamı qəbul etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin CAŞnin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatla əlaqədar 09 iyul 2024-cü il tarixdə, saat 20:00-da Xətai RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı X3 ilə birlikdə ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlayıb özlərini ona təqdim edib, saxlama səbəbini izah etdikdən sonra Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət edərək gətirmişlər. Polis şöbəsində olan zaman Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş 13 saylı Vəkil Bürosunun vəkilinin, onun və əməliyyat müvəkkili Tamerlan Məmmədovun iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncu əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Davidoff” siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Siqaret qutusunun içərisinə baxış keçirilərkən 01 ədəd gümüşü rəngli falqa və 01 ədəd şəffaf sellofan bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümləri Keşlə qəsəbəsində anket məlumatlarını bilmədiyi şəxsdən 40 manat nağd pul müqabilində şəxsi istifadəsi üçün almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildikdə qeyd olunanlardan başqa heç bir əşya aşkar edilməmişdir. Təqdim olunan bükümlər elektron elektron tərəzidə çəkildikdə 01 ədəd falqa içərisində olan maddə ilə birlikdə 2.22 qram, 01 ədəd sellofan büküm içərisindəki maddə ilə birlikdə 1.57 qram olması müəyyən edilib 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs tərəflərindən şübhəli şəxs kimi saxlanılarkən və 37-ci PŞ-nə aparılarkən ona hər hansı bir formada fiziki və ya psixi güc tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin CAŞnin əməliyyat müvəkkili, polis leytenantı X3 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onu göstərdiyi xüsusatları təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 09 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 20); şəxsi axtarış və götürmə aparılması haqqında 09 iyul 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Davidoff” markalı siqaret qutusunu təqdim etmiş, həmin qutunun içərisində 01 ədəd gümüşü rəngli folqaya bükülü halda tünd qəhvəyi rəngli maddə və 01 ədəd şəffaf sellofanda ağ rəngli kristal formada maddə aşkar edilmişdir. O, həmin maddələri Keşlə qəsəbəsindən 40 manata tanımadığı şəxsdən xeyli vaxt öncə aldığını bildirmişdir. 01 ədəd bükümdə olan tünd qəhvəyi rəngli kütlə elektron tərəzidə çəkildikdən sonra çəkisinin 2.22 qram, ağ rəngli kütlənin isə 1.57 qram olması müəyyən olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 31-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2024-cü il tarixli, 3-16/16/2-6/3566 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, AR DİN “Zərflər üçün №153” möhür əksi, “Rüstəmov /imza/; Əsədov /imza/; Orucov /imza/; Şahid2; İsrəfilov /imza/” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 1,355 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 01 ədəd bükümdə təmiz çəkisi: 1,500 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 43-46); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 55-56); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-504/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (i.v. 78-83); diskə baxış keçirilməsi haqqında 11 iyul 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 09 iyul 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 84-85); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Nizami RPİ-də olan cinayət işi xx.xx.2007-ci il tarixdə CPM-nin 40.2.2-ci maddəsinə əsasən rədd edilmişdir; o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə CM-nin 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş qalan 06 ay 07 gün hissəsini çəkməkdən azad olunmuşdur; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılaraq 02 il 06 ay həddində müəyyən edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 06 ay 03 gün hissəsini çəkməkdən azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır (i.v. 96-98); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin xx.xx.2024-cü il tarixli, 6071 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 131-132); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə fizikikimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 1.355 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.255 qram psixotrop maddə metamfetamin və ilkin təmiz çəkisi 1.500 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.400 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılmaları üçün Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, 01 ədəd DVD-R disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (i.v. 141-145); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı xəsarət almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman qarın sağ yan divarında infeksiyalaşmış trofiki yara, sol bazunun içəri səthində narkotiklə əlaqəli trofiki yara, alın nahiyyəsində köhnə çapıq aşkar edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 daxil olmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına keçirilmişdir; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X4 vardır. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd siqaret qutusunu çıxarıb təqdim edir. Həmin qutu açıldıqda içərisində 01 ədəd gümüşü rəngli folqaya bükülü halda tünd qəhvəyi rəngli maddə və 01 ədəd şəffaf sellofanda ağ rəngli kristal formada maddə aşkar edilir. Sorğu sual zamanı o, həmin maddələri Keşlə qəsəbəsindən 40 manata tanımadığı şəxsdən xeyli vaxt öncə aldığını bildirir. 01 ədəd bükümdə olan tünd qəhvəyi rəngli kütlə elektron tərəzidə çəkildikdən sonra çəkisinin 2.22 qram, ağ rəngli kütlənin isə 1.57 qram olması müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında təqsirini etiraf etməməsinə, narkotik vasitəni və psixotrop maddəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən də məlum olur ki, şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X8 narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 09 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Bu zaman Arif Qəmbərov əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Davidoff” siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Siqaret qutusunun içərisinə baxış keçirilərkən 01 ədəd gümüşü rəngli falqa və 01 ədəd şəffaf sellofan bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümləri Keşlə qəsəbəsində anket məlumatlarını bilmədiyi şəxsdən 40 manat nağd pul müqabilində şəxsi istifadəsi üçün almasını bildirmişdir. Təqdim olunan bükümlər elektron elektron tərəzidə çəkildikdə 01 ədəd falqa içərisində olan maddə ilə birlikdə 2.22 qram, 01 ədəd sellofan büküm içərisindəki maddə ilə birlikdə 1.57 qram olması müəyyən edilib 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs tərəflərindən şübhəli şəxs kimi saxlanılarkən və 37-ci PŞ-nə aparılarkən ona hər hansı bir formada fiziki və ya psixi güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş şahid X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 09 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Bu zaman Arif Qəmbərov şalvarının cibindən siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Siqaret qutusunun içərisində 01 ədəd gümüşü falqa və 01 ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümləri Keşlə qəsəbəsində almasını bildirmişdir. Təqdim olunan bükümlər elektron elektron tərəzidə çəkilmişdir. Həmin bükümlər zərfdə qablaşdırılıb möhürlənək imzalanmışdır. Təqsirləndirilən şəxs hər hansı bir formada fiziki və ya psixi güc tətbiq edilməmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Bundan əlavə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-541/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərin siyahısı (aparılmış giriş və çıxış danışıqları), SMS mətnləri və həmin nömrənin anten dairəsi barədə məlumatların məhkəyə təqdim olunması qərara alınmışdır. Lakin məhkəməyə "xxxx" MMC-dən daxil olmuş çıxarışa və 01 ədəd “DVD-R” diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir halın olması aşkar edilməmişdir. Əvvəlki məhkəmə iclaslarında verdiyi ifadələrində Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, 09 iyul 2024-cü il tarixdə üzərində narkotik vasitə olmamışdır, lakin Polis Şöbəsində olan zaman polis əməkdaşları ona psixi və fiziki təzyiq göstərək narkotik vasitəni qanunsuz olaraq üzərində daşımasını etiraf etməsini bildirmişlər və o da məcbur qalıb törətmədiyi əməli etiraf etmişdir. Lakin məhkəmə bu faktla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs bədənində tutularkən hər hansı bir xəsarət izinin olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına sorğu məktubu göndərilmiş və xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı xəsarət almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman qarın sağ yan divarında infeksiyalaşmış trofiki yara, sol bazunun içəri səthində narkotiklə əlaqəli trofiki yara, alın nahiyyəsində köhnə çapıq aşkar edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalaraq ifadə verməsi faktı öz təsdiqini tapmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 1.500 qram olan narkotik vasitə - heroin, “Psixotrop maddələr” adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 1.355 qram olan psixotrop maddə metmfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını (CM-59.1.4), məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Belə ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən ödənildiyindən CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Lakin Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 ay 03 gün hissəsindən xx.xx.2022-ci il tarixdə şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, azad edildiyi vaxtdan 02 il keçmədən hazırki cinayət əməlini törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, cinayətin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), cəzasının əvvəli 09 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1.355 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.255 qram psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1.500 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.400 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürməni özündə əks edən 01 ədəd “DVD-R” disk və "xxxx" MMCdən daxil olmuş 01 ədəd “CD” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 60 (altmış) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 09 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1.355 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.255 qram psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1.500 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.400 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürməni özündə əks edən 01 ədəd “DVD-R” disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar