Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-560/2023 26.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, ev 4 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 4,606 qram narkotik vasitə asetilə edilmiş tiryəki əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-ni 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 22 iyul 2023-cü il tarixdə saat 10:30-da ünvan 1 ünvanının qarşısında saxlanılıb ünvan 2əşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək video çəkilişlə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 4,606 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilən tiryək aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, video çəkilişə baxış protokolu və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilmiş və istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, ev 4 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. Uzun müddətdir narkotik vasitələrdən istifadə edir və narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuşdur. Adətən narkotik vasitəni Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində adını bilmədiyi şəxsdən almışdır. 21 iyul 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsinə gedib həmin şəxsi tapmış və 10 manat verib ondan tiryək almışdır. 22 iyul 2023-cü il tarixə saat 10:30 radələrində ünvan 1 ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən sonuncularla birlikdə Polis Şöbəsinə getmişdir. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə tiryəki çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə tiryək olduğunu bildirmişdir. Bundan sonra bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Daha sonra əməlindən peşman olduğunu, səmimi etirafını nəzərə alaraq ona nisbətən yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitəni qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatım yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan vs Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Şahid2 birlikdə məlumat əsasında həmin gün saat 10:30 radələrində ünvan 1 ünvanının qarşısına getmişlər və orada xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsi görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxs özünü xx.xx.1980-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib saxlayaraq Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Bölmədə təhqiqatçı Budaq Budaqov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq digər şahid – Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahidin ifadəsi Şahid1 və təqsirləndirilən şəxsin ifadəsinə oxşar məzmunlu olmuşdur. Elan edilmiş ifadə heç bir ziddiyyət təşkil etməmiş və cinayət işinin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-də Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofona bükülmüş bükümdə narkotik vasitəyə bənzər maddəni könüllü olaraq çıxarıb təqdim edərək onun “tiryək” olduğunu xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri 153 saylı möhür ilə möhürlənmişdir. İş materiallarına əlavə edilmiş 23 iyul 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 4,66 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli, 6/3977 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “..Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 4,606 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - asetilə edilən tiryəkdir. Tədqiqatdan sonra qalıq – 4.556 qram. İş materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 24 avqust 2023-cü il tarixli 5451 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq 4.556 qram narkotik vasitə asetilə edilmiş tiryək saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd DVD-R disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 22 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 22 iyul 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddələri ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir, xx.xx.2023-cü il tarixdə cəzanı çəkməkdən 18 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitə asetilə edilmiş tiryəkin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə tiryəki əldə edib özündə saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzanı çəkməkdən azad edildiyi vaxtdan yeni cinayət törətdiyi günə qədər 02 il müddət keçməmiş, məhkumluğu ödənilməmiş və vaxtından əvvəl götürülməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin resedivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Göstərilənləri əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs residiv nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublıkası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq o, hazırki hökmlə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 22 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 4.556 qram narkotik vasitə asetilə edilmiş tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd DVD-R disk maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 80 (səksən) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 01 ədəd disk iş materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4.556 qram narkotik vasitə asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-560/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-560/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver