Məhkəmə qərarları › İş №1(011)-560/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-560/2024

06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-560/2024 06.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi – Nümayəndə, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, 02 avqust 1978-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləyəmən, əvvəllər məhkum olunmuş və qanuni əsaslarla məhkumluğu ödənilmiş, "xxxx" MMC-nin biznes konsultantı vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 2023-cü ilin mart ayından etibarən yaşadığı Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsi, döngə 1 ünvanında yerləşən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 X3 hasarına bitişik, dövlət mülkiyyətində olan 147.0 kv.m. torpaq sahəsinə dair hər hansı bir aidiyyəti hüquq müəyyənedici sənədlər olmadığı halda torpaq sahəsində abadlıq və təmizlik işləri apararaq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan həmin torpaq sahəsinə faktiki sahiblik etməyə başlamaqla özbaşına tutub 2023-cü ilin iyul ayının ortalarında həmin torpaq sahəsi üzərində bir mərtəbəli, ümumi sahəsi 60 kv.m. olan 1 ədəd anbar tipli qeyri-yaşayış sahəsi inşa etməklə özbaşına tikinti işləri aparmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, yaşadığı ünvan 2 ünvanında yerləşən 10T nömrəli fərdi yaşayış evinin sol tərəfindən 5-6 metr məsafədə yerləşən təxminən 120-140 kv.m. torpaq sahəsində 1-2 metr dərinliyində gölməçə var imiş. Həmin gölməçədən gələn natəmiz və üfunət qoxunun evə daxil olmasına və ətraf ərazinin baxımsız olmasına görə həmin yerdə abadlıq işləri aparmaq qərarına gəlmişdir. 2023-cü ilin mart ayından etibarən həmin ərazidə öz vəsaiti hesabına abadlıq işlərinə başlamışdır. Belə ki, həmin ərazidə gölməçəni qurutmaq üçün gölməçənin üzərinə torpaq və beton örtüyü tökməklə gölməçəni tamamilə qurutmuş və ətrafında təmizlik işləri aparmışdır. Gölməçəni və ətraf ərazini tam olaraq təmizləyib torpaq sahəsini səliqəli və baxımlı vəziyyətə gətirmişdir. Həmin vaxt həmin yerdə hər hansı bir tikili yox imiş. Torpaq sahəsinin bir tərəfində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisənin hasarı yerləşmişdir. Bir tərəfi isə yolun hərəkət hissəsi ilə sərhəd imiş. Buna görə də həmin əraziyə cəzaçəkmə müəssisəsi və ya hər hansı bir şəxsin iddiasının olmayacağını düşünüb 2023-cü ilin may ayının ortalarında həmin torpaq sahəsində 1 mərtəbəli qeyri-yaşayış sahəsi inşa etmək qərarına gəlmişdir. Yəni yaşadığı fərdi yaşayış evinə sərhəd olan abadlaşdırdığı həmin torpaq sahəsinin dövlət və xüsusi mülkiyyətdə olmadığını güman etmişdir. Lakin həmin ərəfələrdə və ya sonradan özü də həmin torpaq sahəsinə dair adına rəsmi çıxarış alınması ilə bağlı hər hansı bir dövlət orqanına rəsmi olaraq yazılı və ya şifahi qaydada müraciət etməmişdir. Bundan sonra 2023-cü ilin may ayının sonlarında həmin torpaq sahəsinə dair adına heç bir hüquqmüəyyənedici sənəd olmadığını bilə-bilə öz şəxsi vəsaiti hesabına torpaq sahəsində yaşadığı evdə olan bəzi artıq əşyaların saxlanılması üçün anbar tikintisinə başlamışdır. Həmin torpaq sahəsində tam tikinti fəaliyyəti həyata keçirib təxminən 50-55 kv. m. ölçüdə 1 mərtəbədən ibarət anbar tipli tikili inşa etmişdir. Təxminən 2 ay müddətində həmin anbarın tikintisini yekunlaşdırmışdır. Sonra həmin anbarı məhz elə əşyaların saxlanılması üçün tikili olaraq istifadə etməyə başlamışdır. Anbarın yanındakı boş torpaq sahəsi isə olduğu vəziyyətdə qalmış və həmin torpaq sahəsində əlavə tikinti və quraşdırma işləri aparılmamışdır. Həmin torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə hər hansı bir dövlət, bələdiyyə orqanının rəsmi sənədi və fiziki şəxs tərəfindən adına sənədləşdirilmiş hər hansı bir rəsmi sənəd yoxdur. Torpaq sahəsində anbarın inşa edilməsi ilə bağlı tikinti işlərinə başlamışdan əvvəl hər hansı bir dövlət orqanına rəsmi müraciət etməmişdir. Buna görə də qeyd olunan torpaq sahəsində tikinti işlərinin aparılmasına icazənin verilməsi ilə bağlı hər hansı bir rəsmi sənədləri yoxdur. Lakin lazımi qurumlara şifahi formada məlumat verməklə tikinti işlərinə başlamışdır. Buna baxmayaraq aidiyyəti dövlət orqanlarından rəsmi icazə almadan həmin torpaq sahəsində öz şəxsi vəsaiti hesabına 1 mərtəbəli, sahəsi təxminən 50-55 kv.m. anbarın tikintisini aparıb yekunlaşdırmışdır. Hazırda əməlindən peşmandır, tikilinin cəzaçəkmə müəssisənə bitişik olan hissəsini sökmüşdür və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasına zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsində məsləhətçi-müfəttiş vəzifəsində çalışır. Vəzifəsi Bakı şəhərində ona təhkim olunmuş ərazilərdə yerləşən dövlət mülkiyyətində olan torpaq sahələrində qanunsuz aparılan tikinti işlərini müəyyən etmək və bununla bağlı müvafiq profilaktiki və mübarizə tədbirlərini həyata keçirməkdən ibarətdir. İstintaq olunan cinayət işi üzrə istintaq zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri Ruslan Əliyev tərəfindən verilmiş 24 iyun 2024-cü il tarixli 3- 21-3-50/2-279/2024 nömrəli məktubla İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adından iştirak etmək ona həvalə edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində yerləşən 7 X3 hasarına bitişik, dövlət mülkiyyətində olan 60,0 kv. m. torpaq sahəsində vətəndaş Təqsirləndirilən şəxs tərəfindən həmin torpaq sahəsinə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan və aidiyyəti dövlət orqanlarından tikinti işlərinin aparılmasına müvafiq icazə alınmadan torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmişdir. Tərəfindən aparılmış araşdırma zamanı qeyd olunan ünvanda yerləşən dövlət mülkiyyətində olan 60,0 kv. m. torpaq sahəsinin qanunvericiliyin tələblərinə zidd olaraq hüquqmüəyyənedici sənədlər və qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan zəbt olunaraq torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işlərinin aparılması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Xətai RPİ-nin İŞ-də toplnamış 923/23 nömrəli material üzrə Xətai RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis baş leytenantı Rəhim Yusubov tərəfindən 17 avqust 2023-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; (i.v.1- 2) - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 26 iyul 2023-cü il tarixli torpaq qanunvericiliyinin tələblərinin pozulması barədə məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə"nin tələblərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində növbəti monitorinq keçirilmişdir. Monitorinq zamanı Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsi ünvanında 7 X3 hasarına bitişik, dövlət mülkiyyətində olan təqribən 60.0 kv.m torpaq sahəsində naməlum şəxs tərəfindən fərdi yaşayış evinin inşa edilməsi faktı aşkar edilmişdir. Araşdırma zamanı sözügedən əraziyə dair hər hansı torpaqqayırma sənədi aşkar edilmədiyindən qeyd olunan halın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin əlamətlərinə uyğun gəldiyi müəyyən edilmişdir; (i.v.8) - 19 iyul 2023-cü il tarixli aktdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları, Baş məsləhətçi vəzifəsində işləyən X4, aparıcı məsləhətçimüfəttiş vəzifəsində işləyən X12 və məsləhətçi vəzifəsində işləyən X2 iştirakı ilə bu aktı tərtib edirik ondan ötrü ki, Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsi ünvanında yerləşən (39T 410144; ******* saylı koordinatlar) 7 X3 hasarına bitişik, yaşayış məntəqələri təyinatlı dövlət mülkiyyətində olan təxminən 60.0 kv.m torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsi faktı aşkar edilmişdir. Araşdırma zamanı, dövlət mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin hansı vətəndaş tərəfindən aparıldığını müəyyən etmək mümkün olmamışdır. Tikinti işlərinin aparıldığı torpaq sahəsinin dövlət qeydiyyatından keçib-keçməməsini dəqiqləşdirmək məqsədilə MQS və NECAS sisteminin bazasında yoxlanılmış, lakin heç bir məlumat əldə edilməmişdir; (i.v.9) - cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 avqust 2023-cü il tarixli qərardan görünür ki, material üzrə əməldə cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; (i.v.14) - cinayət işinin icraata qəbul edilməsi barədə 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Malik Əhmədovun icraatına qəbul edilmiş və istintaqı aparılmışdır; (i.v.19) - cinayət işinin istintaqının başqa müstəntiqə həvalə edilməsi haqqında 04 iyun 2024cü il tarixli qərardan görünür ki, Xətai RPİ-nin İŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin ibtidai istintaqının davam etdirilməsi İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X5 həvalə edilmişdir; (i.v.28) - cinayət işinin icraata qəbul edilməsi haqqında 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru İlkin Almazovun icraatına qəbul edilmiş və istintaqı aparılmışdır; (i.v.30) - məcburi gətirilmə haqqında 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1978-ci ildə Neftçala şəhərində anadan olmuş, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs məcburi qaydada Xətai RPİ-nin İŞ-nə gətirilməsi qərara alınmışdır; (i.v.32) - cinayət işi üzrə icraatın dayandırılması haqqında 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin icraatı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunanadək Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır; (i.v.34) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 18 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində yerləşən Ədliyyə Nazirliyi Penitensiar xidmətin 7 saylı cəzakəkmə müəssisəsinin hasarına bitişik 60,0 kv.m torpaq sahəsində vətəndaş Təqsirləndirilən şəxs tərəfindən tikinti işləri aparılmışdır. 2023-cü ilin iyul ayında Penitensiar xidmətin rəhbərliyinin təşəbbüsü ilə tikinti işləri dayandırılmış və tikintinin bir hissəsi sökülmüşdür. Qeyd olunan tikinti işlərini aparan vətəndaş Təqsirləndirilən şəxs buna rəsmi icazəsinin olması barədə heç bir sənəd təqdim etməmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 143 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında mühafizə olunan həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərın fizikı mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə Xüsusi Tikinti Normaları"nın 5.1.1-ci yarımbəndinə əsasən cəzaçəkmə müəssisələri obyektlərin əhəmiyyət kateqoriyaları üzrə İ kateqoriyaya aid edildiyindən normaların 9.1.12.1-ci yarımbəndinə əsasən müəssisənin hasarına bitişik tikili olmamalıdır; (i.v.41) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 09 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 08 may 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi hökmdən xaric edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 1500 manat cərimə cəzası saxlanılmışdır. 15 mart 2017-ci il tarixdə cərimə cəzası tam ödənilmişdir; (i.v.42-43) - cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında 19 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmişdir; (i.v.49) - zərərçəkmiş şəxs hüquqi şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır; (i.v.51) - zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında 19 iyul 2024cü il tarixli qərardan görünür ki, Nümayəndə zərərçəkmiş hüquqi şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi qismində tanınmışdır; (i.v.52- 53) - hadisə yerinə baxış keçirilməsi haqqında 23 iyul 2024-cü il tarixli prokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsi, döngə 1 ünvanında yerləşən 7 X3 hasarına bitişik torpaq sahəsinə baxış zamanı təxminən 60 kv. m. torpaq sahəsində 1 mərtəbəli anbar tipli qeyri-yaşayış sahəsinin inşa edilib tikintinin başa çatdırılması aşkar edilmişdir; (i.v.61-65) - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 12 avqust 2024-cü il tarixli məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatları verilmiş 147.0 kv.m torpaq sahəsi və üzərindəki tikili tam şəkildə 7 saylı cəzaçəkmə məntəqəsinin ərazisində yerləşməklə dövlət mülkiyyəti torpağıdır. Həmçinin daxilindən orta təzyiqli qaz xətti keçir; (i.v.72) - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 16 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş daşınmaz əmlaklar aşkar edilməmişdir; (i.v.86) - sübutların qiymətləndirilməsi haqqında 16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsinin tərkib əlamətlərinin olması tam olaraq sübuta yetirildiyindən ona Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 222-1.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ifşa edən özünün, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri, baxış keçirilməsi haqqında protokol, sorğulara alınmış cavablar və Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar iş üzrə sübut növü kimi qəbul edilmişdir; (i.v.90-96) - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsində nəzərdə tutulan ittiham ona elan edilmişdir; (i.v.107-108) - təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, 02 avqust 1978-ci ildə Neftçala rayonunda anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan - «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir; (i.v.119-120) - Xətai rayon İHB-nın Əhmədli qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 noyabr 2024-cü il tarixli 833№-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Əhmədli qəsəbəsində Ş.Səmədov küç. döngə 5, 10T nömrəli evdə qeydiyyatdadır. - Xətai rayon İHB-nın Əhmədli qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 noyabr 2024-cü il tarixli 834№-li xasiyyətnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 02 avqust 1978-ci ildə ünvan 6 ünvanında yaşayır. Yaşadığı müddətdə onun haqqında heç bir şikayət daxil olmamışdır. - X11 Solution MMC tərəfindən verilmiş 1 noyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2016-cı ildən X11 Solution MMC-də Biznes Konsultant vəzifəsində çalışır. İşlədiyi dövr ərzində Təqsirləndirilən şəxs özünü dürüst, Azərbaycan Respublikasının qanunlarına, şirkətin qaydalarına, nizamnaməsinə və o cümlədən iş yeri əxlaq və etikalarına lazımi qaydada əməl edir və lazım gəldikdə öz müsbət fikir və töhfələrini verməkdədir. Təqsirləndirilən şəxs həm iş vaxtlarında və istərsə də qeyri-iş zamanı əməkdaşlara hər zaman öz dəstəyini göstərməkdədir. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X6 08 iyun 2012-ci il tarixdə 1082№-li qeydlə nikahlarını bağlamışlar. - Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, 11 sentyabr 2013-cü il təvəllüdlü X13 və 05 fevral 2016-cı il təvəllüdlü X1 İman Bayram oğlunun övladlarıdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi və digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 188.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri və iş yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsinə 2 azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halın mövcud olması, ağırlaşdırılan halların olmaması, himayəsində iki azyaşlı uşağının olması, yaşayış yeri və iş yeri üzrə müsbət xarakterizə olunması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrası müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar