Məhkəmə qərarları › İş №1(011)-562/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-562/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-562/2023 21.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,334 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 11 iyul 2023-cü il tarixdə, saat 17:00-da Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 22 ünvanının yaxınlığında saxlanılıb ünvan 3 Xətai RPİ-nin 34-cü PŞ-yə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd qara rəngli falqaya bükülmüş təmiz çəkisi 0,334 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, videoçəkilişə baxış protokolu və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, 11 iyul 2023-cü il tarixdə saat 17 radələrində ünvan 5 ünvanının yaxınlığında hərəkət edən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu 34-cü PŞ-yə dəvət etmişlər. Orada olan zaman üzərində narkotik vasitə olan heroin olduğunu səmimi etiraf etmişdir. Daha sonra inzibati binada ona təyin olunmuş müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış keçirilərkən üzərində olan 01 ədəd bükümdə qara rəngli falqaya bükülmüş narkotik vasitə hesab edilən heroini əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən çıxararaq təqdim etmişdir. Həmin maddəni Bakı şəhəri, Nizami rayonu, «Neftçilər» metrostansiyasının yaxınlığında şəxsi istifadəsi üçün on manat müqabilində üzdən tanıdığı şəxsdən əldə etmişdir. Daha sonra təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs adlı şəxsin Xətai rayonu ərazisində narkotik vasitələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 11 iyul 2023-cü il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 11 iyul 2023-cü il tarixdə, saat 17:00-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 22 ünvanının yaxınlığında olan zaman ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə şübhəli şəxs kimi Xətai RPİ-nin 34-cü PŞ-yə dəvət etmişlər. Polis Şöbəsində olan zaman Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq, təhqiqatçı Ülvi Qəhrəmanlı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra videoçəkiliş aparılaraq müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilmiş və ona üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd qara rəngli falqaya bükülmüş bükülünü təqdim edərək həmin madənin heroin olduğunu, Bakı şəhəri, Nizami rayonu, «Neftçilər» metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 (on) manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükülü elektron tərəzidə çəkilmiş, daha sonra isə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iştirakı təmin edilməsi mümkün olmayan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında dindirilən Şahid1 ifadəsinə oxşar olmuş və cinayət işinin yuxarıda sadalanan xüsusatları ilə heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİnin 34-cü PŞ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən aşkar olunmuş 01 ədəd qara rəngli falqaya bükülmüş maddə elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə ümumi çəkisi 0,51 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli, 3-16-16-/2-6/3753 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 152» darəvi möhür əksləri olan, «... Ş.Şəxs-Təqsirləndirilən şəxs «imza»...» ad, soyad və imzalar qeyd edilmiş zərfdəki 1 (bir) ədəd qara rəngli kağıza bükümdə təmiz çəkisi 0,334 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanımış narkotik vasitə heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X1 Şəxsinin xx.xx.2023-cü il tarixli, 5443 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,284 qram çəkidə narkotik vasitə heroin saxlanış üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmişdir, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd disk iş üzrə maddi sübut qismində tanınmışdır. Narkotik vasitə saxlanılması üçün Xətai RPİ-nin saxlancına təhvil verilmiş, 01 ədəd disk isə cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimat təmin edilməmiş və dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yərə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü Mirbaba Süleymanov və xx.xx.2013-cü il təvəllüdlü Ayla Süleymanlı adlı 2 azyaşlı uşağı var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğrudan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halların mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yərə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, onun sadəcə ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış sonra qalıq qalmış 0,284 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,284 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar