Məhkəmə qərarları › İş №1(011)-563/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-563/2023

28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-563/2023 28.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1991-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmuş, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,178 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 20 iyul 2023-cü il tarixdə, saat 14:00-da Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, M.Davud küçəsi, ev 11 ünvanının yaxınlığında saxlanılıb ünvan 2tai RPİ-nin 37-ci PŞ-yə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi-axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,178 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək məhkəməyə vermiş olduğu ifadəsində göstərmişdir ki, o 12 ildir narkotik vasitələrdən istifadə edir. Özü hal-hazırda narkotik vasitədən istifadə etdiyi və narkotikdən əl çəkə bilmədiyi üçün polis əməkdaşlarından qısa müddətə onu həbsə göndərilməsini xahiş etmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə gecə saat 01:10-da Bakı şəhəri, Xətia rayonu, 8 Noyabr prospektində yerləşən “Günəş” marketin yanında 2 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış və Xətai RPİ-nin 37-ci PŞ-yə gətirilmişdir. 37-ci PŞ-də Əli adlı polis əməkdaşı narkotik vasitəni onun qarşısına qoyaraq həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etməsini tələb etmiş, o isə həmin narkotikin çox olmasını əsas gətirərək etiraf etməyəcəyini bildirmişdir. Daha sonra işgəncələr nəticəsində ağrılara tab gətirməyərək narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Həmçinin dövlət hesabına təyin edilmiş müdafiəçisi X5 xx.xx.2023-cü il tarixdə səhər saatlarında ibtidai istintaqda iştirak etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ilkin izahatında və təqsirləndirilən şəxs qismində ifadə verərkən özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 12 ildir ki, narkotik vasitə hesab edilən heroindən istifadə edir. Narkotik vasitəni Bakı şəhərinin müxtəlif yerlərində, əsasən isə Keşlə qəsəbəsində adını bilmədiyi və tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 20 iyul 2023-cü il tarixdə günün ilk yarısında bədənində ağrılar yarandığından narkotik vasitə əldə etmək üçün Nizami rayonu ərazisində yerləşən Keşlə qəsəbəsinə getmişdir. Orada bir qədər gəzişdikdən sonra əvvəllər də narkotik vasitə aldığı, lakin anket məlumatlarını bilmədiyi şəxslə qarşılaşmışdır. Həmin şəxs onu gördükdə narkotik vasitə almaq istədiyini bilib ona yaxınlaşmış və həmin şəxsdən nağd olaraq 10 manata bir büküm narkotik vasitə olan heroin alaraq əynindəki qara rəngli cins şalvarının sol yan cibinə qoyub piyada yaşadığı ünvana tərəf hərəkət etməyə başlamışdır. Həmin gün saat 14 radələrində yaşadığı ünvanın qarşısında olan zaman iki nəfər şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib cibində nə olmasını xəbər aldıqda o, çıxılmaz vəziyyətdə qalmış və cibində bükülüdə narkotik maddə olan heroinin olmasını bildirmişdir. Polis əməkdaşları onu 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində hüquq və vəzifələri ona izah olunmuş, müdafiəçi seçmək üçün vəkillərin siyahısı təqdim edilmişdir. O, sərbəst olaraq hüquqlarının vəkil tərəfindən müdafiə olunmasını istəmişdir. Daha sonra üzərində müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə axtarış keçirilmişdir. Axtarışdan əvvəl ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuşdur. O, əynindəki qara rəngli cins şalvarının sol yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş bir ədəd bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisindəki maddə barədə ona sual verilmiş, o da həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin maddə elektron tərəzidə çəkilərək 1,55 qram olduğu müəyyən edilmişdir. Eyni zamanda ondan həmin narkotiki hardan və kimdən alması soruşulanda o həmin narkotiki özünə qəbul etmək üçün 20 iyul 2023-cü il tarixdə Nizami rayonu, Keşlə qəsəbəsində adını bilmədiyi və tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları başqa haradasa hər hansı qanunsuz əşya saxlayıb-saxlamamasını soruşduqda, təqdim etdiyi narkotikdən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş narkotik vasitə heroin zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. (i.v 71-73) Daha sonra Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını və narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs adlı şəxsin Xətai rayonu ərazisində narkotik vasitələrin saxlanılması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 20 iyul 2023-cü il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 20 iyul 2023cü il tarixdə, saat 14:00-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, M.Davud küçəsi, ev 11 ünvanının yaxınlığında olan zaman müəyyən olunmuş və ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə Xətai RPİ-nin 37-ci PŞ-yə dəvət etmişlər. Ağacan X6 zaman üzərində şəxsi axtarış aparılana kimi olan müddət ərzində onlar tərəfindən müşahidə altında saxlanılmış, bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq təhqiqatçı Kamran Əhmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra videoçəkiliş aparılaraq müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və ona üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükülü elektron tərəzidə çəkilmiş, daha sonra isə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükülünün içərisindəki maddə narkotik vasitə heroindir, onu Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində olan zaman tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, eyni məhəllədə yaşayırlar. Çox vaxt axşamlar məhəllələrində olan balaca kafedə birlikdə otururlar. 19 iyul 2023-cü il tarixdə gecə təqribən 12- 1 arası onların siqareti bitdiyi üçün yenisini almaq qərarına gəlmişlər. Lakin həmin məhəllədə yerləşən AlMarket erkən bağlandığı üçün yolun digər tərəfində yerləşən Günəş Marketə getməli olmuşdurlar. Siqaret və kokteyl tipli içkilər aldıqdan sonra məhəlləyə qayıtdıqları vaxt anidən bir nəfər onu itələmiş, daha sonra isə iki nəfər mülki geyimli kişinin Ağacanı zorla maşına oturdub apardıqlarını görmüşdür. Dərhal Ağacangilin evinə gedərək olanları onun anasına danışmışdır. Səhər açıldıqdan sonra həmin adamların polis olduğunu, Ağacanı bölməyə apardıqlarını öyrənmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20 iyul 2023-cü il tarixli cinayət işi başlamaq və icraata götürmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v 1). xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə, saat 14:00-da Bakı şəhəri, Xətai rayonu, M.Davud küçəsi, ev 11 ünvanının yaxınlığında saxlanılaraq Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirilmişdir (i.v 13). 20 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən Xətai RPİ 37-ci PŞ-də 20 iyul 2023-cü il tarixdə, saat 14:30-da tutulmuş, tutulmanın əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni həmin tarixdə saat 14:00-dan hesablanmışdır (i.v 29). Şəxsi axtarış və götürmə aparılması haqqında 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1, Xətai RPİ-nin 37-ci PŞnin sahə inspektoru Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, mütəxəssis (ekspert) Xətai RPİ-nin KTQ-nun inspektor kriminalisti X4 və müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Ondan həmin 01 ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisində nə olması soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik maddə olan "heroin" olduğunu bildirmişdir. Həmin şəffaf sellofan açıldıqda içərisində qəhvəyi rəngli toz halında, spesifik iyə malik kütlə aşkar edilmişdir. Həmin bükümdə olan maddə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və kütlənin qablaşdırma ilə birlikdə çəkisinin 1,55 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə kimi tanıdığı ərazidən üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata alaraq özü istifadə etmək üçün bir büküm edərək üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürülmüş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (i.v 40-41). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyul 2023cü il tarixli, 3-16-16/2-6/3919 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №153” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs “imza” ...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,178 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin ümumi təmiz çəkisi – 1,178 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq – 1,128 qram) (i.v 50-52). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 20 iyul 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilmişdir (i.v 85-88). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 800 manat cərimə cəzasına məhkum edilmiş, həmin cərimə tərəfindən ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətinə şərti sınaq müddəti təyin edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.4-cü maddəsinə əsasən barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2022-ci il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə 11 ay 03 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. xx.xx.2021-ci il tarixdə Xətai RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə istintaqa cəlb edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət təqibinin başlanılmasına xitam verilmişdir. (i.v 99-101). Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-153/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.4-cü maddəsinə əsasən barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(003)-246/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(003)- 246/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının yeni hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və dərhal məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin tutulduğu 18 may 2021-ci il tarixdən hesablanması hökm olunmuşdur (i.v 103-110). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 4717 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.( i.v. 111-112); xx.xx.2023-cü il tarixli Həbsdə saxlama müddətinin uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Xətai RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair müstəntiq Sənan Qüdrətlinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti başa çatdıqdan sonra Bakı İstintaq Təcridxanasından azad edilməsi qərara alınmışdır. (i.v. 117-118) 21 sentyabr 2023-cü il tarixli təqsriləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 119-120) 25 sentyabr 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvədə saxlanılması, məhkəməkimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3919 saylı və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4717 saylı rəylərinin sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmələri və istintaq materiallarına əlavə edilmələri, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi və Azərbaycan Respublikası Baş Prokurorunun “İşin təşkili qaydalarının” 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materialların cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi, iş üzrə narkotik vasitə heroinin çəkisinin xüsusi biliyə malik olan ekspert tərəfindən verilməsini əsas götürərək Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin təmiz çəkisinin 1,178 qram hesab edilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,178 qram olan narkotik vasitə heroinin maddi sübut kimi tanınması və qalıq qalmış 1,128 qram çəkidə narkotik vasitə heroinin saxlanış üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işindən materialın ayrılmaqla icraata qəbul edilməsi və qərarın surətinin əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsindən ötrü Xətai RPİnin 37-ci Polis Şöbəsinə göndərilməsi, iş üzrə Təqsirləndirilən şəxs hazırki iş üzrə törətdiyi cinayət əməlinin cinayətlərin residivi kimi qəbul edilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v 124-129). "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Azercell" MMC-yə daxil olmuş, 1(011)-563/2023 saylı, xx.xx.2023-cü il tarixli sorğuyla əlaqədar mümkün məlumatlar əlavə edilmiş CD disk Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi Eyvazov Pünhan tərəfindən qəbul edilmiş 21 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət hadisəsi müəyyən edilmədiyindən 352-C-23 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarın təsviri hissəsindən görünür ki, xx.xx.2023-cü il tarixli, Xətai RPİ-nin MSY-də tərtib olunmuş, tutulmuş və ya həbs olunmuş şəxslərin tam axtarış, haqqında 654 nömrəli protokolun və ona əlavə edilmiş aktın surətin görünür ki, Təqsirləndirilən şəxs MSY qəbul olunarkən onun sağ qolunda kəsiklər aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin xəsarətləri özü-özünə yetirdiyini bildirmiş və protokolu və aktı öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X13 Xətai rayon şöbəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 54/2023 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: 1. Vət. Təqsirləndirilən şəxs sağ said və sol dirsək oynağı ön səthlərinin səthi kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər iti kənarlı əşya (alət) təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş tarixə uyğun gəlirlər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir.

2. Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasyalarına əsasən demək olar ki, həmin xəsarətlər onun özü tərəfindən yetirilməsinə uyğun gəlirlər. Bakı İstitnaq Təcridxanası tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdab görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı o, həbs olunan zaman xəsarət aldığını bildirmişdir. Bədəninə baxış zamanı sağ saidin ön səthində 2-3 sm ölçüdə çox saylı səthi kəsilmiş üzəri qərtməkli yaralar, sol dirsək oynağının ön səthində 0,5-1 sm ölçüdə üzəri qərtməkli yarası müşahidə edilmişdir. Bakı İstitnaq Təcridxanasının rəisi Elnur İsmayılov tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Penitensiar Xidmətinə verilmiş xüsusi məlumatdan görünür ki, 22iyul 2023cü il tarixdə təxminən saat 17:00 radələrində DİN-nin Xətai RPİ-nin müvəqqəti saxama yerindən gətirilərək Bakı istintaq təcridxanasına təhvil verilmiş, xx.xx.1991-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli,məkumluğu olan, hazırkı iş üzrə Xətai RPİ-nin İş-si tərəfindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuş və Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Xətai RPİ-nin İŞ-nin hesabında olan həbs olunmuş şəxs Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 10:15 radələrində müəssisənin tibb-sanitar müəsəsində müayinədən keçirilən zaman sağ saidin ön snahiyyəsində və sol dirsək oynağının ön səthində qərtməkli yara xəsarətləri aşkar olunmuşdur. Həbs olunmuş şəxs Təqsirləndirilən şəxs fakt ilə bağlı bildirmişdir ki, həmin xəsarətləri os olunan zaman əsəbləşərək özü-özünə xəsarət yetirməsi nəticəsində almışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə DVD diskə və “Azercell" MMC tərəfindən göndərilmiş 1 ədəd CD diskə baxış keçirilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etdiyi, bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükülünün elektron tərəzidə çəkilərəkq qablaşdırılması, möhürlənməsi və iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanması tədqiq edilmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükülünün içərisindəki maddə narkotik vasitə heroindir, onu Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində olan zaman tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Müdafiəçi X2 istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısının, danışlqarın aparıldığı şəxslərin ünvanlarının, həmçinin anten əhatə dairələrinin "xxxx" MMC tərəfindən təqdim edildiyi 1 ədəd “CD” diskə baxış keçirilərkən isə X2 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı protokolda qeyd edilən vaxtdan fərqli vaxtda iştirak etməsini təsdiq edən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini üzərində saxlayaraq daşımaması ilə bağlı məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə məqsədi daşıyır və özünün məhkəməyədək icraat dövründə verdiyi ifadəsi, şahid ifadələri və iş materillarına əlavə edilmiş digər sübutlar ilə təkzib olunur. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin ifadələri alınmış, həmin ifadələrdə ilkin olaraq Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmişdir. Bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilərkən özünü narkotik vasitənin daşınmasında və istifadəsində təqsirli bilmişdir. Həmçinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xüsusi məlumat və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X13 Xətai rayon şöbəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 54/2023 saylı ekspert rəyindən də görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilən xəsarətləri özü-özünə yetirmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi ağırlaşdırıcı hal hesab olunur; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1 maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1,178 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində səmimi peşman olması(CM 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı 18 iyun 2023-cü il tarixdən 02 il keçmədən yenidən cinayət törətdiyindən onun əməlində cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər də cinayət əməllərini törətməsini, həmin cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, yenidən cinayət əməlini törətdiyini, əməlində ağırlaşdırıcı hal residivin müəyyən edilməsi, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 02 (iki) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (iyirmi) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 02 ay müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və o qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 28 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,128 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar