Məhkəmə qərarları › İş №1(011)-566/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-566/2024

20.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-566/2024 20.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxx 1988-ci ildə Rusiya Federasiyası, Lipetsk vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, Naxçıvan MR, Şərur rayonu, Cəlilkənd ərazi dairəsi, Cəlilkənd kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,574 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 25 iyul 2024-cü il tarixdə, saat 19:00-da Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 76 ünvanının yaxınlığında saxlanılıb ünvan 1 RPİ-nin 34-cü PŞ-yə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,574 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, bir neçə ildir ki, «kakos» kimi tanıdığı narkotik vasitə heroindən istifadə edir. Həmin narkotik vasitəni isə Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alır. Sonuncu dəfə «kakos» kimi tanıdığı narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, «Neftçilər» metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 (on) manat ödəməklə almışdır. O, həmin narkotik vasitəni daha sonra istifadə etməsi üçün əynindəki qara rəngli şalvarının sağ yan cibində saxlamaqla daşımışdır. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanının yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bu zaman o, özünü itirmiş və həyəcanlı olduğunu biruzə vermişdir. Bundan şübhələnən polis əməkdaşları onunla sorğu-sual etmiş və onu 34-cü PŞ-yə dəvət etmişlər. O da getməyə heç bir etiraz etməmiş və birlikdə 34-cü PŞ-yə getmişlər. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər, O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin edilmiş, sonra isə polis əməkdaşları xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı içərisində «kakos» kimi tanıdığı narkotik vasitənin olduğu 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Sonra onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə həmin büküm açılmışdır. Daha sonra ondan aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar, tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün proseslər video çəkilişlə qeydə alınmışdır. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPl-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs adlı şəxsin Xətai rayonu ərazisində narkotik vasitələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 25 iyul 2024-cü il tarixdə Xətai RPİ-nİn 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 25 iyul 2024-cü il tarixdə, saat 19:00-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 76 ünvanının yaxınlığında olan zaman müəyyən olunmuş və sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, Xətai RPl-nin 34-cü PŞ-yə dəvət etmişlər. Məcid X1 zaman üzərində axtarış aparılana kimi olan müddət ərzində onlar tərəfindən müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq, təhqiqatçı Anar İbadov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra videoçəkiliş apanlaraq müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükülü elektron tərəzidə çəkilmiş, daha sonra isə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükülünün içərisindəki maddə narkotik vasitə heroindir, onu xx.xx.2024- cü İl tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, «Neftçilər» metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 (on) manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanıb icraata qəbul edilib istintaqı aparılmışdır. (i.v. 1) şübhəli şəxsin tutulması haqqında 25 iyul 2024-cü il tarixli protokoldan görünür ki, 25 iyul 2024-cü tarixdə saat 19:00-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 25) 27 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 57-58) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(011)-527/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır.(i.v.81-83) xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 25 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 34-cü PŞdə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüş bir ədəd şəffaf sellofana bükülmüş maddə elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə ümumi çəkisi 0,64 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,574 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. (i.v. 36-37) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-/2-6/3824 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N152 dairəvi möhür əksləri olan, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,574 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v. 45-49) İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,574 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, qalıq qalmış 0,524 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (i.v. 116-122, 132) İş üzrə məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 5286 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin, Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 114-115) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.1, 177,2.2 və 234.1ci maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 28 gün hissəsindən şərti olaraq azad edilmişdir. xx.xx.2022-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Həmçinin tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami RPİ-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* N-li cinayət işinin istintaqı aparılmış və həmin cinayət işi üzrə tərtb edilmiş ittiham aktı təsdiq edilərək Bakı şəhəri Nizami rayon məhkəməsinə göndərilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* N&-İİ cinayət İşi üzrə yekun qərar qəbul edilməmişdir. (i.v. 86-103) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,574 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 25 iyul 2024-cü il tarixdən etibarən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 25 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,524 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 (iyirmi bir) iş saatına görə 126 (yüz iyirmi altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 25 iyul 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,524 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 21 (iyirmi bir) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 126 (yüz iyirmi altı) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar