Məhkəmə qərarları › İş №1(011)-567/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-567/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-567/2022 14.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 16,470 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində daşımaqla saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı o, 20 sentyabr 2022-ci il tarixdə saat 22:10-da Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi 13 saylı ünvanda saxlanılıb ünvan 3ai RPİ-nin 35ci PB-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə paltarında keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən 01 ədəd bükümdə təmiz çəkisi 16,470 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, artıq bir ildir ki, narkotik vasitə olan qurudulmuş marixuananı çəkmək yolu ilə qəbul etmiş, istifadə etdiyi marixuananı tanımadığı şəxslərdən almışdır. 20 sentyabr 2022-ci il tarixdə səhər saatlarında marixuana almaq üçün P.Həşimov küçəsinə yollanmış, orada tanımadığı şəxsdən hal-hazırda dəqiq miqdarı yadında olmadığı pul verməklə özünün istifadəsi üçün 01 ədəd bükümdə 18 qrama yaxın qurudulmuş marixuananı almışdır. Aldığı marixuananı əynində olan şalvarın cibinə qoyaraq istifadə etmək üçün saxlamışdır. Həmin gün saat 22 radələrində işlərini tamamlayıb, P.Həşimov küçəsi ilə hərəkət edərək, yaşadığı ev istiqamətdə getmişdir. Evə gedərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək, Xətai RPİ-nin 35-ci Polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlamaqda şübhəli olduğunu izah edib, onu Xətai PRİ-nin 35-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Xətai rayon Polis İdarəsinin 35-ci PB-nə getmiş, PB-nə gəldikdən sonra ona müdafiəçi təqdim edilmiş, ardınca videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki şalvarın arxa sol cibində sağladığı bir bükümü polis əməkdaşlarına təqdim etmiş və polis əməkdaşlarına təqdim etdiyi bükümün içərisində marixuana olduğunu bildirmişdir. Üzərində başqa hər hansı bir qanunsuz əşya olmamışdır. Polis əməkdaşları təqdim etdiyi 01 ədəd bükümü tərəzidə çəkmişlər və daha sonra həmin maddəni qablaşdırıb, möhürləmişlər. Daha sonra həmin büküm qoyulan zərf hamı tərəfindən imzalanmışdır. Daha sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin polis sahə inspektoru vəzifəsində işləyir. 20 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və istifadəsi ilə məşğul olması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuş və əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş, həmin qərar əsasında Bakı şəhəri, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra saat 22 radələrində o, Şahid1 ilə birlikdə ünvan 5 ünvanda xarici görünüşcə Təqsirləndirilən şəxs bənzər bir nəfər şəxsi görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini təqdim etməklə Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib, istifadə etməsi barədə məlumat daxil olduğunu izah edib, onu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər, bölməyə gəldikdən sonra, vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim edilmişdir. Daha sonra videoçəkilişdən istifadə edilməklə üstündə şəxsi axtarış aparılmasına başlanılmışdır Şəxsi axtarışı aparılan zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sol cibindən 01 ədəd bükümü çıxarıb təqdim edərək, təqdim etdiyi bükümün içərisində marixuana olduğunu, həmin marixuananı həmin gün P.Həşimov küçəsində tanımadığı şəxsdən öz istifadəsi üçün alaraq üstündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd büküm açılaraq həmin bükümün içərisinə baxdıqda orada narkotik maddə hesab olunan marixuanaya oxşar, spesifik iyə malik, yaşıl rəngli kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzi ilə ölçülmüş, zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Daha sonra bu barədə protokol tərtib olunmuş, həmin protokol da iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 20 sentyabr 2022-ci il tarixdə xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və istifadəsi ilə məşğul olması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuş, daxil olmuş həmin məlumat yoxlanması üçün bölmə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyataxtarış tədbirlərinin keçirilməsinə icazə alındıqdan sonra, əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş, həmin qərar əsasında o, həmçinin bölmənin digər əməkdaşından ibarət əməliyyat qrupu təşkil edilmiş, bundan sonra həmin günü saat 22 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, ünvan 6 ünvan ətrafında əməliyyat mövqeyi tutub, bir neçə vaxt ərzində müşahidə apardıqdan sonra, xarici görünüşcə Təqsirləndirilən şəxs bənzər bir nəfər şəxsin həmin ünvana gəldiyini görmüşlər, bu zaman həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini təqdim etməklə Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər, həmin şəxs özünü xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib, istifadə etməsi barədə məlumat daxil olduğunu izah edib, onu qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmişlər. Bundan sonra onu Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər, bölməyə gəldikdən sonra, Bakı şəhəri 13 saylı Vəkil bürosundan vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üstündə şəxsi axtarış aparılacağı izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarışı aparılan zaman ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, əks təqdirdə tərəflərindən üzərində şəxsi axtarış aparılacağı izah edilmiş, həmin zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sol cibindən 01 ədəd bükümü çıxarıb təqdim edərək, təqdim etdiyi bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin marixuananı həmin gün P.Həşimov küçəsində tanımadığı şəxsdən öz istifadəsi üçün alaraq üstündə saxladığını bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin üstündən başqa heç bir qeyri-qanuni əşya aşkar edilməmiş, eyni zamanda müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd büküm açılaraq həmin bükümün içərisinə baxdıqda orada narkotik maddə hesab olunan marixuanaya oxşar, spesifik iyə malik, yaşıl rəngli kütlənin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzi ilə ölçülmüş, ardınca müdafiəçinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri imzalandıqdan sonra götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib olunmuş, həmin protokol oxunduqdan sonra iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:10 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 19); şəxsi axtarış və götürmə aparılması haqqında 20 sentyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş, içərisində spesifik iyli, yaşıl rəngli narkotik hesab olunan marixuanaya bənzər maddə olan bükümü çıxardıb təqdim edərək, həmin maddənin marixuana olduğunu, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Xətai rayonu, P.Həşimov küçəsində heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 60 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını, həmin tarixdə saat 22 radələrində Xətai rayonu, P.Həşimov küçəsində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini və saxlanılan zaman ona heç bir fiziki güc tətbiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə “Pocket Scale” markalı elektron tərəzidə çəkildikdən sonra 18.66 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 154 saylı möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 30- 32); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/1066 nömrəli 21 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 16,470 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (i.v. 38-40); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 22 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 51-52); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 22 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Xətai RPİ-nin MSY-dən azad olunmuşdur (i.v. 66-67); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 22 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 68-69); bir ədəd “CD-R” diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında 03 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 20 sentyabr 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 76-77); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 82); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2022-ci il tarixli 6639 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 83-84); sübutların qiymətləndirilməsi haqqında 05 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/1066 nömrəli 21 sentyabr 2022-ci il tarixli rəyi, məhkəmənarkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2022-ci il tarixli 6639 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 16,470 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 16,420 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 01 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 85-92); elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü oğlu X1 vardır. Məhkəmə iclasında bir ədəd “CD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş, içərisində spesifik iyli, yaşıl rəngli narkotik hesab olunan marixuanaya bənzər maddə olan bükümü çıxardıb təqdim edir, həmin maddənin marixuana olduğunu, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Xətai rayonu, P.Həşimov küçəsində heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 60 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını, həmin tarixdə saat 22 radələrində Xətai rayonu, P.Həşimov küçəsində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini və saxlanılan zaman ona heç bir fiziki güc tətbiq olunmadığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən təmiz çəkisi 16.470 qram olan narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 20 sentyabr 2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 16.470 qram olan, tədqiqatdan sonra qalıq qalmış 16.420 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 72 (yetmiş iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 16.470 qram olan, tədqiqatdan sonra qalıq qalmış 16.420 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar