Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-567/2025 26.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Ağsu rayonu, Sarvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, təlimçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi almaq imkanının olmasına inandırıb inam və etibarını qazanmaqla aldadaraq hissə-hissə olmaqla sonuncu tərəfindən xx.xx.2025-ci il tarixdə saat 19:48-də ****7333 nömrəli kart hesabına göndərilmiş 60 (altmış) manat, xx.xx.2025-ci il tarixdə saat 22:15-də ****7333 nömrəli kart hesabına göndərilmiş 110 (yüz on) manat, xx.xx.2025-ci il tarixdə saat 16:50-də rəfiqəsi Şahid məxsus 4169 7388 8244 5376 nömrəli kart hesabına göndərilmiş 300 (üç yüz) manat, xx.xx.2025-ci il tarixdə saat 19:32-də 4169 7388 8244 5376 nömrəli kart hesabına göndərilmiş 660 (altı yüz altmış) manat, xx.xx.2025ci il tarixdə saat 15:04-də 4169 7388 8244 5376 nömrəli kart hesabına göndərilmiş 170 (yüz yetmiş) manat pulu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirərək vermiş olduğu vədə əməl etməyib Zərərçəkmiş şəxs cəmi 1300 (min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1 ildən artıqdır sürücü təlimçisi kimi «Ssang Yonq» markalı **-TG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla qadınlara təlim kursları keçir. Bu ilin avqust ayının sonlarınadək ünvan 2 ünvanında kirayədə yaşamışdır. Həmin müddətdə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə münasibəti yaranmışdır. Bu ilin may ayının əvvəllərində Ruqiyyə ilə söhbət zamanı ona təlimdə iştirak etmək istədiyini bildirmişdir. O da razılaşaraq Ruqiyyəyə 200 manat müqabilində 10 dəfə olmaqla dərs keçəcəyini bildirdikdə Ruqiyyə razılaşmış və 10 dərsi yekunlaşdırdıqdan sonra söhbət əsnasında Ruqiyyə ona sürücülük vəsiqəsinin olmadığını bildirmişdir. O da Ruqiyyəyə bildirmişdir ki, 1300 manat pul müqabilində tanışları vasitəsi ilə sürücülük vəsiqəsi ala bilər. Ruqiyyə razılaşdıqdan sonra 28 may 2025-ci il tarixdə onun vatsap vasitəsi ilə göndərdiyi 4169 7388 8244 5376 saylı karta 60 manat pul göndərmiş, iki saat sonra Ruqiyyəyə zəng edərək həkimdən arayış üçün 110 manat pul tələb olunduğunu bildirdiyindən Ruqiyyə ona yenidən eyni qaydada 110 manat pul göndərmişdir. 31 may 2025-ci il tarixdə Ruqiyyəyə zəng edərək 300 manat pul göndərməyi bildirmiş və Ruqiyyə də eyni qaydada 300 manat pulu həmin karta göndərmişdir. 16 iyun 2025-ci il tarixdə eyni qaydada onun xahişi ilə həmin karta 660 manat pul göndərmişdir. 18 iyun 2025-ci il tarixdə isə sonuncu dəfə həmin karta 170 manat pul göndərmişdir. Söhbət zamanı bildirmişdir ki, iyun ayının 23-ü imtahan olacaq, lakin 22 iyun 2025-ci il tarixdə axşam saatlarında Ruqiyyəyə mesaj yazaraq yalandan imtahanın say tərkibi alınmadığından təxirə salındığını bildirmişdir. Çünki o, Ruqiyyədən aldığı pul vəsaitlərini anasının müalicəsinə xərclədiyindən bir az da müddət qazanaraq həmin pulu toplayıb ona sürücülük vəsiqəsi almaq istəmişdir. Lakin həmin müddətdə işləmədiyindən pul toplaya bilməmişdir. Ruqiyyə artıq onun sürücülük vəsiqəsi düzəltmədiyini görərək ondan pulunu geri qaytarmağı tələb etmişdir. O da razılaşaraq pulunun yaxın müddətdə qaytarılacağını bildirmişdir. Lakin çox çalışsa da Ruqiyyəyə pulu qaytara bilməmişdir. Hər dəfə məcbur olub müxtəlif bəhanələrlə yaxın müddətdə pulunu qaytaracağını bildirmişdir. Sonra isə o, artıq Ruqiyyəyə yalan danışmaq istəmədiyindən etiraf etmişdir ki, anası xəstə olduğundan ondan aldığı pulları anasının müalicəsinə xərcləmiş, iyul ayının 15-də imtahan olacağını və həmin imtahana göndərəcəyini bildirmiş və onunla razılaşmışdır. Lakin 12 iyul 2025-ci il tarixdə başa düşmüşdür ki, o, Ruqiyyəni imtahana göndərə bilməyəcək, bu səbəbdən də zəng edərək bu barədə məlumat vermişdir. Bu səbəbdən də Ruqiyyə artıq onun heç bir vəsait ödəmədiyini görüb DİN-in 102 xidmətinə müraciət edərək aldadılaraq 1300 manat pul vəsaitinin ələ keçirildiyini bildirmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2025-ci may ayının əvvəllərində təsadüfən yaşadığı evin yaxınlığında təlim avtomaşının dayandığını görüb, maşının üzərində olan telefon nömrəsini götürərək zəng etmişdir. Telefonu qaldıran şəxs özünü Vüsalə xanım kimi təqdim etmişdir. O, Vüsaləyə sürücülük təliminə gəlmək istədiyini bildirmişdir. Vüsalə isə 200 manat pul müqabilində 10 dəfə dərs keçməklə ona təlim keçəcəyini bildirmişdir. O da razılaşdıqdan sonra təlimə başlamışlar. Vüsalə ilə 10 dərsi yekunlaşdırdıqdan sonra söhbət əsnasında sürücülük vəsiqəsinin olmadığını bildirmişdir. Vüsalə də ona bildirmişdir ki, 1300 manat pul müqabilində tanışları vasitəsi ilə ona sürücülük vəsiqəsi ala bilər. O da Vüsalə ilə razılaşdıqdan sonra 28 may 2025-ci il tarixdə Vüsalənin ona vatsap vasitəsi ilə göndərdiyi 4169 7388 8244 5376 saylı karta özünə məxsus 4169 7388 3550 3776 saylı kartdan 60 manat pul göndərmiş, iki saat sonra Vüsalə ona zəng edərək həkimdən arayış üçün 110 manat pul tələb olunduğunu bildirdiyindən yenidən eyni qaydada 110 manat pul göndərmişdir. 31 may 2025-ci il tarixdə Vüsalə ona zəng edərək 300 manat pul göndərməyini tələb etmiş və o da eyni qaydada 300 manat pul göndərmişdir. 16 iyun 2025-ci il tarixdə eyni qaydada Vüsalənin tələbi ilə həmin karta 660 manat pul göndərmişdir. 18 iyun 2025-ci il tarixdə isə sonuncu dəfə həmin karta 170 manat pul göndərmişdir. Söhbət zamanı Vüsalə ona bildirmişdir ki, iyun ayının 23-ü imtahan olacaq, lakin 22 iyun 2025-ci il tarixdə axşam saatlarında ona mesaj yazaraq imtahanın say tərkibi alınmadığından təxirə salındığını bildirmişdir. O da pulunu geri qaytarmağı tələb etmişdir. Vüsalə onunla razılaşaraq pulunun yaxın müddətdə qaytarılacağını bildirmişdir. Lakin ona pul qaytarılmamışdır. Hər dəfə müxtəlif bəhanələrlə onu aldadıb pulunu qaytarmamışdır. Sonra isə yalandan ona iyul ayının 15-də imtahan olacağını və onu da həmin imtahana göndərəcəyini bildirmiş və o da razılaşmışdır. Lakin 12 iyul 2025-ci il tarixdə Vüsalə ilə danışdığı zaman həmin ay imtahana onu sala bilməyəcəyini bildirmişdir. O da artıq Vüsalənin onu aldatdığını başa düşərək yenidən pulunu tələb etdikdə, Vüsalə ona həmin pul vəsaiti anasının müalicəsinə xərclədiyini və imkanı olan kimi pulunu qaytaracağını bildirmişdir. O, avqust ayına qədər Vüsaləni gözləsə də artıq ona heç bir vəsait ödəmədiyini görüb DİN-in 102 xidmətinə müraciət edərək Vüsalə adlı qadın tərəfindən aldadılaraq 1300 manat pul vəsaitinin ələ keçirildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Təqsirləndirilən şəxs ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 03 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin 36-cı PŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 1); cinayət işinin icraata qəbul edilməsi barədə 07 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi istintaqı aparılması üçün icraatına qəbul edilmişdir (i.v. 10); zərərçəkmiş şəxs qismində tanınma haqqında 08 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 12); “birbank” ödəniş tətbiqindən əldə olunmuş qəbzlərin surətindən görünür ki, xx.xx.2025ci il tarixdə 60 (altmış) manat, 110 (yüz on) manat məbləğində pul vəsaiti ****7333 saylı kart hesabına, xx.xx.2025-ci il tarixdə 300 (üç yüz) manat, xx.xx.2025-ci il tarixdə 660 (altı yüz altmış) manat və xx.xx.2025-ci il tarixdə 170 (yüz yetmiş) manat məbləğində pul vəsaiti ****5376 saylı kart hesabına köçürülmüşdür (i.v. 22-26); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 32); sübutların qiymətləndirilməsi haqqında 23 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ittiham elan olunmuş, barəsində Azərbaycan Respublikası CM-in 178.2.1 və 310-cu maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, Zərərçəkmiş şəxs təqdim etdiyi köçürmə qəbzlərinin surəti maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 36-39); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 48-49); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 24 noyabr 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 59-61). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, iş üzrə maddi sübut hesab edilən Zərərçəkmiş şəxs təqdim etdiyi köçürmə qəbzlərinin surəti cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın ödənilməmiş qalan hissəsinin ödənilməsi məqsədilə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən Zərərçəkmiş şəxs təqdim etdiyi köçürmə qəbzlərinin surəti cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın ödənilməmiş qalan hissəsinin ödənilməsi məqsədilə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-567/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-567/2025
26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver