Məhkəmə qərarları › İş №1(011)-573/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-573/2025

23.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-573/2025 23.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2n, barəsində "başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 02 iyul 2025-ci il tarixdə saat 19 radələrində ünvan 3 ünvanına mənzilin plastik pəncərəsinin açıq olmasından istifadə edərək pəncərədən yataq otağına qanunsuz daxil olub oradan 01 ədəd 300 manat dəyərində qızıl sırğanı və 01 ədəd 400 manat dəyərində qızıl üzüyü gizli olaraq talayıb Zərərçəkmiş şəxs qızma ümumilikdə 700 (yeddi yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 iyul 2025-ci il tarixdə saat 19 radələrində həyətdə olan zaman görmüşdür ki, qonşusu Qızlarxanım ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxıb “Ağ şəhər” bulvarına gəzməyə getmişlər. O, yaşadığı mənzilə gedən zaman görmüşdür ki, Qızlarxanımın yaşadığı evin yataq otağında olan pəncərə açıq vəziyyətdədir. Maddi vəziyyəti çəlin olduğundan həmin evdən oğurluq etmək qərarına gələrək ətrafa nəzər salıb heç kəsin olmadığını görüb açıq pəncərədən içəri daxil olmuşdur. Qızlarxanımın yaşadığı evə gedib gəldiyi üçün və sonuncu ilə yaxın münasibəti olduğundan Qızlarxanımın özünə məxsus qızılların harada saxlamasını bildiyinə görə yataq otağında olan dolabın içərisindəki siyirməni açaraq mücrünün içərisindən sonuncuya məxsus 01 ədəd mismar formalı qızıl üzüyü və 01 cüt qızıl sırğaları oğurlayıb otağa daxil olduğu pəncərədən çıxıb yaşadığı evə getmişdir. Ertəsi gün, yəni 03 iyul 2025-ci il tarixdə saat 11 radələrində uşaqları ilə birlikdə Xalqlar Dostluğu metrostansiyasının qarşısında yerləşən qızıl-zinət əşyalarının alqı-satqı mağazasına gedərək Zərərçəkmiş şəxs yaşadığı evdən oğurladığı sonuncuya məxsus 01 ədəd qızıl üzüyü və 01 cüt qızıl sırğaları ümumilikdə 500 manata satıb yaşadığı evə gəlmişdir. Əldə etdiyi pulu öz ehtiyacına xərcləmişdir. İki gün keçəndən sonra Qızlarxanım Watshapp ani mesajlaşma proqramı vasitəsi ilə sms yazaraq bildirmişdir ki, yaşadığı evdən qızıl zinət əşyaları oğurlanıb. O da Qızlarxanıma demişdir ki, bundan xəbəri yoxdur. Ertəsi günü Qızlarxanım yenidən Watshapp ani mesajlaşma proqramı vasitəsi ilə sms yazaraq bildirmişdir ki, yaşadığı mənzilin yataq otağından ona məxsus başmağın izləri aşkar olunub. Həmin vaxt o, etdiyi əməli səmimi etiraf edərək bildirmişdir ki, 02 iyul 2025-ci il tarixdə Qızlarxanım ailə üzvləri ilə birlikdə gəzməyə gedən zaman o, evin pəncərəsindən yataq otağına daxil olaraq bir ədəd qızıl üzüyü və bir cüt qızıl sırğanı oğurlamışdır. Daha sonra isa Qızlarxanım Xətai RPİ-nin 37-ci PŞ-nə gedərək rəsmi ərizə ilə müraciət etmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı mənzilə yataq otağında olan pəncərədən daxil olaraq mücrününü içərisindən 01 ədəd qızıl üzüyü və 01 cüt qızıl sırğaları oğurlamışdır. Zərərçəkmiş şəxs yaşadığı evdən qızıl zinət əşyalarını oğurlayarkən onun yanında heç kəs olmamışdır. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan tam olaraq ödənilmişdir və sonuncunun ona qarşı şikayəti yoxdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, iki ildən artıqdır ki, kirayədə yaşayır və həmin vaxtdan da qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə yaxın münasibəti olmuşdur. Belə ki, Nərmin mütəmadi olaraq onun kirayədə yaşadığı evə gəlmişdir. 02 iyul 2025-ci il tarixdə saat 19 radələrində ailə üzvləri ilə birlikdə kirayədə yaşadığı evdən çıxıb “Ağ şəhər” bulvarına gəzməyə gedərkən yataq otağının pəncərəsini açıq qoyub evdən çıxmış və həmin gün saat 21 radələrində evinə qayıtmışdır. Ertəsi günü, yəni 03 iyul 2025-ci il tarixdə səhər saat 08:30 radələrində yataq otağında ütü masasının siyirməsində saxladığı içərisində qızılları olan mücrünün qoyduğu kimi olmadığını hiss etmiş və mücrünün içərisinə baxanda görmüşdür ki, 300 manat dəyəri olan qızıl sırğası və 01 ədəd 400 manat dəyəri olan qızıl üzük oğurlanıb. O, əri Soltana qızıl sırğanın və üzüyünün oğurlandığını demişdir. Soltan da bu barədə evin sahibi Nahidə demişdir. Nahid də Soltana demişdir ki, qonşuluqda yaşayan Nərmin mütəmadi olaraq onların yaşadığı evə gəlib-gedir. Bundan sonra görmüşdür ki, Nərmin uşağını götürüb getmişdir. Bir neçə dəqiqə keçəndən sonra Nərmin ona sms yazaraq yaşadığı evdən oğurluq olub-olmamasını soruşmuş, o, isə Nərminə demişdir ki, evindən oğurluq olmayıb. Daha sonra yaşadığı evə gəlib yataq otağına nəzər salan zaman görmüşdür ki, yataq otağının pəncərəsinin qarşısında döşəmədə başmaq izləri var. Bundan sonra dərhal Nərminin evinin qarşısında olan sonuncuya məxsus başmaqla eyniləşdirəndə görmüşlər ki, izlər uyğun gəlir. Onun kirayədə yaşadığı yataq otağında olan pəncərə Nərminin evinin qapısının qarşısında yerləşir. O, Nərminə zəng vurub oğurladığı qızılları qaytarmasını bildirmişdir. Lakin Nərmin oğurluq etdiyini etiraf etməmişdir. Həmin vaxt Nərminə demişdir ki, əgər qızılları qaytarmasa polisə şikayət edəcək. Buna baxmayaraq Nərmin oğurladığı qızılları qaytarmamışdır. 30 iyul 2025-ci il tarixdə əri Şahid2 DİN-nin 102 xidmətinə zəng vurub oğurluq olması barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçəndən sonra kirayədə yaşadığı evə Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları gələrək hadisə yerini müayinə etmiş və onlar polis əməkdaşlarına qonşuluqda yaşayan Nərmindən şübhələndiklərini bildirmişlər. Sonra isə polis əməkdaşları onları və Nərmini polis şöbəsinə aparmışlar. X4 yaşadığı evdən bir ədəd qızıl üzüyü və bir ədəd qızıl sırğanı oğurladığını etiraf etmişdir. Həmin vaxt Nərmin demişdir ki, uşağının pensiya kartını versin, onlar da hər ay kartdan pulu çıxartsınlar. Lakin Nərminin təklifi ilə razılaşmamışlar. Sonra polis şöbəsindən çıxıb yaşadıqları evə gəlmişlər. Həmin vaxt Nərmin söz vermişdir ki, oğurladığı qızılları və ya pulunu qaytaracaq və bunun müqabilində o, şikayətini geri çəkəcək. Lakin buna baxmayaraq Nərmin nə oğurladığı qızılları qaytarmış, nədə ki, qızılların pulunu vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində də ona ümumilikdə 700 manat maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs onun evində olan zaman Nərmini otaqda tək qoyub hər hansı bir otağa keçməmiş, 01 iyul 2025-ci il tarixdə qızıl zinət əşyalarını yoxladıqdan sonra nə 02 iyul 2025-ci il tarixdə, nədə ki, 03 iyul 2025-ci il tarixdə Nərmin onun yaşadığı evə gəlməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır və hazırda fərdi qaydada sahibkarlıqla məşğul olur, yəni qızıl zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. İşlədiyi qızıl mağazası Nizami rayonu, Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında yerləşir. 03 iyul 2025-ci il tarixdə saat 15 radələrində işlədiyi qızıl mağazasında olan zaman əvvəllər tanımadığı adını sonradan bildiyi Təqsirləndirilən şəxs uşaqları ilə birlikdə gələrək mağazaya daxil olmuşdur. Həmin vaxt Nərmin 01 ədəd qızıl sırğa və 01 ədəd qızıl üzüyü göstərib bildirmişdir ki, uşağı xəstə olduğu üçün həmin qızıl ziyət əşyalarını satmaq istəyir. Nərmin xahiş etmişdir ki, təqdim etdiyi qızıl ziyət əşyalarını baha qiymətə götürsün. O da Nərminin gətirdiyi qızıl zinət əşyalarını elektron tərəzidə çəkmiş və çəkisinin 5,1 qram olması müəyyən edilmişdir. Bundan sonra Nərminə 500 manat pul verib 01 ədəd qızıl sırğaları və 01 ədəd qızılı üzüyü almışdır. Nərmin də pulu götürüb getmişdir. Təxminən bir ay keçdikdən sonra işlədiyi mağazaya polis əməkdaşları gəlmiş və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 500 manata satdığı qızıl zinət əşyalarını cinayət yolu ilə əldə etmişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, təqdim etdiyi qızıl zinət əşyaları özünə məxsusdur və uşağı xəstə olduğu üçün pula ehtiyacı olduğundan həmin əşyaları satır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır və hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs onun arvadıdır və birlikdə yaşayırlar. Qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə arvadı Qızlarxanımın yaxın münasibəti var və Nərmin mütəmadi olaraq onların kirayədə yaşadığı evə gəlib-gedir. 02 iyul 2025-ci il tarixdə saat 19 radələrində ailə üzvləri ilə birlikdə kirayə yaşadıqları evdən çıxıb “Ağ şəhər” bulvarına gəzməyə gedərkən yataq otağının pəncərəsini açıq qoyub evdən çıxmış və həmin gün saat 21 radələrində evlərinə qayıtmışlar. Ertəsi günü, yəni 03 iyul 2025-ci il tarixdə səhər saat 08:30 radələrində arvadı Qızlarxanım demişdir ki, yataq otağında ütü masasının siyirməsindən sonuncuya məxsus 300 manat dəyəri olan qızıl sırğa və 01 ədəd 400 manat dəyəri olan qızıl üzük naməlum şəxs tərəfindən oğurlanıb. O da bu barədə kirayədə yaşadıqları evin sahibi Nahidə demişdir. Nahid demişdir ki, qonşuluqda yaşayan Nərmin mütəmadi olaraq onların yaşadığı evə gəlib-gedir. Hər adamı evə buraxmasınlar. Bundan sonra onlar görmüşlər ki, Nərmin uşağını götürüb getmişdir. Bir neçə dəqiqə keçəndən sonra Nərmin Qızlarxanıma sms yazaraq onların yaşadığı evdən oğurluq olubolmamasını soruşmuş, Qızlarxanım isə ondan şübhələnib evdən oğurluq olmadığını demişdir. Onlar yaşadıqları evin yataq otağına nəzər salanda görmüşlər ki, yataq otağının pəncərəsinin qarşısında döşəmədə başmaq izləri var. Bundan sonra dərhal Nərminin evinin qarşısında olan sonuncuya məxsus başmaqla həmin izi eyniləşdirəndə görmüşlər ki, izlər uyğun gəlir. Onların kirayədə yaşadığı evin yataq otağında olan pəncərə Nərminin yaşadığı evin giriş qapısının qarşısında yerləşdiyi üçün Nərmindən şübhələnərək Qızlarxanım Nərminə zəng vurub oğurladığı qızılları qaytarmasını tələb etmişdir. Lakin Nərmin oğurluq etdiyini etiraf etməmişdir. Həmin vaxt Qızlarxanım Nərminə demişdir ki, əgər qızılları qaytarmasa polisə şikayət edəcək. Buna baxmayaraq Nərmin oğurladığı qızılları qaytarmamışdır. 30 iyul 2025-ci il tarixdə o, DİN-nin 102 xidmətinə zəng vurub oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçəndən sonra kirayədə yaşadıqları evə Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər, həmin vaxt polis əməkdaşlarına bildirmişlər ki, qonşuluqda yaşayan Nərmindən şübhələnirlər. Sonra isə polis əməkdaşları onları və Nərmini polis şöbəsinə aparmışlar. X10 onların yaşadıqları evdən bir ədəd qızıl üzüyü və bir ədəd qızıl sırğanı oğurladığını etiraf etmişdir. Həmin vaxt Nərmin demişdir ki, uşağının pensiya kartını onlara versin və onlar hər ay kartdan onlara vurulmuş maddi ziyanı çıxarsınlar. Lakin onlar Nərminin təklifi ilə razılaşmamışlar. Sonra polis şöbəsindən çıxıb yaşadığı evə gəlmişlər. Həmin vaxt Nərminin söz vermişdir ki, oğurladığı qızılların pulunu verəcək, bunun müqabilində Qızlarxanım şikayət ərizəsini geri götürsün. Onlar da Nərminin təklifi ilə razılaşmışlar. Lakin buna baxmayaraq Nərmin nə oğurladığı qızılları qaytarmış, nədə ki vurulmuş maddi ziyanı ödəməmişdir. Nərminin oğurladığı 01 ədəd qızıl üzük və 01 ədəd qızıl sırğa arvadı Zərərçəkmiş şəxs məxsusdur, baş vermiş oğurluq hadisəsi nəticəsində də Qızlarxanıma ümumilikdə 700 manat maddi ziyan vurulmuşdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır və hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs Vüqar qızı ilə 2019-cu ildə rəsmi nigahla ailə qurmuş və üç azyaşlı övladları var. Şahid2 da onunla bir binada yaşayır və Soltanla qonşu kimi normal münasibəti var. Soltanın arvadı Zərərçəkmiş şəxs da Nərminlə yaxın münasibəti olub. Mütəmadi olaraq arvadları biri-birinin yaşadığı evə gedib gəliblər. 2025-ci ilin avqust ayının ortalarında saat 20 radələrində işdən çıxıb yaşadığı evə gələndə görmüşdür ki, Qızlarxanım azyaşlı övladı ilə onun yaşadığı evə gəlmişdir. Həmin vaxt Qızlarxanım demişdir ki, arvadı Nərmin Qızlarxanımın yaşadığı evdən 01 ədəd qızıl üzük və 01 ədəd qızıl sırğanı oğurlamışdır. Hazırda da nə oğurladığı qızılları nədə ki, qızılların pulunu qaytarmır. Həmin vaxt ona məlum olmuşdur ki, 02 iyul 2025-ci il tarixdə arvadı Təqsirləndirilən şəxs qonşuluqda kirayədə yaşayan Zərərçəkmiş şəxs evində olmamasınndan və evin pəncərəsinin açıq olmasından istifadə edərək plastik pəncərədən yataq otağına daxil olmuş və yataq otağında olan dolabın siyirməsindən Qızlarxanıma məxsus 01 ədəd qızıl üzüyü və 01 ədəd qızıl sırğanı oğurlayaraq Xalqlar Dostluğu metroslansiyasının yaxınlığında yerləşən qızıl zinət əşyalarının alqı-satqı mağazasına gedərək oğurladığı qızılları ümumilikdə 500 manata satmış və əldə olunmuş pulları öz ehtiyacına xərcləmişdir. Lakin onun olanlardan məlumatı olmamışdır. Qonşu Qızlarxanım da Nərminin barəsində Xətai RPİ-nin 37-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı Nərminin anası X2 vurulmuş maddi ziyanı ödəmişdir. Nərminin qonşu Qızlarxanımın yaşadığı evdən sonuncuya məxsus qızıl zinət əşyalarını oğurlaması və oğurladığı qızılları satması barədə onun məlumatı olmamış, Qızlarxanım polisə şikayət etdikdən 10-15 gün sonra onun məlumatı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 26 avqust 2025-ci il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün aidiyyəti üzrə Xətai RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 30 iyul 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanına baş vermiş oğurluq hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı evin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 7-11); cinayət işinin icraata qəbul edilməsi haqqında 05 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (i.v. 20); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 23- 24); götürmə haqqında 10 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə aralarında aparılan sms yazışmalarını özündə əks etdirən A4 formatlı vərəqlər götürülmüşdür (i.v. 35-48); götürmə haqqında 20 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi qızıl-zinət əşyalarını satan zaman tərtib edilmiş alqı-satqı qəbzi iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (i.v. 54-55); Zərərçəkmiş şəxs Bakı şəhəri 52 saylı notariat ofisində verdiyi **********489 saylı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onunla barışmışlar və heç bir şikayəti tələbi yoxdur (i.v. 74); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2021-ci ildə CPM-nin 40.2-ci maddəsinə əsasən (CM 73.1) Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir (i.v. 75-76); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 16 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 100-101); qətimkan tədbirinin seçilməsi haqqında 16 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 113-115); baxış keçirilməsi haqqında 17 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı iş üzrə Zərərçəkmiş şəxs götürülmüş, sms yazılarını özündə əks etdirən A4 formatlı vərəqlərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ünvan 5 ünvandan Zərərçəkmiş şəxs məxsus qızıl zinət əşyalarını oğurlamasını, başqa hər hansı bir əşyanın və ya pulu isə oğurlamadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, həmin sms yazılarını o, Zərərçəkmiş şəxs yazmışdır və sonuncudan xahiş etmişdir ki, onun barəsində heç bir yerə şikayət etməsin (i.v. 117); Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs övladı X6 xx.xx.2020-ci ildə doğulmuşdur (i.v. 119); 2 saylı Bakı “ASAN xidmət mərkəzi” Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 677570 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci ildə Bakı şəhərində doğulmuş, atası Şahid3, anası Təqsirləndirilən şəxsdır (i.v. 120); Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs övladı X7 xx.xx.2023-cü ildə doğulmuşdur (i.v. 121); “UNİ Klinika” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xəstəlik barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs övladı X5 onurğanın döş və bel hissəsinin sağtərəfli kobud skallozu diaqnozu qoyulmuşdur (i.v. 122); ifadənin yerində yoxlanılması haqqında 17 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 123-125); sübutların qiymətləndirilməsi haqqında 27 noyabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM -nin 180 və 181-ci maddələri ilə cinayət işinin başlanılmasının rədd edilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübut, ifadənin yerində yoxlanılması protokolu və hadisə yerinə baxış protokolu iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs götürülmüş SMS yazılarını özündə əks etdirən A4 formatlı vərəqlər iş üzrə maddi sübut kimi tanınmışdır (i.v. 135-143); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs zərəri ödəmişdir, şikayəti yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslə barışmasını və ona cinayət nəticəsində dəymiş ziyanı ödəməsini (CM-59.1.12-59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini, azyaşlı uşağının xəstə olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut Zərərçəkmiş şəxs götürülmüş və cinayət işinə əlavə edilmiş SMS yazılarını özündə əks etdirən A4 formatlı vərəqlər cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, ev 39 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, ev 39 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs götürülmüş və cinayət işinə əlavə edilmiş SMS yazılarını özündə əks etdirən A4 formatlı vərəqlər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar