Məhkəmə qərarları › İş №1(011)-576/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-576/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-576/2022 27.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilməmiş, Qazax Rayon Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli hökmü ilə 05 il 06 ay müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, N. Tusi küçəsi ev 18, mənzil 73-də qeydiyytada olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzaibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə 22 avqust 2022-ci il tarixdə saat 04 radələrində ünvan 1 ünvanda yerləşən "Rimo" ərzaq mağazasının qapısının kilidini sındıraraq içəri daxil olmuş, orada saxlanc yeri hesab olunan siyirmədən 4060 manat məbləğində nağd pul vəsaitini, 1500 manat dəyərində müxtəlif markalı tütün məmulatlarını yəni 1 blokda 10 qutu olmaqla 1332 manat dəyərində 40 blok "Sobranie" markalı siqaretini, 1 blokda 10 qutu olmaqla 72 manat dəyərində 2 blok "Argo" markalı siqaretini, 1 blokda 10 qutu olmaqla 96 manat dəyərində 3 blok "Winchester" markalı siqaretini və 300 manat dəyərində təhlükəsizlik kamerasının yaddaş qurğusunu gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 5860 (beş min səkkiz yüz altmış) manat məbləğində, xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 ve 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələsi, hadisə yerinə baxış, baxış keçirilməsi haqqında, ifadənin yerində yoxlanılması, üzləşdirmədə dindirmə aparılması haqqında protokollar, məhkəmədaktiloskopik ekspertizasının 3/1382 saylı 02 noyabr 2022-ci il tarixli rəyi və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir.. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 21 avqust 2022-ci il tarixdə "e-Top.az" mərc oyunlarına 500 manat pul qoyub yaşadığı evdə futbola baxıb mərc oyunlarının nəticəsini gözləyirmiş. Həmin oyunların nəticəsində uduş məbləği 1500 manat olacaqmış. Oyunların nəticəsi 22 avqust 2022-ci il tarixdə gecə saat 1 radələrində ona məlum olmuşdur. Həmin oyunların nəticəsi uğursuz olduğu üçün özünü narahat hiss edirmiş. Bu səbəbdən yaşadığı məhəlləyə düşüb siqaret çəkmiş və küçədə gəzməyə başlamışdır. Piyada hərəkət edərək məhəllədə olan "Rimo" marketin qarşısına çatmış həmin vaxt mərc oyunlarında uduzduğuna görə və “e-top.az”-a pulu həmin marketdə olan "Milli Ön" ödəmə terminalı vasitəsi ilə ödədiyi üçün əsəbləşmişdir. Bu səbəbdən marketin qapısına yaxınlaşıb iki dəfə təpiklə qapıya vurmuş və mağazanın qarşısında olan pilləkənlərin qarşısında oturmuşdur. Daha sonra oradan uzaqlaşaraq aşağı küçəyə doğru piyada hərəkət etmişdir. Təxminən 45 dəqiqə sonra yenidən yaşadığı məhəlləyə qayıtmış və məhəllənin başında olan pilləkənlərin yanında oturub siqaret çəkib fikirləşməyə başlamışdır. Bu zaman "Rimo" marketə daxil olub oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə yenidən "Rimo" marketin qarşısına 22 avqust 2022-ci il tarixdə saat 04 radələrində gəlmiş və yerdə olan taxta parçasını əlinə götürüb qapının üzərində olan qıfılın arasına salıb qıfılı qırmışdır. Bundan sonra qapını açıb mağazanın içərisinə daxil olmuş, mağazanın içərisində olan kassaya yaxınlaşıb kassanı açmış, kassadan mağazada olan rəfin üzərindəki pul qabıdan və stolun altında olan sellofana bükülmüş ümumilikdə 3000 manata yaxın pulu götürüb cibinə qoymuşdur. Bundan sonra müxtəlif markalı təxminən 33 blok ümumi dəyəri təxminən 1000 manata yaxın olan tütün məhsullarını sellofana yığıb oradan çıxımağı qərara almış, mağazadan çıxan zaman mağazada təhlükəsizlik kameralarının olduğunu bildiyi üçün təhlükəsizlik kameralarını yaddaş qurğusunu da paketə qoyub mağazadan çıxmışdır. Mağazadan çıxdıqdan sonra piyada hərəkət edərək H.Aslanov metrostansiyası istiqamətində irəliləmiş və həmin yaddaş qurğusunu yolda olan zibil qutularına tullamışdır. Bundan sonra yoldan keçən taksilərin birini saxlatdırıb taksiyə əyləşmiş taksi vasitəsi ilə Qaradağ rayonu, Qobustan qəsəbəsinin yaxınlığında taksidən enmiş həmin zaman artıq hava açılmışdı və o avtobusa minib avtobus vasitəsi ilə Nəvahi qəsəbəsinə getmişdir. Nəvahi qəsəbəsinə çatdıqdan sonra oradan yol maşınlarının biri ilə Yevlaxa getmişdir. Yevlaxa çatdıqdan sonra oğurlamış olduğu siqaretləri tanımadığı şəxslərə müxtəlif qiymətlərə satmağa başlamışdır. Həmin üsulla Ağstafa rayonuna qədər getmiş və oğurlamış olduğu bütün siqaretləri ümumilikdə 500 manata satmışdır. Mağazadan oğurlamış olduğu 3000 manata yaxın pulu oğurluq hadisəsini törədib Nəvahi qəsəbəsinə avtobusla gedən zaman avtobusun arxa oturacağında oturan zaman saymış və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Təxminən beş günə yaxın müddətdə rayonlarda olduqdan sonra yenidən Bakı şəhərinə qayıtmış və Bakıda müxtəlif yerlərdə gizlənmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində yaşadığı ünvana getmək istəyən zaman polis əməkdaşları ona yaxınlaşmış və onu polis bölməsinə dəvət etmişdirlər. Onlara tabesizlik göstərməyib onlarla birlikdə polis bölməsinə getmişdir. Hal-hazırda zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmasını, onunla barışmasını nəzərə alaraq ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən "Rimo" adlı ərzaq mağazasını fərdi olaraq icarə əsasında işlədir. Həmin mağazanı özü işlətməklə yanaşı, həm də satıcı kimi şəxsən işləyirmiş. Belə ki, mağaza səhər saat 09:30-dan axşam saat 23:00-dək fəaliyyət göstərirmiş. 21 avqust 2022-ci il tarixdə saat 23:00-da mağazanı həmişə olduğu kimi qapısını kilidlə bağlayıb getmişdir. Səhəri gün, yəni 22 avqust 2022-ci il tarixdə saat 09:30 radələrində mağazaya gəlmiş və qapıda olan qıfılların və kilidin sındırılmış, qapının isə açıq vəziyyətdə olduğunu görmüşdür. İçəri keçib mağazanın dağıdılmış olduğunu aşkar etmişdir. Diqqətlə baxdıqdan sonra masanın üst tərəfində qoyduğu 400 manat dəyərində "Nokia" markalı mobil telefonun, masanın alt tərəfində olan siyirtmədə saxladığı 4060 manat məbləğində nağd pulun, vitrində qoyulmuş 1500 manat dəyərində müxtəlif markalı siqaret qutularının yəni 1 blokda 10 qutu olmaqla 1332 manat dəyərində 40 blok "Sobranie" markalı siqaretin, 1 blokda 10 qutu olmaqla 72 manat dəyərində 2 blok "Argo" markalı siqaretin, 1 blokda 10 qutu olmaqla 96 manat dəyərində 3 blok "Winchester" markalı siqaretin oğurlanmış olduğunu müəyyən etmişdir. Bundan başqa naməlum şəxs və ya şəxslər tərəfindən masada olan monitorun altında saxlanan 300 manat dəyərində olan təhlükəsizlik kameralarının yaddaş qurğusunun oğurlanmış olduğunu görmüşdür. Bundan sonra polis əməkdaşlarına məlumat vermiş və Xətai RPİ-nin 35-ci PB-nə ərizə yazmışdır. İş üzrə zərərçəkmiş şəxs X1 əlavə ifadəsi alınan zaman hadisə baş verən günü 400 manat dəyərində olan "Nokia" markalı mobil telefonun da oğurlandığını zənn edib müraciətində qeyd etməsinə baxmayaraq daha sonra mağazada olan dolabları çəkdikdə mobil telefonun dolabın arasında yerə düşmüş vəziyyətdə olduğunu aşkar etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş zərər ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 01); baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, hadisənin baş verdiyi ünvan 2 ünvanına baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 10-14); 26 mart 2021-ci il tarixli, 5 saylı icarə müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 40 kv.m ərazini tutan marketi X3 tərəfindən Zərərçəkmiş şəxs icarəyə verilmişdir(i.v. 24-34) 14 sentyabr 2022-ci il tarixli zərər çəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X2 zərər çəkmiş şəxs qismində tanınmışdır(i.v. 32) 14 sentyabr 2022-ci il tarixli götürmə aparılması haqqında qərardan görünür ki, X1 təqdim etdiyi hadisə zamanı ətraf mağazalarda olan təhlükəsizlik kameralarının yaddaş qurğusunda qeydə alınmış videolentləri 01 ədəd CD-R götürülmüşdür(i.v. 43) 16 sentyabr 2022-ci il tarixli, şəxsin məcburi gətirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada Xətai RPİ İŞ-nə gətirilməsi qərara alınmışdır(i.v 48) 20 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokola əsasən Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixində, saat 19:20-də tutulmuş, tutulmanın əvvəli 20 sentyabr 2022-ci il tarix, saat 17:30-dan hesablanmışdır(i.v 61) 20 sentyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi protokolundan görünür ki, bir nəfər ağ köynək və başında ağ yay papağı olan şəxsin ünvan 1 ünvanda yerləşən “Rimo” mağazasının qarşısında hərəkət etməsi və 04:41-dək olan müddət ərzində mağazaya daxil olub daha sonra oradan çıxması görüntüləri əks olunmuş, baxışda iştirak edən Təqsirləndirilən şəxs, video görüntüdə əynində ağ rəngli köynək və başında ağ rəngli yay papağı geyinmiş şəxsin özünün olduğunu və həmin mağazadan oğurluq etməsini bildirmişdir (i.v.73) 21 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və şübhəli şəxs Təqsirləndirilən şəxs istintaqa vermiş olduğu ifadələrini bir-birinin üzünə deyərək, bir daha təsdiq etmişlər (i.v 74-76) 21 sentyabr 2022-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edlmişdir(i.v 77) 21 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur(i.v 79) 21 sentyabr 2022-ci il tarixli vəsatətin təmin olunmadan rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində “Nokia” markalı mobil telefonu oğurlamaması və 4060 manat deyil, 3000 manata yaxın pulu oğurlaması ilə bağlı ifadəsində göstərdiyi bu xüsusat özünü müdafiə xarakterli olduğundan və məsuliyyətdən yayınmaq niyyəti daşıdığından həmin vəsatət təmin olunmadan rədd olunmuşdur(i.v 92- 93) Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 28 avqust 2022-ci il tarixli, 011-10031-1222 saylı məktubundan görünür ki, Xətai RPİ-nin xx.xx.2022-ci il tarixli, 101- 29046 nomrəli məktubu vasitəsilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, N.Tusi 16 ünvanında vət. Zərərçəkmiş şəxs işlətdiyi "RİMO" marketdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİyə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 04 ədədi (ADİS-in məlumat bankına Qazax RPŞ-dən daxil olan) xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc sol əlinin isə ovuc və şəhadət (02 dədə) barmaqlarının əksləri ilə eynilik müəyyən etmişdir.(i.v 98) 22 sentyabr 2022-ci il tarixli əl barmaq izlərinin götürülməsi barədə protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə hadisə yerindən götürülmüş əl barmaq izlərinin şəxsiyyətinin eyniləşdirilməsinidən ötrü Təqsirləndirilən şəxs əl barmaq izləri götürülmüşdür(i.v 101) 22 sentyabr 2022-ci il tarixli ifadələrin yerində yoxlanılması protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd olunan oğurluq hadisəsini ünvan 1 ünvanında yerləşən "Rimo" ərzaq mağazasına qanunsuz olaraq daxil olmuş orada olan kassadan pul vəsaitlərini, dolabın və soyuducunun üzərindən müxtəlif markalı tütün məhsullarını, təhlükəsizlik kamerasının yaddaş qurğusunu oğurladığını göstərərək ifadəsini təsdiq etmişdir.(i.v. 106-109) 22 sentyabr 2022-ci il tarixli ifadələrin yerində yoxlanılması protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd olunan oğurluq hadisəsini törədib yaddaş qurğusunu oğurladıqdan sonra ünvan 4 ünvanında yerləşən zibil qutularına atdığını göstərərək ifadəsini təsdiq etmişdir.(i.v. 110-111) Bakı şəhəri Xətai Rayon Məhkəməsini 22 sentyabr 2022-ci il tarixli, 4(011)-494/2022 saylı qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 2 ay, 23 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 sentyabr 2022-ci il tarixindən hesablanmışdır(i.v.121-124) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 23 sentyabr 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, həmin Məcəllənin 42-1-ci maddəsinə əsasən 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzanın icrası 01 il müddətinə təxirə salınmış, Bakı Qarnizonu Hərbi Tribunalın xx.xx.1999-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 93-5.2, 242-ci maddənin A bəndi, 38-ci maddəsi ilə 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-nin 180.2.2, 180.2.5-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qazax rayon məhkəməsinin xx.xx.2010-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək, CM 67.1-ci maddəsinə əsasən qəti olaraq 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzasından 08 ay 29 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2016-cı il tarixdə cəza müddəti başa çatmış, Qazax rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.3cü maddəsi ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Qazax rayon məhkəməsinin xx.xx.2010-ci il tarixli hökmü ilə məhkum olunduğu CM 177.3.3-cü maddəsi CM-nin 177.2.3-cü maddəsinə tövsif edilərək həmin maddə ilə cəzası 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına edindirilmiş, qəti cəza müddəti başa çatdığından CM-nin 67-ci maddəsi ləğv edilmiş, üzərində Qazax rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 05 il 03 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nə edilmiş xx.xx.2020-ci il tarixli dəyişikliklə əlaqədar cəzası 04 il 09 ay müddətinə endirilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 11 gün hissəsindən şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə şərti azad olunduğu cəza müddəti başa çatmışdır. 03 oktyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokollara əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi "Nokia" markalı mobil telefona baxış keçirilmiş, "Nokia" markalı mobil telefonun ön hissəsinin(ekran hissəsi) qara rəngli, arxa hissəsinin isə ağ rəngli olması, arxa hissəsində dairəvi şəkildə kameranın olması arxa hissəsinin ortasında böyük hərflərlə "NOKİA" yazısının olması arxa aşağı hissəsində isə səsgücləndiricilərinin olması, telefonun sönülü vəziyyətdə və mobil nömrə kartsız olması müəyyən edilmiş, telefonu baxışa təqdim edən Zərərçəkmiş şəxs mobil telefonu mağazda olan dolabların yerini dəyişdirən zaman yerdən tapmasını, ilkin izahatları və ifadəsi alınan zaman Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını zənn etsədə oğurluq hadisəsi zamanı dolabların arasına düşməsini sonradan aşkar etməsini bildirmişdir.(i.v.141-143) Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə-trasoloji ekspertizası, “İnsan izlərinin tədqiqi” üzrə 02 noyabr 2022-ci il tarixli, 3/1382 saylı rəyindən görünür ki, ********* №-li cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki "a" ve "b" əlbarmaq izləri, 2,3 saylı daktilolentlerin səthlərindəki "a" əl-barmaq izləri, 4 saylı daktilolentin səthindəki "a" və "b" əl-barmaq izləri, 5,6 saylı daktilolentlərin səthlərindəki "a" əl-barmaq izleri, 7,8 saylı daktilolentlərin səthlərindəki ovuc izləri, 9,10,11 saylı daktilolentlerin səthlərindəki əl-barmaq izləri, 12 saylı daktilolentin səthindəki "a" əl barmaq izi müqayisəli tədqiqat üçün yararlıdılar. - ********* №-li cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1,4 saylı daktilolentlerin səthlərindəki "a", "b" əl-barmaq izləri Təqsirləndirilən şəxs sol əlinin orta ve şəhadət barmaqlarından, 2,3 saylı daktilolentlerin səthlərindəki "a" əl barmaq izləri onun sol əlinin orta barmağından, 5,6 saylı daktilolentlerin səthlərindəki "a" əl-barmaq izləri onun sol əlinin adsız barmağından, 7 saylı daktilolentin səthindəki ovuc izi onun sağ ovucundan, 8 saylı daktilolentin səthindəki ovuc izi isə onun sol ovucundan qalmışdır. -Tədqiqata təqdim edilmiş 9 saylı daktilolentin səthindəki əl-barmaq izi, 10 saylı daktilolentin səthindəki əl-barmaq izi, 11 saylı daktilolentin səthindəki əl-barmaq izi, 12 saylı daktilolentin səthindəki "a" əl-barmaq izi Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdılar. Tedqiqata təqdim edilmiş 1-6 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri,13- 18 saylı daktilolentlerin səthlərindəki əl-barmaq,ovuc və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır(i.v.145-157) Sübutların qiymətləndirilməsi haqqında 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət tam sübuta yetdiyindən ona 21 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilməklə yeni məzmunda ittiham elan edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması, aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittihamda 22 avqust 2022-ci il tarixdə "Rimo" ərzaq mağazasına daxil olan zaman oradan "Nokia” markalı mobil telefonu oğurlaması təsdiqini tapmadığından həmin hissə ittihamın məzmunundan çıxarılması, işdə olan təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmədə dindirmə aparılması haqqında, baxış keçirilməsi haqqında, ifadələrin yerində yoxlanılması, hadisə yerinə baxış keçirilməsi haqqında protokollar və məhkəmə-daktiloskopik ekspertizasının 3/1382 saylı 02 noyabr 2022-ci il tarixli rəyi sübut növü kimi qiymətləndirilməsi, cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd CD-R formatlı disk maddi sübut qismində tanınması, iş üzrə Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi qiymətləndirilməsi qərara alınmışdır.(i.v.164-168) 11 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə elan olunmuş ittihama əlavə və dəyişikliklər olunaraq ona yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir(i.v 170) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 23 dekabr 2007-ci il təvəllüdlü X4, 17 mart 2012-ci il təvəllüdlü X5 adlı, biri yetkinlik yaşına çatmayan, digəri azyaşlı olan iki uşağı var (i.v 184) 11 noyabr 2022-ci il tarixli vəsatətin təmin olunmadan rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş yeni məzmunlu ittihamda özünü qismən təqsirli bilərək ifadəsində mağazadan oğurlamış olduğu pulun 4060 manat deyil, 3000 manata yaxın olmasını göstərmiş, bu xüsusat özünü müdafiə xarakterli olduğundan həmin vəsatət təmin olunmadan rədd edilmişdir(i.v 185-186) Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə göndərilmiş ərizədən görünür ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir, ifadəsinə heç bir əlavəsi yoxdur, ona dəymiş zərər ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdən görünür ki, bir nəfər ağ köynək və başında ağ yay papağı olan şəxsin ünvan 1 ünvanda yerləşən “Rimo” mağazasının qarşısında hərəkət etməsi və 04:13-dən 04:41-dək olan müddət ərzində mağazaya daxil olub daha sonra oradan çıxması görüntüləri əks olunmuş. Təqsirləndirilən şəxs videogörünlülərdə olan şəxsin özü olduğunu bir daha təsdiq etmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 177.2.3-cü maddəsinə əsasən, oğurluq yəni özgənin əmlakını gizli olaraq talama – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır 177.2.4-cü maddəsinə əsasən, oğurluq yəni özgənin əmlakını gizli olaraq talama – xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, (59.2), təqsirləndirilən şəxsin himayəsində 1 azyaşlı uşağının olması(CM 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi (CM 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin təhlükəli residivi nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut-01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 20 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 61 (altmış bir) manat 29(iyirmi doqquz) qəpik pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar