Məhkəmə qərarları › İş №1(011)-577/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-577/2023

02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-577/2023 02.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində ünvan 2 ünvanının qarşısında qonşusu Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əl və ayaq zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vurmaqla döyərək, ona burun sümüyünün qapalı sınığı, başın təpə nahiyəsinin əzilmiş yarası, hər iki gözətrafı nahiyənin dərialtı hematoması, sol göz almasına qansızma, alın nahiyəsinin sıyrığı, sağ bazunun qançırı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun tanışıdır və həmçinin qonşularıdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində Xətai rayonunda yerləşən "Bakı-Gecələri" restoranında qonşuları İlham, Hafiz və Firdovsi ilə əyləşib yeyib-içmişlər. İlham hədsiz dərəcədə içkili olduğu üçün onunla zarafatlaşmağa başlamışdır. O isə onun İlhamla zarafatı olmadığını və artıq bu zarafatlara son verməsini xahiş etdikdə, İlham kobud cavab verərək, bokalı başına vuracağını demişdir. O. Daha sonra taksi sifariş edərək, oradan durmuşlar. Taksidə olanda İlham ona demişdir ki, onu zibil qabının içinə atacaq. Bu sözdən sonra onlar taksidən düşmüşlər. Hafiz və Firdovsi isə həmin taksi ilə getmişlər. İlham maşından düşəndən sonra aralarında yenə münaqişə baş vermişdir və bundan sonra İlhamı qəsdən yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq bədən xəsarətləri yetirmişdir. Beləliklə o, əməlindən səmimi peşmançılıq çəkdiyini bildirərək barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır və o həmçinin onun qonşusudur. xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində Əhmədli qəsəbəsində yerləşən “Bakı-Gecələri” restoranında Cavid, Hafiz və Firdovsi ilə əyləşib yeyib-içmişlər. O, içkili olduğu üçün Cavid ilə zarafatlaşmağa başlamışdır. Cavid isə onunla zarafatı olmadığını bildirmişdir. Restorandan çıxdıqdan sonra hamısı birlikdə taksiyə əyləşmişlər. Taksidə gedərkən yenidən Cavidlə zarafat etmiş, Cavidin isə onun dediyi sözdən xoşu gəlməmişdir. Onlar taksidən enmişlər, Hafiz və Firdovsi isə yollarına davam etmişlər. Taksi Cavid ilə onu Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində yerləşən məscidin yaxınlığında düşürtmüşdür. Taksidən düşdükdən sonra Cavid əsəbləşərək onunla mübahisə etmiş və qəsdən yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq bədən xəsarətləri yetirmişdir. O, həmin vaxt yerə yıxılmışdır. Beləliklə, o, hazırda cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs ilə barışmadığını, ondan şikayətçi olduğunu bildirərək barəsində cərimə cəzası tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Bakı gecələri” restoranında qonşuları İlham, Cavid və Hafiz ilə birlikdə əyləşib yeyib-içmişlər. İlham hədsiz dərəcədə içkili olduğu üçün Cavid ilə zarafatlaşmaq istəmişdir. Cavidin isə zarafat xoşuna gəlmədiyi üçün İlhama zarafat etməməsini söyləmişdir. Daha sonra durub oradan çölə çıxmışlar və taksiyə əyləşib Kənd Əhmədli qəsəbəsinə yolda düşmüşlər. İlham və Cavid yolda taksidən düşmüşlər, o isə digər qonşuları Hafiz ilə evinə getmişdir. Sabahkı gün, yəni xx.xx.2023-cü il tarixdə eşitmişdir ki, Cavid ilə İlham dalaşıblar və nəticədə Cavid İlhama vuraraq bədən xəsarəti yetirmişdir. Onlar dava-dalaş edən zaman nə o, nə də ki qonşusu Hafiz orada olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Bakı gecələri” restoranında qonşuları İlham, Cavid və Firdovsi ilə birlikdə əyləşib yeyib-içmişlər. İlham hədsiz dərəcədə içkili olduğu üçün Cavid ilə zarafatlaşmaq istəmişdir. Cavidin isə zarafat xoşuna gəlmədiyi üçün İlhama zarafat etməməsini bildirmişdir. Həmçinin o da bir neçə dəfə ona zarafat etməməsini xahiş etmişdir. İlhamın özünü apara bilmədiyini görüb, oradan durmuşlar. Daha sonra durub çölə çıxmışlar və taksiyə əyləşib Kənd Əhmədli qəsəbəsinə yolda düşmüşlər. İlham və Cavid yolda taksidən düşmüşlər və o, digər qonşusu Firdovsi ilə evinə getmişdir. Sabahkı gün, yəni xx.xx.2023-cü il tarixdə eşitmişlər ki, Cavid ilə İlham dalaşıb və nəticədə Cavid İlhama vuraraq bədən xəsarəti yetirmişdir. Onlar dava-dalaş edən zaman nə o, nə də ki qonşusu Firdovsi orada olmamışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1 29 sentyabr 2023-cü il tarixli 1110 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün qapalı sınığı, başın təpə nahiyəsinin əzilmiş yarası, hər iki gözətrafı nahiyənin dərialtı hematoması, sol göz almasına qansızma, alın nahiyəsinin sıyrığı, sağ bazunun qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2023-cü il tarixdə kənar şəxslər tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir (i.v. 19-20); zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 21); hadisə yerinə baxış keçirilməsi haqqında 30 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanına baxış keçirilmiş, Zərərçəkmiş şəxs hadisənin təfərruatlarını hadisə yerində bir daha göstərmişdir və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 55-57); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 02 oktyabr 2023-cü il tarixli xx/xx-11447 saylı sorğuya cavab məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qeyd olunan mərkəzdə qeydiyyatda olmamışdır (i.v. 67); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 03 oktyabr 2023-cü il tarixli 13024 saylı sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır (i.v. 68); 07 oktyabr 2023-cü il tarixli üzlədirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs təhqiqat zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 70-71); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 04 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 72); sadələşdirilmiş icraat materialının araşdırılması ilə əlaqədar sübutların qiymətləndirilməsi haqqında 11 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri təsdiq olunmadığından, həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialının araşdırılmasının davam etdirilməsi, Zərərçəkmiş şəxs ifadəsinin, xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolunun, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” X4 Xətai rayon şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 1110 saylı ekspert rəyinin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 73-77); elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə qeyd edir ki, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallarda olan izahatlar, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladının olmasını (CM- 59.1.4), əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar