Məhkəmə qərarları › İş №1(011)-58/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-58/2023

06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-58/2023 06.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-434/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 15:15 dəqiqədə yaşadığı ünvan 2nda evdə tanışı Zərərçəkmiş şəxs ilə borcu olduğu pulu qaytarmaması səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əl zərbələri ilə sonuncunun boğaz və bədəninin müxtəlif nahiyələrindən vurmaqla döyərək ona sağ bazunun qançırları, sağ əlin və sol saidin səthi əzilmiş yaraları, boyun nahiyəsinin hərəkət məhdudluğu ilə müşayiət olunmuş sıyrıqlı hematoması kimi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs uzun müddətdir ki tanıyır və onların münasibətləri həmişə yaxşı olmuşdur. Bir müddət əvvəl o, Hamildən borca pul almış, borcun bir hissəsini keçən müddətdə qaytarmış, lakin maddi vəziyyəti pis olduğundan pulun qalan hissəsini qaytara bilməmişdir. xx.xx.2022-ci il tarixdə Hamil onun yaşadığı ünvan 2na gələrək ondan borca verdiyi pulu geri istəmişdir. O, Hamilə pulunun olmadığını bildirdikdə Hamil onunla kobud cavab vermiş, buna görə aralarında mübahisə düşmüş, mübahisə zamanı Hamil onun üzərinə gəldiyindən o, əsəbləşərək onun boğaz nahiyəsindın tutmuş və əli ilə bədən nahiyəsinə vurmuşdur. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır, münasibətləri həmişə yaxşı olmuşdur. Bir müddətdir ki, Təqsirləndirilən şəxs ondan borca pul aldığından və qaytarmadığından, pulu almaq üçün xx.xx.2022-ci il tarixdə, Təqsirləndirilən şəxs yaşayan ünvan 2na getmişdir. Evdə Zaurdan pulunu istəmiş, o, pulu olmadığını bildirdiyindən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə onun boğazından möhkəm tutaraq sıxmış və bədən nahiyələrinə qəsdən vuraraq xəsarət yetirmişdir. Hal-hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayətinin olmadığını bildirərək sadələşdirilmiş işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və foto cədvəldən görünür ki, ünvan 2na baş vermiş hadisə ilə əlaqədar olaraq baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 11-12); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 xx.xx.2022-ci il tarixli, 1251 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ bazunun qançırları, sağ əlin və sol saidin səthi əzilmiş yaraları, boyun nahiyəsinin hərəkət məhdudluğu ilə müşayiət olunmuş sıyrıqlı hematoması müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin onun özü-özünə yetirməsi və ya yıxılma nəticəsində alınması inandırıcı deyildir (i.v. 18-19); zərərçəkmiş qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 20); Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli ***-**** nömrəli xasiyyətnaməsindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 43); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X1 xx.xx.2022-ci il tarixli xx/xx-14345 saylı məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşayan Təqsirləndirilən şəxs qeyd olunan mərkəzdə qeydiyyatda və müalicədə olmamışdır (i.v. 46); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X1 xx.xx.2022-ci il tarixli, 10497 saylı məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşayan Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (i.v. 47); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanmış ********* saylı cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir (i.v. 48-49); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-434/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində 02 (iki) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır; 16 noyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs aralarında baş vermiş münaqişə ilə bağlı izahatlarını bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 51-52); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X1 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3042 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu əlamətləri müəyyən edilir. Bunu anamnestik məlumatlar, tibbi sənədlər və hazırki psixiatrik müayinənin nəticələri - yeniyetmə dövründən başlayaraq özünü bir qədər əsəbi şəxs kimi xarakterizə edərək əsəbi gərginliklər keçirdiyi zaman kəsmələrlə özünə xəsarətlər yetirməsi, bununla əlaqədar AR SN-nin Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2011ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi “Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip” diaqnozu ilə stasionar müalicədə olması, hazırkı müayinə zamanı əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosional qeyri-sabitliyi və s. təsdiq edir. Aparılmış eksperimental psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olduğu müəyyən edilir. Fərdi-psixi xüsusiyyətlərində emosional reaksiyalara meyillilik, hövsələsizlik, qıcığa qarşı həssaslıq, impulsivlik aşkar olunur. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu əlamətləri müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində emosional reaksiyalara meyillilik, hövsələsizlik, qıcığa qarşı həssaslıq, impulsivlik aşkar olunur. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamış, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur (i.v. 57-60); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri təsdiq olunmadığından, həmin xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialının araşdırılmasının davam etdirilməsi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələri, xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış protokolunun, MTE və PA X2 Şəxsi Xətai rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1251 saylı ekspert rəyinin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 63-64); Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, əməlindən peşmançılıq çəkdiyini, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayətinin olmadığını bildirərək sadələşdirilmiş işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar işə xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan işə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair iş üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 40.3, 43.1, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar